Məhkəmə qərarları › İş №1(017)-143/2023

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №1(017)-143/2023

23.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 1(017)-143/2023 23.08.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X1 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X1 Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Teyyub oğlunun və Zərərçəkmiş şəxs iştirakı ilə Təqsirləndirilən şəxs - (xx.xx.1964-cü il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonunun Kəhrizli kəndində qeydiyyatda olan, Ağcabədi şəhəri, S.Hüseynov küçəsi 165/7-də yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 21 radələrində idarə etdiyi VAZ 21099 markalı **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobillə St.Mingəçevir-Bəhrəmtəpə yolunun Ağcabədi rayonu Hacıbədəlli kəndindən keçən 95-ci kilometrliyində Mingəçevir şəhəri istiqamətində 40-50 km/saat surətlə hərəkətdə olarkən "X3" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, hərəkət zamanı diqqətin daim dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən yayındırmamalı, qarşıda hərəkət hissəsinin sağ kənarında piyadanın ayaqlarını uzadıb oturmuş vəziyyətdə olmasını nəzərə alaraq vaxtında tədbir görməklə idarə etdiyi VAZ 21099 markalı avtomobilin surətini azaltmalı və piyadanın yanından təhlükəsiz yan məsafəsi saxlamaqla keçib getməli olduğu halda bunu etməyərək qabaq sağ təkəri ilə yerdə ayaqlarını uzadıb oturmuş sərxoş halda olan Zərərçəkmiş şəxs ayağının üzərindən yolun sağ kənarından ortaya doğru 0,4 metr məsafədə keçmiş, nəticədə o, ehtiyatsızlıqdan ona sol daban sümüyünün arxasında xətti sınıq, sol təpə qabarında əzilmiş yara, sol ayaq pəncəsində əzilmiş yara ilə müşayiət olunan sağlamlığın uzun müddətsı pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, VAZ 21099 markalı **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobil həyat yoldaşının adınadır. Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Ağcabədi şəhərindən Təzəkəndi istiqamətində gedərkən St.Mingəçevir-Bəhrəmtəpə yolu ilə kəsişmədə “Dördyol” deyilən ərazini keçib bir neçə metr getdikdən sonra yerdə oturmuş şəxsi görməmişdir, avtomobilin qabaq sağ təkəri ilə onun ayağının üzərindən keçib əzmişdir. Onun qışqırdığını görüb avtomobili saxlamışdır. Həmin şəxs sərxoş vəziyyətdə olmuşdur. Onu yerdən qaldırıb avtomobilinə əyləşdirib, xəstəxanaya aparmaq istəmişdir. Lakin getməmişdir, evə aparmağını tələb etmişdir. Onu Hüsülü kəndinə yaşadığı evə aparmışdır. Evdə onun arvadı Tahirə onları qarşılamışdır. Tahirə ilə onu avtomobildən evə aparmışlar, ona ilkin yardım etmişlər. Onlardan cərimə olunmamaq üçün polisə şikayət etməmələrini xahiş etmiş, imkansız adam olduğunu söyləmişdir. Onlara maddi köməklik edəcəyini demişdir. Səhəri gün Tağının ayağında ağrılar olduğuna görə xəstəxanaya aparıldığını öyrənmişdir. Xəstəxanaya gedib Tağının arvadı Tahirə vasitəsi ilə onlara maddi yardım etmiş, müalicəsinə köməklik göstərmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmış, ona vurduğu maddi ziyanı ödəmişdir. Ona qarşı zərərçəkmiş şəxsin şikayət və tələbi yoxdur. Əməlindən peşmandır. Ona görə də işin icraatına xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibb ekspertizasının və məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 21 radələrində “Dörd yol” deyilən əraziyə gəlmişdir. Kafedə spirtli içki qəbul edib evə getmək üçün yolun kənarında dayanmış, Ağcabədi şəhərindən gələn tanış maşınlarla evə getmək istəmişdir. Həddindən artıq sərxoş olduğum üçün yorulub yolun kənarında oturmuşdur. Bir az sonra Ağcabədi şəhərindən gələn VAZ 21099 markalı **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobil ayağının üstündən keçmişdir. Sürücü avtomobili saxlamış, onu xəstəxanaya aparmaq istəmişdir. Lakin getməmiş, evinə aparmağını xahiş etmişdir. Sürücü Təqsirləndirilən şəxs onu evə aparmış, ona ilkin yardım göstərmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona vurulmuş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona görə də işin icraatına xitam verilməsini xahiş etdi. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin Ağcabədi rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 26 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər – sol daban sümüyünün arxasında xətti sınıq, sol təpə qabarında əzilmiş yara, sol ayaq pəncəsində əzilmiş yara nahiyəsində - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, yetirilmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 8/1713 nömrəli ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ 21099 markalı **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X3” Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - Sürücü Təqsirləndirilən şəxs hadisədən sonra hadisə haqqında müvafiq orqanlara xəbər vermədən hadisə yerindən getdiyindən onun hərəkətlərində “X3” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İşdə olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 85 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan və qəbzdən görünür ki, "Vaz- 21099" markalı ** LD *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut hesab edilərək saxlanması üçün sahibinə qaytarılmışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs tərəfindən təqdim edilərək iş materiallarına əlavə edilən xx.xx.2023-cü il tarixli ərizədə görünür ki, özünü təqsirli bilir, törətdiyi əməlindən peşmandır, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəmiş və onunla barışmışdır. İşin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs tərəfindən təqdim edilərək iş materiallarına əlavə edilən xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslə barışmış, ona vurulmuş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsini dinləyib, onun ərizəsini və zərərçəkmiş şəxslərin ərizələrini nəzərdən keçirib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, zərərçəkmiş şəxslərlə barışmasını, törətdiyi əməlin böyük ictimai təhlükə törətməyən cinayət əməli olmasını, zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73-cü maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi məqsədə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmişlə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə görə Cinayət Məcəlləsinin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.3-cü maddəsinə görə başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin ”qeyd” hissəsindən görünür ki, Cinayət Məcəlləsinin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4-cü maddəsinin tələblərinə görə həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqeyi baxımından da Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə iş üzrə maddi sübut olan Vaz-21099" markalı ** LD *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılmasını nəzərə alır. Məhkəmə hesab edir ki, ekspertiza xərcini təşkil edən 85 manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. Hazırkı işin materiallarından görünür ki, iş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs əməllərinin inzibati məsuliyyətə səbəb olması məsələsinin araşdırılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2, 43.3, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə ekspertiza xərcini təşkil edən 85 manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs əməllərinin inzibati məsuliyyətə səbəb olması məsələsinin araşdırılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Qərardan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar