Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-161/2023 19.10.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 2000-ci il tarixdə Xocavənd rayonunun Əmirallar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Xocavənd rayonunun Əmirallar kəndində qeydiyyatda olan, məcburi köçkün kimi Ağcabədi rayonunun Ergi ərazisində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs 14 aprel 2023-cü il tarixdə saat 09 radələrində Ağcabədi rayonunun ərazisində yerləşən “Ergi” düzünün Ağcabədi rayonunun Muğanlı kəndinə aid hissəsində, atası X1 istifadəsində olan torpaq sahəsində tikinti işləri apararkən qonşusu Zərərçəkmiş şəxs onun yanına gələrək tikinti işlərini dayandırmasını tələb edərkən aralarında mübahisə yaranmış və mübahisə zamanı əlində olan təsərrüfat çəkici ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir dəfə vuraraq Zərərçəkmiş şəxs həyat üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin ümumilikdə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sol gözün üst və alt qapaqlarında qançırlar və sol almacıq sümüyünün qəlpəli sınığı kimi xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Ağcabədi rayonunun Ergi adlanan ərazisində torpaq sahələri vardır və həmin sahədə soğan əkib-becərməklə məşqul olurlar. Zərərçəkmiş şəxs onunla qonşu ərazidə yaşayır. 2023-cü ilin aprel ayının əvvəllərində soğanın alağını etmək üçün Vasif adlı şəxslə danışmışlar və Vasif özünə məxsus avtomobillə işçi qadınları alaq etməyə gətirmişdir. Vasif işçi qadınlar üçün sahədə müvəqqəti sanitar qovşağ tikməsini ona demişdir. O, da sanitar qovşağ tikmək üçün çadır alməş və 14 aprel 2023-cü il tarixdə səhər saatlarında idarə etdiyi Vaz-21011 markalı avtomobillə sahəyə getmişdir. Həmin vaxt Sahil onların yerini suvarmış, Sahildən sanitar qovşağ tikmək üçün ona köməklik etməsini xahiş etmişdir. O, gedib avtomobildən çadırı və bir neçə ağaz parçasını gətirmiş, Sahillə sanitar qovşağ tikərkən Sahil suyun yerini dəyişməyə getmiş, bundan bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs onun yanına gəlmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs sanitar qovşağ həmin ərazidə tikməməsini ona demiş, o atasının sanitar qovşağ həmin ərizidə tikməsini ona tapşırdığını demiş, Allahverdi yenə də sanitar qovşağı həmin ərazidə tikməməsini bildirib əl ataraq çadırı çırmaq istəmiş və çadırı dartıb yerə salmışdır. O, həmin ərazinin onlara məxsus olmasını Allahverdiyə bildirərkən Allahverdi onun çiynindən tutub “gəl gedək söhbət edək” sözlərini demiş, o atası ilə danışmasına Allahverdiyə deyərkən Allahverdi atasının və onun ünvanına nalayiq ifadələr işlətmiş və yumruqla sifət nahiyəsindən vurmuşdur. O, da əsəbləşib əlində olan çəkici Allahverdiyə tərəf atmış, çəkic Allahverdinin sifət nahiyəsinə dəymişdir. Hazırda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs üzr istəyib onunla barışmaq istəsə də, Zərərçəkmiş şəxs onunla barışmamışdır. Hazırda törətdiyi əmələ görə peşmançılıq çəkir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin ifadəsi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 1993-cü ildən ailə üzvləri ilə məcburi köçkün kimi Ağcabədi rayonunun Ergi ərazisində məskunlaşmışlar. Həmin ərazidə 5 ha torpaq sahəsini icarəyə götürüb təsərüffatla məşqul olurlar. Təqsirləndirilən şəxs ailə üzvləri ilə onlarla qonşu ərazidə torpaq sahəsi götürüb təsərüffatla məşqul olurlar. 14 aprel 2023-cü il tarixdə saat 09 radələrində yaşadığı evdən təxminən 50-60 metr məsafədə yerləşən iri buynuzlu heyvanları saxlamaq üçün tikdirdikləri çardağın yaxınlığında 3 nəfər şəxsin sanitar qovşağ tikdiklərini görüb onların yanına getmişdir. Həmin vaxt Vüsal, Sahil və Vasif onların çardağın yaxınlığında öz yerlərində sanitar qovşağ tikdiklərini görüb Sahilə «bura sanitar qovşağ yeri deyil, bunu burada tikmiyin» sözlərini demişdir. Həmin vaxt Vüsal kənardan «öz yerimizdi, harada istəsəm orada tikəcəm» cavabını vermişdir. O, bir daha “bura sizin yerinizdi, ancaq bizim evin qarşısına düşür, sənin evinin qarşısında tiksələr razı olarsan” sözlərini demiş, Vüsal əlində dəmir çəkiclə ona tərəf gələ-gələ «atam deyib burada tik, mən də tikəcəm» sözlərini demişdir. O, yaxınlaşıb əli ilə çadırı kənara çəkmiş, həmin vaxt Sahil və Vasif onu kənara çəkmişlər ki, dava düşməsin. O, üzünü cevirmək istəyən zaman Vüsal əlində olan çəkiclə sifət nahiyəsinə bir zərbə vurmuş, o özünü itirmişdir. Bir qədər sonra atası gəlmiş, onu rayon mərkəzi xəstəxanasına aparmışdır. Hadisə nəticəsində sifətindən xəsarət almış, iki dəfə əməliyyat olunmuş və yenə də əməliyyat olunmalıdır. Təxminən ona 4700 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmişdir və hazırda da Təqsirləndirilən şəxs ilə barışmır və ona qanuni cəza verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmədə iştirak etməsə də, şahidlər Şahid1 və X2 ibtidai istintaq zamanı vermiş olduqları və məhkəmə iclasında elan edilmiş ifadələri ilə də təsdiq olunduğundan məhkəmə onların ifadələrini iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETTB Publik hüquqi şəxsin Ağcabədi rayon şöbəsinin 15 aprel 2023cü il tarixli 223 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol gözün üst və alt göz qapaqlarında qançırlar, sol almacıq sümüyünün qəlpəli sınığı küt əşyanın təsirindən törənmişdir, yetirilmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazriliyinin Məhkəmə-Tibbi Ekspertizası və Patoloji anatomiya birliyi Publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli T453/2023 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol gözün üst və alt göz qapaqlarının qançırları, sol almacıq və burun sümüynünün qəlpəli sınığı olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, kənar şəxs tərəfindən çəkic ilə zərbə yetirilməsi nəticəsində əmələ gələ bilər, törənmə müddəti xx.xx.2023-cü ilə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək, 14 aprel 2023-cü il tarixdə saat 09 radələrində Ağcabədi rayonunun ərazisində yerləşən “Ergi” düzünün Ağcabədi rayonunun Muğanlı kəndinə aid hissəsində, atası X1 istifadəsində olan torpaq sahəsində tikinti işləri apararkən qonşusu Zərərçəkmiş şəxs onun yanına gələrək tikinti işlərini dayandırmasını tələb edərkən aralarında mübahisə yaranması və mübahisə zamanı əlində olan təsərrüfat çəkici ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir dəfə vuraraq Zərərçəkmiş şəxs həyat üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin ümumilikdə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sol gözün üst və alt qapaqlarında qançırlar və sol almacıq sümüyünün qəlpəli sınığı kimi xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən az ağır zərər vurması məhkəmə istintaqında tam sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, Xocavənd rayonunun Əmirallar kəndindən məcburi köçkün olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Ağcabədi rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və hökmün icrası Ağcabədi rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Məhkəmə baxışı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs cinayət nəticəsində ona 4700 manat ziyan dəydiyini və həmin ziyanın ödənilmədiyini göstərmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izah edilməlidir ki, gələcəkdə təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanla bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-150-ci maddələrinin tələblərinə riayət etməklə aidiyyəti məhkəmədə iddia qaldırmaq hüquqları vardır. İşdə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona bir il üç ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Ağcabədi rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Ağcabədi rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №1(017)-161/2023
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-161/2023
19.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver