Məhkəmə qərarları › İş №1(017)-149/2023

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-149/2023

06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-149/2023 06.12.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X4 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X4 Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi - Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs - (xx.xx.1991-ci ildə Ağcabədi rayonunun Kəhrizli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, Ağcabədi Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsinə əsasən ona təyin edilmiş cəza şərti hesab edilərək 01 il sınaq müddəti təyin edilmiş, Ağcabədi rayonunun Kəhrizli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət qədər narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunda göstərilən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 2 ədəd gümüşü rəngli kağız bükümdə ayrılıqda təmiz çəkiləri 0,254 qram, 0,263 qram, ümumi çəkisi 0,517 qram psixotrop maddə olan metamfetamini, 2 ədəd “gümüşü” rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,246 qram, 0,242 qram, ümumi çəkisi 0,488 qram narkotik vasitə olan heroini qəsdən 13 aprel 2023-cü il tarixdə saat 23 radələrində Ağcabədi rayonu, Kəhrizli kəndində yaşayan X1 Ağcabədi rayonu Kəhrizli kəndində yerləşən təkər təmiri sexində 40 manat qarşılığında satış məqsədi ilə qanunsuz olaraq əldə edib 04 ədəd gümüşü rəngli kağız bükümlərində əynindəki qara rəngli cins şalvarın sağ yan cibinə qoyub daşıyaraq saxlamış, 14 aprel 2023-cü il tarixdə saat 13:15 radələrində Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Ağcabədi rayonu, Kəhrizli kəndində işlədiyi təkər təmiri sexinin qarşısında saxlanılaraq Ağcabədi şəhəri Ü.Hacıbəyli prospekti 39 ünvanında yerləşən Ağcabədi rayon Polis şöbəsinin inzibati binasına gətirilib həmin gün saat 13:55-dən başlayaraq üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli cins şalvarın sağ yan cibində qəsdən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq üzərində saxladığı 2 ədəd gümüşü rəngli kağız bükümündə ayrı-ayrılıqda təmiz çəkisi 0,246 qram, 0,242 qram, ümumi çəkisi 0,488 qram narkotik vasitə olan heroin və 2 ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,254 qram, 0,263 qram, ümumi çəkisi 0,517 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Ağcabədi rayonunun Kəhrizli kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşamışdır. Təxminən bir ildən çoxdur ki, narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən istifadə edir. Narkotik vasitələri əsasən tanımadığı şəxslərdən əldə etmişdir. Təxminən bir neçə ay bundan qabaq Bakı şəhəri Maştağa qəsəbəsində yerləşən müalicə mərkəzində 15 gün müddətində müalicə almışdır. Müalicə aldıqdan sonra Ağcabədi rayonuna qayıtmış və təxminən bir aydan sonra yenidən narkotik vasitə istifadə etməyə başlamışdır. Bundan başqa bir neçə dəfə də həmkəndlisi və qonşuluqda yaşayan X1 da narkotik vasitə əldə etmişdir. Sonuncu dəfə Qadirdən 13 aprel 2023-cü il tarixdə narkotik vasitə almışdır. 13 aprel 2023-cü il tarixdə təxminən saat 22:00 radələrində istifadəsində olan ********** mobil nömrəsindən Qadirin istifadəsində olan hazırda xatırladığı ********** mobil nömrəsinə zəng edib ona “kakos” və “patı” olub-olmamasını soruşmuşdur. Qadir də ona olduğunu demiş və Qadirə hər yarım qram narkotik vasitə heroin və yarım qram psixotrop maddə metamfetamin sifariş etmiş, Qadir də bunun müqabilində ondan 40 manat alacağını demişdir. Bundan sonra Qadirə demişdir ki, təkər təmiri sexində olacaq, oraya gəlsin. Bir neçə dəqiqədən sonra Qadir sexin qarşısına gəlmiş, orada görüşmüşlər. Qadirə 40 manat pulu vermiş, Qadir də ona 2 bükümdə narkotik vasitə olan heroin, 2 bükümdə isə psixotrop maddə olan metamfetamin vermişdir. Həmin bükümləri cibinə qoymuşdur ki, həm heroindən istifadə edər, həm də hər ikisini satar. Daha sonra heroinin üzərindən bir az götürmüş çəkmək yolu ilə istifadə etmişdir. Üzərində iki bükümdə narkotik vasitə olan heroini və iki bükümdə psixotrop maddə olan metamfetamini istifadə etdiyi “Bakı” siqaretinin içərisində saxlamışdır. Həmin narkotik vasitəni ona satmaqda məqsədi ondan ibarət olmuşdur ki, öz istifadə etdiyi narkotik vasitəyə olan tələbatını da ödəsin, pul da əldə etsin. Lakin narkotik vasitəni heç kimə sata bilməmiş, çünki polis əməkdaşları tərəfindən saxlanılmışdır. 14 aprel 2023-cü il tarixdə təxminən saat 13 radələrində yaşadığı kənddə işlədiyi sexin qarşısında olan zaman bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, ona xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Ona saxlanma səbəbini hüquq və vəzifələrini izah edib Ağcabədi rayon polis Şöbəsinə gətirmişlər. Xidməti otaqların birində onun üçün dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə video çəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona təklif edilmişdir ki, üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etsin. Əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən satmaq üçün saxladığı içərisində 4 ədəd gümüşü rəngli bükümdə narkotik vasitə və psixotrop maddə olan siqaret qutusunu çıxarıb stolun üzərinə qoymuşdur. Polis əməkdaşları həmin 4 ədəd bükümə baxış keçirmişlər, bükümlərdən ikisinin içərisində toz halında, qəhvəyi rəngli narkotik vasitə olan heroinə oxşar kütlələr, ikisinin içərisində isə ağ rəngli, kristal formasında psixotrop maddə olan metamfetaminə oxşar kütlələr olması müəyyən edilmişdir. Aldığı narkotik vasitə heroin və psixotrop maddə metamfetamini satıb pul əldə etmək istəmişdir. Daha sonra həmin bükümlər aşkar olunduğu qaydada elektron tərəzidə çəkilmiş, qablaşdırılaraq möhürlənib götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokolu imzalamışdır. Hazırda törətdiyi əməlindən peşmandır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və işin digər halları ilə kifayət qədər sübuta yetmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Ağcabədi rayon Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 14 aprel 2023-cü il tarixdə icraatına Ağcabədi rayonu, Kəhrizli kəndində qeydiyyat olmaqla, həmin kənddə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat rəhbərliyə məruzə edildikdən sonra polis əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs cinayətkar əməlini ifşa etmək məqsədi ilə ətrafında müvafiq əməliyyat tədbirləri keçirməyə başlanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs həmin gün, saat 13 radələrində Ağcabədi rayonu Kəhrizli kəndində saxlanılaraq RPŞ-nə gətirilmişdir. Ağcabədi RPŞ-nin inzibati binasında otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah edilməklə onun özünün dövlət hesabına müdafiəçi ilə təmin edilməsi xahişinə əsasən Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi onun hüquqlarını müdafiə etməsi məqsədilə vəkil təyin edilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs vəkili Müdafiəçi da iştirakı ilə hüquq və vəzifələri izah edilmiş və üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına və şəxsi axtarışın video çəkiliş vasitəsi ilə aparılmasına heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 04 ədəd siqaretin gümüşü rəngli kağızında olan bükümləri çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 04 ədəd gümüşü rəngli kağız bükümləri açıldıqda 2 ədəd bükümün içərisində qəhvəyi rəngli, kəskin spesifik iyi olan narkotik vasitə heroinə bənzər kütlə, 2 ədəd bükümdə isə psixotrop maddə olan metamfetaminə bənzər kütlələr aşkar olunmuşdur. Həmin bükümlər ayrı ayrılıqda aşkar olunduğu qaydada elektron tərəzidə çəkilmiş, qablaşdırılaraq möhürlənib götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əlavə olaraq başqa bir narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Bu barədə protokol tərtib olunmuş, protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini onunla eyni kənddə yaşayan tanışı X1 aldığını bildirmişdir. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaqda verdiyi və məhkəmə iclasında elan olunmuş şahid X3 ifadəsi ilə də təsdiq olunur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 15 aprel 2023-cü il tarixli, 18/419 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “... Təqsirləndirilən şəxs üzərindən ...” sözləri yazılmış və imzalar olan kağız paketdəki: -2 ədəd “gümüşü” rəngli kağız (falqa) bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri-0,254 qram, 0,263 qram, ümumi çəkisi-0,517 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metmafetamindir; -2 ədəd “Gümüşü” rəngli kağız (falqa) bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri-0,246 qram, 0,242 qram, ümumi çəkisi-0,488 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Metamfetaminin ümumi çəkisi 0,517 qram, tədqiqatda sərf edildi 0,1 qram, qalıq 0,417 qramdır. Heroinin ümumi çəkisi 0,488 qram, tədqiqatda sərf edildi 0,1 qram, qalıq 0,388 qramdır. İş materiallarına əlavə edilmiş sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, hazırkı iş üzrə qalıq çəkisi 0,417 qram olan psixotrop maddə metmafetamin və 0,388 qram narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Ağcabədi rayon Polis şöbəsinə təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X11 Ağcabədi rayon X6 Hüquqi Şəxsin 26 aprel 2023-cü il tarixli 499 nömrəli məktubdan görünür ki, Nəcəfov X2 rayon X6 X7 şöbəsinin narkoloji kabinetində qeydiyyatda durmur. İş materiallarına əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1227 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən epizodik sui-istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Kəhrizli kənd İƏD-si üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Bundan əlavə, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı “Marixuna-Kannabis” olan maddələr narkotik vasitədir, onun qurudulmuş 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramı və ya ondan artıq hissəsi isə “külli miqdar” hesab olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı “Heroin” olan maddələr narkotik vasitədir, onun 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə “külli miqdar” hesab olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı “Metamfetamin” olan maddələr narkotik vasitədir, onun 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə “külli miqdar” hesab olunur. Məhkəmə, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 25 iyun 2005-ci il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələblərinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10); həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8); miqdarından asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin satılması (1.0.11) hesab edilir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59 və 61-ci maddələrinin tələblərini, o cümlədən törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2023cü il tarixli tələbnaməsindən və hökmün surətindən görünür ki, Nəcəfov X2 Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsinə əsasən ona təyin edilmiş cəza şərti hesab edilərək 01 il sınaq müddəti təyin edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs cəmiyyətdə hökm sürən sosialmənəvi normalara qarşı zidd davranış forması seçərək dəfələrlə cinayət qanununu pozmuş, qəsdən cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb edilərək məhkum edilmişdir. Ağcabədi Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsinə əsasən ona təyin edilmiş cəza şərti hesab edilərək təyin edilmiş 01 il sınaq müddəti başa çatmamış, yəni xx.xx.2023-cü il tarixdə az ağır cinayət törətmişdir. Bu da onun kriminogen xüsusiyyətlərdən azad olmadığını, davamlı şəkildə anti-cəmiyyət davranış formasına meylli olduğunu göstərir. Bunlar da Təqsirləndirilən şəxs şəxsiyyətini mənfi cəhətdən səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 67.1ci maddəsinin tələbləri əsas götürülməklə hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Belə ki, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, CM-nin 71.5-ci maddəsinə əsasən Ağcabədi Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş şərti məhkum etmə ləğv edilərək Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş cəzaya Ağcabədi Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli hökmünə əsasən CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş və çəkilməmiş qalan 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar sayır. Məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinin tələblərinə əsasən cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azadlıqdan məhrum etmə növündə cəzanın Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edildiyindən Təqsirləndirilən şəxs təyin olunacaq cəza da ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 49 manat 74 qəpik təşkil edir. İş üzrə ekspertiza xərci olan 49 manat 74 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, maddi sübut kimi tanınaraq Ağcabədi rayon Polis şöbəsində saxlanılan və qalıq çəkisi 0,417 qram psixotrop maddə-metamfetamin və 0,388 qram olan narkotik vasitəheroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesab edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Qeyd edilənlərlə yanaşı məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, cəzanın əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanmasını, həmçinin onun barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ağcabədi rayon poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 16 iş saatı üçün 96 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin; CM-nin 71.5-ci maddəsinə əsasən Ağcabədi Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş şərti məhkum etmə ləğv edilsin; Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş cəzaya Ağcabədi Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli hökmünə əsasən təyin edilmiş və çəkilməmiş qalan 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin; cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Ağcabədi rayon Polis şöbəsində saxlanılan, ekspertizadan sonra qalıq çəkisi 0,417 qram psixotrop maddə-metamfetamin və 0,388 qram olan narkotik vasitə-heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ağcabədi rayon poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs 49 manat 74 qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 16 iş saatı üçün 96 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar