Məhkəmə qərarları › İş №1(017)-132/2023

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-132/2023

29.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-132/2023 29.08.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Malik Maarif oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci İnstansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Ağcabədi rayonu, Xocavənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağcabədi rayonu, Xocavənd kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsiinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət qədər narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunda göstərilən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 6,82 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qəsdən 03 iyun 2023-cü il tarixdə saat 18 radələrində Ağcabədi rayonu, Xocavənd kəndində yaşayan Şahid3 Ağcabədi rayonu Xocavənd kəndində yerləşən “Baba” kafenin yaxınlığında olan avtomobil dayanacağının qarşısında 10 manat qarşılığında satış məqsədi olmadan qanunsuz olaraq əldə edib 01 ədəd kibirt qutusunda əynindəki qara rəngli şalvarın sağ yan cibinə qoyub daşıyaraq saxlamış, 03 iyun 2023-cü il tarixdə saat 21:00 radələrində Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Ağcabədi rayonu, ünvan 1 ünvanında yerləşən Ağcabədi rayon Polis şöbəsinin inzibati binasına gətirilib saat 21:15-dən başlayaraq üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarın sağ yan cibində qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq üzərində saxladığı 01 (bir) ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 6,82 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd edilən əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra AR CM-nin) 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailə üzvlərilə birlikdə Ağcabədi rayon, Xocavənd kəndində yaşayır, yaşadığı kənddə yerləşən avtoyuma məntəqəsində işləyərək ailəsini dolandırır. Təxminən 1 ildir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Adətən narkotik vasitələri tanımadığı şəxslərdən əldə edib, narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamışdır. 03 iyun 2023-cü il tarixdə saat 18 radələrində istifadəsində olan ********** saylı mobil nömrədən qohumu və həmkəndlisi Şahid3 istifadəsində olan ********** mobil nömrəsinə zəng edib “nəşə” almaq istədiyini bildirmişdir. Anar ondan harada olduğunu soruşmuşdur. O, isə Ağcabədi rayonu, Xocavənd kəndində yerləşən “Baba kafe”nin yaxınlığında olduğunu demişdir. Anar isə həmin yerə gələcəyini demiş, təxminən 15 dəqiqədən sonra Anarla “Baba kafe” nin yaxınlığında yolun kənarında olan avtomobil dayanacağının yaxınlığında görüşmüşlər. O, Anardan bir büküm narkotik vasitə olan marixuananı 10 manata almışdır. O, həmin bükümü açıb içərisində olan “nəişə”ni boş kibrit qutusunun içərisinə töküb əynində olan şalvarın cibinə qoymuş və Anarla sağollaşmışdır. Bir qədər sonra “Baba kafe” nin yaxınlığında yerləşən avtoyuma məntəqəsindən çıxıb yaşadığı evə gedən zaman bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər və ona hüquq və vəzifələrini, saxlanma səbəbini izah edib onu rayon polis şöbəsinə gətirmişlər. Burada onun üçün dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış başlanan zaman ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya və ya predmet, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etsin. Oda əynində olan qara rəngli şalvarın sağ cibindən bir ədəd həmin gün Anardan aldığı bir ədəd kibrit qutusunun içərisində narkotik vasitə olan marixuananı çıxarıb stolun üzərinə qoymuşdur. Bundan sonra polis əməkdaşları həmin bükümü açıb içərisinə baxış keçirmişlər. Həmin bükümün içərisində yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Daha sonra həmin kütlə aşkar olunduğu qaydada elektron tərəzidə çəkilmiş, çəkisi aşkar olunduğu qaydada 10,14qram təşkil etmişdir. Üzərindən aşkar edilmiş kibrit qutusu bir ədəd ağ kağız zərfdə qablaşdırılmış, üzəri yazılmış, möhürlənmiş və onlar imza etmişlər. Bundan sonra üzərinə video çəkilişlə axtarış keçirilmiş, bu zaman üzərindən heç bir şey aşkar edilməmişdir. Anar işlədiyi avtoyuma məntəqəsinə öz avtomobilini gətirən zaman onun “nəşə” çəkdiyini görmüşdür. Heç kimə narkotik vasitə satmamış, ona qarşı heç bir formada təzyiq və zor tətbiq edilməmişdir. O, tutulan zaman həyacanlı olduğu üçün üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuananı yerdən tapdığını bildirmişdir. Hazırda törətdiyi əmələ görə çox peşman olmasını bildırib, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadə verərək göstərdi ki, o, Ağcabədi rayon Polis Şöbəsində CAB-ın əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis leytenantıdır. 03 iyun 2023-cü il tarixdə icraatına Ağcabədi rayonu, Xocavənd kəndində qeydiyyat olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və saxlamasında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat rəhbərliyə məruzə edildikdən sonra ondan və PPXB-nün polis nəfəri, polis serjantı Şahid2 Marif oğlundan ibarət əməliyyat qrupu yaradılmışdır. Qrup olaraq Təqsirləndirilən şəxs cinayətkar əməlini ifşa etmək məqsədi ilə ətrafında müvafiq əməliyyat tədbirləri keçirməyə başlamışlar. Bundan sonra Təqsirləndirilən şəxs həmin gün, saat 21 radələrində Ağcabədi rayonu Xocavənd kəndində saxlanılaraq RPŞ-nə gətirilmişdir. Ağcabədi RPŞ-nin inzibati binasında otaqların birində, RPŞ-nin TB-nin baş təhqiqatçısı polis mayoru X8 tərəfindən Təqsirləndirilən şəxs hüquqları izah edilməklə onun özünün dövlət hesabına müdafiəçi ilə təmin edilməsi xahişinə əsasən Ağcabədi rayon Vəkil Bürosunun vəkili X7 onun hüquqlarını müdafiə etməsi məqsədilə vəkil təyin edilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs vəkili X4 da iştirakı ilə hüquq və vəzifələri izah edilmiş və üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməsinə etirazının olubolmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına və şəxsi axtarışın video vasitəsi ilə aparılmasına heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması soruşulmuşdur, Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunu çıxarıb stolun üzərinə qoymuşdur. Həmin kibrit qutusunun içərisinə baxış keçirilən zaman qutunun içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Həmin qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunduğu qaydada elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 10,14 qram olması müəyən edilmişdir. Həmin kütlə ekspertizaya təqdim edilməsi üçün aşkar olunduğu qaydada qablaşdırılmış və üzərinə Azərbaycan Respublikası DİN-in 143 saylı möhürü vurularaq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əlavə olaraq başqa bir narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs, 03 iyun 2023-cü il tarixdə Ağcabədi rayonu, Xocavənd kəndində saxlanılarkən onun yanında heç kim olmamışdır. Təqsirləndirilən şəxs RPŞ-nə gətirilməsini, üzərinə şəxsi axtarış keçirilməsini tədbirdə iştirak edən PPXB-nün polis nəfəri polis serjantı Şahid2 Marif oğlundan başqa heç kəs görməmiş, üzərinə şəxsi axtarış keçirilərkən vəkili X7 görmüş, iştirak etmiş, ayrı kənar şəxs görməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı onunla eyni kənddə yaşayan tanışı Şahid3 almışdır. Ona Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə və ya psixotrop maddə satması barədə əməliyyat məlumatı daxil olmamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs ətrafinda əməliyyat tədbirləri həyata keçirərkən onun kiməsə narkotik vasitə və ya psixotrop maddə satmasını müşahidə olunmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadə verərək göstərdi ki, o, Ağcabədi RPŞ-də PPXB-nin polis nəfəri vəzifəsində xidmət edir. 03 iyun 2023-cü il tarixdə Ağcabədi rayonu, Xocavənd kəndində qeydiyyat olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və saxlamasında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat rəhbərliyə məruzə edildikdən sonra ondan və Ağcabədi rayon Polis Şöbəsində CAB-ın əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Qrup olaraq Təqsirləndirilən şəxs cinayətkar əməlini ifşa etmək məqsədi ilə ətrafında müvafiq əməliyyat tədbirləri keçirməyə başlamışlar. Bundan sonra Təqsirləndirilən şəxs həmin gün, saat 21 radələrində Ağcabədi rayonu Xocavənd kəndində saxlanılaraq RPŞ-nə gətirilmişdir. Ağcabədi RPŞ-nin inzibati binasında otaqların birində, RPŞ-nin TB-nin baş təhqiqatçısı polis mayoru X8 tərəfindən Təqsirləndirilən şəxs hüquqları izah edilməklə onun özünün dövlət hesabına müdafiəçi ilə təmin edilməsi xahişinə əsasən Ağcabədi rayon Vəkil Bürosunun vəkili X7 onun hüquqlarını müdafiə etməsi məqsədilə vəkil təyin edilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs vəkili X4 da iştirakı ilə hüquq və vəzifələri izah edilmiş, üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına və şəxsi axtarışın video vasitəsi ilə aparılmasına heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması soruşulmuşdur, Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunu çıxarıb stolun üzərinə qoymuşdur. Həmin kibrit qutusunun içərisinə baxış keçirilən zaman qutunun içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Həmin qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunduğu qaydada elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 10,14 qram olması müəyən edilmişdir. Həmin kütlə ekspertizaya təqdim edilməsi üçün aşkar olunduğu qaydada qablaşdırılmış və üzərinə Azərbaycan Respublikası DİN-in 143 saylı möhürü vurularaq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı onunla eyni kənddə yaşayan tanışı Şahid3 almışdır. Ona Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə və ya psixotrop maddə satması barədə əməliyyat məlumatı daxil olmamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs ətrafinda əməliyyat tədbirləri həyata keçirərkən onun kiməsə narkotik vasitə və ya psixotrop maddə satmasını müşahidə olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadə verərək göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Təxminən 1 ildir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Lakin daimi istifadə edən deyildir. Narkotik vasitəni heç kimdən əldə etmir, özü əkdiyi narkotik tərkibli çətənə kolundan əldə etdiyi qurudulmuş marixuanadan istifadə edir. Bir neçə il bundan qabaq Balakən rayonuna işləmək üçün gedəndə tanımadığı bir nəfər şəxsdən aldığı narkotik tərkibli çətənə bitkisinin toxumunu 2022-ci ilin may ayında yaşadığı evin həyətyanı sahəsində əkmişdir. Məqsədi həmin çətənə kolundan narkotik vasitə olan qurudulmuş marixuana əldə edib istifadə etmək olmuşdur. 2022-ci ilin təxminən oktyabr ayında o, çətənə kolunu qapısında qurutmuşdur. Bir ədəd çətənə bitkisindən təxminən iki ədəd kibrit qutusu narkotik vasitə qurudulmuş marixuana əldə etmişdir. Həmin narkotik vasitədən çox gec-gec istifadə edirmiş. Yəni 3-4 aydan bir çəkmək üçün istifadə etmişdir. Yadında qaldığı qədər 03 iyun 2023-cü il tarixdə təxminən saat 18 radələrində xalasının nəvəsi Təqsirləndirilən şəxs ********** saylı mobil nömrədən onun istifadəsində olan ********** mobil nömrəsinə zəng etmişdir. Ondan 10 manatlıq narkotik vasitə olan qurudulmuş marixuana istəmişdir. O, da Elgünə verə biləcəyini demişdir. Həmin gün o, Elgünlə Ağcabədi rayonu, Xocavənd kəndi ərazisində “Baba kafe” nin yaxınlığında yolun kənarında olan avtomobil dayanacağının yanında görüşmüş, Elgün tək və piyada gəlmişdir. O, Elgünə bir çəkimlik narkotik vasitə olan qurudulmuş marixuananı 10 manata satmışdır. O, 03 iyun 2023-cü il tarixdə saat 22:30 radələrində Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış,onun üzərinə baxış keçirilmiş, baxış zamanı üzərindən bir ədəd kibrit qutusunun içərisində təxminən 9 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Hazırda barəsində cinayət işi üzrə istintaq aparılır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edimiş 03 iyun 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılmasına dair protokoldan görünür ki, həmin gün saat 21:25-dən başlayaraq saat 21:35-dək olan müddət ərzində video çəkilişlə Ağcabədi rayon polis şöbəsində Təqsirləndirilən şəxs müdafiəçisi X4 iştirakı ilə hüquq və vəzifələri izah edilib, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunu çıxarıb stolun üzərinə qoymuş, həmin kibrit qutusunun içərisində baxış keçirilən zaman içərisində 10,14 qram çəkidə yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar olunmuş, içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan 1 ədəd kibrit qutusu kağız zərfdə qablaşdırılıb, üzərinə Azərbaycan Respublikası DİN-nin 143 saylı möhür vurularaq götürülmüşdür. İş materiallarına əlavə edimiş 03 iyun 2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan aydın olur ki, diskdə olan görüntülərdə Təqsirləndirilən şəxs müdafiəçisi X4 iştirakı ilə hüquq və vəzifələri izah edilməsi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparlması, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunu çıxarıb stolun üzərinə qoyması, həmin kibrit qutusunun içərisində baxış keçirilən zaman içərisində 10,14 qram çəkidə yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlənin aşkar olunması, içərisində narkotik vasitə marixuanaya bənzər kütlə olan 1 ədəd kibrit qutusunun kağız zərfdə qablaşdırılıb, üzərinə Azərbaycan Respublikası DİN-nin 143 saylı möhür vurularaq götürülməsi müşahidə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin 04 iyun 2023-cü il tarixli, 18/590 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd kibrit qutusunda təmiz çəkisi 6,82 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı). Aşkar edilmiş qurudulmuş marixuananın təmiz çəkisi -6,82 qram, tədiqata sərf edildi -0,02 qram, qalıq -6,80 qramdır. İş materiallarına əlavə edilmiş X2 21 iyun 2023-cü il tarixli, 1084 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 3-cü dərəcə əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Ağcabədi rayon polis şöbəsinə verilmiş əməliyyat tapşırığına xx.xx.2023-cü il tarixli cavab raportundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər müxtəlif növ narkotik vasitə və psixotrop maddələrdən mütəmadi olaraq istifadə etmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuana onun özünə məxsus olmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni tanışı Şahid3 10 manata almışdır. Tədbirlər zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması müyyən edilməmişdir. İş materiallarına əlavə edimiş ********* nömrəli cinayət işinin başlanması haqqında qərarın surətindən görünür ki, 04 iyun 2023-cü il tarixdə Ağcabədi rayon polis şöbəsinin istintaq bölməsində sabiq müstəntiq Əli Şiriyev tərəfindən ********* nömrəli cinayət işi Şahid3 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-cü maddəsi ilə başlanılmış, 05 iyun 2023-cü il tarixdə İB-nin müstəntiqi, polis baş leytenantı Qəzənfər Nəbiyev tərəfindən ********* saylı cinayət işi icraatına qəbul edilərək ibtidai istintaq davam etdirilmiş, həmin tarixdə ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrinə tövsif edilmiş və iş üzrə icraat həmin maddələr ilə davam etdirilmişdir. İş materiallarında olan DSMF X10 X5 21 iyun 2023-cü il tarixli, 3-17-1/2- 140760/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda şöbədən 3cü dərəcə əlil olmaqla sosial müavinət alır. İş materiallarına əlavə edilmiş «Ağcabədi rayon Mərkəzi xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 706 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs “Ağcabədi rayon Mərkəzi xəstəxanası» X10 Poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetlərində dispanser qeydiyyatda deyil. İş materiallarına əlavə edilmiş Ağcabədi rayon İHB-nın Xocavənd kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Xocavənd kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki övladı, Hüseynova Fidan 2005-ci il təvəllüdlü, Hüseynov Şahsuvar 2008-ci il təvəllüdlü uşaqları var. Məhkəmə toplanmış və araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 6,82 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlaması, özünün etiraf etməsi, şahid ifadələri, məhkəmə-narkoloji ekspertizasının rəyi ilə, habelə işdə olan rəsmi sənədlərlə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 5ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə. Gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə edilməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.) təqsirkarın şəxsiyyətinə (resedivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onların müalicə və digər müəssisələr üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. İnsan Hüquqları və X3 haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, himayəsində bir yetkinlik yaşına çatmayan övladının olmasını, 3-cü dərəcə əlil olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla onun islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuna müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını qanuna müvafiq hesab edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Cəzanın icrası məhkumun yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 3 iyun 2023-cü il tarixdən 5 iyun 2023-cü il tarixədək olan iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəzasının 4 günü, təyin edilmiş cəzasından çıxılmalıdır. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs üçüncü dərəcə əlil olduğuna görə ona narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməməlidir. Təqsirləndirilən şəxs «Ağcabədi rayon Mərkəzi Xəstəxanası» X10 poliklinikasının narkoloji kabinetində qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut olan Ağcabədi rayon polis şöbəsində saxlanılan tədqiqatdan sonra qalıq qalan 6,80 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 49 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına -AZ.MEM.VÖEN **********, AZ34CTRE ********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22 keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-356, 358 və 383-385-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona bir il üç ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 3 iyun 2023-cü il tarixdən 5 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla azadlığın məhdudlaşdırılması cəzasının 4 günü, təyin edilmiş cəzasından çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq bir il iki ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli Ağcabədi rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası məhkumun yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs «Ağcabədi rayon Mərkəzi Xəstəxanası» X10 poliklinikasının narkoloji kabinetində qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə Ağcabədi rayon polis şöbəsində saxlanılan maddi sübut olan – tədqiqatdan sonra qalıq qalan 6,80 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 49 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına -AZ.MEM.VÖEN **********, AZ34CTRE ********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22 keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətinə Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar