Məhkəmə qərarları › İş №1(017)-145/2023

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №1(017)-145/2023

15.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 1(017)-145/2023 15.08.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X1 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X1 Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və Zərərçəkmiş şəxs iştirakı ilə Təqsirləndirilən şəxs – (xx.xx.1970-ci il tarixdə Ağcabədi rayonunun Arasbar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonunun Arasbar kəndində qeydiyyatda olan və yaşayan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 17 iyul 2023-cü il tarixdə saat 23 radələrində Ağcabədi rayonunun Arasbar kəndində tanışı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı daşla qəsdən Zərərçəkmiş şəxs sağ qol nahiyəsinə vuraraq ona sağ bazu sümüyünün qapalı yerdəyişən sınığı ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona istinad edilən əməlin törədilməsində özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bir neçə ildir Zərərçəkmiş şəxs tanıyır. Aralarında mehriban münasibətləri olmuşdur. 17 iyul 2023-cü il tarixdə təxminən saat 20 radələrində Zərərçəkmiş şəxs ilə görüşüb birlikdə yeyib-içmək üçün onun mobil telefonuna zəng vurub Arasbar kəndinə gəlməsini demişdir. Bir müddət sonra Tamaşa onun mobil telefonuna zəng edib Arasbar kəndinin girişində olduğunu və həmin yerə gəlməsini bildirmişdir. Tamaşanın dayandığı yerə getmiş, onun kəndə açıq-saçıq geyib gəldiyinə görə iradını bildirmişdir. Həmin vaxt aralarında mübahisə yaranmış, Tamaşa oradan çıxıb getmək istəyərkən ona acığı tutmuş və yerdən götürdüyü daşı qəsdən ona tərəf atmışdır. Atdığı daş Tamaşanın sağ qol nahiyəsinə dəymiş, Tamaşa yerə yıxılmış və aldığı zərbədən bədən xəsarəti almışdır. X3 rayon Mərkəzi Xəstəxanasına gətirmişdir. Xəstəxanada ona ilkin yardım göstərilmişdir. Sonradan zərərçəkmiş Zərərçəkmiş şəxs üzr istəyərək onunla barışmış, ona vurduğu zərərin əvəzini ödəmişdir. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona görə də işin icraatına xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibb ekspertizasının rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs iki ildir tanıyır, aralarında dostluq münasibətləri olmuşdur. 17 iyul 2023-cü il tarixdə təxminən saat 20 radələrində Azər onun istifadəsində olan mobil telefona zəng edərək birlikdə yeyib-içmək üçün ona görüşmək təklif etmiş, təklifinı qəbul edib Azərin mobil telefonuna zəng edib Arasbar kəndinin girişində olduğunu bildirmişdir. Azər onun olduğu yerə gəlmişdir. Azər onun gec gəlməsini və onun kəndə açıq-saçıq geyib gəldiyinə görə ona iradını bildirmişdir. Həmin vaxt aralarında mübahisə yaranmış, oradan çıxıb getmək istəyərkən Azərin ona tərəf atdığı daş onun sağ qol nahiyəsinə dəyərək ona bədən xəsarəti yetirmişdir. Sonra Azər onu Ağcabədi rayon Mərkəzi Xəstəxanasına gətirmiş, orada ona ilkin yardım göstərilmişdir. Bundan sonra Ağcabədi rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona vurulmuş zərər ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona görə də işin icraatına xitam verilməsini xahiş edir. İşdə olan məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 445 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər – sağ bazu sümüyünün qapalı yerdəyişən sınığı - küt əşyanın təsirindən törənmişdir, kənar şəxs tərəfindən daşla vurulma nəticəsində əmələ gələ bilərdi, yetirilmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Ağcabədi rayon Arazbar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə prosesinin gedişində Zərərçəkmiş şəxs tərəfindən təqdim edilərək iş materiallarına əlavə edilən xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş zərərin ödənildiyini, şikayət və tələbinin olmağının bildirmiş və işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs tərəfindən təqdim edilərək iş materiallarına əlavə edilən ərizədən görünür ki, o, özünü təqsirli bilir, törətdiyi əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır, vurulmuş zərəri ödəmişdir və işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələrini dinləyib, onların ərizələrini nəzərdən keçirib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərin ödənilməsini, törətdiyi əməlin böyük ictimai təhlükə törətməyən cinayət əməli olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73-cü maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi məqsədə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmişlə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə görə Cinayət Məcəlləsinin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4-cü maddəsinin tələblərinə görə həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqeyi baxımından da Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Hazırkı işin materiallarından həmçinin görünür ki, iş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2, 43.3, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar