Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-139/2024 14.11.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X3 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X3 Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Təqsirləndirilən şəxs - (xx.xx.1994-cü il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində 1 azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM-nin 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirli bilinib CM-nin 85.2-ci maddəsinə əsasən 600 manat miqdarda cərimə cəzasına məhkum edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-nin 177.3.2, 177.3.3, 185.2.1, 185.2.2, 326.1 və 326.2-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.3 və 67.1-ci maddələrinə əsasən 13 il müddətə azadlıqdan məhrum etmə və 600 manat miqdarda cərimə cəzasına məhkum edilmiş, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 29, 304.2.1-ci maddəsi ilə təqsirli bilinib CM 66.5-ci maddəsinə əsasən qəti olaraq 14 il 06 ay müddətə azadlıqdan məhrum etmə və 600 manat miqdarda cərimə cəzasına məhkum olunmuş, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-də dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli Qanunun tətbiq edilməsinə dair CM-nin 177.3.2 və 177.3.3-cü maddələrindən CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4 maddələrinə tövsif edilib cəzası 11 il 06 aya endirilib, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə CM-nin 66.3-cü maddəsi CM-nin 66.2-ci maddəsi ilə əvəz edilərək 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzanın sonu ilə azad olunmuş, xx.xx.2023-cü il tarixdə cərimə cəzası tam ödənmiş və onun üzərində çəkilməmiş cəzası qalmadığı üçün Ağcabədi rayon İcra və Probasiya İdarəsinin qeydiyyatından çıxarılmış, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Ağcabədi şəhəri, N.Nərimanov küçəsi ev 122-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası CM-nin 29, 177.2.3 və 29, 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən, tamah niyyətilə, qanunsuz olaraq özgə əmlakını gizli talamaq məqsədilə 30 avqust 2023-cü il tarixdə saat 03:40 radələrində ünvan ünvanda yerləşən “Neptun” mağazasının giriş qapısının şüşəsini sındırmaqla qanunsuz olaraq daxil olub həmin mağazadakı "xxxx" MMC-yə məxsus 01119 saylı Milliön ödəmə terminal aparatının içərisində olan 8860 manat nəğd pul vəsaitini oğurlamaq niyyətilə həmin ödəmə terminalının daxilində olan pul kasetinin qapısını öz cinayətkar niyyətini həyata keçirmək məqsədilə öz ilə gətirdiyi bıçaq və dəmir alətlə açmağa çalışmış, lakin iradəsindən asılı olmayan səbəbə görə, yəni mağazanın siqnalizasiya sisteminin işə düşməsi səbəbindən polis əməkdaşlarının qısa müddət ərzində gələ biləcəyini düşünərək cinayət əməlini öz iradəsindən asılı olmayaraq başa çatdıra bilməyib mağazadan qaçıb gedərək zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə məxsus 8860 manat məbləğində, yəni xeyli miqdarda pul vəsaitini gizli olaraq talamağa cəhd etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29, 177.2.3 və 29, 177.2.4-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər oğurluq cinayəti törətdiyi üçün məhkum olunmuş, sonuncu dəfə isə 2014-cü il tarixdə Bakı şəhərində oğurluq cinayəti törədiyi üçün məsuliyyət cəlb olunmuş və barəsində azadlıqdan məhrum etmə cəzası verilmiş, 18 fevral 2023-cü il tarixdə həbsin sonu ilə azadlığa buraxılmışdır. Azadlığa çıxdıqdan sonra özünə kreditə avtomobil almış və Bakı şəhərində Bolt şirkətində taksi fəaliyyəti ilə məşğul olmuşdur. Taksi kimi fəaliyyət göstərməsinə baxmayaraq qaldığı evin kirayə pulu, avtomobilin krediti və digər xərclərə görə çox maddi sıxıntılar çəkmişdir. Taksi işlədiyi vaxtlarda Ağcabədi rayonuna gəlib getmişdir. Onun hər ayın birində 400 manat kredit ödənişi olmuş, 2023-cü ilin avqust ayında krediti ödəyə bilməmiş, pulu da olmamışdır. X1 pul almaq üçün 29 avqust 2023-cü il tarixdə tanımadığı taksi ilə Bakı şəhərindən Ağcabədi rayonuna gəlmiş, lakin anasının da pulu olmadığı üçün pul ala bilməmişdir. Ona görə də haradan olursa olsun pul tapmalı olmuşdur. 29 avqust 2023-cü il tarixdə axşam saatlarında xalası oğlu Şahid1 işlədiyi mağazaya getmiş, həmin gün saat 23:30 radələrində Abbas mağazanı bağlamış və birlikdə Abbasgilə getmişlər. Onlar evdə yemək yeyib həyətdə söhbət etmişlər. Abbasdan da 400 manat borc pul istəmiş, Abbas da mal alacağı üçün pulu olmadığını bildirmişdir. 30 avqust 2023-cü il tarixdə gecə saat 02 radələrində Abbasgildən çıxıb Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti ilə piyada tək olaraq hərəkət etmişdir. Təxminən bir saat yarım küçədə gəzmiş, artıq heç bir yerdən pul tapa bilməyincə oğurluq etmək qərarına gəlmişdir. “Neptun” marketin qarşısından keçəndə mağazanın şüşəsindən girişdə ödəniş terminalları olduğunu görmüş, həmin vaxt mağaza bağlı olmuş, mağazanın qarşı hissəsində yolun digər tərəfində olmuşdur. Fikirləşmiş ki, mağazadakı terminalda pul olur, ona görə də həmin terminallardan pul oğurlaya bilər, ətrafa baxmış və yerdə dəmir parçası görmüşdür. Həmin dəmir parçasını götürmüş və bu məqsədlə mağazaya yaxınlaşmış, həmin dəmir parçası ilə mağazanın şüşəsini vurub qırmış və mağazaya daxil olmuşdur. Həmin vaxt mağazada 03 ədəd ödəniş terminalı olmuş, ortada olan Milli Ön terminalına yaxınlaşıb yerindən bir az qabağa çəkmiş, sonra özündə olan açılıb-qatlanan cib bıçağı ilə aparatın pul qoyulan kassa hissəsini açmaq istəmişdir. Kassanın qapaq hissəsini bıçaqla aralamış, sonra isə bıçağı atıb əli ilə qapaq hissəni aralamağa çalışmış, lakin pul olan hissəsini aça bilməmiş, çox çalışsa da kassanı aça bilməmişdir. Artıq mağazanın siqnalizasiya sistemi də işə düşmüşdür. Polislərin gələcəyini bilmiş, pulu da çıxarda bilməmiş, ona görə də oradan qaçıb getmişdir. Gedəndə dəmir parçasını götürmüş, lakin mağaza qaranlıq olduğu üçün bıçağı görə bilməmiş, ona görə də bıçağı mağazada qoyub getmişdir. Dəmir parçasını yolda xatırlamadığı yerə tullamışdır. Həmin vaxt əynində alt hissəsi ağ rəngli zolağı olan idman ayaqqabısı, qara rəngli şalvar, qara rəngli gödəkcə və başında qara rəngli idman papağı olmuşdur. Hazırda tutduğu əməlindən peşmandır. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2015-ci il tarixdən "xxxx" şirkətində təhlükəsizlik departamentinin qrup rəhbəri və hüquqşünas vəzifəsində işləyir. 30 avqust 2023-cü il tarixdə gecə saatlarında naməlum şəxs ünvan ünvanda yerləşən Neptun marketə qanunsuz daxil olmuş və orada quraşdırılmış "xxxx" MMC-nin şəxsi mülkiyyətində olan 01119 saylı Milliön ödəmə terminal aparatının daxilində olan nəğd pulu oğurlamaq üçün dəmir alətlə aparatın 65 manat dəyərində inkassasiya qapısı, 21,50 manat dəyərində daxili qıfılı, 33 manat dəyərində NFC kart oxuyucusunun qutusunu sındırmış, lakin inkassasiya qapısını aça bilməmiş, iradəsindən asılı olmayaraq cinayəti başa çatdıra bilməmişdir. Həmin vaxt pul kasetində 8860 manat pul olmuşdur. Həmin hadisə nəticəsində aparatın zədələnməsinə görə şirkətə 395,50 manat ziyan dəymişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, özünə məxsus mağazanı işlətməklə məşğul olur, Təqsirləndirilən şəxs onun xalası oğludur. 29 avqust 2023-cü il tarixdə axşam saatlarında mağazada olmuş, bu vaxt Nahid də mağazaya gəlmişdir. Həmin gün saat 23:30 radələrində mağazanı bağlamış və Nahidlə birlikdə öz evinə getmişdir. Onlar evdə yemək yeyib həyətdə söhbət etmişlər. 30 avqust 2023-cü il tarixdə gecə saat 02 radələrində Nahid onlardan çıxıb getmişdir. Nahid onlarda olan zaman borca 400 manat pul istəmiş, lakin onun mağazaya mal alacağı üçün o qədər pulu olmadığı üçün Nahidə pul verə bilməmişdir. 2024-cü ilin əvvəllərində Nahidin polisə işi düşdüyünü eşitmiş, bu barədə Nahidlə maraqlananda Nahid 30 avqust 2023-cü il tarixdə onlardan gedən zaman Neptun marketdən ödəmə terminalından pul oğurlamaq istədiyini demişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, X5 şöbəsində mühafizəçi işləyir, adətən bir gündən bir xidmətə çıxır, xidmət 24 saat ərzində davam etmişdir. 29 avqust 2023-cü il tarixdə saat 09:00-da xidmətə başlamış, 30 avqust 2023-cü il tarixdə gecə saat 03 radələrində Ağcabədi şəhəri ərazisində mühafizədə olan obyektləri yoxlamışdır. Həmin gün saat 03:40 radələrində regional şöbədən Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən olan “Neptun” marketdən həyəcan siqnalı gəldiyi ona bildirilmiş, o da həmin vaxt rayon icra hakimiyyətinin yaxınlığında olmuşdur. Bundan sonra dərhal xidməti avtomobillə sayrışan işıqları yandırıb həmin istiqamətə getmiş və 4-5 dəqiqə ərzində mağazaya çatmışdır. Mağazaya çatanda mağazanın qarşı şüşəsinin qırıldığın görmüşdür. Artıq mağazada heç kim olmamış, mağazada hərəkət olmadığı üçün həyəcan siqnalı da dayanmışdır. Həyəcan siqnalı sensorla işlədiyi üçün hərəkət olmayanda siqnalı dayanır. Mağazaya baxanda Milliön aparatının yerindən qabağa çəkildiyini, həmçinin yerdə tiyəsi qırılmış bıçaq da görmüşdür. Həmin vaxt manqa komandiri Şaiq Babayev də oraya gəlmiş və sonra mağaza sahibinə və rayon polis şöbəsinə məlumat verilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 30 avqust 2023-cü il tarixdə ünvan ünvanda yerləşən “Neptun” supermaketdə quraşdırılmış "xxxx" MMC-nin mülkiyyətində olan 01119 saylı Milliön ödəmə terminal aparatının içərisində 8860 manat nəğd pul vəsaiti olmuşdur. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman üzərində olmuş bir ədəd bıçaq cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyi üçün iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Ağcabədi rayon Polis şöbəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X10 Ağcabədi rayon X6 Hüquqi Şəxsin xx.xx.2024-cü il tarixli 18-1-23/2- 79/2024 nömrəli məktubundan görünür ki, Kərimov X4 rayon X6 X7 şöbəsinin ruhi-əsəb və narkoloji kabinetində dispanser qeydiyyatında durmur. İş materiallarında olan Ağcabədi RİHB-nın Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Onun barəsində Ağcabədi RİHB-nın Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə ərizə və şikayət xarakterli müraciət daxil olmamışdır. İş materiallarında olan AZ-V 013090 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağı (xx.xx.2024-cü il təvəllüdlü) vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən, hökmün surətindən və xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Kərimov X4 Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM-nin 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirli bilinib CM-nin 85.2-ci maddəsinə əsasən 600 manat miqdarda cərimə cəzasına məhkum edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-nin 177.3.2, 177.3.3, 185.2.1, 185.2.2, 326.1 və 326.2ci maddələri ilə təqsirli bilinib CM-nin 66.3 və 67.1-ci maddələrinə əsasən 13 il müddətə azadlıqdan məhrum etmə və 600 manat miqdarda cərimə cəzasına məhkum edilmiş, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 29, 304.2.1ci maddəsi ilə təqsirli bilinib CM 66.5-ci maddəsinə əsasən qəti olaraq 14 il 06 ay müddətə azadlıqdan məhrum etmə və 600 manat miqdarda cərimə cəzasına məhkum olunmuş, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-də dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli Qanunun tətbiq edilməsinə dair CM-nin 177.3.2 və 177.3.3-cü maddələrindən CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4 maddələrinə tövsif edilib cəzası 11 il 06 aya endirilib, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə CM-nin 66.3-cü maddəsi CM-nin 66.2-ci maddəsi ilə əvəz edilərək 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzanın sonu ilə azad olunmuş, xx.xx.2023-cü il tarixdə cərimə cəzası tam ödənmiş və onun üzərində çəkilməmiş cəzası qalmadığı üçün Ağcabədi rayon İcra və Probasiya İdarəsinin qeydiyyatından çıxarılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətmiş və bununla da cinayətin residivinə yol vermişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl üzrə məhkumluğu ödənilməmişdir. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi isə cinayətin residivini yaradır (CM mad. 18.1) Məhkəmə, iş üzrə şahid ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 177.2.3 və 29, 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli CM-nin 29, 177.2.3 və 29, 177.2.4-cü maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58 və 59-cu maddəsinin tələblərini, o cümlədən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini, yaşadığı ərazidə müsbət xarakterizə olunmasını, himayəsində 1 azyaşlı uşağının olmasını, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinin tələblərinə əsasən cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli cinayətin residivini yaratdığı üçün ona CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini, yaşadığı ərazidə müsbət xarakterizə olunmasını, himayəsində 1 azyaşlı uşağının olması kimi şəxsiyyətini xarakterizə edən halları, humanizm və ədalət prinsiplərini, habelə onun cəmiyyətdən təcrid olunmaqla cəzanın məqsədlərinə nail olunması zərurətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3 və 29, 177.2.4-cü maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalından dərhal “həbs” edilməlidir. Cəzanın əvvəli 14 noyabr 2024-cü il tarixdən hesablanaraq barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün – ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməli olduğuna görə Təqsirləndirilən şəxs təyin olunacaq cəza da ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Ağcabədi rayon Polis şöbəsində saxlanılan bir ədəd cib bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 15 iş saatı üçün 90 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356 və 384-cü maddəsini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 29, 177.2.3 və 29, 177.2.4-cü maddəsi ilə təqsirli bilinib ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin; cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin; cəza çəkməsinin əvvəli 14 noyabr 2024-cü il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Ağcabədi rayon Polis şöbəsində saxlanılan bir ədəd cib bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 15 iş saatı üçün 90 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №1(017)-139/2024
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-139/2024
14.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver