Məhkəmə qərarları › İş №1(017)-133/2023

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-133/2023

07.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-133/2023 07.09.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X2 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X2 Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi - Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs - (xx.xx.1990-cı il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində 3 azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(017)-24/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmamış, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununda göstərilən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,428 qram çəkidə narkotik vasitə olan heroini qəsdən istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib bir ədəd kağız bükülüdə tünd boz rəngli idman şalvarının sol yan cibinə qoyub daşıyaraq saxlamış, 08 may 2023-cü il tarixdə Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Ağcabədi şəhəri, M.Aranlı küçəsində, yaşadığı evin yaxınlığında, saxlanılaraq saat 18:00 radələrində Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti, 39 ünvanında yerləşən Ağcabədi rayon Polis şöbəsinin inzibati binasına gətirilib həmin tarixdə saat 19:15-dən başlayaraq üzərinə şəxsi axtarış aparılan zaman, onun əynində olan tünd boz rəngli idman şalvarının sol yan cibindən qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda istintaqa məlum olmayan vaxt və mənbədən əldə edib daşıyaraq saxladığı 1 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,428 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Ağcabədi şəhəri, M.Aranlı küçəsi, ev 170 ünvanında yaşamışdır. Rəsmi olaraq heç bir yerdə işləmir, təxminən 1 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edir. Əvvəllər istifadə etdiyi narkotik maddələri adlarını bilmədiyi, təsadüfən tanış olduğu şəxslərdən alıb istifadə etmişdir. Son dəfə 07 may 2023-cü il tarixdə səhər saatlarında Üzeyir Hacıbəyli kolxoz ərazisində heyvanlarını otardığı zaman sahəlikdə yerdə bir ədəd kağız bükülü tapmışdır. Həmin bükülünü yerdən götürüb içinə baxmış, içərisində olan kütlələri rəngindən və iyindən tanımışdır. Həmin kütlələr narkotik maddə olan heroin olduğunu bilmişdir. Ətrafda kimsə olmadığını görüb həmin 01 ədəd kağız bükülünü istifadə etmək üçün əynindəki şalvarın cibinə qoymuşdur. Həmin gün axşam yaşadığı M.Aranlı küçəsindəki evinə gəlmişdir. 08 may 2023-cü il tarixdə axşam saatlarında tanımadığı mülki geyimli şəxslər ona yaxınlaşıb, xidməti vəsiqələrini təqdim etmişlər. Onlar polis əməkdaşı olduqlarını və narkotik maddə istifadə etməyi ilə bağlı şübhəli olmağını deyib onu Ağcabədi rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsinin inzibati binasında olarkən ona müdafiəçi təyin olunmuşdur. Ona bütün hüquqları izah olunmuş və üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Ona üzərində olan narkotik vasitəni əgər varsa təqdim etməyi təklif olunmuşdur. Əynində olan tünd boz rəngli idman şalvarının sol yan cibindən 1 ədəd kağız bükülünü çıxarıb təqdim etmişdir. Polis əməkdaşları tərəfindən həmin kağız bükülünü içinə baxıldıqda içində narkotik vasitə olan heroinə bənzər kütlələr olması məlum olmuşdur. Onun üzərinə razılığı ilə əlavə şəxsi axtarış keçirilmişdir. Heç bir narkotik maddə və ya psiotrop maddə və ya cinayət xarakterli əşya aşkar edilməmişdir. Aşkar edilərək götürülmüş narkotik vasitə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılaraq möhürlənib götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokolu imzası ilə təsdiq etmişdir. Heroini istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Hazırda törətdiyi əmələ görə peşmandır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və işin digər halları ilə kifayət qədər sübuta yetmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Ağcabədi rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 08 may 2023-cü il tarixdə ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri istifadə etməsi, saxlaması və üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı onun tərəfindən aidiyyəti üzrə rəhbərliyə məruzə edildikdən sonra 08 may 2023-cü il tarixdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs cinayətkar əməlini ifşa edib qarşısını almaq üçün 08 may 2023-cü il tarixdə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Ağcabədi şəhəri, M.Aranlı küçəsində saxlanılmışdır. Ona narkotik vasitələrin qanunsuz olaraq əldə etmə və saxlamasında şübhəli olmasını deyib bununla bağlı Ağcabədi rayon polis şöbəsinə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:00 radələrində rayon polis şöbəsinə gətirilmişdir. Rayon polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs ərizəsi əsasında ona təhqiqatçı tərəfindən dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Müdafiəçinin, Təqsirləndirilən şəxs və onların iştirakları ilə video çəkiliş aparılmaqla onun üzərinə narkotik vasitələri əldə etməsi və daşımasında şübhəli olduğu üçün şəxsi axtarış aparılacağı elan olunmuşdur. Şəxsi axtarışa başlamazdan öncə ona hüquq və vəzifələri izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli idman şalvarının sol yan cibindən 01 ədəd kağız bükülünü çıxarıb stolun üstünə qoymuşdur. Həmin kağız bükülünün içərisinə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli, kəskin spesifik iyə malik olan narkotik vasitə olan heroinə bənzər kütlələr olması aşkar edilmişdir. Aşkar edilərək götürülmüş narkotik vasitə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokolu iştirakçılar imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verdi. İş materiallarına əlavə olunmuş məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli, 18/480 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,428 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0,428 qram, tədqiqatda sərf edildi 0,05 qram, qalıq - 0,378 qramdır. İş materiallarına əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasınınxx.xx.2023-cü il tarixli, 1065 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş sübutların qiymətləndirilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan və arayışdan görünür ki, hazırkı iş üzrə qalıq çəkisi 0,378 qram çəkidə olan heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Ağcabədi rayon Polis şöbəsinə təhvil verilmişdir. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Ağcabədi şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağı (xx.xx.2014-cü il, xx.xx.2015-ci və xx.xx.2018-ci il təvəllüdlü) vardır. İş materiallarına əlavə olunmuş Ağcabədi rayon X4 hüquqi şəxsin verdiyi xx.xx.2023cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs poliklinikada narkoloji kabinetdə dispanser qeydiyyatda durmur. Bundan əlavə, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı “Marixuna-Kannabis” olan maddələr narkotik vasitədir, onun qurudulmuş 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramı və ya ondan artıq hissəsi isə “külli miqdar” hesab olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı “Heroin” olan maddələr narkotik vasitədir, onun 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə “külli miqdar” hesab olunur. Məhkəmə, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 25 iyun 2005-ci il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələblərinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10); həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8); miqdarından asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin satılması (1.0.11) hesab edilir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə, azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59 və 61-ci maddələrinin tələblərini, o cümlədən törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2023cü il tarixli tələbnaməsindən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(017)-24/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmamışdır. İş materiallarında olan Ağcabədi rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmün icrasına dair göstəriş xx.xx.2023-cü il tarixdə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və həmin tarixdə qeydiyyata alınmışdır. Məhkum Təqsirləndirilən şəxs ona təyin olunmuş 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasından 07 gün çəkmiş, çəkilməmiş 01 il 05 ay 19 gün cəzası qalmışdır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmamış, çəkilməmiş cəzası 01 il 05 ay 19 gün müddət təşkil edir. Məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs residivə görə cəza təyin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Beləliklə, məhkəmə sübutlar toplusuna qiymət verməklə belə nəticəyə gəlir ki, yeni hökmlə təyin edilmiş cəzaya Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 05 ay 19 gün hissəsi qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və himayəsində 3 azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar sayır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 18/480 nömrəli bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 49 manat 74 qəpik təşkil edir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsi tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan və Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, onun barəsində həbs etmənin əvvəli onun şübhəli şəxs kimi tutulduğu xx.xx.2023-cü il tarixdən hesab edilməklə, barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinə kimi olan müddət nəzərə alınaraq ona təyin olunan azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalıdır. Məhkəmə, törətdiyi əməlini etiraf edib səmimi peşman olması, himayəsində 3 azyaşlı uşağının olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması kimi şəxsiyyətini xarakterizə edən halları, cəza təyin edilməsində ədalət və humanizm prinsiplərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş cəzaya Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3cü maddəsinə əsasən təyin edilmiş 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 05 ay 19 gün hissəsi qismən birləşdirilməli, CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs kimi tutulduğu və həbsdə saxlandığı müddət, yəni 3 (üç) ay 29 (iyirmi doqquz) gün (xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinə kimi olan müddət) bir günə iki gün hesabı ilə ona təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası - Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Ağcabədi rayon İcra və Probasiya şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə ekspertiza xərci olan 49 manat 74 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, maddi sübut kimi tanınaraq Ağcabədi rayon Polis şöbəsində saxlanılan və qalıq çəkisi - 0,378 qram çəkidə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata götürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin; Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş cəzaya Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 05 ay 19 gün hissəsi qismən birləşdirilməklə, üzərində qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın; CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs kimi tutulduğu və həbsdə saxlandığı müddət, yəni 3 (üç) ay 29 (iyirmi doqquz) gün (xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinə kimi olan müddət) bir günə iki gün hesabı ilə ona təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona 2 (iki) il 10 (on) ay 2 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin; barəsində seçilmiş "həbs" qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin; barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəza çəkmə müddətinin əvvəli - Təqsirləndirilən şəxs Ağcabədi rayon İcra və Probasiya şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. İş üzrə maddi sübut olan Ağcabədi rayon Polis şöbəsində saxlanılan, ekspertizadan sonra qalıq qalan – 0,378 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 49 manat 74 qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata götürülsün. Hökmün icrası - Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar