Məhkəmə qərarları › İş №1(017)-124/2023

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-124/2023

30.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-124/2023 30.08.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci İnstansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda faktiki yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qitimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununda göstərilən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,409 qram çəkidə narkotik vasitə olan heroini qəsdən istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib 1 ədəd siqaretin gümüşü kağızında əynindəki göy rəngli şalvarın sağ yan cibinə qoyub daşıyaraq saxlamış, 18 aprel 2023-cü il tarixdə saat 17:05 radələrində Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 2 ünvanda yerləşən yaşadığı evin qarşısında saxlanılaraq Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti 39 ünvanında yerləşən Ağcabədi rayon Polis şöbəsinin inzibati binasına gətirilib həmin tarixdə saat 17:40-dan başlayaraq üzərində şəxsi axtarış aparılan zaman, onun əynində olan göy rəngli şalvarın sağ yan cibindən qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq saxladığı 1 (bir) ədəd gümüşü rəngli kağız parçasında təmiz çəkisi 0,409 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd edilən əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra AR CM-nin) 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilərək ifadəsində göstərdi ki, ailə üzvlərilə birlikdə ünvan 5 ünvanda yaşayır. O, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. O, təxminən 3-4 il olar ki, narkotik vasitə heroindən istifadə edir və heroini şpiris vasitəsi ilə damara vurur. 17 aprel 2023-cü il tarixdə yaşadığı Ağcabədi şəhəri, X.Şuşinski küçəsində qaz borusunun dibində siqaret qutusu görmüş, diqqətini cəlb etdiyi üçün açıb baxdıqda içərisində narkotik vasitə olan heroin olduğunu görmüşdür. O, bükümü götürüb üzərində saxlamışdır. 18 aprel 2023-cü il tarixdə küçələrində dayanan zaman bir neçə mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, özlərini Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları kimi təqdim etmiş və onu Ağcabədi rayon Polis şöbəsinə gətirmişlər. Ağcabədi rayon Polis şöbəsində ona hüquqlarını izah edib müdafiəçi tutmaq hüququnu da bildirmişlər. O, təqdim olunmuş siyahıdan vəkil Müdafiəçi hüquqlarımı müdafiə etməsini xahiş etmiş, həmin vəkillə onu təmin etmişlər. Bundan sonra vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməyə başlamışlar. Ona üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə vardırsa da təqdim etməsi təklif olunmuş, oda əynində olan şalvarın sağ yan cibində sağladığı 1 ədəd siqaret kağızına bükülmüş narkotik vasitə heroini təqdim etmişdir. Onun işitirakı ilə həmin kağız bükümə baxış keçirilmiş, heroin kağızla birlikdə aptek tərəzisində çəkilmiş, ümumi çəkisi 0,52 qram olması məlum olmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, başqa bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş digər bir əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş heroin onun, vəkilinin iştirakı ilə zərfə qoyulub qablaşdırılmış, şəxsi axtarış protokoluna və həmin zərfin üzərinə imza etmişlər. Üzərinə şəxsi axtarış keçirilərkən də narkotik vasitəni tapdığını, özünün şəxsi istifadəsi üçün üzərində gəzdirməyini bildirmişdir. O, başqa yerlərdə narkotik vasitə və ya psixotrop maddə gizlətməmiş, narkotik vasitə qəbul etməyini heç kim bilməmişdir. O, heç kimə üzərində saxladığı heroindən və ya hər hansı bir narkotik vasitədən satmamış və heç kəsə verməmişdir. Üzərindən aşkar olunmuş həmin narkotik vasitəni yerdən tapmış, üzərində saxlamış ki, istifadə edər. Təxmini çəkisini bilmiş, rəylə tanış olduqda məlum olmuş ki, üzərindən aşkar olunmuş heroinin çəkisi 0,409 qramdır. Hazırda törətdiyi əməldən çox peşmançılıq çəkməsini bildirib, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadə verərək göstərdi ki, Ağcabədi RPŞ-nin CAB-nin əməliyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. 18 aprel 2023-cü il tarixdə Ağcabədi şəhərində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat rəhbərliyə məruzə edildikdən sonra ondan, PPXB-nün polis nəfəri Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs cinayətkar əməlini ifşa etmək məqsədi ilə ətrafında müvafiq əməliyyat tədbirləri keçirməyə başlamışlar. Bundan sonra Təqsirləndirilən şəxs həmin gün, ünvan 5 evin qarşısında tərəflərindən saxlanılaraq RPŞ-nə gətirilmiş, Ağcabədi RPŞ-nin inzibati binasında otaqların birində, Təqsirləndirilən şəxs hüquqları izah edilməklə onun özünün dövlət hesabına müdafiəçi ilə təmin edilməsi xahişinə əsasən Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi onun hüquqlarını müdafiə etməsi məqsədilə vəkil təyin edilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs vəkili Müdafiəçi da iştirakı ilə hüquq və vəzifələri izah edilmiş və üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməsinə etirazının olubolmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına və şəxsi axtarışın video çəkiliş vasitəsi ilə aparılmasına heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşyanın olubolmaması soruşulmuş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd siqaretin gümüşü rəngli kağız kəsiyinə bükülmüş büküm çıxarıb təqdim etmişdir. Həmin büküm açıb baxış keçirərkən içərisində kəskin spesifik iyə malik narkotik vasitə olan heroinə oxşar kütlənin olması müəyyən edilmişdir. Aşkar edilmiş 1 (bir) ədəd bükümdə heroinə oxşar kütləyə baxış keçirilərək elektron tərəzidə çəkilmiş, çəkisi kağızla birilikdə 0,52 qram olmuş, bükümdə olan heroinə oxşar kütlə kağız konvertdə qablaşdırılmış və həmin kütlə ekspertizaya təqdim edilməsi üçün Azərbaycan Respublikası DİN-in 143 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərinə tərəflərindən şəxsi axtarış keçirilərkən əlavə olaraq başqa bir narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Şəxsi axtarış keçirmə zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütləni haradan əldə etməsi, nə məqsədlə üzərində daşıyıb saxlaması barədə sorğu-sual edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin narkotik vasitə heroini tutulmamışdan bir neçə gün əvvəl yaşadığı küçədən tapdığını və öz istifadəsi üçün üzərində daşıyaraq saxlamasını bildirmişdir. Baxış videoçəkiliş vasitəsi ilə keçirilmişdir. Tərəflərindən keçirilmiş tədbirlər zamanı məlum olmuş ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroin istifadəçisidir, həmin heroini haradan alması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs psixotrop maddə və ya narkotik vasitələrin satışı ilə məşqul olması barədə məlumat olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən polis əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edimiş 18 aprel 2023-cü il tarixli şəxsi axtarış aparılması haqqında tərtib edilmiş protokoldan görünür ki, video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş, axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən 01 (bir) ədəd kağız bükümdə kəskin spesifik iyə malik narkotik vasitə heroinə oxşar kütlənin olması müəyyən edilmiş, həmin kütlə aşkar olunduğu vəziyyətdə elektron tərəzidə çəkilmiş, çəkisi 0,52 qram müəyyən edilmişdir. İş materiallarına əlavə edimiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən istifadə edildiyi üçün həmin video çəkilişi əks etdirən bir ədəd CD diskə baxış keçirilmişdir. Baxış keçirmə zamanı məlum olmuşdur ki, baxış protokoluna əlavə edilmiş bir ədəd diskdə bir ədəd video görüntü vardır, həmin video çəkiliş 18 aprel 2023-cü il tarixdə çəkilmişdir. Həmin video görüntüdən görünür ki, şəxsi axtarış keçirilməmişdən əvvəl təhqiqatçı Çingiz Quliyev tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs narkotk vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı Ağcabədi rayon PŞ-nin əməkdaşları tərəfindən rayon PŞ-nə gətirilməsi, PŞ-də vəkillə, yəni, Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ilə təmin olunması barədə məlumat verir. Şəxsi axtarış keçirilmədə iştirak edən şəxslərin şəxsiyyətləri barədə məlumat verilir, məlum olur ki, şəxsi axtarış keçirmədə Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1, həmin şöbənin PPXB-nin polis nəfəri polis serjantı Şahid2, şübhəli şəxs Təqsirləndirilən şəxs və onun vəkili-Müdafiəçi iştirak edirlər. Şəxsi axtarış keçirilməmişdən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilir, ona, üzərində hər hansı bir narkotik vasitə və ya dövriyyəsi qanunla qadağan olunmuş əşyanın olub-olmaması soruşulur, varsa təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bir ədəd kağıza bükülmüş büküm təqdim edir. Həmin bükümə baxış keçirilən zaman onun içərisində spesifik iyə malik kütlənin olması aşkar olunur. Həmin kütlə aşkar edildiyi qayda da elektron tərəzidə çəkilir və çəkisi 0,52 qram təşkil edir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə aşkar olunduğu qaydada qablaşdırılır və üzəri Azərbaycan Respublikası DİN-in 143 saylı möhürü ilə möhürlənərək götürülür. Həmin diskə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən digər hallar aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 19 aprel 2023-cü il tarixli, 18/430 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən” sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,409 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir Heroin- 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadan edilən narkotik vasitələr siyahsı”na daxildir. Həmin rəydə göstərilmişdir ki, heroinin təmiz çəkisi 0,409 qram tədqiqata istifadə olundu 0,05 qram, qalıq 0,359 qramdır. İş materiallarına əlavə edilmiş X2 09 iyun 2023-cü il tarixli, 1012 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş «Ağcabədi rayon Mərkəzi xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 684 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs “Ağcabədi rayon Mərkəzi xəstəxanası» Publik hüquqi şəxsin Poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetlərində dispanser qeydiyyatda deyil. İş materiallarına əlavə edilmiş Ağcabədi rayon İHB-nın Ağcabədi şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Ağcabədi şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki övladı, Quliyeva Mirvari 2011-ci il təvəllüdlü, Quliyev Səid 2018-ci il təvəllüdlü uşaqları var. Məhkəmə toplanmış və araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,409 qram çəkidə narkotik vasitə olan heroini əldə edib saxlaması, özünün etiraf etməsi, şahid ifadələri, məhkəmə-narkoloji ekspertizasının rəyi ilə, habelə işdə olan rəsmi sənədlərlə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 5ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə. Gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə edilməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.) təqsirkarın şəxsiyyətinə (resedivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onların müalicə və digər müəssisələr üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. İnsan Hüquqları və X3 haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə olaraq az ağır cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla onun islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuna müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını qanuna müvafiq hesab edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Cəzanın icrası məhkumun yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 18 aprel 2023-cü il tarixdən 20 aprel 2023-cü il tarixədək olan iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəzasının 4 günü, təyin edilmiş cəzasından çıxılmalıdır. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs «Ağcabədi rayon Mərkəzi xəstəxanası» publik hüquqi şəxsin poliklinikasının narkoloji kabinetində proflaktiki qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut olan Ağcabədi rayon polis şöbəsində saxlanılan tədqiqatdan sonra qalıq qalan 0,359 qram narkotik vasitə olan heroin məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 49 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına -AZ.MEM.VÖEN **********, AZ34CTRE ********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22 keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-356, 358 və 383-385-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona iki il iki ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 aprel 2023-cü il tarixdən 20 aprel 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla azadlığın məhdudlaşdırılması cəzasının 4 günü, təyin edilmiş cəzasından çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq iki il bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli Ağcabədi rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası məhkumun yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs «Ağcabədi rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsin poliklinikasının narkoloji kabinetində proflaktiki qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə Ağcabədi rayon polis şöbəsində saxlanılan maddi sübut olan – tədqiqatdan sonra qalıq qalan 0,359 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 49 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına -AZ.MEM.VÖEN **********, AZ34CTRE ********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22 keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətinə Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar