Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-160/2023 19.10.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxx 1980-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs 25 may 2023-cü il tarixdə saat 14 radələrində Ağcabədi rayonunun Avşar kəndinin ərazisindəki otlaq sahəsindən həmin kənd sakini Zərərçəkmiş şəxs məxsus bir baş iri buynuzlu inəyi gizli olaraq talamaqla oğurluq edib Zərərçəkmiş şəxs iki min manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 25 may 2023-cü il tarixdə saat 10 radələrində Ağcabədi rayonunun Avşar kəndinin ərazisindən keçən “Qarabağ” kanalından balıq tutmağa getmişdir. Saat 14 radələrində yaşadığı evə qayıdarkən otlaq sahədə iri buynuzlu heyvanların otladığını görmüşdür. Maddi çətinlikləri olduğu üçün həmin heyvanlardan birinu oğurlamaq qərarına gəlmişdir. Ətrafa baxmış və heç kimin olmadığını görüb həmin heyvanlardan bir baş inəyi meşə tərəfə aparmış, daha sonra həmin yolla inəyi yaşadığı evə gətirmiş və həyətə salmışdır. Həmin vaxt evdə heç kim olmamışdır. Saat 18 radələrində küçəyə çıxaraq Şahid yaxınlaşıb özünə məxsus bir baş inəyinin olduğunu, pula ehtiyacı olduğu üçün həmin inəyi satmaq istədiyini bildirərək onu Bərdə rayonunda yerləşən mal bazarına aparmağını xahiş etmişdir. Şahid onunla razılaşmış və 30 manat yol pulu alacağını bildirmişdir. O, Abbasla razılaşmış və həmin gecə inəyi Abbasa məxsus avtomobillə Bərdə rayonuna aparmışdır. Bərdə rayonunda yerləşən mal bazarında inəyi avtomobildən düşürmüş və Abbasa 30 manat yol pulu verdikdən sonra Abbas Ağcabədi şəhərinə qayıtmışdır. İnəyi bazarda tanımadığı şəxsə 900 manata satmışdır. Əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin inək Ağcabədi rayonunun Avşar kənd sakini Zərərçəkmiş şəxs məxsus olmuşdur. Hazırda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş ziyandan 1000 manat ödəmiş və qalan 1000 manat ziyanı da yaxın vaxtlarda ödəyəcəyinə söz vermişdir. Hadisə ilə əlaqədar zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs üzr istəyir və onu bağışlamasını xahiş etmişdir. Törətdiyi əmələ görə peşmançılıq çəkir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin ifadəsi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ailələ üzvləri ilə birlikdə Ağcabədi rayonunun Avşar kəndində yaşayır və yaşadığı kəndin ərazisində fermer təsərrüfatı ilə məşğul olur. Həmin fermer təsərrüfatında qoyun və inək heyvanları saxlayır. Həmin fermer təsərrüfatında 33 baş xırda buynuzlu heyvanı və 27 baş iri buynuzlu inək heyvanı vardır. İri buynuzlu heyvanları hər gün səhər saatlarında otlaq sahəsinə aparır və axşam saatlarında da gəlib otlaq sahəsindən fermer təsərrüfatına aparır. 25 may 2023-cü il tarixdə səhər saatlarında 19 baş iribuynuzlu heyvanı otlaq sahəsinə buraxmış və saat 19 radələrində heyvanları sahədən gətirmək üçün getmişdir. Həmin vaxt bir baş inək heyvanının olmadığını görmüş, heyvanı axtarsa da tapa bilməmişdir. Səhəri günü yenə də ətraf əraziləri axtarsa da, inəyi tapa bilməmişdir. Bundan sonra, heyvanın oğurlandığını başa düşmüş və bu barədə polisə məlumat vermişdir. Bir baş inəyinin oğurlanması nəticəsində ona 2000 manat məbləğində maddi ziyan dəymişdir. Sonradan ona məlum olmuşdur ki, həmin inəyi Təqsirləndirilən şəxs oğurlamışdır. Oğurluq nəticəsində ona dəymiş ziyandan Təqsirləndirilən şəxs tərəfindən 1000 manat ödənilmiş və ödənilməmiş qalan 1000 manat ziyanı tələb edir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmədə iştirak etməsə də, Şahid ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də təsdiq olunduğundan məhkəmə onun ifadəsini iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi rayon mal-qara alqısatqı bazarının 08 avqust 2023-cü il tarixli məktubdan görünür ki, 2023-cü ilin may ayı ərzində Ağcabədi rayon mal-qara alqı-satqı bazarında 4 yaşında, üç qarın bala doğmuş, təxminən 400 kiloqram diri çəkisi olan bir baş inək heyvanı 2000 manat satılmışdır. Odur ki, 4 yaşında, üç qarın bala doğmuş, təxminən 400 kiloqram diri çəkisi olan bir baş inək heyvanının 2023-cü ilin may ayı ərzində satış qiyməti 2000 manat olmuşdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 15 sentyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, oğurluq nəticəsində ona 2000 manat ziyan dəymiş, həmin ziyandan Təqsirləndirilən şəxs tərəfindən ona 1000 manat ödənilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 17 avqust 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək, 25 may 2023-cü il tarixdə saat 14 radələrində Ağcabədi rayonunun Avşar kəndinin ərazisindəki otlaq sahəsindən həmin kənd sakini Zərərçəkmiş şəxs məxsus bir baş iri buynuzlu inəyi gizli olaraq talamaqla oğurluq edib Zərərçəkmiş şəxs iki min manat maddi ziyan vurması məhkəmə istintaqında tam sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın qismən ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Ağcabədi rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 12 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 14 avqust 2023-cü il tarixədə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs 12 avqust 2023-cü il tarixdən 14 avqust 2023-cü il tarixədək həbsdə saxlanıldığı iki gün həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılıb üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və hökmün icrası Ağcabədi rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. İş materiallarından görünür ki, cinayət nəticəsində Zərərçəkmiş şəxs dəymiş ziyandan 1000 manat ödənilməmiş qalmış və Zərərçəkmiş şəxs tərəfindən mülki iddia verilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Zərərçəkmiş şəxs göstərilən qanuna riayət etmədiyi üçün ona izah edilməlidir ki, gələcəkdə təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyanla bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-150-ci maddələrinin tələblərinə riayət etməklə aidiyyəti məhkəmədə iddia qaldırmaq hüquqları vardır. İşdə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona bir il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 avqust 2023-cü il tarixdən 14 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş bir il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılaraq üzərində qəti olaraq bir il beş ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Ağcabədi rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Ağcabədi rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №1(017)-160/2023
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-160/2023
19.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver