Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-158/2023 21.09.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs X2, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1991-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində bir nəfər azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Lənkaran rayonunun Diryan kəndində qeydiyyatda olan, Ağcabədi rayonunun Muğanlı kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs 23 aprel 2023-cü il tarixdə saat 01 radələrində Ağcabədi rayonunun Muğanlı kəndində yerləşən X3 məxsus olan fermadan, xırdabuynuzlu heyvanların saxlanıldığı tövlənin taxta qapısını əli ilə itələyib açmaqla saxlanc yerinə qanunsuz daxil olaraq oradan hər birinin dəyəri 160 manat olan, cəmi 480 manat dəyərində üç baş quzunu gizli olaraq talamaqla oğurluq edib zərər çəkmiş şəxs Nəriman Hüseynova 480 manat məbləğdə maddi ziyan vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən bir ildir ki, Ağdam rayonunun Üçoğlan kəndi ərazisində Bəxtiyar adlı şəxsə məxsus fermer təsərrüfatında çoban işləyir. Əvvəllər Ağcabədi rayon ərazisində müxtəlif fermer təsərrüfatında çoban işləmişdir. X2 tanıyır. 22 aprel 2023-cü il tarixdə saat 20 radələrində Ağcabədi rayonunun ərazisinə gəlmiş, Ağcabədi rayonunun Muğanlı kəndi ərazisində yerləşən çayxanada pivə içmişdir. 23 aprel 2023-cü il tarixdə saat 00:30 radələrində çayxanadan çıxıb avtomagistral yola tərəf gedərkən Nərimanın fermada olmadığını görmüşdür. O, içkili olduğundan və pula ehtiyacı olduğundan fermadan quzu oğurlamaq qərarına gəlmiş və bu məqsədlə fermer təsərrüfatına daxil olaraq quzular olan tövləyə yaxınlaşmış, yerdən ip götürüb tövləyə girmiş, 3 baş quzunun başına iplə bağlayıb tövlədən çıxararaq yolun digər tərəfinə, kanalın içinə düşüb oğurladığı quzuları Ağcabədi rayonunda yerləşən mal-qara bazarına aparmışdır. Saat 02 radələrində bazara çatmış və oğurladığı quzuları tanımadığı şəxslərə satmışdır. Əldə etdiyi pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Hazırda zərər çəkmiş şəxs X3 dəymiş ziyanı tam olaraq ödəmiş, hadisə ilə əlaqədar üzr istəyərək onunla barışmış və zərər çəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Törətdiyi əmələ görə peşmançılıq çəkir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin ifadəsi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə iclasında zərər çəkmiş şəxs X4 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Ağcabədi rayonu Muğanlı kəndində yaşayır. Həmin kəndin ərazisində özünə məxsus fermer təsərrüfatı vardır. 22 aprel 2023-cü il tarixdə saat təxminən 00:00 radələrində qardaşı oğlu Arzuman Hüseynovla birlikdə özünə məxsus olan 5 baş xırda buynuzlu quzunu Ağcabədi rayonunun ərazisində olan mal-qara bazarına satmağa aparmışdır. 23 aprel 2023-cü il tarixdə saat 03 radələrində fermer təsərrüfatına qayıdarkən quzuları saldığı tövlənin qapısının açıq olduğunu və quzularının çöldə olduğunu görmüşdür. Bundan sonra o, ətrafa baxmış və ətrafda heyvan olmadığını görmüşdür. Daha sonra, quzuları sayan zaman 3 baş xırda buynuzlu quzunun olmadığını görmüş və ətrafı axtarsa da həmin quzuları tapa bilməmişdir. Həmin quzuların oğurlandığını bilib bu barədə Ağcabədi RPŞ-yə ərizə vermişdir. Sonradan ona məlum olmuşdur ki, həmin quzuları Təqsirləndirilən şəxs oğurlamışdır. Oğurluq nəticəsində ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmiş, ondan üzr istəmiş, o da Təqsirləndirilən şəxs ilə barışmış və Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs köməklik olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmədə iştirak etməsə də, Şahid ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də təsdiq olunduğundan məhkəmə onun ifadəsini iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi rayon mal-qara alqısatqı bazarının 28 iyul 2023-cü il tarixli məktubdan görünür ki, 2023-cü ilin aprel ayı ərzində Ağcabədi rayon mal-qara alqı-satqı bazarında 8 aylıq, diri çəkiləri 25 kiloqram olan dişi quzu 160 manat satılmışdır. Odur ki, 2023-cü ilin aprel ayı ərzində satış qiyməti 8 aylıq, diri çəkiləri 25 kiloqram olan 3 (üç) baş dişi quzu 480 manat təşkil edir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 04 avqust 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək, 23 aprel 2023-cü il tarixdə saat 01 radələrində Ağcabədi rayonunun Muğanlı kəndində yerləşən X3 məxsus olan fermadan, xırdabuynuzlu heyvanların saxlanıldığı tövlənin taxta qapısını əli ilə itələyib açmaqla saxlanc yerinə qanunsuz daxil olaraq oradan hər birinin dəyəri 160 manat olan, cəmi 480 manat dəyərində üç baş quzunu gizli olaraq talamaqla oğurluq edib zərər çəkmiş şəxs Nəriman Hüseynova 480 manat məbləğdə maddi ziyan vurması məhkəmə istintaqında tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin dispozisiyasında oğurluğa görə məsuliyyət özgənin əmlakını gizli olaraq talandığı hallarda yaranır. Həmin Məcəllənin 177.2.3-cü maddələrinin dispozisiyasına görə məsuliyyət yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə yaranır. Həmin Məcəllənin 177-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Belə olan halda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, zərər çəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Lənkəran rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 24 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 16 may 2023-cü il tarixədə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs 24 may 2023-cü il tarixdən 26 may 2023-cü il tarixədək həbsdə saxlanıldığı iki gün həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılıb üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və hökmün icrası Lənkəran rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. İşdə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona bir il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 may 2023-cü il tarixdən 26 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş bir il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılaraq üzərində qəti olaraq bir il beş ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Lənkəran rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №1(017)-158/2023
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-158/2023
21.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver