Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-148/2023 17.08.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxx 1983-cü il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki nəfər azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Ağcabədi Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib bir il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 27 iyun 2022-ci il tarixdən 29 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı iki gün müddət cəzasından çıxılmaqla üzərində qəti olaraq bir il beş ay iyirmi altı gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzasını çəkib qurtarmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət qədər narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunda göstərilən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,469 qram çəkidə narkotik vasitə olan heroini istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib 01 ədəd siqaretin gümüşü rəngli kağız bükümündə əynindəki qara rəngli cins şalvarın sağ yan cibində saxlamış, 04 may 2023-cü il tarixdə saat 18 radələrində Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Ağcabədi şəhəri, Ə.Talıbov küçəsində saxlanılaraq Ağcabədi rayon Polis Şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilərkən həmin narkotik vasitə olan heroin əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 1 ildən artıqdır ki, narkotik vasitə olan heroindən istifadə edir. 2023-cü ilin may ayının ilk günlərində yaşadığı Ağcabədi şəhəri, Qarabağ küçəsi ilə gedərkən yerdən siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülü tapmış, həmin bükülünü götürüb içərisinə baxarkən bükülünün içərisində narkotik vasitə olan heroin olmasını görmüşdür. Həmin heroini özü istifadə etmək üçün əynindəki qara rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. 04 may 2023-cü il tarixdə saat 18 radələrində Ağcabədi şəhəri, Ə.Talıbov küçəsində olarkən bir neçə nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək onu Ağcabədi rayon polis şöbəsinə aparmışlar. Polis Şöbəsində müdafiəçinin iştirakı ilə və videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilmiş və ona üzərində hər hansı bir qanunsuz əşya və ya predmet, eləcə də narkotik vasitə və ya psixotrop maddə vardırsa könüllü təqdim etməsi təklif olunmuşdur. O, da əynindəki qara rəngli cins şalvarın sağ yan cibində saxladığı həmin 01 ədəd siqaretin gümüşü rəngli kağız bükümündə olan heroini təqdim etmişdir. Polis əməkdaşları həmin bükümə baxış keçirmiş, büküm elektron tərəzidə çəkilmiş, ağ kağız zərfdə qablaşdırılmış, üzəri yazılmış və imzalarla təsdiq edilmişdir. Bundan sonra, üzərində əlavə şəxsi axtarış keçirilmiş, lakin üzərindən heç bir qanunsuz əşya və ya predmet, narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Törətdiyi əmələ görə peşmançılıq çəkir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ağcabədi RPŞ-nin CAB-nin əməliyat müvəkkili vəzifəsində işləyir. 04 may 2023-cü il tarixdə Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat rəhbərliyə məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs cinayətkar əməlini ifşa etmək məqsədi ilə ətrafında müvafiq əməliyyat tədbirləri keçirməyə başlamışlar. Təqsirləndirilən şəxs həmin gün, yəni 04 may 2023-cü il tarixdə saat 18 radələrində Ağcabədi şəhəri, Ə.Talıbov küçəsində saxlanılaraq RPŞ-yə gətirilmiş, Ağcabədi RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs hüquqları izah edilmiş və o üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş əşyanın olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü çıxarıb təqdim edərək həmin bükümdə narkotik vasitə olan heroin olmasını bildirmişdir. Büküm açılaraq baxış keçirərkən içərisində kəskin spesifik iyə malik narkotik vasitə olan heroinə oxşar kütlənin olması müəyyən edilmişdir. Aşkar edilmiş həmin büküm elektron tərəzidə çəkilmiş, kağız konvertdə qablaşdırılmış və həmin kütlə ekspertizaya təqdim edilməsi üçün Azərbaycan Respublikası DİN-in 143 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən əlavə olaraq başqa bir narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütləni haradan əldə etməsi və nə məqsədlə üzərində saxlaması soruşularkən o, həmin narkotik vasitəni bir neçə gün əvvəl yaşadığı Ağcabədi şəhəri, Qarabağ küçəsindən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşqul olması barədə məlumat olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Ağcabədi RPŞ-nin əməkdaşı Şahid2 Şahid1 ilə eyni məzmunda ifadə verdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmədə iştirak etməsə də, Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də təsdiq olunduğundan məhkəmə onun ifadəsini iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Şirvan regional bölməsinin 05 may 2023-cü il tarixli 18/466 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki bir ədəd kağız bükümdə, təmiz çəkisi 0,469 qram olan maddə kusatar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji dispanserinin 22 may 2023-cü il tarixli 890 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi rayon X5 Hüquqi Şəxsinin 13 iyun 2023-cü il tarixli 665 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ağcabədi rayon Mərkəzi Xəstəxanasının narkoloji kabinetində dispanser qeydiyyatdadır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 1(017)-141/2022 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib bir il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 27 iyun 2022-ci il tarixdən 29 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı iki gün müddət cəzasından çıxılmaqla üzərində qəti olaraq bir il beş ay iyirmi altı gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi rayon İcra və Probasiya Şöbəsinin 14 iyul 2023-cü il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs Ağcabədi Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 1(017)-141/2022 saylı hökmü ilə qəti olaraq təyin edilmiş bir il beş ay iyirmi altı gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası 04 may 2023-cü il tarixədək üç ay iyirmi altı gününü çəkmiş, bir il iki ay çəkilməmiş cəzası qalmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi Rayon Məhkəməsinin 06 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 04 may 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 29 may 2014-cü il təvəllüdlü X3 və 06 may 2016-cı il təvəllüdlü X1 adlı iki nəfər azyaşlı uşaqları vardır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 06 iyun 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət qədər narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunda göstərilən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,469 qram çəkidə narkotik vasitə olan heroini istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib 01 ədəd siqaretin gümüşü rəngli kağız bükümündə əynindəki qara rəngli cins şalvarın sağ yan cibində saxlaması və 04 may 2023-cü il tarixdə saat 18 radələrində Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Ağcabədi şəhəri, Ə.Talıbov küçəsində saxlanılaraq Ağcabədi rayon Polis Şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilərkən həmin narkotik vasitə olan heroin əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ nömrəli Qanununa və həmin qanunla təsdiq edilmiş 1-ci siyahıya əsasən heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qramdır. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan heroinin təmiz çəkisi 0,15 qramdan artıq olduğundan onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Ağcabədi Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 1(017)-141/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib bir il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 27 iyun 2022-ci il tarixdən 29 iyun 2022ci il tarixədək şübhəli şəxs qismində saxlandığı iki gün müddət cəzasından çıxılmaqla üzərində qəti olaraq bir il beş ay iyirmi altı gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış və 04 may 2023-cü il tarixədək təyin olunmuş cəzadan üç ay iyirmi altı gününü çəkmiş, bir il iki ay çəkilməmiş qalmışdır və Ağcabədi Rayon Məhkəməsinin 06 may 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 04 may 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.2-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası zamanı məhkuma inzibati tənbeh kimi verilmiş, yaxud başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti həmin cəzanın icrası müddətinə hesablanmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinin tələbinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinin tələbinə görə cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yeni hökmlə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasına Ağcabədi Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 1(017)-141/2022 saylı hökmü ilə qəti olaraq təyin edilmiş və çəkilməmiş qalan bir il iki ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulub hesablanmaqla qismən birləşdirilib qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji dispanserinin 22 may 2023-cü il tarixli 890 saylı rəyini və Ağcabədi rayon X5 Hüquqi Şəxsinin 13 iyun 2023-cü il tarixli 665 saylı məktubunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Ağcabədi rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 0,419 qram (ilkin xalis çəkisi 0,469 qram) narkotik vasitə olan heroin məhv edilməlidir. İşdə olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 49 manat 74 qəpik təşkil edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona bir il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs yeni hökmlə təyin olunmuş bir il müddətə azadlıqdan məhrum etmə cəzası ilə Ağcabədi Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 1(017)-141/2022 saylı hökmü ilə qəti olaraq təyin edilmiş və çəkilməmiş qalan bir il iki ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulub hesablanmaqla qismən birləşdirilib Təqsirləndirilən şəxs üzərində qəti olaraq bir il iki ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 04 may 2023-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut olan və Ağcabədi rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 0,419 qram (ilkin xalis çəkisi 0,469 qram) narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən 20 gün müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №1(017)-148/2023
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-148/2023
17.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver