Məhkəmə qərarları › İş №1(017)-127/2024

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-127/2024

03.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-127/2024 03.09.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1997-ci il tarixdə Ağcabədi rayonu, Salmanbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ağcabədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib bir il doqquz ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmış, lakin məhkumluğu qanunla nəzərdə tutulan qaydada ödənilməmiş və götürülməmiş, Ağcabədi rayonu, Salmanbəyli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusi ilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respubublikasının 21 noyabr 2023-cü il tarixli qanununda göstərilən xeyli miqdarda, yəni təmiz çəkisi 0,258 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini istintaqa məlum olmayan vaxtda və mənbədən qəsdən satiş məqsədi olmadan qanunsuz olaraq əldə edib 01 ədəd ağ rəngli kağız bükümdə daşıyaraq üzərində saxlamış, 27 iyun 2024-cü il tarixdə Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Ağcabədi şəhəri, T.İsmayılov küçəsində, “Megastore” marketin yaxınlığında saxlanılaraq saat 18:20 dəqiqədə Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti, 39 ünvanında yerləşən Ağcabədi rayon Polis şöbəsinin inzibati binasına gətirilib həmin tarixdə saat 19:50-dən başlayaraq üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli şalvarın sağ yan cibində gizlətdiyi 01 ədəd ağ rəngli kağız bükümdə, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda istintaqa məlum olmayan vaxt və mənbədən əldə edib daşıyaraq üzərində saxladığı, təmiz çəkisi 0,258 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd edilən əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra AR CM-nin) 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, narkotik vasitə olan heroindən əvvəllər istifadə edib, hazırda narkotik vasitələrdən istifadə etmir. Əvvəllər narkotik vasitələrin istifadəsi ilə əlaqədar məhkum olunmuşdur. 27 iyun 2024-cü il tarixdə Ağcabədi rayonu ərazisində olarkən polis əməkdaşları ona yaxınlaşaraq onu polis şöbəsinə dəvət etmişdir. Həmin vaxt onun üzərində narkotik vasitə olmamışdır. Polis şöbəsində vəkilin iştirakı ilə video çəkiliş aparmaqla üzərinə baxış keçirilmiş və üzərindən heroin aşkar edilmişdir. Bundan sonra protokol tərtib olunmuş və protokol imzalarla təsdiq edilmişdir. Lakin həmin narkotik vasitə ona məxsus olmamışdır. Narkotik vasitənin ona məxsus olmaması barədə heç bir orqana məlumat verməmişdir. Bütün bunları nəzərə alaraq məhkəmədən yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə özünü təqsirli bilməsə də, onun törətdiyi cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla tam təsdiq olunur. Məhkəmə istintaqında şahid qismində dindirilən Ağcabədi rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərdi ki, 27 iyun 2024-cü il tarixdə Ağcabədi rayonu, Salmanbəyli kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, üzərində gəzdirməsi və saxlamasında şübhəli olması barədə RPŞ-nə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat rəhbərliyə məruzə edildikdən sonra ondan və CAB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs cinayətkar əməlini ifşa etmək məqsədi ilə ətrafında müvafiq əməliyyat tədbirləri keçirməyə başlamışlar. Bundan sonra Təqsirləndirilən şəxs həmin gün, saat 18:20-də Ağcabədi şəhəri, T.İsmayılov küçəsində, “Megastore” marketin yaxınlığında piyada hərəkətdə olduğu zaman saxlanılaraq RPŞ-nə gətirilmişdir. RPŞ-nin inzibati binasında otaqların birində, Təqsirləndirilən şəxs hüquqları izah edilməklə onun özünün dövlət hesabına müdafiəçi ilə təmin edilməsi xahişinə əsasən Ağcabədi rayon Vəkil Bürosunun vəkili X9 onun hüquqlarını müdafiə etməsi məqsədilə vəkil təyin edilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs vəkili X3 da iştirakı ilə hüquq və vəzifələri izah edilmiş və üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına və şəxsi axtarışın video çəkiliş vasitəsi ilə aparılmasına heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümü təqdim etmiş və stolun üzərinə qoymuşdur. Həmin bükümün içərisinə baxış keçirilən zaman narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Həmin narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunduğu qaydada elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 0,50 qram olması müəyən edilmişdir. Həmin 01 ədəd büküm qablaşdırılmış, ekspertizaya təqdim edilməsi üçün Azərbaycan Respublikası DİN-in 143 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əlavə olaraq başqa narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs dediyinə görə üzərindən aşkar edilmiş narkotik vasitə heroini Ağcabədi rayonu, Salmanbəyli kəndində, yaşadığı evin yaxınlığında yerdən tapmışdır. Lakin Təqsirləndirilən şəxs narkotik vasitə heroini dəqiq olaraq tapıb-tapmaması və yaxud haradansa əldə etməsi barədə heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs 27 iyun 2024-cü il tarixdə saat 18:20-də Ağcabədi şəhəri, T.İsmayılov küçəsində, “Megastore” marketin yaxınlığında piyada hərəkətdə olduğu zaman saxlanılarkən onun yanında heç kim olmamışdır. Təqsirləndirilən şəxs RPŞ-nə gətirilməsini tədbirdə iştirak edən CAB-nin əməliyyat müvəkkili, polis mayoru X2 başqa heç kəs görməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Ağcabədi RPŞ-nin əməliyyat müvəkkili X10 Şahid1 ilə eyni məzmunlu ifadə verərək göstərilən xüsusatları təsdiq etdi. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 27 iyun 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılmasına dair protokoldan görünür ki, həmin gün saat 19:50-dən başlayaraq saat 20:20-dək olan müddət ərzində video çəkilişlə Ağcabədi rayon polis şöbəsində Təqsirləndirilən şəxs müdafiəçisi X3 iştirakı ilə hüquq və vəzifələri izah edilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli kağız bükümü çıxarıb təqdim etmiş və stolun üzərinə qoymuşdur. Həmin bükümün içərisinə baxış keçirilən zaman narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Həmin narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunduğu qaydada elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 0,50 qram olması müəyən edilmişdir. Həmin 01 ədəd büküm qablaşdırılmış, ekspertizaya təqdim edilməsi üçün Azərbaycan Respublikası DİN-in 143 saylı möhürü vurularaq götürülmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 27 iyun 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan aydın olur ki, diskdə olan görüntülərdə Təqsirləndirilən şəxs müdafiəçisi X3 iştirakı ilə hüquq və vəzifələri izah edilməsi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparlması, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli kağız bükümü çıxarıb stolun üzərinə qoyması, həmin bükümün içərisində narkotik vasitə olan heroinə bənzər kütlənin aşkar edilməsi, narkotik vasitə heroinə bənzər kütlə aşkar edildiyi qaydada elektron tərəzidə çəkildikdə ümumi çəkisinin 0,50 qram olması, narkotik vasitə heroinə bənzər kütlənin qablaşdırılması, üzərinə 143 saylı möhür vurularaq götürülməsi müşahidə olunur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi rayon polis şöbəsinə verilmiş əməliyyat tapşırığına 08 iyul 2024-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin onun özünə məxsus olması, həmin narkotik vasitəni satış məqsədi olmadan saxlaması, ümumiyyətlə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən edilməmişdir. Lakin Təqsirləndirilən şəxs aşkar edilmiş həmin narkotik vasitənin mənbəyi hələki müəyyən edilməmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 27 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 29 iyun 2024-cü il tarixdə barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş və o, MSY-dən azad edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin 28 iyun 2024-cü il tarixli, 3-16-16/2-18/624 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən aydın olur ki, tədqiqata təqdim olunmuş üzərində “..Təqsirləndirilən şəxs əynindəki...” sözləri yazılmış və imzalar olan kağız paketdə 01 ədəd kağız kəsiyi bükümdə təmiz çəkisi- 0,258 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroin - 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı). Həmin rəydə göstərilmişdir ki, heroinin təmiz çəkisi 0,258 qram, cəmi tədqiqata sərf edildi – 0,05 qram, qalıq 0,208 qramdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş X6 20 iyul 2024-cü il tarixli, 1280 nömrəli rəyində görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstələyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhər görülür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi rayon X8 Hüquqi Şəxsinin verdiyi 07 may 2024-cü il tarixli, 18-1-23/2-801/2024 nömrəli arayışından görünür ki, xx.xx.1997-ci il təvəllüdlü Qasımlı X5 RMX-nın Poliklinika Şöbəsinin ruhi-əsəb kabinetində dispanser qeydiyyatda deyil. Lakin narkoloji kabinetdə dispanser qeydiyyatdadır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi rayon İHB-nın Salmanbəyli kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özü etiraf etməsədə, şahid ifadələri, məhkəmə-bioloji, məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, habelə işdə olan digər rəsmi sənədlərlə tam sübuta yetirilir. Odur ki, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməli üzrə özünü təqsirli bilməsədə, ona istinad edilən cinayəti törətməsi iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş digər sübutlarla yanaşı, 27 iyun 2024-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokolla, 27 iyun 2024-cü il tarixdə tərtib edilmiş diskə baxış keçirilməsi haqqında protokolla da öz təsdiqini tapmışdır. Həmiçinin Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, təxminən 4 ildir ki, narkotik vasitə olan heroindən istifadə edir. İşin mahiyyəti üzrə 26 iyun 2024-cü il tarixdə, təxminən saat 15 radələrində Ağcabədi rayonu, Salmanbəyli kəndində, yaşadığı evin yaxınlığında piyada hərəkətdə olan zaman yerdə 01 ədəd ağ rəngli kağız büküm görmüşdür. Həmin bükümü yerdən götürüb baxdıqda içərisində tanıdığı narkotik vasitə olan heroin olmasını görmüşdür. Bundan sonra ətrafda heç kimin olmadığını görüb həmin bükümü götürmüş və istifadə etmək üçün əynində olan göy rəngli şalvarın sağ yan cibində gizlətmişdir. 27 iyun 2024-cü il tarixdə, təxminən saat 18:20-də Ağcabədi şəhəri, T.İsmayılov küçəsində, “Megastore” marketin yaxınlığında piyada hərəkətdə olduğu zaman bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Ona saxlanma səbəbini, hüquq və vəzifələrini izah edib Ağcabədi rayon polis şöbəsinə gətirmişlər. Burada onun üçün dəvət edilmiş müdafiəçinin iştirakı ilə, xidməti otaqların birində onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində hər hansı qanunsuz əşya və ya predmet, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi xahiş olunmuşdur. O da əynində olan göy rəngli şalvarın sağ yan cibində olan bükümü təqdim etmişdir. Polis əməkdaşları həmin bükümə baxış keçirmişlər. Bükümün içərisində narkotik vasitə heroinə oxşar kütlə olması müəyyən edilmişdir. Daha sonra büküm aşkar olunduğu qaydada elektron tərəzidə çəkilmiş, çəkisi büküm ilə birlikdə 0,50 qram olmuşdur. Bundan sonra aşkar edilmiş bükümün içərisində heroinə oxşar kütlə aşkar olunduğu qaydada qablaşdırılmış, üzəri yazılmış, möhürlənmiş və onlar imza etmişlər. Daha sonra onun üzərinə əlavə şəxsi axtarış keçirilmiş, üzərindən heç bir qanunsuz əşya və ya predmet, narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. O, həmin narkotik vasitəni Ağcabədi rayonu, Salmanbəyli kəndində, yaşadığı evin yaxınlığında piyada hərəkətdə olan zaman yerdən tapmışdır, üzərində saxlamaqda məqsədi istifadə etmək olmuşdur. O, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə heç vaxt məşğul olmamış, sadəcə istifadə edirmiş. Ona qarşı polis əməkdaşları tərəfindən heç bir formada zor tətbiq edilməmişdir. Məhkəmə yuxarıda qeyd olunan sübutlarla yanaşı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsini də iş üzrə sübut növü kimi qəbul edir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni təmiz çəkisi 0,258 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib 01 ədəd ağ rəngli kağız bükümdə əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlaması və 27 iyun 2024-cü il tarixdə Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Ağcabədi şəhəri, T.ismayılov küçəsində, “Megastore” marketin yaxınlığında saxlanılaraq Ağcabədi rayon Polis şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış aparılarkən həmin narkotik vasitə olan heroin 01 ədəd ağ rəngli kağız bükümdə aşkar edilərək götürülməsi məhkəmə istintaqında tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən və Ağcabədi rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Həmin hökmdən Təqsirləndirilən şəxs apellyasiya şikayəti vermiş, həmin şikayət Şirvan Apellyasiya Məhkəməsinin 20 iyul 2022-ci il tarixli qərarı ilə təmin edilməmiş və Ağcabədi rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli 1(017)-50/2022 nömrəli hökmü həmin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs 04 ay 03 gün vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2023-cü il tarixdə cəzası başa çatmışdır. Bununlada Təqsirləndirilən şəxs əvvəllər məhkum olunduğu halda yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsində nəzərdə tutulmuş 2 il məhkumluq müddəti ödənilmədən yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən əməlində cinayətlərin residivi olması cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini və onun cəmiyyətdən təcrid olunmaqla islah olunmasının mümkünlüyünü nəzərə alaraq Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 27 iyun 2024-cü il tarixdən 29 iyun 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından iki gün çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalından dərhal həbsə alınmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli həbs edildiyi gündən, yəni 03 sentyabr 2024-cü il tarixdən hesab edilməlidir. Təqsirləndirilən şəxs «Ağcabədi Rayon Mərkəzi Xəstəxanası» Publik hüquqi şəxsin poliklinikasının narkoloji kabinetində qeydiyyatda olması nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barədə məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alıb, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsini zəruri hesab edir. İş üzrə Ağcabədi rayon polis şöbəsində saxlanılan maddi sübut – tədqiqatdan sonra qalıq qalan 0,208 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 49 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (AZ.MEM.VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22) hesabına keçirilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 15 iş saatı üçün 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstəriənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona iki il üç ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 iyun 2024-cü il tarixdən 29 iyun 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət bir günə bir gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından iki gün çıxılmaqla onun üzərində qəti cəza olaraq iki il iki ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli həbs edildiyi gündən, yəni 03 sentyabr 2024-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalından dərhal həbsə alınsın və seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs “Ağcabədi Rayon Mərkəzi Xəsətəxnası” Publik hüquqi şəxsin poliklinikasının narkoloji kabinetində qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan Ağcabədi rayon Polis şöbəsində saxlanılan, tədqiqatdan sonra qalıq qalan 0,208 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 49 manat 74 qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (- Az.MEM.VÖİN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ 013601**********3944, hesab Az 34 CTRE********************) keçirilsin. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 15 iş saatı üçün 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətə Ağcabədi rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar