Məhkəmə qərarları › İş №1(017)-164/2024

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-164/2024

04.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-164/2024 04.12.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X3 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X3 Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı iştirakları ilə Təqsirləndirilən şəxs - (xx.xx.1991-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində 2 azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağcabədi şəhəri, Qarabağ küçəsində ev 53-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununda göstərilən xeyli miqdarda, yəni istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan tarixdə və vaxtda əldə etdiyi əkilib-becərilməsi qadağan olunmuş çətənə bitkisi toxumlarını qəsdən satış məqsədi olmadan qanunsuz olaraq 2024-cü ilin aprel ayında dəqiq tarixi istintaqa məlum olmayan vaxtda ona etibar edilmiş və istifadəsinə icazə verilmiş qohumu X2 məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə bitişik yeni inşa edilmiş yarımtikilinin içərisində qəsdən qanunsuz olaraq torpaqda əkib suvarmaqla, toxumları əkdiyi torpağın diblərini yumşaltmaqla və sair üsullarla qulluq göstərib həmin toxumlardan əmələ gələn tərkibində narkotik maddələr olan xeyli miqdarda, yəni 05 (beş) ədəd çətənə (kannabis) bitkilərinə qəsdən qanunsuz olaraq aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, həmin çətənə bitkilərindən bir ədəd çətənə bitkisini 15 sentyabr 2024-cü il tarixdə torpaqdan çıxararaq yarpaqlarını qurudub yaşadığı ünvanda saxlamış, 24 sentyabr 2024-cü il tarixdə saat 20:00 radələrində Ağcabədi rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə bitişik yeni inşa edilmiş yarım tikilinin içərisinə baxış keçirilən zaman qəsdən qanunsuz olaraq aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etdiyi, əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan xeyli miqdarda, yəni 04 (dörd) ədəd yaş vəziyyətdə təmiz çəkisi - 1200,0 qram olan çətənə (kannabis) bitkiləri torpaqda əkilmiş vəziyyətdə aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusi ilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununda göstərilən xeyli miqdarda, yəni təmiz çəkisi 95,0 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qohumu X2 məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə bitişik yeni inşa edilmiş yarım tikilinin içərisində kultivasiya etdiyi 05 (beş) ədəd çətənə (kannabis) bitkilərindən bir ədəd çətənə bitkisini 15 sentyabr 2024-cü il tarixdə torpaqdan çıxararaq yarpaqlarını qurudub daşıyaraq yaşadığı ünvan 3da yerləşən fərdi yaşayış evinin həyətindəki yardımçı tikilidə qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib iki ədəd plastik vedrədə saxlamış, 24 sentyabr 2024cü il tarixdə saat 20:00 radələrində Ağcabədi rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri yaşadığı ünvanda saxlamasında şübhəli bilinərək yaşadığı ünvan 3da yerləşən fərdi yaşayış evinin həyətindəki yardımçı tikiliyə baxış keçirilən zaman qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əldə edib daşıyaraq saxladığı iki ədəd plastik vedrədə təmiz çəkisi 95,0 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşüdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Ağcabədi şəhərində yaşayır. Hərdən narkotik vasitə olan marixuanadan istifadə etmiş, arada çəkmişdir. 2024-cü ilin aprel ayında yaşadığı küçədə piyada gedən zaman yerdən 7-8 ədəd çətənə bitkisinin toxumunu tapmışdır. Onun atasının əmisi oğlu X4 uzun illərdir Rusiya Federasiyasında yaşayır. Vüqarın ünvan 4 ünvanda fərdi yaşayış evi var. Həmin evdə heç kim yaşamır, Vüqar Rusiyaya gedən zaman evin açarını ona vermiş, həyətdəki meyvə ağaclarından və həyətin otluq sahəsindən istifadə etməyə icazə vermişdir. Tapdığı nəşə toxumlarını həmin həyətdə evə bitişik inşa edilmiş, lakin yarımçıq qalmış tikilinin içərisində əkmək qərarına gəlmiş, tapdığı toxumları həmin yarım tikilidə əkmişdir. Bundan sonra əkdiyi toxumları bir neçə dəfə suvarmışdır. Artıq bir müddətdən sonra əkdiyi toxumlardan 05 ədədi cücərib yerdən çıxmağa başlamış, digər toxumlar isə bitməmişdir. Sonra cücərmiş çətənə bitkilərinin dibində bitən alaq otlarını təmizləmiş və daima suvarmışdır. 15 sentyabr 2024-cü il tarixdə həmin çətənə bitkilərindən birini torpaqdan çıxardıb və yarpaqlarını qoparıb qurutmuş, sonra gətirib yaşadığı evin həyətində yerləşən yardımçı tikilidə iki ədəd plastik vedrədə saxlamış, qalan 04 ədəd nəşə bitkisi isə torpaqda qalmışdır. 24 sentyabr 2024-ci il tarixdə saat 20:00 radələrində yaşadığı evin yanında olan vaxt əvvəllər tanımadığı şəxslər yaxınlaşıb polis əməkdaşları olduğunu və ona narkotik vasitə saxlamaqda şübhəli olduğu üçün baxış keçirməyi bildirmişlər. Həmin vaxt polis əməkdaşları tərəfindən üstü yoxlanılmış, üzərindən hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olunmuş digər bir əşya aşkar edilməmişdir. Polis əməkdaşları evdə narkotik vasitə olub-olmadığını soruşmuş, evin yardımçı tikilisində narkotik vasitə saxladığı bildirmişdir. Bundan sonra onun razılığı əsasında polis əməkdaşları yaşadığı evin həyətinə daxil olub yardımçı tikiliyə getmişlər, oraya baxış keçirən zaman stolun üstündə olan iki ədəd plastik vedrədə saxladığı narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmiş, sonra həmin aşkar edilmiş qurudulmuş marixuana bir ədəd sellofan torbaya tökülüb elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra həmin yardımçı tikiliyə və yaşadığı evə baxış keçirilmiş, lakin baxış zamanı hər hansı bir narkotik vasitə aşkar edilməmişdir. Baxış zamanı polis əməkdaşları ondan həmin narkotik vasitəni haradan əldə etməyi soruşmuş, həmin narkotik vasitəni Ağcabədi şəhəri, F.Əlizadə küçəsində yerləşən qohumu Vüqar Abdullayevin həyətində əkdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları və mütəxəssisin iştirakı ilə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə getmişlər, həmin fərdi yaşayış evinin həyətyani sahəsinə baxış keçirilmiş, baxış zamanı həyətə girişdən qarşı tərəfdə yerləşən fərdi yaşayış evinin arxa tərəfində evə bitişik olan yarım tikilinin içərisinə daxil olmuşlar və oradan dörd ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilmişdir. Baxışda iştirak edən mütəxəssis həmin çətənə bitkilərinə aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Həmin çətənə bitkiləri torpaqdan çıxarılıb elektron tərəzidə çəkilmiş və sellofan kisədə qablaşdırılıb möhürlənmişdir. Bundan sonra protokol tərtib olunmuş və həmin protokolu imzası ilə təsdiq etmişdir. Hazırda törətdiyi əmələ görə peşmandır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və işin digər halları ilə kifayət qədər sübuta yetmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Ağcabədi rayon Polis Şöbəsinin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Ağcabədi rayon X7 şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində və yaşadığı evdə narkotik vasitə saxlaması və yaşadığı evin həyətyani sahəsində narkotik tərkibli bitkiləri əkib becərməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında 24 sentyabr 2024-cü il tarixdə saat 20:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 3da yerləşən fərdi yaşayış evinin qarşısında saxlanılmış, Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə olub-olmamasını müəyyən etmək məqsədilə üstü yoxlanılmış, lakin üzərindən hər hansı bir narkotik vasitə aşkar edilməmişdir. Bu vaxt Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə olub-olmadığı soruşulmuş, Təqsirləndirilən şəxs də yaşadığı fərdi yaşayış evinin həyətindəki yardımçı tikilidə narkotik vasitə saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs razılığı ilə yaşadığı fərdi yaşayış evinin həyətindəki yardımçı tikiliyə baxış keçirilmiş, baxış zamanı tikilidəki stolun üstündə iki ədəd plastik vedrənin içərisində spesifik qoxuya malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edilmişdir. Aşkar olunmuş narkotik vasitəyə oxşar kütlələr bir ədəd sellofan torbaya tökülərək sellofan torba ilə birlikdə elektron tərəzisində çəkilmiş və aşkar edilərək götürülmüş kütlə çəkildikdən sonra qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra həmin yardımçı tikiliyə və Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş, lakin baxış zamanı hər hansı bir narkotik vasitə aşkar edilməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etməsi soruşulmuş, Təqsirləndirilən şəxs də həmin narkotik vasitəni Ağcabədi şəhəri, F.Əlizadə küçəsində yerləşən qohumu Vüqar Abdullayevin həyətində əkdiyini, Vüqarın uzun illərdir Rusiya Federasiyasında yaşadığını, həmin evi də baxmaq üçün Məhəmmədə tapşırdığını bildirmişdir. Bundan sonra polis əməkdaşları və mütəxəssisin iştirakı ilə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə gəlmişlər, həmin fərdi yaşayış evinin həyətyani sahəsinə baxış keçirilmiş, baxış zamanı həyətə girişdən qarşı tərəfdə yerləşən fərdi yaşayış evinin arxa tərəfində evə bitişik olan yarım tikilinin içərisinə daxil olmuşlar və oradan dörd ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilmişdir. Baxışda iştirak edən mütəxəssis həmin çətənə bitkilərinə aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Bundan sonra həyətin digər tərəflərinə də baxış keçirilmiş, lakin hər hansı bir narkotik tərkibli çətənə bitkisi aşkar edilməmişdir. Həmin çətənə bitkiləri torpaqdan çıxarılıb götürülmüş, elektron tərəzidə çəkilmiş və çətənə bitkiləri sellofan kisədə qablaşdırılıb möhürlənmişdir. Bütün bunlardan sonra protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik tərkibli çətənə bitkisinin özü əkib becərdiyini və öz istifadəsi üçün əkdiyini bildirdi. Məhkəmə iclasında şahidlər Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə verdilər. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaqda verdiyi və məhkəmə iclasında elan olunmuş Şahid4 ifadəsi ilə də təsdiq olunur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 18/827 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs məxsus 4 ədəd....” sözləri və imzalar olan sintetik torbada ümumi sayı 04 ədəd, yaş vəziyyətdə, ümumi təmiz çəkisi – 1200,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun rəyinə əsasən təqdim olunmuş 04 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş üzərində “......Təqsirləndirilən şəxs yaşadığı mənzildən .....” sözləri və imzalar olan kağız paketdə 01 ədəd polietilen torbada çəkisi 95,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 04 ədəd çətənə bitkiləri və qurudulmuş marixuana orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkiblidir. Çətənə (kannabis) bitkisinin ümumi təmiz çəkisi - 1200,0 qram, tədqiqata sərf olundu-0,40 qram(hər ob 0,10 qram götürüldü), qalıq 1199,60 qramdır. Marixuananın ümumi təmiz çəkisi – 95,0 qram, tədqiqata sərf olundu-0,10 qram, qalıq 94,90 qramdır. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 31 manat 95 qəpik təşkil edir. İş materiallarına əlavə edilmiş sübutların qiymətləndirilməsi barədə xx.xx.2024-cü il tarixli qərar və arayışdan görünür ki, qalıq çəkisi 94,90 qram narkotik vasitə olan marixuana və 04 ədəd narkotik tərkibli çətənə bitkiləri cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Ağcabədi rayon Polis şöbəsinə təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1657 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2024cü il tarixli tələbnaməsindən görünür ki Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Ağcabədi şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Onun barəsində nümayəndəliyə ərizə və şikayət xarakterli müraciət daxil olmamışdır. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Ağcabədi şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyin verdiyi arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağı (xx.xx.2014-cü və xx.xx.2018-ci il təvəllüdlü) vardır. İş materiallarına əlavə olunmuş “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” X9 verdiyi məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Konsultativ Poliklinika şöbəsində ruhi-əsəb və narkoloji kabinetində dispanser qeydiyyatda durmur. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Odur ki, ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə, azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bundan əlavə, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı “Marixuna (kannabis)” olan maddələr narkotik vasitədir, onun qurudulmuş 5 qramı “xeyli miqdar”, 500 qramı isə “külli miqdar” hesab olunur ((təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri)). “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı “Heroin” olan maddələr narkotik vasitədir, onun 0,15 qramı “xeyli miqdar”, 2 qramı isə “külli miqdar” hesab olunur ((təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri). Bundan əlavə, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı “Metamfetamin” olan maddələr narkotik vasitədir, onun 0,15 qramı “xeyli miqdar”, 2 qramı isə “külli miqdar” hesab olunur ((təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri). Bundan əlavə, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilər - Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilər: tiryək xaşxaşı, yağlı xaşxaşın digər növləri 2 ədəddən 10 ədədə kimi, çətənə növlü bitkilər isə 3 ədəddən 15 ədədə kimi xeyli miqdar hesab olunur. Məhkəmə, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 25 iyun 2005-ci il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələblərinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10); həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8); miqdarından asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin satılması (1.0.11) hesab edilir.Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ilk dəfə az ağır cinayət törətməsini, əməlini etiraf edib səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində 2 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.2-cü maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. İş materiallarında olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və saxlandığı MSY-dən dərhal azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət, yəni xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi olan müddət nəzərə alınaraq ona təyin olunan azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalıdır. Məhkəmə ilk dəfə az ağır cinayət törətməsini, əməlini etiraf edib səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində 2 azyaşlı uşağının olması kimi şəxsiyyətini xarakterizə edən halları, cəza təyin edilməsində ədalət və humanizm prinsiplərini, habelə onun cəmiyyətdən təcrid olunmadan cəzanın məqsədlərinə nail olunması zərurətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona azadlığın məhdudlaşdırılması cəzası, Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib ona azadlığın məhdudlaşdırması cəzası təyin edilməli, CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırması cəzası təyin olunmalıdır. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlandığı 02 gün müddət, yəni xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi olan müddət bir günə iki gün hesabı ilə hesablanaraq təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla onun üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxalnılmalıdır. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cəza çəkmə müddətinin əvvəli - Təqsirləndirilən şəxs Ağcabədi rayon İcra və Probasiya şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası onun yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, maddi sübut kimi tanınaraq Ağcabədi rayon Polis şöbəsində saxlanılan narkotik tərkibli, qalıq çəkisi 94,90 qram olan qurudulmuş marixuana və qalıq çəkisi 1199,60 qram olan 04 ədəd çətənə (kannabis) bitkisi məhv edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə məhkəmə xərci olan 31 manat 95 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırması cəzası, Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırması cəzası təyin edilsin; CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 3 (üç) il müddətə azadlığın məhdudlaşdırması cəzası təyin edilsin; CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlandığı 02 gün müddət, yəni xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi olan müddət bir günə iki gün hesabı ilə hesablanaraq təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla onun üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın; barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəza çəkmə müddətinin əvvəli - Təqsirləndirilən şəxs Ağcabədi rayon İcra və Probasiya şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Əliyev X1 rayon poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Ağcabədi rayon Polis şöbəsində saxlanılan ekspertizadan sonra qalıq qalan çəkisi 94,90 qram olan marixuana və qalıq çəkisi 1199,60 qram olan 4 (dörd) ədəd çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 31 manat 95 qəpik məhkəmə (ekspertiza) xərci tutularaq dövlət büdcəsinə köçürülsün. Hökmün icrası - Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar