Məhkəmə qərarları › İş №1(017)-123/2024

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №1(017)-123/2024

20.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 1(017)-123/2024 20.08.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Ağcabdi rayon Vəkil bürosunun vəkili Müdafiəçi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və zərərçəkimiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Kürdəmir rayonu Qaramahmudlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ağcabədi rayonu, Köyük kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: 07 iyul 2024-cu il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında küçədə qonşusu Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs qaynar suyu qəsdən Zərərçəkmiş şəxs üzərinə tökərək ona, döş qəfəsinin sağ yarısında və sağ bazuda 1-ci, 2-ci dərəcəli yanıq yaraları ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 18 radələrində o evdə olanda küçədə səs-küy səsləri eşitmişdir. Həmin vaxt o baldızı Cəmalə ilə birlikdə küçəyə çıxanda Eminin Cavidlə dalaşdığını, Cavidin onun ailə üzvləri tərəfindən aralaşdırıldığını görmüşdür. Bundan sonra o da Eminin yanına gedib onu sakitləşdirib həyətlərinə gətirmişdir. Bundan sonra Emin həyətə gəlib bir neçə dəqiqədən sonra çıxıb getmişdir. Təxminən saat 19 radələri olardı o, həyət qapısının qarşısında küçədə Rənanın qayınanası ilə mübahisə etdiyini görmüşdür. Həyət qapıları açıq olduğu üçün qayınanası əhəmiyyət verməyib həyətə gələndə Rəna və onun gəlini Aysel də qayınanasının arxasınca həyətə gəlmişlər. O, həmin vaxt uşaqları çimizdirmək üçün vedrədə su qızdırıb həyətdə aparanda bu vaxt Ayselin qəflətən onun azyaşlı oğlunun üzərinə gedib boğazından tutduğunu görmüşdür. O da Ayselin bu cür hərəkətinə görə əsəbiləşib vedrədəki qaynar suyu plastik qabla götürüb Ayselin üzərinə atmışdır. Həmin vaxt qaynar su Ayselin qoluna və bədəninə tökülmüşdür. Bundan sonra Ayselin qaynı və qayınanası onu həyətdən çıxarıb aparmışlar. O, Ayselin üzərinə qaynar suyu uşağını boğmaq istədiyi üçün atmışdır. Zərərçəkmiş şəxs üzərinə qaynar suyu həyət qapılarının yanında tökmüşdür. Həmin vaxt yanlarında baldızı Cəmalə, qayınanası Gülnaz, Zərərçəkmiş şəxs qayınanası Rəna olmuşdur. Sonradan yanlarına Ayselin qaynı Cahid gəlib Ayseli həyətlərinə aparmışdır. Hazırda o, Zərərçəkmiş şəxs üzr istəyərək onunla barışmış və dəymiş zərəri tam ödəmişdir. Ona görə barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş edərək məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, Cavid onun həyat yoldaşı, Emin isə qonşusudur. xx.xx.2024-cü il tarixdə Emin su borusunun guya Cavid tərəfindən deşildiyini bəhanə gətirərək Cavidi söyüb təhqir edərək sözlə mübahisə yaratmışdır. Mübahisə vaxtı həyət qapısının qarşısında küçədə Emin Cavidi yerə yıxıb döymüşdür. Həmin vaxt o da tez onların yanına gedib aralaşdıranda Emin bir dəfə yumruqla onun sifət nahiyyəsindən vurmuşdur. Bundan sonra Eminin ailəsi onu aralaşdıraraq aparmışlar. Onlar da öz evlərinə getmişlər. Təxminən saat 19 radələrində qayınanası Rəna küçə ilə evə gələndə azyaşlı uşaqları qayınanasının yanına qaçıb atasının Emin tərəfindən döyüldüyünü demişlər. Qayınanası da öz-özünə danışa-danışa həyətə doğru gələndə Eminin arvadı Təqsirləndirilən şəxs, bacısı Cəmalə və anası Gülnaz qayınanasının arxasıyca gəlib onları söyüb təhqir etmişlər. Qayınanası onlarla söhbət edəndə o da küçəyə çıxıb onların yanına getmişdir. Onlar sözlə mübahisə edəndə Eminin arvadı Aysel həyətlərindən əlində vedrə ilə küçəyə çıxmışdır. Vedrənin içərisində qaynar su olsa da, lakin o, suyu görməmişdir. Aysel qəflətən qaynar suyu onun üzünə tökmək istəyəndə o sağ yan tərəfinə dönmüş, həmin vaxt qaynar su onun sağ qoluna və bədəninin sağ tərəfinə tökülərək yüngül yanmışdır. Bundan sonra o, qışqırmağa başlamış, onlar da yanından aralaşaraq çıxıb getmişlər. Aralarında olan mübahisə təxminən 5 dəqiqə davam etmişdir. Hazırda əməli törətmiş şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur, Təqsirləndirilən şəxs ilə barışmış və ona dəyən ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs barəsində olan işə xitam verilməsini xahiş etdi və bu barədə məhkəməyə ərizəsini verdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadə verərək göstərdi ki, 07 iyul 2024-cü il tarixdə saat təxminən 19:30 radələrində sahədən evə gələn zaman azyaşlı nəvələri yanına gələrək atasının Emin tərəfindən döyüldüyünü, anasının güclə əlindən aldığını demişlər. O, nə üstündə olduğunu soruşanda, uşaqlar ona guya Cavidin onlara gedən su borusunu deşdiyini söyləmişlər. Bundan sonra o, X1 çağırıb nə baş verdiyini soruşmuşdur. Gülnaz da Cavidin onların evinə gələn su borusunu deşdiyini görmədiyini, evdəkilərin bu barədə dediklərini bildirmişdir. Bu vaxt Gülnazın qızı Cəmalə onun ünvanına və vəfat etmiş atasının ünvanına nəlayiq ifadələr işlədərək yanlarına gəlmişdir. O, Cəmaləyə irad bildirmiş, aybdır nə səbəbə söyüş söyürsən demişdir. Həmin vaxt Gülnaz uca səslə onun gəlini Zərərçəkmiş şəxs əxlaqsız olmasını söyləmişdir. Aysel də Gülnazın səsini öz həyətlərindən eşidərək küçəyə çıxıb yanlarına gəlmişdir. Həmin vaxt aralarında sözlə mübahisə olanda onların yaşadığı evdə gəlinləri Təqsirləndirilən şəxs onların həyətində olan yardımçı tikilinin qarşısında oturub arxası onlara tərəf iş görmüşdür. X2 həyət qapısı açıq olduğu üçün o, Ayseli sərbəst görmüşdür. Həmin vaxt Gülnazla onun arasında mübahisə davam etmişdir. Bu zaman Ayselin əlində qab onlara tərəf gəldiyini görmüş, ancaq qabın içərisində nə olduğunu bilməmişdir. Aysel iti yerişlərlə onun gəlini Zərərçəkmiş şəxs tərəf gəlmişdir. Bu vaxt Təqsirləndirilən şəxs əlində gətirdiyi qabdakı suyu gəlininin üzərinə atmışdır. Gəlini Aysel qışqıraraq yandığını söyləyəndə o, həmin qabın içərisindəkinin qaynar su olduğunu bilmişdir. Su onun gəlininin sağ qoluna yüngül yanıq xəsarətləri yetirmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş MTE və PA birliyinin Ağcabədi rayon şöbəsində məhkəmə tibbi ekspertizası təşkil edilmiş və xx.xx.2024-ci il tarixli 419 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər - döş qəfəsinin sağ yarısında və sağ bazuda 1-ci, 2-ci dərəcəli yanıq yaraları - isti mayenin yerli təsirindən törənmişdir, kənar şəxs tərəfindən onun üstünə qaynar mayenin atılması nəticəsində əmələ gələ bilərdi, xəsarətlərin yetirilmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi İHB-nın Köyük kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 iyul 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, 02 fevral 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən alınan xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Əməli törədən şəxs Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək təqsirini etiraf edib səmimi peşmançılıq çəkməsini, Zərərçəkmiş şəxs ilə barışmasını bildirib, məhkəmədən cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, əməli törədən şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş zərər tam ödənilmiş və Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci madələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə əsasən böyük istimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-cü maddəsinə əsaslanaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin zərərçəkmiş şəxslə barışmasını və dəymiş ziyanı ödəməsi nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində AR CM-nin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Hazırkı işin materiallarından həmçinin görünür ki, iş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Yaşaq qızına dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 iş saatı üçün 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2, 43.3, 321, və 384-cü, maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-cü maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 12 iş saatı üçün 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan iyirmi gün müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar