Məhkəmə qərarları › İş №1(017)-151/2023

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-151/2023

18.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-151/2023 18.10.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X1 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X1 Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı iştirakları ilə Təqsirləndirilən şəxs - (xx.xx.1993-cü il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində 3 azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Ağcabədi şəhəri, Ü.Hacıbəyli pr-ti ev 148-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 2023-cü ilin mart ayının günü istintaqa məlum olmayan tarixində faktiki olaraq yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi əkib-becərilməsi qanunla qadağan edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını qəsdən qanunsuz olaraq xeyli miqdar hesab edilən 9 (doqquz) ədəd sayında əkib həmin toxumlara aqrotexniki qaydada qulluq göstərməklə yetişdirərək kultivasiya etmiş, 16 iyun 2023-cü il tarixdə saat 18:30 radələrində Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri istifadə və kultivasiya etməkdə şübhəli bilinərək yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən həyətyanı sahədə ayrı-ayrılıqda əkilmiş, xeyli miqdar hesab edilən 9 (doqquz) ədəd ümumi təmiz çəkisi 1 kiloqram 300 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və işin digər halları ilə kifayət qədər sübuta yetmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Ağcabədi şəhərində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir və fərdi əmək fəaliyyəti ilə məşğul olur. Təxminən 3-4 ildir narkotik vasitənin marixuana növündən çəkmə yolu ilə istifadə edir. 2023-cü ilin təxminən mart ayında yaşadığı evin həyətyanı sahəsində özü bir neçə yerdə ümumilikdə 9 ədəd çətənə kolu əkmişdir. Həmin çətənə kollarının toxumunu əvvəllər istifadə etdiyi narkotik vasitə olan qurudulmuş marixuanadan əldə etmişdir. Əldə etdiyi narkotik vasitə olan qurudulmuş marixuananın içərisində olan toxumları saxlamışdır ki, narkotik vasitəyə olan tələbatını ödəmək üçün kiməsə pul verib almasın və özü əkib qurudub istifadə etsin. 16 iyun 2023-cü il tarixdə yaşadığı evdə olan zaman qapı döyülmüş, qapını açdıqda bir neçə nəfər şəxsin olduğunu görmüşdür. Həmin şəxslər ona xidməti vəsiqələrini təqdim edib Ağcabədi rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Ona yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkiləri əkib-becərməkdə, eləcə də narkotik vasitə istifadəsində şübhəli olduğunu bildirmişlər və yaşadığı evə və fərdi yaşayış evinə baxış keçirəcəklərini demişlər. Etiraz etməmiş və ərizə yazaraq yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra video çəkiliş vasitəsilə ilk olaraq yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Ona sual olunmuşdur ki, yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkiləri əkibsə əkdiyi yeri göstərsin. Yaşadığı evin həyətində narkotik tərkibli çətənə bitkisinin əkildiyi yeri göstərmişdir. Baxış zamanı onun 2023-cü ilin mart ayının təxminən əvvəllərində əkdiyi çətənə bitkiləri polis əməkdaşları tərəfindən aşkar edilmişdir. Yaşadığı evin həyətyanı sahəsinin müxtəlif yerlərində gizlin şəkildə əkdiyi 6 ədəd və qurutmaq üçün kökündən yenicə çıxarıb şiferin üstünə qoyduğu 3 ədəd çətənə bitkisi aşkar edilmişdir. Həmin 6 ədəd torpaqda olan çətənə bitkiləri polis əməkdaşları tərəfindən kökündən çıxarılmış, eləcə də 03 ədəd qurutmaq üçün yarımçıq tikilinin üzərində, şiferin üzərində olan çətənə bitkiləri polis əməkdaşları tərəfindən ağ polietilen torbada qablaşdırılmış, elektron tərəzidə çəkilmiş, möhürlənərək ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Torpaq sahəsində özü narkotik tərkibli çətənə bitkilərini əkmiş, özü qulluq etmiş, əkməkdə məqsədi gələcəkdə özü istifadə etmək olmuşdur. Sonra bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokolu imzalamışdır. Hazırda törətdiyi əməlindən peşmandır. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Ağcabədi rayon Polis Şöbəsində CAB-ın əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 16 iyun 2023-cü il tarixdə ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərinin qanunsuz olaraq əkib-becərməsi və kultivasiyası ilə məşğul olması, narkotik vasitələrin istifadəsi və saxlaması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı rəhbərliyə məruzə edildikdən sonra icrası ona həvalə edildiyindən tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi və əməliyyat qrupunun yaradılmasına dair qərar qəbul edilmişdir. Əməliyyat qrupunun tərkibində ondan başqa Ağcabədi RPŞ-nin TB-nin təhqiqatçısı polis mayoru X4, İTB-nin sahə polis nəfəri polis serjantı Şahid2 və İTBnin sahə polis nəfəri polis serjantı X6 olmuşdur. Bundan sonra həmin gün təxminən saat 18 radələrində ünvan 1 ünvanına, Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Bundan başqa həmin vaxt müvafiq rəy verməsi üçün Ağcabədi rayon İcra Hakimiyyətinin aparıcı mütəxəssisi, aqronom Şahid3 da onlarla bərabər getmişdir. Qeyd edilən tarixdə Təqsirləndirilən şəxs yaşadığı evə getmiş, qapını döymüşlər. Qapını Təqsirləndirilən şəxs özü açmışdır. Ona xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər, ona yaşadığı evə baxış keçiriləcəyini bildirdikdən sonra Təqsirləndirilən şəxs heç bir etiraz etməmiş, bu barədə ərizə yazmışdır. Bundan sonra video çəkişi vasitəsilə Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəyə baxış keçirmişlər. Video çəkilişi Elmir Şirinov həyata keçirirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində, fərdi yaşayış evinin arxa tərəfində, hasara alınmış hissədə bir ədəd narkotik tərkibli çətənə kollarına oxşar bitki kolları aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətində digər yerlərə baxış keçirilmişdir. Baxış zamanı digər qarğı ilə hasara alınmış hissədən ümumilikdə altı ədəd narkotik tərkibli çətənə biktilərinə oxşar bitki kolları aşkar edilmişdir. Daha sonra həyətyanı sahədə yerləşən yardımçı tikilinin üzərindən isə Təqsirləndirilən şəxs qurutmaq üçün yenicə sərdiyi üç ədəd yaş halda narkotik tərkibli çətənə kollarına oxşar bitki kolları aşkar edilmişdir. Daha sonra aşkar edilmiş çətənə kollarına oxşar bitki kolları birlikdə sayılmış, sayı 9 ədəd təşkil etmişdir. Aşkar olunan cəmi 9 ədəd narkotik tərkibli çətənə kolların bənzər bitkilər ağ rəngli sintetik torbaya qablşdırıldıqdan sonra çəkilmiş, qablaşdırılaraq ekspertizaya təqdim edilməsi üçün üzərinə DİN-in 143 saylı möhürü vurularaq götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş, baxışda iştirak edən şəxslər həmin protokolu imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərdi ki, Ağcabədi rayon İcra Hakimiyyəti Başçısı Aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi vəzifəsində işləyir. 16 iyun 2023-cü il tarixdə Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları onu dəvət edərək bir nəfər Ağcabədi şəhər sakininin yaşadığı evə baxış keçirilən zaman mütəxəssis qismində iştirak etməyini xahiş etmişlər. O da heç bir etiraz etməmiş və onlarla birlikdə sonradan adını Təqsirləndirilən şəxs kimi bildiyi şəxsin yaşadığı evə getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evə polis əməkdaşları tərəfindən baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində, fərdi yaşayış evinin arxa tərəfində, hasara alınmış hissədə altı ədəd narkotik tərkibli çətənə kollarına oxşar bitki kolları aşkar edilmişdir. Daha sonra həyətyanı sahədə yerləşən yardımçı tikilinin üzərindən isə Təqsirləndirilən şəxs qurutmaq üçün yenicə sərdiyi üç ədəd yaş halda narkotik tərkibli çətənə kollarına oxşar bitki kolları aşkar edilmişdir. Daha sonra aşkar edilmiş çətənə kollarına oxşar bitki kolları birlikdə sayılmış, sayı 9 ədəd təşkil etmişdir. Həmin bitki kolları qablaşdırılmış, elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Bu barədə tərtib edilmiş protokola imza etmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilmiş ümumilikdə 9 ədəd sayda bitkilər narkotik tərkibli çətənə bitkiləri olmuş və həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsinin məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 18/646 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərindəki ağ kağızda “...Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən..” sözləri yazılmış və imzalar olan sintetik torbada ümumi sayı 09 ədəd, yaş vəziyyətdə, ümumi çəkisi – 1300,0 qram olan bitki nümunələri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Çətənə (kannabis) bitkilərinin ümumi çəkisi 1300,0 qram, cəmi tədqiqata sərf edildi – 0,45 qram, qalıq- 1299,55 qram. İş materiallarına əlavə edilmiş sübutların qiymətləndirilməsi barədə xx.xx.2023-cü il tarixli qərar və arayışdan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş 09 ədəd, qalıq çəkisi 1299,55 qram narkotik tərkibli çətənə (kannabis) bitkiləri hazırkı iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Ağcabədi rayon Polis şöbəsinə təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1193 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir, narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Ağcabədi şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Ağcabədi şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyin verdiyi arayışdan və şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağı (xx.xx.2014-cü il, xx.xx.2016-cı və xx.xx.2020-ci il təvəllüdlü) vardır. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 49 manat 74 qəpik təşkil edir. İş materiallarına əlavə olunmuş Ağcabədi rayon X3 Hüquqi Şəxsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs poliklinikada nevroloji və narkoloji kabinetdə qeydiyyatda durmur. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə, azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bundan əlavə, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilər - Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilər: tiryək xaşxaşı, yağlı xaşxaşın digər növləri 2 ədəddən 10 ədədə kimi, çətənə növlü bitkilər isə 3 ədəddən 15 ədədə kimi xeyli miqdar hesab olunur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ilk dəfə olaraq az ağır cinayət törətməsini, əməlini etiraf edib səmimi peşman olmasını, himayəsində 3 azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və dərhal saxlandığı Ağcabədi rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən buraxılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinə kimi olan müddət nəzərə alınaraq ona təyin olunan azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalıdır. Məhkəmə, ilk dəfə olaraq az ağır cinayət törətməsi, əməlini etiraf edib səmimi peşman olması, himayəsində 3 azyaşlı uşağının olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması kimi şəxsiyyətini xarakterizə edən halları, cəza təyin edilməsində ədalət və humanizm prinsiplərini, habelə onun cəmiyyətdən təcrid olunmadan cəzanın məqsədlərinə nail olunması zərurətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs kimi tutulduğu müddət, yəni 2 (iki) gün (xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinə kimi olan müddət) bir günə iki gün hesabı ilə ona təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəza çəkmə müddətinin əvvəli - Təqsirləndirilən şəxs Ağcabədi rayon İcra və Probasiya şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası onun yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, maddi sübut kimi tanınaraq Ağcabədi rayon Polis şöbəsində saxlanılan narkotik tərkibli, qalıq çəkisi 1299,55 qram olan 09 ədəd çətənə bitkiləri məhv edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə məhkəmə xərci olan 49 manat 74 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib ona 2 (iki) il azadlığın məhdudlaşdırması cəzası təyin edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlama müddətini, yəni iki gün müddəti nəzərə alaraq, bir günə iki gün hesabı ilə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın; barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəza çəkmə müddətinin əvvəli - Təqsirləndirilən şəxs Ağcabədi rayon İcra və Probasiya şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ağcabədi rayon poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan Ağcabədi rayon Polis şöbəsində saxlanılan, qalıq çəkisi 1299,55 qram olan 09 ədəd narkotik tərkibli çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 49 manat 74 qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmün icrası - Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar