Məhkəmə qərarları › İş №1(017)-126/2024

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-126/2024

10.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-126/2024 10.09.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Ağayev Seyid - Əzim Nağı oğlunun, müdafiəçi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 2000-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2ndə yaşayan, barəsində “başqa yerə getməmək haqqın iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanuna dəyişikliklər edilməsi barədə 21 noyabr 2023-cü il tarixli Azərbaycan Respublikasının qanununda göstərilən xeyli miqdarda, yəni təmiz çəkisi 7,15 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qəsdən istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib 1 ədəd kibrit qutusunda əynindəki göy rəngli cins şalvarın sağ yan cibinə qoyub daşıyaraq saxlamış, 30 may 2024cü il tarixdə saat 10:15 radələrində Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Ağcabədi şəhəri, Camaləddin Məmmədov küçəsində yerləşən yaşadığı evin qarşısında qarşısında saxlanılaraq Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti 39 ünvanında yerləşən Ağcabədi rayon Polis şöbəsinin inzibati binasına gətirilib, həmin tarixdə saat 10:55-dən başlayaraq üzərində şəxsi axtarış aparılan zaman, onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əldə edib daşıyaraq saxladığı 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 7,15 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd edilən əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, narkotik vasitə olan qurudulmuş marixuanadan əvvəllər istifadə edib, hazırda narkotik vasitələrdən istifadə etmir. 30 may 2024-cü il tarixdə Ağcabədi şəhəri, C.Məmmədov küçəsində yaşadığı evin qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşaraq onu polis şöbəsinə dəvət etmişdir. Həmin vaxt onun üzərində narkotik vasitə olmamışdır. Polis şöbəsində vəkilin iştirakı ilə video çəkiliş aparmaqla üzərinə baxış keçirilmiş və üzərindən qurudulmuş marixuana aşkar edilmişdir. Bundan sonra protokol tərtib olunmuş və protokol imzalarla təsdiq edilmişdir. Lakin həmin narkotik vasitə ona məxsus olmamışdır. Ona qarşı heç bir fiziki zorakılıq olmamışdır. Narkotik vasitənin ona məxsus olmaması barədə heç bir orqana məlumat verməmişdir. Bütün bunların nəzərə alaraq məhkəmədən ədalətli qərar verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə özünü təqsirli bilməsə də, onun törətdiyi cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla təsdiq olunur. Məhkəmə istintaqında şahid qismində dindirilən Ağcabədi rayon Polis Şöbəsinin CABnin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 ifadəsində göstərdi ki, o, Ağcabədi şəhəri, C.Məmmədov küçəsində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onun Təqsirləndirilən şəxslə heç bir münasibəti, ədavət və düşmənçiliyi olmamışdır. Ona Ağcabədi şəhəri, C.Məmmədov küçəsində yaşayan Təqsirləndirilən şəxs mütamadi olaraq narkotik vasitə qəbul etməkdə, əldə edib üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də tərəfindən “Əməliyyataxtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 10-cu maddəsinin 1-ci hissəsinin 8-ci bəndini, 4-cü hissəsinin 2-ci bəndinin və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 445.2-ci maddəsinin tələblərini rəhbər tutaraq “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul edilərək əməliyyat-axtarış qrupu yaradılmışdır. Qrupun tərkibinə Ağcabədi rayon Polis Şöbəsinin CAB-nin əməliyyat-müvəkkili, polis kiçik leytenantı Şahid1 daxil olmuşdur. Qrupa rəhbərliyi o, həyata keçirmişdir. Həmin qərar şöbə rəhbərliyinə məruzə edilərək, şöbə rəhbərliyi tərəfindən təsdiq edildikdən sonra həmin şəxsin saxlanılması üçün tərəflərindən zəruri tədbirlər görülmüşdür. 30 may 2024-cü il tarixdə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə qəbul etməkdə, əldə edib üzərində saxlamaqda və daşımaqda şübhəli olan Təqsirləndirilən şəxs yeri müəyyən edilmişdir. Həmin günü saat 10:15-də Təqsirləndirilən şəxs Ağcabədi şəhəri, C.Məmmədov küçəsində yaşadığı evin qarşısında olarkən yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı ona elan edib, onu Ağcabədi rayon Polis Şöbəsinə gətirmişlər. Şöbədə ona hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmiş və X1 müdafiəçi qismində iştirakı təmin olunmuşdur. Şəxsi axtarış aparmazdan əvvəl şübhəli şəxsin hüquq və vəzifələri izah edilmiş və bu barədə bildiriş protokolu ona təqdim edilmişdir. Şübhəli şəxs və müdafiəçisi həmin bildirişi imzalamışdır. Şəxsi axtarış aparmazdan əvvəl prosessual hərəkətin iştirakçılarının şəxsiyyəti dəqiqləşdirilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər hansı cinayət xarakterli əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunu, həmin şalvarın sol yan cibindən 01 ədəd alışqanı çıxarıb stolun üzərinə qoymuşdur. Əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən təqdim etdiyi kibrit qutusunun içərisinə baxış keçirilən zaman içərisində yaşıl rəngli, spesifik iyə malik, ilk baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olduğu aşkar olunmuşdur. Bundan sonra iştirakçıların və müdafiəçinin iştirakı ilə narkotik vasitə qəbul etməkdə, əldə edib saxlamaqda və üzərində gəzdirməkdə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar edilməmişdir. Götürülmüş kütlə elektron tərəzidə çəkilmişdir. Götürülmüş qurudulmuş marixuanaya oxşar kütlə kibrit qutusu ilə birlikdə 10,23 (on tam yüzdə iyirmi üç) qram olmuşdur. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir ədəd kibrit qutusundakı narkotik vasitəyə bənzər kütlə qablaşdırılmış və ağzı Azərbaycan Respublikası DİN-in 143 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanaraq rəy alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza X7 Bölməsinə göndərilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunan bir ədəd kibrit qutusundakı kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitə olan “nəşə”ni tutulmazdan bir gün əvvəl yaşadığı Ağcabədi şəhəri, C.Məmmədov küçəsində piyada gedən zaman yerdən tapdığını, özü istifadə etmək üçün üzərində saxladığını, satmaq fikrinin olmadığını, aşkar edilərək götürülmüş narkotik vasitədən başqa yaşadığı evdə və digər yerdə narkotik vasitə olmadığını bildirmişdir. Bu barədə protokol tərtib edilmiş, doğruluğu imzalarla təsdiq edilmişdir. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla arasında heç bir ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələri satması ilə bağlı əməliyyat məlumatı olmadığını, o, saxlanılarkən və ya polis şöbəsində heç bir fiziki və ya psixoloji təzyiqə məruz qalmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Ağcabədi RPŞ-nin əməliyyat müvəkkili Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə verərək göstərilən xüsusatları təsdiq etdi. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 30 may 2024-cü il tarixli Əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi və əməliyyat qrupunun yaradılmasına dair qərardan görünür ki, xx.xx.2000-ci il təvəllüdlü, Ağcabədi şəhəri, C.Məmmədov küçəsində yaşayan Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirlərinin aparılması, onun üzərinə şəxsi axtarış aparılması, müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1 ibarət əməlliyyat qrupu yaradılmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 30 may 2024-cü il tarixli Ağcabədi RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis kapitanı X9 tərəfindən tərtib edilmiş şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1 və vəkil X1 iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunda içərisində çəkisi 10,23 qram narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilərək götürülmüşdür. İşdə olan və məhkəmə iclası zamanı 30 may 2024-cü il tarixli şəxsi axtarış aparılması haqqında olan diskə baxış keçirilməsindən görünür ki, video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş, axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunda qurudulmuş marixuanaya oxşar kütlənin olması müəyyən edilmiş, həmin kütlə aşkar olunduğu vəziyyətdə elektron tərəzidə çəkilmiş, çəkisi 10,23 qram müəyyən edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 20 may 2024-cü il tarixli Ağcabədi RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis kapitanı X9 tərəfindən tərtib edilmiş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1 və vəkil X1 iştirakları ilə keçirilmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilərək, üzərində cinayət xarakterli əşya, o cümlədən narkotik və ya psixotrop maddələrin olub-olmaması soruşulmuş, əgər varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi istifadə üçün narkotik vasitə saxladığını bildirmiş, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunu çıxardıb stolun üzərinə qoymuş, həmin kibrit qutusuna baxış keçirilən zaman içərisində yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlənin olduğu aşkar olunur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə aşkar olunduğu qaydada təhqiqatçı tərəfindən elektron tərəzidən istifadə edilərək çəkilmiş və çəkisi 10,23 qram olmuşdur. Bundan sonra götürülmüş kütlə kibrit qutusu ilə birlikdə bir ədəd ağ zərfdə qablaşdırılmış, üzəri DİN-in 143 nömrəli möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi rayon Məhkəməsinin 31 may 2024-cü il tarixli 5(017)-133/2024 nömrəli qərarında göstərilmişdir ki, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunmasını təmin etmək məqsədi ilə təxirəsalınmaz əməliyyataxtarış tədbirinin keçirilməsi barədə Ağcabədi rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 30 may 2024-cü il tarixli qərarı qanuni hesab edilsin. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 30 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 01 iyun 2024-cü il tarixdə barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş və o, MSY-dən azad edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş DİN-nin BƏSİİ tərəfindən alınan xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağcabədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilinərək 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixd cəza müddəti başa çatmış, Ağcabədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 73-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilib və Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin 30 may 2024-cü il tarixli, 3-16-16/2-18/540 saylı məhkəmə-bioloji ekspertiza rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzaları olan kağız paketdəki 01 ədəd kibrit qutusunda təmiz çəkisi – 7,15 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir.(İ siyahı) Qeyd: Marixuananın təmiz çəkisi -7,15 qram, tədqiqata sərf olundu – 0,02 qram, qalıq – 7,13 qram. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Məhkəmə-narkoloji ekspertizasının 20 iyul 2024-cü il tarixli, 1260 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi rayon X8 Hüquqi Şəxsinin verdiyi 17 iyul 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağcabədi rayon X2 Poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetində qeydiyyatda deyil. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi RİHB-nın Ağcabədi şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 20 iyun 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İstintaqın tam, hərtərəfli və obyektiv aparılması məqsədilə Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etməsi, narkotik vasitənin əldə edilməsində ona kömək edən şəxsin olub-olmaması, narkotik tərkibli bitkiləri əkib-əkməməsi, həmin narkotik vasitədən yaşadığı evində, yaxud digər yerlərdə gizlədərək saxlayıb-saxlamaması, rayon ərazisində baş vermiş digər cinayətlərdə iştirak edib-etməməsinin müəyyən edilməsi üçün əməliyyat tapşırığı verilmişdir. Bununla bağlı bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı haradan, kimdən, hansı məqsədlə və necə əldə etməsi, satması və narkotik vasitələrin qanunsuz dövriyyəsində başqa şəxs və ya şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib-etməməsi, narkotik tərkibli bitkilər əkməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilərək yoxlanılmış, lakin müsbət nəticə əldə olunmamışdır. Cinayət işi üzrə öz xüsusiyyətinə, əlamətlərinə, üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən Ağcabədi rayon Polis Şöbəsində məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 7,13 qram olan narkotik vasitə olan qurudulmuş marixuana, həmçinin cinayət işinə əlavə edilmiş 30 may 2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd “DVD” disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır. Məhkəmə toplanmış və araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özü etiraf etməsədə, şahid ifadələri, məhkəmə-bioloji, məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, habelə işdə olan digər rəsmi sənədlərlə tam sübuta yetirilir. Odur ki, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməli üzrə özünü təqsirli bilməsədə, ona istinad edilən cinayəti törətməsi iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş digər sübutlarla yanaşı, 30 may 2024-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokolla, 30 may 2024-cü il tarixdə tərtib edilmiş diskə baxış keçirilməsi haqqında protokolla da öz təsdiqini tapmışdır. Həmiçinin Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. O, təxminən 1 il olar ki, arada narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Belə ki, o, narkotik vasitə alüdəçisi olmasa da, arada əlinə düşəndə siqaretə doldurub çəkir. 29 may 2024-cü il tarixdə yaşadığı küçə ilə sahəlik istiqamətinə piyada gedən zaman yerdən 1 ədəd kibrit qutusu görmüş və nəzərinə çarpmışdır. O, götürüb açıb baxanda içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüşdür. Həmin kibrit qutusunu götürüb cibinə qoymuşdur ki, nə vaxtsa istifadə edər. 30 may 2024-cü il tarixdə təxminən saat 10:15 radələrində Ağcabədi şəhəri, C.Məmmədov küçəsində yerləşən yaşadığı evin qarşısında dayanan zaman bir neçə mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar, özlərini Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları kimi təqdim etmişlər, onu Ağcabədi rayon Polis şöbəsinə gətirmişlər. Ağcabədi rayon Polis şöbəsində ona hüquqlarını izah edib müdafiəçi tutmaq hüququnu da bildirmişlər, o, təqdim olunmuş siyahıdan Ağcabədi rayonunda fəaliyyət göstərən vəkil X1 hüquqlarını müdafiə etməsini xahiş etmiş, həmin vəkillə onu təmin etmişlər, vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməyə başlamışlar. Ona bildirmişlər ki, üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə vardırsa da təqdim etsin, o, da əynində olan göy rəngli cins şalvarın sağ yan cibində sağladığı 1 ədəd kibrit qutusunda narkotik vasitə olan marixuananı təqdim etmişdir. Onun işitirakı ilə həmin kibrit qutusuna açılıb baxış keçirilmiş, sonra aptek tərəzisində çəkilmiş, ümumi çəkisi 10,23 qram olması məlum olmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmişdir, başqa bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş digər bir əşya aşkar edilməmişdir. Üzərində aşkar edilmiş marixuana onun, vəkilinin iştirakı ilə zərfə qoyulub qablaşdırılmış, şəxsi axtarış protokoluna və həmin zərfin üzərinə imza etmişlər. Üzərinə şəxsi axtarış keçirilərkən də marixuananı tapdığını, özünün şəxsi istifadəsi üçün üzərində gəzdirməyini bildirmişdir. O, başqa yerlərdə narkotik vasitə və ya psixotrop maddə gizlətməmiş, narkotik vasitə qəbul etməyini heç kim bilməmişdir. O, heç kimə üzərində saxladığı marixuanadan və ya hər hansı bir narkotik vasitədən satmamış, nə də heç bir kəsə verməmişdir. Onu polislər tərəfindən hər hansı bir formada fiziki güc tətbiq ediləməmiş, onun üzərinə şəxsi axtarış keçirilərkən onu gətirən polis əməkdaşlarından və vəkili Əbülhəsən Əmirovdan başqa həmin halı kimsə də görməmiş, onun yanında da heç kəs olmamışdır, o, tək olmuş, onu gətirəndə kənar şəxslərin görüb-görmədiyini bilmiş, o haqda da heç nə deyə bilməyəcəyini qeyd etmişdir. O, təxminən 1 il olar ki, narkotik vasitə marixuanadan istifadə edir.O, heç vaxt narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. O, həmin narkotik vasitəni tapıb üzərimdə saxlayırdım ki, istifadə edərəm. Təxmini çəkisini bilirdim. Rəylə tanış olduqda məlum oldu ki, üzərimdən aşkar olunmuş narkotik vasitənin çəkisi 7,15 qramdır. O, əvəllər qəbul etdiyi narkotik vasitəni kimdən, hardan necə əldə etdiyini xatırlamadığını bildirmişdir. Məhkəmə yuxarıda qeyd olunan sübutlarla yanaşı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsini də iş üzrə sübut növü kimi qəbul edir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni təmiz çəkisi 7,15 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib 1 ədəd kibrit qutusunda əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlaması və 30 may 2024-cü il tarixdə Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Ağcabədi şəhəri, C.Məmmədov küçəsində yerləşən yaşadığı evin qarşısında saxlanılaraq Ağcabədi rayon Polis şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış aparılarkən həmin narkotik vasitə olan qurudulmuş marixuananı 1 ədəd kibrit qutusunda aşkar edilərək götürülməsi məhkəmə istintaqında tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun yaşayış yeri üzrə müsbət xarekterizə olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla onun islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək (narkomaniyadan məcburi mualicə olunması ilə bağlı hal nəzərə alınmaqla), cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə kursu keçmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını qanuna müvafiq hesab edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Cəzanın icrası məhkumun yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 30 may 2024-cü il tarixdən 01 iyun 2024-cü il tarixədək olan iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəzasının 4 günü, təyin edilmiş cəzasından çıxılmalıdır. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alıb hesab edir ki, ona Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X13 poliklinikasının narkoloji kabinetində qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut olan Ağcabədi rayon polis şöbəsində saxlanılan tədqiqatdan sonra qalıq qalan 7,13 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 31 manat 95 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM.VÖEN **********, AZ34CTRE ********************, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22) keçirilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 15 iş saatı üçün 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-356, 358 və 383-385-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona bir il səkkiz ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 may 2024-cü il tarixdən 01 iyun 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla azadlığın məhdudlaşdırılması cəzasının dörd günü, təyin edilmiş cəzasından çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq bir il yeddi ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək (narkomaniyadan məcburi mualicə olunması ilə bağlı hal nəzərə alınmaqla), cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə kursu keçmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası məhkumun yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli Ağcabədi rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2- ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X13 poliklinikasının narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə Ağcabədi rayon polis şöbəsində saxlanılan maddi sübut olan – tədqiqatdan sonra qalıq qalan 7,13 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 31 manat 95 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – (AZ.MEM.VÖEN **********, AZ34CTRE ********************, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22) keçirilsin. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 15 iş saatı üçün 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətinə Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar