Məhkəmə qərarları › İş №1(017)-118/2024

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-118/2024

06.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-118/2024 06.08.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Ağayev Seyid - Əzim Nağı oğlunun, müdafiəçi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Ağcabədi rayonu Şərəfxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Ağcabədi rayonu, Şərəfxanlı kəndində qeydiyyatda olmaqla hazırda həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununda göstərilən xeyli miqdarda yəni təmiz çəkisi 5,76 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan vaxt və mənbədən qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib 1 ədəd kibrit qutusunda əynindəki göy rəngli cins şalvarın sol yan cibinə qoyub daşıyaraq saxlamış, 16 may 2024-cü il tarixdə Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamasında, istifadə etməsində və daşımasında şübhəli bilinərək saat 17 radələrində Ağcabədi rayon Şərəfxanlı kəndi ərazisində yerləşən fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti 39 ünvanında yerləşən Ağcabədi rayon Polis şöbəsinin inzibati binasına gətirilib həmin tarixdə saat 18:05-dən başlayaraq üzərində şəxsi axtarış aparılan zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əldə edib daşıyaraq saxladığı 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,76 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd edilən əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək fəaliyyəti ilə məşğul olur. Təxminən 2-3 ildir ki, hərdən bir narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 15 may 2024-cü il saat 09 radələrində yaşadığı kənd ərazisində gəzən zaman yerdə kibrit qutusu görmüş və həmin qutu əzilməmiş halda olduğu üçün yerdən götürüb içərisinə açıb baxanda içərisində qurudulmuş marixuana olduğunu görmüşdür. Əvvəllər marixuanadan istifadə etdiyi üçün həmin kütləni tanımış və həmin narkotik vasitəni gələcəkdə istifadə etmək məqsədilə özündə saxlamışdır. 16 may 2024-cü il tarixdə saat 17 radələrində yaşadığı Ağcabədi rayonu, Şərəfxanlı kəndində piyada hərəkət edən zaman tanımadığı şəxslər ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduğunu bildirdikdən sonra üzərində narkotik vasitə olmağına şübhələr olduğunu deyib, onu özləri birlikdə RPŞ-nə gətirmişlər. Ağcabədi rayon Polis şöbəsində hüquqlarını izah edib müdafiəçi tutmaq hüququ da bildirildikdən sonra təqdim olunmuş siyahıdan Ağcabədi rayonunda fəaliyyət göstərən vəkil X2 onun hüquqlarını müdafiə etməsini xahiş etmiş, həmin vəkillə təmin edildikdən sonra vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməsinə başlanmışdır. Bundan sonra üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə vardırsa təqdim etməyi təklif olunduqda əynində olan göy rəngli cins şalvarın sol yan cibində sağladığı 1 ədəd kibrit qutusunda narkotik vasitə olan marixuananı çıxarıb təqdim etmişdir. Sonra həmin kibrit qutusuna açılıb baxış keçirilmiş, ardınca həmin kütlə aptek tərəzsində çəkilib ümumi çəkisi 8,78 qram olması məlum olmuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən başqa bir narkotik vasitə, psixotrop maddə və qadağan olunmuş digər əşya aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar edilmiş marixuana vəkilinin iştirakı ilə zərfə qoyulub qablaşdırılmış, ardınca şəxsi axtarış protokoluna və həmin zərfin üzərinə imza etmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən marixuananı tapdığını, özünün şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. O, başqa yerlərdə narkotik vasitə və ya psixotrop maddə gizlətməmiş, narkotik vasitə qəbul etməyini heç kim bilməmişdir. O, heç kimə üzərində saxladığı marixuanadan və ya hər hansı bir narkotik vasitədən satmamış, nə də heç bir kəsə vermədiyini göstərmişdir. Ona polislər tərəfindən hər hansı bir formada fiziki güc tətbiq edilməmişdir. Onun üzərindən aşkar olunmuş narkotik vasitənin təxmini çəkisini bilmiş, rəylə tanış olduqda məlum olmuş ki, üzərindən aşkar olunmuş narkotik vasitənin çəkisi 5,76 qramdır. Hazırda törətdiyi əmələ görə çox peşman olmasını nəzərə alınaraq ona həbslə bağlı olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərdi ki, 16 may 2024-cü il tarixdə Ağcabədi rayonu Şərəfxanlı kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və üzərində saxlamasında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat rəhbərliyə məruzə edildikdən sonra o və CAB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs cinayətkar əməlini ifşa etmək məqsədi ilə sonuncunun ətrafında müvafiq əməliyyat tədbirləri keçirilməyə başlanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs həmin gün, saat 17 radələrində yaşadığı Ağcabədi rayonu Şərəfxanlı kənd ərazisində saxlanılaraq RPŞ-nə gətirilmiş, RPŞ-nin inzibati binasında otaqların birində, Təqsirləndirilən şəxs hüquqları izah edilməklə özünün dövlət hesabına müdafiəçi ilə təmin edilməsi xahişinə əsasən Ağcabədi rayon Vəkil Bürosunun vəkili X5 hüquqlarını müdafiə etməsi məqsədilə vəkil təyin edilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs vəkili X1 iştirakı ilə hüquq və vəzifələri izah edilmiş və üzərinə video çəkilişlə şəxsi axtarış keçiriməsinə etirazının olub-olmaması soruşulduqda Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına və şəxsi axtarışın video vasitəsi ilə aparılmasına heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşyanın olubolmaması soruşulduqda sonuncu əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd kibrit qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Ardınca Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd kibrit qutusuna baxış keçirilmiş, baxış zamanı həmin kibrit qutusundakı kütlənin yaşıl rəngli, qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən olunmuşdur. Həmin kütlə kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş, sonra ekspertizaya təqdim edilməsi üçün Azərbaycan Respublikası DİN-in 143 saylı möhürü ilə möhürlənmiş və sonra şəxsi axtarış prosesi yekunlaşdırılmışdır. Şəxsi axtarış prosesi zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütləni haradan əldə etməsi, nə məqsədlə üzərində daşıyıb saxlaması barədə sorğu-sual edildikdə, sonuncu üzərindən aşkar edilmiş həmin narkotik vasitəni yerdən tapdığını və öz istifadəsi üçün üzərində daşıyaraq saxlamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən polis əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 Hüseyin oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 16 may 2024-cü il tarixli qərardan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü, Ağcabədi rayonu, Şərəfxanlı kənd sakini Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirlərinin aparılması, onun üzərinə şəxsi axtarış aparılması, müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 və CABnin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1 ibarət əməlliyyat qrupu yaradılmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 16 may 2024-cü il tarixli şəxsi axtarış aparılması haqqında tərtib edilmiş protokoldan görünür ki, video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş, axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 (bir) ədəd kibrit qutusunda kəskin spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin olması müəyyən edilmiş, həmin kütlə aşkar olunduğu vəziyyətdə elektron tərəzidə çəkilmiş, çəkisi 8,78 qram müəyyən edilmişdir İşdə olan və məhkəmə istintaqında elan edilmiş 16 may 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2, CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1, TB-nin təhqiqatçısı, polis mayoru X14 və hüquqlarının müdafiəsi edilməsi məqsədilə müdafiçi təyin edilmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili X3 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd kibrit qutusunda çəkisi 8,78 qram narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi rayon polis şöbəsindən alınmış 07 iyun 2024-cü il tarixli əməliyyat tapşırığına cavab raportundan görünür ki, bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı haradan, kimdən, hansı məqsədlə və necə əldə etməsi, satması və narkotik vasitələrin qanunsuz dövriyyəsində başqa şəxs və ya şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edibetməməsi, narkotik tərkibli bitkilər əkməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilərək yoxlanılmış, lakin müsbət nəticə əldə olunmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 16 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 may 2024-cü il tarixdə onun barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş və o, MSY-dən azad edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X11 Bölməsinin 17 may 2024-cü il tarixli 3-16-16/2-18/504 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzaları olan kağız paketdəki 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5,76 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir.(İ siyahı) Həmin rəydə göstərilmişdir ki, marixuananın təmiz çəkisi 5,76 qram, tədqiqata istifadə olundu 0,02 qram, qalıq 5,74 qramdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş X9 12 iyun 2024-cü il tarixli 1055 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş “Ağcabədi Rayon Mərkəzi X13 Şəxs”in xx.xx.2024-cü il tarixli, 18-1-23/2-714/2024 nömrəli verdiyi tibbi arayışdan görünür ki, Əliyev X8 RMX-nın poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetində dispanser qeydiyyatda durmur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən alınan xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 326.1-ci maddələri ilə təqsirli bilinərək 500 (beş yüz) manat cərimə cəzasına məhkum edilmiş və xx.xx.2018-ci ildə cəriməni tam ödəmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi RİHB Şərəfxanlı kənd İƏDsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, 1992-ci il təvəllüdlü Ağcabədi rayonunun Şərəfxanlı kənd sakini Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə toplanmış və araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni təmiz çəkisi 5,76 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində daşıyaraq saxlaması, özünün etiraf etməsi, şahid ifadələri, məhkəmə-narkoloji ekspertizasının rəyi ilə, habelə işdə olan rəsmi sənədlərlə tam sübuta yetirilir. Odur ki, təqsirə görə məsuliyyət prinsipi baxımından o, həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 5ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, Gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə edilməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.) təqsirkarın şəxsiyyətinə (resedivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onların müalicə və digər müəssisələr üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. İnsan Hüquqları və X6 haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla onun islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuna müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək (narkomaniyadan məcburi mualicə olunması ilə bağlı hal nəzərə alınmaqla), cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə kursu keçmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını qanuna müvafiq hesab edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Cəzanın icrası məhkumun yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 16 may 2024-cü il tarixdən 18 may 2024-cü il tarixədək olan iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəzasının 4 günü, təyin edilmiş cəzasından çıxılmalıdır. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alıb hesab edir ki, ona Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X18 poliklinikasının narkoloji kabinetində qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut olan Ağcabədi rayon polis şöbəsində saxlanılan tədqiqatdan sonra qalıq qalan 5,74 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 31 manat 95 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM.VÖEN **********, AZ34CTRE ********************, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22) keçirilməlidir. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 15 iş saatı üçün 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-356, 358 və 383-385-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona bir il iki ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 may 2024-cü il tarixdən 18 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla azadlığın məhdudlaşdırılması cəzasının dörd günü, təyin edilmiş cəzasından çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq bir il bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası məhkumun yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli Ağcabədi rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X18 poliklinikasının narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2- ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə Ağcabədi rayon polis şöbəsində saxlanılan maddi sübut olan – tədqiqatdan sonra qalıq qalan 5,74 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 31 manat 95 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – (AZ.MEM.VÖEN **********, AZ34CTRE ********************, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22) keçirilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 15 iş saatı üçün 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətinə Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar