Məhkəmə qərarları › İş №1(017)-12/2024

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-12/2024

14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-12/2024 14.02.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X2 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X2 Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs - (xx.xx.1968-ci il tarixdə Ağcabədi rayonunun Hüsülü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində 1 azyaşlı, 2 yetkinlik yaşına çatmayan uşağının olması, orta təhsilli, atası X1 mülki şəhid olması, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olmayan, Ağcabədi rayonunun Hüsülü kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə (köhnə redaksiyada) təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən, tamah niyyəti ilə, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda əldə etdiyi, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 7,49 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, 28 sentyabr 2023-cü il tarixdə saat 18 radələrində Ağcabədi rayonu Hüsülü kəndində, yaşadığı evin yaxınlığında həmkəndlisi Şahid3 ilə narkotik vasitə olan marixuananın bir bükümünü 20 manata satmağa razılaşıb, həmin gün saat 19 radələrində Ağcabədi rayonu Hüsülü kəndində, yaşadığı evin yaxınlığında sonuncu ilə yenidən görüşərək həmin məbləğdə pulu aldıqdan sonra 7,49 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı bir ədəd “Vest” siqaret qutusunda Şahid3 satmış, 28 sentyabr 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Ağcabədi rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Şahid3 həmin gün saat 23:50 radələrində Ağcabədi rayonu, Hüsülü kəndi ərazisində “Oscar” yanacaq doldurma məntəqəsinin yanında saxlanılaraq Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti 39 ünvanında yerləşən Ağcabədi rayon polis şöbəsinin inzibati binasına gətirilib orada şübhəli şəxs qismində tutularaq üzərinə 29 sentyabr 2023-cü il tarixdə saat 00:25-dən etibarən videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki mavi rəngli cins şalvarın sağ yan cibindən bir ədəd “Vest” siqaret qutusunda təmiz çəkisi 7,49 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Ağcabədi rayonun Hüsülü kəndində yaşayır və birinci qrup əlilliyə görə təqaüd alır. Təxminən 15 ildir narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. 2023-cü ilin may ayında yaşadığı evin həyətində teksun qabında bir ədəd çətənə toxumu əkmiş, həmin toxum cücərib yerdən çıxmış, sonra gündəlik olaraq həmin çətənə bitkisinə qulluq edib becərmişdir. 2023-cü ilin sentyabr ayında həmin çətənə bitkisi tam böyüyüb inkişaf etmişdir. Bundan sonra həmin çətənə bitkisinin yarpaqlarını yığıb həyətində qurutmuş, sonra özü həmin qurutduğu marixuanadan istifadə etmişdir. Həmin marixuanadan bir miqdarda qalmışdır. 28 sentyabr 2023-cü il tarixdə saat 18 radələrində yaşadığı evdə olan zaman Şahid3 xatırlamadığı nömrədən onun istifadəsində olan mobil nömrəyə zəng edib onunla görüşmək istədiyini demiş, yaşadığı evdən çıxıb kəndin aralığına getmişdir. Onlar görüşən zaman Nurlan narkotik vasitə olub-olmadığını soruşmuş, Nurlana bir miqdar nəşə olduğunu demişdir. Nurlan həmin nəşəni istəmiş, pul ilə satdığını demiş, Nurlan ona 20 manatı olduğunu demiş, həmin miqdarda nəşə istəmişdir. Onunla razılaşmışdır. Yaşadığı evin həyətində kolluğun altında gizlətdiyi nəşəni çəkdiyi Vest siqaretini boşaldıb içərisinə doldurmuşdur. Həmin gün saat təxminən 19 radələrində Nurlan ilə əvvəlki yerdə görüşmüş, siqaret qutusuna yığdığı nəşəni Nurlana vermiş və Nurlandan əvəzində 20 manat pul almışdır. 29 sentyabr 2023-cü il tarixdə saat 01 radələrində yaşadığı evdə olan zaman tanımadığı şəxslər gəlib özlərini təqdim edib polis əməkdaşları olduğunu bildirmişlər, polis əməkdaşları onun qanunsuz olaraq üzərində narkotik vasitələr saxlamaqda və satmaqda şübhəli olduğunu bildirərək Ağcabədi rayon polis şöbəsinə getməyi bildirmişlər, etiraz etməmiş və sonra polis əməkdaşları ilə birlikdə Ağcabədi rayon polis şöbəsinə gəlmişdir. Onlar polis şöbəsində olarkən ona müdafiəçidən istifadə etmək hüquqları və qanunla müəyyən edilmiş qaydada digər hüquqları izah olunmuşdur. Bundan sonra polis əməkdaşları ona üzərində cinayət xarakterli əşya, o cümlədən narkotik vasitə olub olmadığını soruşmuşlar. Üzərində narkotik vasitə olmadığını bildirmişdir. Sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən cinayət xarakterli hər hansı bir əşya aşkar edilməmişdir. Əvvəllər narkotik tərkibli bitkilər əkib-becərmiş, ilk dəfə Nurlana narkotik maddə satmışdır. Hazırda tutduğu əməlindən peşmandır. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Ağcabədi rayon Polis Şöbəsinin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Ağcabədi rayon X10 rayonu, Hüsülü kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında Şahid3 28 sentyabr 2023-cü il tarixdə saat 23:50 radələrində Ağcabədi rayonu, Hüsülü kəndi ərazisində yerləşən “Oscar” yanacaq doldurma məntəqəsinin yanında saxlanılaraq rayon polis şöbəsinə gətirilmişdir. Müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə video çəkiliş vasitəsi ilə Şahid3 üzərində şəxsi axtarış və götürmə aparılarkən əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən bir ədəd “Vest” siqaret qutusunu çıxarıb təqdim etmişdir. Həmin siqaret qutusu iştirakçıların və müdafiəçinin iştirakı ilə açılıb baxıldıqda içərisində spesifik qoxuya malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edilmişdir. Sonra Şahid3 üzərində şəxsi axtarış və müayinə aparılmış, üzərindən cinayət xarakterli əşya, o cümlədən digər narkotik vasitə aşkar edilməmişdir. Həmin aşkar edilərək götürülmüş kütlə çəkildikdən sonra iştirakçıların və müdafiəçinin iştirakları ilə qablaşdırılaraq möhürlənmişdir. Bütün bunlardan sonra protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmin vaxt Şahid3 aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu, həmkəndlisi Təqsirləndirilən şəxs 20 manata aldığını bildirmişdir. Şəxsi axtarış zamanı aşkar edilmiş kütlə tərəzinin üzərinə tökülərək çəkiləcəyi təqdirdə itkiyə gedəcəyindən ehtiyyat edərək aşkar olunduğu vəziyyətdə yəni siqaret qutusu ilə birlikdə çəkilmişdir. Bundan sonra 29 sentyabr 2023-cü il tarixdə saat 03:50 radələrində Təqsirləndirilən şəxs yaşadığı Ağcabədi rayonu, Hüsülü kəndində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmış, üzərindən narkotik vasitə aşkar edilməmiş, lakin Təqsirləndirilən şəxs Şahid3 satdığı narkotik vasitənin qarşılığında aldığı puldan qalan 3 (üç) manat aşkar edilərək götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs həmkəndlisi Şahid3 20 manata nartotik vasitə satdığını bildirmişdir. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Ağcabədi rayonunun Hüsülü kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Təxminən bir neçə ay olar ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. Həmkəndlisi Təqsirləndirilən şəxs narkotik maddə istifadə etdiyini bilmişdir. Onun ürəyi narkotik maddə istədiyi üçün fikirləşmiş ki, Elşəndən narkotik maddə ala bilər. Bu məqsədlə 28 sentyabr 2023-cü il tarixdə saat 18 radələrində öz istifadəsində olan mobil nömrədən Elşənin xatırlamadığı nömrəsinə zəng edib görüşmək istədiyini demiş və onlar Elşəngilin evinin yaxınlığında aralıq yolda görüşmüşlər. Elşənə narkotik maddə istədiyini demiş, Elşən də ona narkotik maddə satacağına razılaşmışdır. Orada Elşənə zorla 20 manat pul vermiş, həmin məbləğə uyğun qurudulmuş marixuana verməsini demişdir. Elşən də ondan 20 manat pulu almış və burada gözləməyi, gətirib verəcəyini demişdir. Aradan 15-20 dəqiqə keçdikdən sonra Elşən onun yanına gəlmiş, cibindən bir ədəd Vest siqaret qutusunu çıxartmış və nəşənin həmin siqaret qutusunda olduğunu demiş və ona vermişdir. Elşəndən siqaret qutusunu almış və açıb içərisinə baxanda həqiqətən siqaret qutusunun içərisində nəşə olduğunu görmüş və həmin nəşəni üzərində saxlamışdır. 28 sentyabr 2023-cü il tarixdə saat 23 radələrində Ağcabədi rayon polis əməkdaşları onu saxlamış, üzərinə şəxsi axtarış keçirilən zaman həmin narkotik maddə üzərində aşkar edilmişdir. Həmin vaxt nəşəni Təqsirləndirilən şəxs aldığını etiraf etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 18/960 nömrəli rəyinin surətindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şahid3 üzərindən ...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd siqaret qutusunda təmiz çəkisi 7,49 qram olan bitki mənşəli kütlə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarına əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1768 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Birinci qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X12 Ağcabədi rayon X5 Hüquqi Şəxsin xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Əliyev X7 rayon X5 X8 şöbəsinin ruhi-əsəb və narkoloji kabinetdə dispanser qeydiyyatda durmur. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Hüsülü kənd İƏD-si üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Hüsülü kənd İƏD-si üzrə nümayəndəliyinin verdiyi arayışdan və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı, 2 yetkinlik yaşına çatmayan uşağı (xx.xx.2007-ci, xx.xx.2008-ci və xx.xx.2012-ci il təvəllüdlü) vardır. İş materiallarında olan Füzuli rayon İcra Hakimiyyətinin verdiyi 29 yanvar 2024-cü il tarixli, 5-43/2-178/24 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs atası X6 xx.xx.1993-cü il tarixdə erməni silahlı qüvvələri tərəfindən öldürülmüşdür. Füzuli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli, 5-43/3-3-18/24 nömrəli sərəncamı ilə mərhum X3 mülki şəhid statusu verilmişdir. İş materiallarına əlavə edilmiş əşyanın maddi sübut hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan və arayışdan görünür ki, ekspertizadan sonra qalıq çəkisi 7,47 qram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut hesab olunması barədə ********* nömrəli cinayət işi üzrə xx.xx.2023-cü il tarixli qərar nəzərə alınmışdır. İş üzrə maddi sübutlar, tədqiqatdan sonra qalıq qalmış, 7,47 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 3 (üç) manat pul Ağcabədi rayon polis şöbəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş sübutların qiymətləndirilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 237.1-ci maddəsinin tərkibi olmadığından barəsində göstərilən maddə ilə cinayət işinin başlanması rədd edilmişdir. Bundan əlavə, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı “Marixuna-Kannabis” olan maddələr narkotik vasitədir, onun qurudulmuş 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramı və ya ondan artıq hissəsi isə “külli miqdar” hesab olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı “Heroin” olan maddələr narkotik vasitədir, onun 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə “külli miqdar” hesab olunur. Məhkəmə, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 25 iyun 2005-ci il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələblərinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10); həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8); miqdarından asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin satılması (1.0.11) hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilənlərə və işin digər obyektiv hallarına əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CMnin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, birinci qrup əlil olmasını, himayəsində 1 azyaşlı, 2 yetkinlik yaşına çatmayan uşağının olmasını, atası X1 mülki şəhid olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar sayır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmasını müəyyən etməmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 04:05-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, saxlandığı Ağcabədi rayon polis şöbəsinin MSY-dən dərhal azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Məhkəmə törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, birinci qrup əlil olmasını, himayəsində 1 azyaşlı, 2 yetkinlik yaşına çatmayan uşağının olmasını, atası X1 mülki şəhid olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunması kimi şəxsiyyətini xarakterizə edən halları, ədalət və humanizm prinsiplərini, cəzanın məqsədlərinə nail olunması zərurətini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli; CM-nin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət, yəni 02 gün müddət nəzərə alınaraq, bir günə bir gün hesabı ilə hesablanaraq təyin olunan azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalından dərhal həbs edilməli, cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 56.1.2-cü maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - cəzanın çəkilmə yeri kimi ümumi rejimli cəzaçəkmə müəssisəsi nəzərdə tutulmuşdur. Ona görə də Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs yaşadığı ərazinin poliklinikasının narkoloji kabinetində qeydiyyata götürülməsini qanuni və əsaslı hesab edir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış və Ağcabədi rayon Polis şöbəsində saxlanılan ekspertizadan sonra qalıq çəkisi 7,47 qram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut hesab olunması barədə ********* nömrəli cinayət işi üzrə də əhəmiyyət kəsb etdiyindən xx.xx.2023-cü il tarixli qərar nəzərə alınmalı, üzərindən aşkar edilərək götürülmüş 3 (üç) manat pul hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs verilməlidir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs birinci qrup əlil olmaqla pensiya alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli, 39 nömrəli Qərarı ilə təsdiq edilən “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi” Qaydasının 3.2-ci bəndinə əsasən əlil olan və narkomanlıq xəstəliyinə düçar olunmuş şəxslərə məcburi müalicə tətbiq oluna bilməz. Qanunvericilik aktının bu normasına əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən narkomaniya xəstəliyindən əzab çəkməsinə baxmayaraq, Təqsirləndirilən şəxs birinci qrup əlil olduğuna görə barəsində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq oluna bilməz. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 iş saatı üçün 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib ona 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin; Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək, yəni 2 gün həbsdə saxlama müddətini nəzərə alaraq, bir günə bir gün hesabı ilə təyin olunan azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın; cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalından dərhal həbs edilsin; cəza çəkmə müddətinin başlanğıcı 14 fevral 2024-cü il tarixdən hesablansın; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Əliyev X7 rayon poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Ağcabədi rayon Polis şöbəsində saxlanılan 3 (üç) manat pul hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs verilsin. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 20 iş saatı üçün 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar