Məhkəmə qərarları › İş №1(017)-16/2025

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-16/2025

11.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-16/2025 11.02.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Ağayev Seyid - Əzim Nağı oğlunun, müdafiəçi Ağcabədi rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 2000-ci il tarixdə Ağcabədi rayonunun Poladlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Ağcabədi rayonu Poladlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən tamah niyyəti ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq talama məqsədilə 17 noyabr 2024-cü il tarixdə saat 23:30 radələrində Ağcabədi rayonu Poladlı kəndi ərazisində yerləşən həmin kənd sakini Zərərçəkmiş şəxs həmin kənd ərazisində məxsus tikilməkdə olan fərdi yaşayış evinin həyətində yerləşən saxlanc yeri hesab edilən yardımçı tikilinin pəncərəsindəki toru əli ilə cıraraq pəncərədən saxlanc yerinə qanunsuz daxil olaraq orada olan 500 manat dəyərində bir ədəd “İnter” markalı elektrikli mişarı, 500 manat dəyərində bir ədəd “Bosch”markalı elektrikli mişarını, 200 manat dəyərində bir ədəd “Bosch” markalı direli, bir metri 1 manat olmaqla 100 manat dəyərində 6 mm diametrli 100 metr uzunluğunda elektrik naqilini, 50 manat dəyərində 70 mm uzunluğunda bir qutu mismarı, bir qutusu 50 manat olmaqla 1000 manat dəyərində 30 mm uzunluğunda 20 qutu vinti, bir ədədi 8 manat 30 qəpik olmaqla 249 manat dəyərində 2 metr uzunluğunda 30 ədəd dam örtüyünün bəzəyini (karniz) qazanc əldə etmək niyyəti ilə gizli talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 2599 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra AR CM-nin) 177.2.3-cü maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Ailəlidir, bir az yaşlı övladı var. Qaraciyər serrozundan əziyyət çəkir. Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır. Onun Şəmsəddinlə normal münasibətləri olmuş, heç bir ədavət və düşmənçiliyi olmamışdır. Onun maddi sıxıntıları olduğu üçün müalicə almağa pulu olmayıb. Bu səbəbdən hər gün yanından keçib getdiyi onlarla qonşuluqda yerləşən Zərərçəkmiş şəxs yeni inşa etdiyi evin həyətində qiymətli hər hansı əşya olduğunu düşünmüş və həmin əşyaları oğurlayıb satmaq istəmişdir. Bu səbəblə xx.xx.2024-cü il tarixində saat 23:30 radələrində o, Zərərçəkmiş şəxs yeni inşa etdirdiyi evin həyətinə açıq qapıdan daxil olmuşdur. Həyətdə heçnə tapmadığı üçün evin həyətində yerləşən yardımçı tikilinin pəncərəsində olan toru cıraraq içəri daxil olmuşdur. İçəridə olan 2 ədəd laqondanı, 1 ədəd direli, bir top elektrik naqilini, 30 ədəd təxminən iki metr uzunluğunda düz karniz və təxminə 10 kiloqram mismar və şrupu götürmüşdür. Sonra o, pəncərədən çıxaraq oğurladığı əşyaları anasının yaşadığı evə aparmış və evin üstündə gizlətmişdir. Sonra həmin əşyaları götürüb öz evlərinə aparmış və evin damında gizlətmiş və həmin əşyaları satmaq qərarına gəlmişdir. 19 noyabr 2024-cü il tarixdə oğurladığı direli və naqilin bir hissəsini götürərək Ağdam rayonu Quzanlı qəsəbəsinə getmiş və orada tanımadığı şəxsə ikisini 40 manata satmışdır. O, həmin əşyaların özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. O, əldə etdiyi pulu evin şəxsi ehtiyaclarına xərcləmişdir. xx.xx.2024-cü il tarixində o, yaşadığı Poladlı kəndində əvvəlcədən tanıdığı Elməddini görmüş və onun bir nəfər şəxslə odun satdığını bilmişdir. O, onlara yaxınlaşaraq görüşmüş, həmin şəxsin adının Radil olduğunu Əlvan deyə tanındığını bilmişdir. O, Elməddinə onun özünə məxsus elektrik mişarları olduğunu, pula ehtiyacı olduğu üçün satmaq istədiyini demişdir. Elməddin həmin əşyaları haradan aldığını soruşduqda o, tikintidə işlədiyini, həmin əşyaların özünə məxsus olduğunu, əvvəllər Ağdam rayonunda işlədiyini, indi isə işsiz olduğu üçün satmaq istədiyini bildirmişdir. Elməddin isə onun ehtiyacının olmadığını, lakin Radildən soruşmağını onun bəlkə həmin əşyaları almaq istəyəcəyini demişdir. O, Radilə istəyirsə gedib baxmağı, xoşu gəlsə alacağını bildirmişdir. Radildə onunla yaşadığı evə getmişdir. Radil həmin əşyalara baxaraq laqondaları və ona qoşulu olan naqili almaq istədiyini demişdir. O, ondan 80 manat istəmiş, lakin Radil ona 50 manat verəcəyini demişdir. Radil hal-hazırda pulunun olmadığını, lakin odunu satıb pulunu verə biləcəyini demişdir. Bundan sonra Radil ilə Taynaq kəndinə gedərək odunu satmış, daha sonra Radil ilə birlikdə yaşadığı ünvana gələrək ondan 50 manat almış və iki ədəd laqondanı, eləcə də ona qoşulu olan naqili Radilə vermişdir. Digər mismar, şrup və karnizləri satmaq fikri olmamışdır. Həmin əşyaları nə vaxtsa evi təmir etdirsə orada istifadə etmək üçün saxlamışdır. Buna görə də o, həmin əşyaları Radilə göstərməmişdir. Daha sonra polis əməkdaşları onlara gəlmişlər və o, həmin mismar, şrup və karnizləri polis əməkdaşlarına təqdim etmişdir. Etdiyi əməldən peşman olduğunu və gələcəkdə bir daha belə bir əməl etməyəcəyinə söz verdiyini bildirmişdir. Zərərçəkmiş şəxs bildirdiyi kimi, o, oradan 2 ədəd laqondanı, 1 ədəd direli, bir top elektrik naqilini, 30 ədəd təxminən iki metr uzunluğunda düz karniz və təxminən 10 kiloqram mismar və şrupu oğurlamışdır. O, bu əşyalardan əlavə həmin ünvandan başqa heç bir əşya oğurlamamışdır. Hadisəni o, özü tək törətmiş, yanında heç kim olmamışdır. O, 2 ədəd laqondanı və naqili tanışı Elməddinin yanında gələn Radil adlı şəxsə 50 manat qarşılığında satmışdır. Hazırda törətdiyi əməldən çox peşman olmasını, ilk dəfə olaraq az ağır cinayət törətməsini, himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə dəymiş zərərdən ödənilməmiş qalan 265 manatı qısa vaxtda verəcəyinə söz verməsini, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin olmamasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, o, yuxarıda göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olur. Ağcabədi rayonu, Poladlı kənd sakini Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Sahil onun həmkəndlisidir. Onun Sahil ilə normal münasibətləri olmuş, heç bir ədavət və düşmənçiliyi olmamışdır. O, yaşadığı kənd ərazisində fərdi yaşayış evi tikir. Həmin yaşayış evi hələ ki, yarımçıq vəziyyətdədir. Həyətinə girişin qapısı və darvazası yoxdur. Həmin fərdi yaşayış evinin həyətində yardımçı tikili var. 23 noyabr 2024-cü il tarixdə o, həmin həyətə getmişdir. Ora baxan zaman həyətdə olan yardımçı tikilinin pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüşdür. O, içəri girib baxan zaman içəridə olan əşyalara ətraflı baxan zaman həmin yarımtikilidə olan ona məxsus iki ədəd elektrikli mişarın (laqonda), bir ədəd direlin, 100 metr uzunluğunda elektrik naqilinin, 20 qutu şrupun, bir qutu mismarın və 30 ədəd karnizin yerində olmadığını görmüşdür. Bundan sonra o, Ağcabədi rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək əşyalarının oğurlandığını bildirmişdir. Sonra ona məxsus tikilməkdə olan fərdi yaşayış evinin həyətində olan yardımçı tikilidə olan əşyaların həmkəndlisi Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını öyrənmişdir. O, sonuncu dəfə 17 noyabr 2024-cü il tarixdə ora getmiş və həmin zaman qeyd edilən əşyalar orada olmuşdur. 23 noyabr 2024-cü il tarixdə saat 11 radələrində ora gedən zaman əşyaların oğurlandığının şahidi olmuşdur. Oğurluq hadisəsi 17-23 noyabr tarixləri arasında baş vermişdir. Təqsirləndirilən şəxs əşyaları ona məxsus tikilməkdə olan fərdi yaşayış evinin həyətindəki qapısı bağlı saxlanc yeri olan yardımçı tikilidən götürmüşdür. Ona məxsus olan fərdi yaşayış evinin həyətindəki yardımçı tikilidən oğurlanmış iki ədəd elektrik mişarından bir ədədi “İnter” markalı, digər ədədi “Bosch” markalı, oğurlanmış bir ədəd direl “Bosch” markalı, elektrik naqili 6 mm diametrində, mismar 70 mm uzunluğunda, şrup 30 mm uzunluğunda, 30 ədəd karniz isə 2 metr uzunluğunda dam örtüyünün bəzəyi olmuşlar. Bir ədəd “İnter” markalı elektrikli mişarı 500 manat, bir ədəd “Bosch”markalı elektrikli mişarı 500 manat, bir ədəd “Bosch” markalı direl 200 manat, elektrik naqilinin bir metri 1 manat olmaqla 100 metri 100 manat, bir qutu mismar 50 manat, şrupun bir qutusu 50 manat olmaqla 20 qutusu 1000 manat, karnizin isə bir ədədi 8 manat 30 qəpik olmaqla 30 ədədi 249 manat olmaqla ümumilikdə ona 2599 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda o, məhkəməyə ərizə təqdim edərək bildirdi ki, Təqsirləndirilən şəxs ona dəymiş zərərdən ödənilməmiş qalan 265 manatı qısa vaxtda verəcəyinə söz vermişdir. Ona görə onunla razılaşmışdır. O, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki Təqsirləndirilən şəxs barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadə verərək göstərdi ki, o ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2024-cü il tarixində səhər saatlarında dostu Şahid1 ilə birlikdə onun traktoru ilə Poladlı kəndinə odun satmağa getmişlər. Bir müddət sonra adının Sahil olduğunu bildiyi şəxs onlara yaxınlaşmışdır. O, Sahil ilə təxminən 4 il əvvəl internet xəttləri çəkilən zaman tanış olmuşdur. Sahil onunla salamlaşaraq söhbət etdikdən sonra laqonda satdığını demişdir. O, isə artıq laqonda işlətmədiyini demişdir. Daha sonra Radil yanına gəlmiş, Sahil Radilə də laqonda satmağı təklif etmişdir. Radil ona işlək olubolmadığını, oğurluq olub-olmadığını soruşmuşdur. Sahil and içərək oğurluq əşya olmadığını, əvvəllər Ağdam rayon ərazisində tikintidə işlədiyini, hazırda işsiz olduğunu, pula ehtiyacı olduğu üçün satdığını demişdir. Radil ondan qiymətini soruşduqda Sahil laqondalara baxmağını, qiymətdə razılaşacaqlarını demişdir. Bundan sonra onlar Sahilgilə getmişlər və həyətdə olan yardımçı tikilidə Sahil onlara iki ədəd laqondanı və onların yanında olan kabeli göstərmişdir. Radil həmin laqondlara baxıb işlənmiş olduğunu, birinin naqilinin olmadığını, yararsız olduğunu demişdir. Sahil isə işləyəcəyini demişdir. Radil həmin laqondaları ondan ikisini 50 manata almağa razılaşmışdır. Radil Sahilə pulunun olmadığını, odunu satıb verəcəyini demişdir. Daha sonra Radil odunu satdıqdan sonra Sahilə 50 manat pul vermiş və həmin laqondaları almışdır. O, Sahildən hər hansı əşya almamışdır. Zərərçəkmiş şəxs tanımır, onun evinin harada yerləşdiyini bilmir. O, Sahildən başqa heç bir əşya almamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 25.11.224-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilkin sübutların məcmusu ilə kifayət qədər sübuta yetirildiyi üçün 25 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, 25 noyabr 2024-cü il tarixdə təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham etmək haqqında qərardan görünür ki, 20 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihama əlavə və dəyişikliklər edilməklə ona yenidən həmin məcəllənin 177.2.3-cü maddəsi ilə ittiham elan edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında qərardan görünür ki, 20 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində 25 noyabr 2024-cü il tarixdə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Cinayət işinin tam, hərtərəfli və obyektiv aparılması məqsədi ilə əməliyyat tapşırığı verilmiş, əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs oğurluq hadisəsi törətməsində başqa şəxs və ya şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib-etməməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilərək yoxlanılmış, lakin müsbət nəticə əldə olunmamışdır. Həmçinin Şahid2 və Şahid1 arasında qabaqcadan razılaşma olmaması, Şahid2 və Şahid1 həmin əşyaların oğurluq olmasını bilməmələri müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən bir ədəd direl və 100 metr uzunluğundan elektrik naqili oğurlaması, oğurladığı bir ədəd direli və naqilin bir hissəsini satdığı müəyyən edilmiş, lakin satdığı şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında əvvəlcədən ədavət olmaması, Təqsirləndirilən şəxs rayon ərazisində baş vermiş digər cinayətlərdə iştirak etməməsi müəyyən edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi RMX-dan verilmiş xx.xx.2024-cü il tarixli tibbi arayışdan görünür ki, Səfərli X3 rayon MX-da ruhi-əsəb və narkoloji kabinetində dispanser qeydiyyatda durmur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən alınan xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş “Əli” firmasından alınmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 2024-cü ilin noyabr ayı ərzində “Əli” firmasında bir ədəd “İnter” markalı elektrikli mişarı 500 manata, bir ədəd “Bosch”markalı elektrikli mişarı 500 manata, bir ədəd “Bosch” markalı direl 200 manata, 6 mm diametrli elektrik naqilinin bir metri 1 manat olmaqla 100 metri 100 manata, 70 mm uzunluğunda bir qutu mismar 50 manata, 30 mm uzunluğunda vintin bir qutusu 50 manat olmaqla 20 qutusu 1000 manata, 2 metr uzunluğunda dam örtüyünün bəzəyinin (karniz) bir ədəd 8 manat 30 qəpik olmaqla 30 ədədi 249 manata satılmışdır. Odur ki, 2024-cü ilin dekabr ayı ərzində bir ədəd “İnter” markalı elektrik mişarının, bir ədəd “Bosch” markalı elektrik mişarının, bir ədəd “Bosch” markalı direlin, 6 mm diametrində olan 100 metr uzunluqda elektrik naqilinin, 70 mm uzunluğunda bir qutu mismarın, 30 mm uzunluğunda 20 qutu vintin, 2 metr uzunluğunda 30 ədəd dam örtüyünün bəzəyinin (karniz) satış qiyməti ümumilikdə 2599 manat təşkil etmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli üzləşdirmə haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid1 və Şahid2 arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs Şahid1 və Şahid2 həmin əşyaların oğurluq olması barədə məlumatlarının olmadığını bildirmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti aparılmış və Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində göstərərək ifadəsini bir daha təsdiq etmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 19 dekabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 30 ədəd 2 metr uzunluğunda dam örtüyünün bəzəyi, bir ədəd sellofan torbada olan mismar və vint, Şahid1 təqdim etdiyi bir ədəd “İnter” markalı elektrikli mişarı, bir ədəd “Bosch” markalı elektrikli mişarı və elektrik naqili maddi sübut olaraq tanınmış və cinayət işinin iştirakçıları maddi sübutlarla tanış olduqdan sonra saxlanması üçün sahibi olan Zərərçəkmiş şəxs qaytarılmışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş zərərdən ödənilməmiş qalan 265 manatı qısa vaxtda verəcəyinə söz vermişdir. Ona görə onunla razılaşmışdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti yoxdur. Odur ki Təqsirləndirilən şəxs barəsində yüngül cəza verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, ona elan olunmuş ittiham aktı üzrə özünü təqsirli bilir, törətdiyi əmələ görə çox peşmandır, zərərçəkmiş şəxsə dəymiş zərərdən ödənilməmiş qalan 265 manatı qısa vaxtda verəcəyinə söz verir. Zərərçəkmiş şəxslə barışmış və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti yoxdur. Odur ki, barəsində olan cinayət işi üzrə ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi rayon İHB-nın Poladlı kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 02 dekabr 2024-cü il tarixli arayışdan görünür ki, Səfərli X3 rayonu Poladlı kəndində yaşayış. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi rayon İHB-nın Poladlı kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 02 dekabr 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, xx xxxxxx 2000-ci il təvəllüdlü Ağcabədi rayonu Poladlı kənd sakini Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 2000-ci il təvəllüdlü Ağcabədi rayonu Poladlı kənd sakini Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı X4 (xx.xx.2020-ci il təvəllüdlü) adlı uşağı var. Beləliklə, məhkəmə istintaqında araşdırılmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, onun əməli AR CM-nin 177.2.3-cü madəsilə düzgün tövsif edilmişdir. Törədilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Ona görə Təqsirləndirilən şəxs təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Oğurluq, soyğunçuluq və quldurluğa dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 2-ci bəndində göstərilmişdir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsada onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 19-cu bəndində göstərilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədi ilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə , habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və sair kimi hərəkətlər də aiddir. İnsan Hüquqları və X1 haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə olaraq az ağır cinayət törətməsini, törətdiyi əməldən peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə barışmasını və himayəsində bir azyaşlı uşağının olamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Barəsində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini və onun cəmiyyətdən təcrid olunmadan nəzarət altında saxlanmaqla islah olunmasının mümkünlüyünü nəzərə alaraq Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun Ağcabədi rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası məhkumun yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 23 noyabr 2024-cü il tarixdən 25 noyabr 2024-cü il tarixədək olan iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəzasının 4 günü, təyin edilmiş cəzasından çıxılmalıdır. İş üzrə 30 ədəd 2 metr uzunluğunda dam örtüyünün bəzəyi, bir ədəd sellofan torbada olan mismar və vint, Şahid1 təqdim etdiyi bir ədəd “İnter” markalı elektrikli mişarı, bir ədəd “Bosch” markalı elektrikli mişarı və elektrik naqili iş üçün heç bir əhəmiyyət kəsb etmədiyindən Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs maddi imkanı olmadığına görə məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 iş saatı üçün 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci və xüsusi müsadirənin olamamsı nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, iki il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 noyabr 2024-cü il tarixdən 25 noyabr 2024-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla azadlığın məhdudlaşdırılması cəzasının dörd günü, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq bir il on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Ağcabədi rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası məhkumun yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 30 ədəd 2 metr uzunluğunda dam örtüyünün bəzəyi, bir ədəd sellofan torbada olan mismar və vint, Şahid1 təqdim etdiyi bir ədəd “İnter” markalı elektrikli mişarı, bir ədəd “Bosch” markalı elektrikli mişarı və elektrik naqili iş üçün heç bir əhəmiyyət kəsb etmədiyindən Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia, ekspertiza xərci və xüsusi müsadirənin olamamsı nəzərə alınsın. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 20 iş saatı üçün 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətinə Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar