Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-120/2024 06.11.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X4 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X4 Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Əbduləli oğlunun, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə Təqsirləndirilən şəxs - (xx.xx.1986-cı il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində 1 azyaşlı, 1 yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Yevlax rayonunun Aşağı Salamabad kəndində qeydiyyatda olan və Ağcabədi şəhəri, N.Nərimanov küçəsi ev 53-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən, tamah niyyəti ilə özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 həyat yoldaşı Şahid1 xəstəliyi ilə bağlı kəsilmiş təqaüdünü bərpa elətdirəcəyi adı ilə yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq vahid niyyətlə dəqiq günü və vaxtı istintaqa məlum olmayan tarixdə, yəni 2023-cü il iyul ayının sonlarında Ağcabədi rayon Nəcəfqulubəyli kəndində Zərərçəkmiş şəxs1 yaşadığı fərdi yaşayış evinin həyətində 3800 manat pulu nağd şəkildə, 18 avqust 2023-cü il tarixdə saat 11:59-da Ağcabədi rayonu Nəcəfqulubəyli kəndinin ərazisində yerləşən “Eltun” marketdə olan “Milliön” ödəmə terminalı vasitəsi ilə 850 manat pulu özünə məxsus “Beynəlxalq Bank ASC”ə aid istintaqa məlum olmayan kart hesabına, 09 noyabr 2023-cü il tarixdə saat 11:37-də Ağcabədi rayonu Nəcəfqulubəyli kəndinin ərazisində yerləşən “Eltun” marketdə olan “Milliön” ödəmə terminalı vasitəsi ilə 600 manat pulu özünə məxsus “Beynəlxalq Bank ASC”ə aid istintaqa məlum olmayan kart hesabına köçürülməsinə nail olmaqla ələ keçirib Zərərçəkmiş şəxs1 5250 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən, tamah niyyəti ilə özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 pensiyasını ömürlük edəcəyini yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq vahid niyyətlə xx.xx.2023-cü il tarixdə saat 10:26-da Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndində yerləşən “Eltun” marketdəki “Milli ön” aparatı vasitəsi ilə 500 manat pulu özünə məxsus "xxxx" ASCə aid istintaqa məlum olmayan kart hesabına və xx.xx.2023-cü il tarixdə saat 11:30-da Ağcabədi şəhəri, Heydər Əliyev prospektində yerləşən “Nur” marketdəki “Milli ön” aparatı vasitəsi ilə 1500 manat pulu özünə məxsus "xxxx" ASC-ə aid istintaqa məlum olmayan kart hesabına köçürülməsinə nail olmaqla ələ keçirib Zərərçəkmiş şəxs2 2000 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Yevlax şəhərində yaşayır. Həyat yoldaşından rəsmi qaydada boşanmasa da, faktiki olaraq yeddi ildir ki, ayrı yaşayır. 2023cü ilin iyun ayında rəfiqəsi Sahibə ilə Zərdab rayonu Yarməmmədbağı kəndinə Sahibənin qohumu Həsrətin evinə getmişlər. Orada olan zaman Həsrətin həyat yoldaşı Şəhanənin dayısı Cümşüd və onun arvadı Adilə də orada olmuş, onlarla tanış olmuş və onlarla münasibəti yaranmışdır. Söhbət zamanı Adilənin əvvəllər xəstəliyə görə pensiya aldığını, lakin daha sonra pensiyanın dayandırıldığını bildirmişlər. Onun pula ehtiyacı olduğu üçün onlara yalandan bu işi həll edə biləcəyini, Adilənin kəsilmiş pensiyasını bərpa edə biləcəyini bildirmişdir. Adilənin kəsilmiş pensiyasını bərpa etdirmək adı ilə 4000 manat pul lazım olduğunu bildirmişdir Onlar da ona xəbər edəcəklərini demişlər. Bundan bir neçə gün sonra tanımadığı nömrədən onun nömrəsinə zəng gəlmiş və danışanın Şəhanənin dayısı olan Cümşüd olduğunu bildirmişdir. Cümşüd ona Adilənin işi ilə maraqlanmağını xahiş etmişdir. Cümşüdə maraqlanıb xəbər edəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra Zərdab rayonu Yarməmmədbağı kəndinə gedərək orada Həsrətlə görüşmüşdür. Həsrətdən onu Cümşüdgilə aparmasını xahiş etmiş, Həsrətə məxsus avtomobillə Ağcabədi rayonu Nəcəfqulubəyli kəndinə Cümşüdün yaşadığı evə getmişdir. Cümşüdün ailəsi ilə tanış olmuş və Adiləyə məxsus sənədlərə baxmışdır. Kəsilmiş pensiyasını bərpa etməyin heç bir problem olmadığını, bu işi tezliklə həll edəcəyini bildirmişdir. Orada olan zaman Cümşüdün oğlu Coşqunun da əvvəllər pensiya aldığını, sonra kəsildiyini, halhazırda üçüncü qrup əlil kimi pensiya aldığını dedilər. Onlardan pul ələ keçirmək məqsədi ilə yalandan Coşqunun pensiyasını ömürlük edə biləcəyini demişdir. Həmin zaman Cümşüdgil ona ilk öncə Adilənin pensiyasını həll etməyini, Coşqunun məsələsinin isə qalmasını demişlər. Bundan sonra Mingəçevir şəhərinə qayıtmışdır. Təxminən bir həftə sonra Cümşüd ona zəng edərək pulun hazır olduğunu bildirmişdir. Bundan sonra Zərdab rayonu Yarməmmədbağı kəndinə gedərək Həsrətlə görüşmüşdür. Daha sonra Həsrət və Şəhanə ilə Ağcabədi rayonu Nəcəfqulubəyli kəndinə Cümşüdgilə getmişlər. Cümşüd evdə olmamışdır. Adilə onları qarşılayıb həyətə dəvət etmişdir. Evdə Adilədən başqa gəlini Pərvin də olmuşdur. Adilə imkanlarının yaxşı olmadığını bildirərək 3800 manat pul düzəldə bildiyini demişdir. Bundan sonra Adilə gəlini Pərvinin, Həsrətin və Şəhanənin yanında ona xəstəliklə bağlı kəsilmiş pensiyasını bərpa etdirəcəyi adı ilə ona 3800 manat pul vermişdir. Onlara qısa zamanda bu işi həll edəcəyini bildirmişdir. Bundan sonra Mingəçevir şəhərinə qayıtmışdır. Cümşüd onunla tez-tez əlaqə saxlayıb işlə maraqlandıqda, Cümşüdə yalandan işlə məşğul olduğunu, tezliklə işin düzələcəyini demişdir. Daha sonra Cümşüdlə əlaqə saxlayıb Adilənin pensiyasını ömürlük etmək üçün əlavə 1000 manat pul lazım olduğunu demişdir. Cümşüd onunla razılaşmış və xx.xx.2023-cü il tarixdə ona məxsus "xxxx" ASC-ə aid bank kartına 850 manat pul göndərmişdir. Həmin pulu çıxardaraq şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan bir müddət sonra yalandan Cümşüdə zəng edərək işin həll olunması üçün əlavə pul lazım olduğunu demiş və xx.xx.2023-cü il tarixdə Cümşüd ona məxsus kart hesabına 600 manat pul göndərmişdir. Həmin pulu çıxardaraq şəxsi ehtiyacları üçün xərcləmişdir. Daha sonra Cümşüd onunla əlaqə saxlayıb işlə maraqlandıqda yalandan işin həll olunacağını demişdir. Bundan başqa, 2023-cü ilin sentyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs2 ilə danışan zaman ona pensiyasını ömürlük etdirə biləcəyini, bu işin müqabilində ümumilikdə 3500 manat pul lazım olduğunu demişdir. Coşqun o qədər pulunun olmadığını bildirdikdə Coşqundan pul ələ keçirmək məqsədi ilə işi düzəldən adama təcili 2000 manat pul vermək lazım olduğunu, qalan pulu isə daha sonra verə biləcəyini demişdir. Coşquna 2000 manat pulu versə işin tezliklə düzələcəyini demişdir. Coşqun onunla razılaşmış və xx.xx.2023-cü il tarixdə ona məxsus kart hesabına 500 manat, xx.xx.2023-cü il tarixdə isə 1500 manat pul göndərmişdir. Həmin pulları çıxardaraq öz şəxsi ehtiyaclarına xərcləmişdir. Sonra Coşqun ondan işi barədə soruşduqda, Coşquna yalandan işin tezliklə düzələcəyini demişdir. Daha sonra isə Cümşüd ondan pulları tələb etmiş və pulları qaytaracağını bildirmişdir. Adilənin kəsilmiş pensiyasını bərpa etdirəcəyi adı ilə Cümşüddən 5250 manat və Coşqunun pensiyasını ömürlük etdirəcəyi adı ilə ondan 2000 manat pul almış və həmin pulları oğlunun müalicəsi üçün xərcləmişdir. Dələduzluiq yolu ilə əldə etdiyi pulları öz ehtiyacı üçün xərcləmişdir. Zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyandan qismən ödəniş etmişdir. Hazırda törətdiyi əmələ görə peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndində yaşayır. Təqsirləndirilən şəxs təxminən bir ildir ki, tanıyır. Onun Rəqsanə ilə heç bir ədavət və düşmənçiliyi olmamışdır. Onun həyat yoldaşı Şahid1 ağır dərəcəli şəkər xəstəsidir və 2011-ci ildən 2021-ci il kimi pensiya almışdır. Daha sonra isə Adiləyə pensiyanın verilməsi dayandırılmışdır. 2023-cü ilin iyun ayında Zərdab rayonu Yarməmmədbağı kəndində yaşayan qohumu Həsrətgilə getmişdir. Orada Adilənin pensiyasının dayandırılması ilə bağlı söhbət düşmüşdür. Həsrət tanış adam olduğunu, onun bu işlərlə məşğul olduğunu demişdir. Bir neçə gün sonra Həsrət ona zəng edərək Rəqsanənin onlara gəldiyini demişdir. Adilə ilə Həsrətgilə getmiş, orada Rəqsanə ilə tanış olmuşlar və normal münasibətləri yaranmışdır. Söhbət zamanı Rəqsanə heç bir problem olmadığını, Adilənin pensiya məsələsini onun həll edəcəyini, uzağı bir aya bu işi həll edəcəyini demişdir. Rəqsanə bu işin həll olunması üçün 4000 manat pul lazım olduğunu demişdir. Onlar Rəqsanədən problem olmayacağını soruşduqda Rəqsanə heç bir problem olmadığını bildirmişdir. Onlar Rəqsanə ilə razılaşmışlar. Bundan bir müddət sonra Rəqsanə Həsrətlə birlikdə onların yaşadıqları evə gəlmiş, Adiləyə məxsus sənədlərə baxmış və heç bir problem olmadığını, bu işi həll edəcəyini bildirmişdir. Orada oğlu Coşqunun da əvvəllər pensiyasının dayandırıldığını, daha sonra bərpa olunduğunu və üçüncü qrup əlil kimi pensiya aldığını bildirmişlər. Coşqun ikinci qrup əlil kimi pensiya almış, 2021-ci il tarixdə Coşqunun pensiyası dayandırılmış və daha sonra ona üçüncü qrup əlil kimi pensiya verilmişdir. X9 da pensiyasını ikinci qrup edərək ömürlük edə biləcəyini demişdir. Lakin onlar həmin məsələni daha sonra danışacaqlarını, hal-hazırda Adilənin pensiyasını bərpa etdirməsini istəmişlər. Rəqsanə də heç bir problem olmadığını demişdir. 2023-cü il iyul ayının əvvəllərində işdə olan zaman Rəqsanə ona zəng edərək Zərdab rayonunda olduğunu, Həsrət və Şəhanə ilə birlikdə onlara gəldiyini demişdir. Rəqsanəyə işdə olduğunu, lakin evə getməsini demişdir. Bundan sonra Adiləyə zəng edərək Rəqsanənin gələcəyini bildirmişdir. Adilə Pərvin, Həsrət və Şəhanənin yanında kəsilmiş pensiyasını bərpa etdirmək üçün evdə ona məxsus olan 3800 manat pulu Rəqsanəyə vermişdir. Rəqsanə pulu götürərək işin tezliklə düzələcəyini demişdir. Daha sonra Rəqsanə əlavə pul lazım olduğunu bildirmiş və buna görə də 18 avqust 2023-cü il tarixdə Ağcabədi rayonu Nəcəfqulubəyli kəndində yerləşən “Eltun” marketdəki “Milliön” ödəmə terminalı vasitəsi ilə Rəqsanəyə məxsus "xxxx" ASC-ə aid bank hesabına 850 manat pul göndərmişdir. Daha sonra Rəqsanə ilə əlaqə saxladıqda Rəqsanə pulu götürdüyünü bildirmişdir. Bundan bir müddət sonra Rəqsanə əlavə pul lazım olduğunu bildirmiş və oğlu Coşquna 600 manat pul vermişdir. Coşqun Ağcabədi rayonu Nəcəfqulubəyli kəndində yerləşən “Eltun” marketdəki “Milli ön” aparatı vasitəsi ilə Rəqsanənin kartına 600 manat pul göndərmişdir. Rəqsanə ilə əlaqə saxlamış və Rəqsanə pulu götürdüyünü demişdir. Bundan sonra onlar Rəqsanə ilə maraqlandıqda işin tezliklə düzələcəyini demişdir. Həmçinin onlar bir dəfə Həsrətgilə gedib Rəqsanə ilə görüşmüşlər və orada Rəqsanə Adiləyə müxtəlif sənədlərə qol çəkdirərək işin düzələcəyini demişdir. Lakin onlar Rəqsanə ilə əlaqə saxladıqda Rəqsanə hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Daha sonra Rəqsanənin işi düzəltmədiyini və pulu qaytarmadığını görərək Ağcabədi rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Daha sonra ona məlum olmuşdur ki, Coşqun öz pensiyasını ömürlük edəcəyi adı ilə Rəqsanəyə 2000 manat pul vermişdir. Rəqsanə verdiyi vədlərə əməl etməmiş və pullarını da geri qaytarmamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona vurulmuş ziyandan 350 manat ödəniş etmişdir. Barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndində yaşayır. Zərərçəkmiş şəxs1 onun atasıdır. Təqsirləndirilən şəxs təxminən bir ildir ki, tanıyır. Onların Rəqsanə ilə heç bir ədavət və düşmənçilikləri olmamışdır. Anası Adilə ağır dərəcəli şəkər xəstəsidir. Özü isə üçüncü qrup əlildir. Anası Adilə 2011-ci ildən 2021-ci il kimi pensiya almışdır. Daha sonra isə ona pensiyanın verilməsi dayandırılmışdır. Özü isə 2008-ci il tarixdə müddətli hərbi xidmətdə olan zaman yaralanmışdır. Bundan sonra hərbi xidmətdən tərxis olunmuş və əlilliyi ilə bağlı pensiya almağa başlamışdır. Həmin zaman ikinci qrup əlil kimi pensiya almışdır. 2021-ci il tarixdə onun pensiyası dayandırılmış və daha sonra ona üçüncü qrup əlil kimi pensiya verilmişdir. 2023-cü ilin iyun ayında atasıgil evə gələrək Zərdab rayonu Yarməmmədbağı kəndində yaşayan qohumları Həsrətin tanışı olduğunu, anasının dayandırılmış pensiyasını bərpa edəcəyini bildirmişdir. Bunun müqabilində həmin pensiyanı düzəldəcək Rəqsanənin 4000 manat pul lazım olduğunu dediyini bildirmişlər. Bir müddət sonra Rəqsanə Həsrətlə birlikdə onların yaşadıqları evə gəlmişdir. Orada Rəqsanə anasına məxsus sənədlərə baxmış və heç bir problem olmadığını, bu işi həll edəcəyini bildirmişdir. Orada onun da əvvəllər pensiyasının dayandırıldığını, daha sonra bərpa olunduğunu və üçüncü qrup əlil kimi pensiya aldığını bildirmişlər. Orada Rəqsanə onun da pensiyasını ikinci qrup edərək ömürlük edə biləcəyini demişdir. Lakin onlar həmin məsələni daha sonra danışacaqlarını, hal-hazırda anasının pensiyasını bərpa etdirməsini istəmişlər. 2023-cü ilin iyul ayının əvvəllərində evə gələn zaman Rəqsanənin Həsrət və Şəhanə ilə birlikdə onlara gəldiyini və anasının dayandırılmış pensiyasını bərpa elətdirmək adı ilə 3800 manat pul aldığını bilmişdir. Daha sonra atası Rəqsanənin əlavə pul istədiyini bildirmiş və özü Rəqsanəyə 850 manat pul göndərmişdir. Bundan bir müddət sonra atası ona 600 manat pul vermiş və Ağcabədi rayonu Nəcəfqulubəyli kəndində yerləşən “Eltun” marketdəki “Milli ön” aparatı vasitəsi ilə Rəqsanənin kartına 600 manat pul göndərmişdir. Onlar Rəqsanə ilə maraqlandıqda işin tezliklə düzələcəyini demişdir. Bundan başqa 2023cü ilin sentyabr ayının 7-də Rəqsanə ona zəng edərək onun işini danışdığını, ümumilikdə 3500 manat pul lazım olduğunu, lakin 2000 manatını təcili göndərmək lazım olduğunu demişdir. Rəqsanəyə o qədər pulunun olmadığını bildirmiş, Rəqsanə ona heç olmasa bu gün 500 manat pul verməyini, qalanını da 1-2 gün ərzində verməyini demişdir. Yoxsa işin alınmayacağını bildirmişdir. 500 manat borc pul tapmış və Rəqsanənin ona göndərdiyi özünə məxsus olan "xxxx" ASC-ə məxsus olan kart hesabına xx.xx.2023-cü il tarixdə Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndində yerləşən “Eltun” marketdəki “Milli ön” aparatı vasitəsi ilə 500 manat pul göndərmişdir. Daha sonra 1500 manat borc pul tapmış və xx.xx.2023-cü il tarixdə Ağcabədi şəhəri, Heydər Əliyev prospektində yerləşən “Nur” marketdəki “Milli ön” aparatı vasitəsi ilə 1500 manat pulu Rəqsanəyə məxsus "xxxx" ASCə aid olan kart hesabına göndərmişdir. Rəqsanə uzağı bir ay müddətinə onun işinin düzələcəyini demişdir. Qalan pulu isə Rəqsanəyə iş düzəldikdən sonra verəcəyini demişdir. Bundan sonra Rəqsanə ilə danışdıqda Rəqsanə ona narahat olmamağını, işin tezliklə düzələcəyini demişdir. Bir müddət sonra Rəqsanə zənglərinə cavab verməmişdir. Pensiyasının bərpa olunmadığını gördükdən sonra Ağcabədi rayon Polis Şöbəsinə şikayət etmişdir. Rəqsanə verdiyi vədlərə əməl etməyərək onların pullarını ələ keçirmişdir və pullarını da geri qaytarmamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona vurulmuş ziyandan 1000 manat ödəniş etmişdir. Barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndində yaşayır. Zərərçəkmiş şəxs1 onun həyat yoldaşıdır. Təqsirləndirilən şəxs təxminən bir ildir ki, tanıyır. Onların Rəqsanə ilə heç bir ədavət və düşmənçiliyi olmamışdır. Ağır dərəcəli şəkər xəstəsidir və 2011-ci ildən 2021-ci il kimi pensiya almışdır. Daha sonra isə ona pensiyanın verilməsi dayandırılmışdır. 2023-cü ilin iyun ayında Zərdab rayonu Yarməmmədbağı kəndində yaşayan qohumu Həsrətgilə getmişlər. Orada onun pensiyasının dayandırılması ilə bağlı söhbət düşmüşdür. Həsrət tanış adam olduğunu, onun bu işlərlə məşğul olduğunu demişdir. Bir neçə gün sonra Həsrət Cümşüdə zəng edərək Rəqsanənin onlara gəldiyini demişdir. Cümşüdlə onlara getmiş və orada Həsrətin bibisi Sahibə ilə Rəqsanənin də gəldiyini görmüşdür. Onlar orada Rəqsanə ilə tanış olmuşlar və normal münasibətləri yaranmışdır. Söhbət zamanı Rəqsanə heç bir problem olmadığını, onun pensiya məsələsini onun həll edəcəyini, uzağı bir aya bu işi həll edəcəyini demişdir. Rəqsanə bu işin 4000 manat pul lazım olduğunu demişdir. Onlar Rəqsanədən problem olmayacağını soruşduqda Rəqsanə heç bir problem olmadığını bildirmişdir. Onlar Rəqsanə ilə razılaşmışlar. 2023-cü il iyul ayının əvvəllərində Cümşüd ona zəng edərək Rəqsanənin gələcəyini bildirmişdir. Bir qədər sonra Rəqsanə Həsrət və Şəhanə ilə birlikdə onların yaşadıqları evə gəlmişlər. Rəqsanəyə xəstəliyi ilə bağlı sənədləri də təqdim etmişdir. Rəqsanə sənədlərə baxmış və sənədləri sistemdə yoxlayacağını demişdir. Pərvin, Həsrət və Şəhanənin yanında Rəqsanəyə 3800 manat pul vermiş, Rəqsanə pulu götürərək işin tezliklə düzələcəyini demişdir. Daha sonra Rəqsanə əlavə pul lazım olduğunu bildirmiş və buna görə də Cümşüd Rəqsanəyə ayrı-ayrı vaxtlarda 850 manat və 600 manat da əlavə pul göndərmişdir. Onlar Rəqsanə ilə maraqlandıqda işin tezliklə düzələcəyini demişdir. Həmçinin bir dəfə Həsrətgilə gedib Rəqsanə ilə görüşmüş və orada Rəqsanə ona müxtəlif sənədlərə qol çəkdirərək işin düzələcəyini demişdir. Bundan başqa Rəqsanə oğlu Coşqunun aldığı pensiyanı ömürlük edəcəyini bildirmişdir. Onlar Coşquna gözləməsini, onun işi həll olunduqdan sonra bu məsələni danışmaqlarını demişlər. Daha sonra ona məlum olmuşdur ki, Coşqun öz pensiyasını ömürlük edəcəyi adı ilə Rəqsanəyə 2000 manat pul vermişdir. Məhkəmə iclasında şahidlər Şahid2, Şahid3 və X3 Şahid1 ifadəsinə uyğun ifadə verdilər. İş materiallarında olan Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 2000 manat ziyandan 1000 manat ödənilmiş, 1000 manat ödənilməmiş qalmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyandan 350 manat nağd şəkildə ödənmiş, 4900 manat ödənilməmiş qalmışdır. İş materiallarında olan Yevlax şəhər 1 saylı İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə qismən müsbət xarakterizə olunur. Yaşadığı müddətdə küçə və məhəllədə qismən yaxşı qonşu kimi səciyələndirilmişdir. İş materiallarında olan Yevlax şəhər 1 saylı İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin verdiyi xx.xx.2024-cü il tarixli 2159 nömrəli arayışından və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində biri azyaşlı, biri yetkinlik yaşına çatmayan olmaqla 2 uşağı (xx.xx.2010-cu il və xx.xx.2013-cü il təvəllüdlü) vardır. İş materiallarında olan Yevlax rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Yevlax RMX-sı publik hüquqi şəxsin Konsultativ Poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə, iş üzrə şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ona inkriminə olunan əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə həmçinin nəzərə alır ki, bu etiraf könüllü şəkildə, nəyəsə məcbur edilmədən həyata keçirildiyi üçün sübut kimi qəbul edilməklə yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi də dəyərləndirilməlidir. Bu zəmində məhkəmə, Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar X1rşı işi ilə bağlı qərarına istinad etməyi zəruri hesab edir. Belə ki, həmin işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir. Məhkəmə, həmçinin hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi dələduzluğun, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmənin təkrar və xeyli miqdarda ziyan vurmaqla törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarında qeyd olunur ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər-hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59 və 61-ci maddələrinin tələblərini, o cümlədən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini, cinayət nəticəsində vurduğu maddi ziyandan qismən ödəniş etməsini, himayəsində biri azyaşlı, biri yetkinlik yaşına çatmayan olmaqla 2 uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsinin sanksiyası həddində qəti cəza təyin olunmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini, cinayət nəticəsində vurduğu maddi ziyandan qismən ödəniş etməsini, himayəsində biri azyaşlı, biri yetkinlik yaşına çatmayan olmaqla 2 uşağının olması kimi şəxsiyyətini xarakterizə edən halları, humanizm və ədalət prinsiplərini, habelə onun cəmiyyətdən təcrid olunmadan cəzanın məqsədlərinə nail olunması zərurətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Cəza çəkmə müddətinin əvvəli - Təqsirləndirilən şəxs İcra və Probasiya şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası onun yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə axtarışda olan şəxs kimi tutulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş, dərhal Ağcabədi rayon polis şöbəsinin MSY-dən azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu müddət, yəni xx.xx.2024-cü il tarixdə olan müddət nəzərə alınaraq ona təyin olunan azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanla əlaqədar mülki mühakimə icraatı qaydasında məhkəməyə mülki iddia vermək hüququ izah edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxsnun məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 iş saatı üçün 180 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinib ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2024-cü il tarixdə tutulması müddətini, yəni bir gün müddəti nəzərə alaraq, bir günə iki gün hesabı ilə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın; barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəza çəkmə müddətinin əvvəli - Təqsirləndirilən şəxs Yevlax rayon İcra və Probasiya şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurulmuş maddi ziyanla əlaqədar mülki mühakimə icraatı qaydasında aidiyyəti üzrə məhkəməyə mülki iddia vermək hüquqları izah edilsin. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 30 iş saatı üçün 180 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №1(017)-120/2024
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-120/2024
06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver