Məhkəmə qərarları › İş №1(017)-185/2023

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-185/2023

21.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-185/2023 21.11.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Ağayev Seyid - Əzim Nağı oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 2001-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Ağcabədi şəhəri İ.Qayıbov küçəsində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005ci il tarixli Qanunda göstərilən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,381 qram psixotrop vasitə olan metamfetamini qəsdən satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib 1 ədəd siqaretin gümüşü rəngli kağız bükümdə daşımaqla üzərində saxlamış, 26 avqust 2023-cü il trarixdə saat 19:00 radələrində Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində o, Ağcabədi şəhəri, İ.Qayıbov küçəsində yerləşən yaşadığı evin yaxınlığında saxlanılaraq ünvan 3 ünvanda yerləşən Ağcabədi rayon polis şöbəsinin inzibati binasına gətirilib həmin tarixdə saat 19:30-dan başlayaraq üzərində şəxsi axtarış aparılan zaman, onun əynində olan tünd göy rəngli cins şalvarın sag yan cibindən qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq saxladığı 1 ədəd siqaretin gümüşü kağız bükümündə təmiz çəkisi 0,381 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd edilən əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X11 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Ağcabədi şəhərində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir və fərdi əmək fəaliyyəti ilə məşğul olur. Təxminən 3-4 ay olarkı psixotrop maddə olan metamfetamindən istifadə edir. Aludəçisi olmasada, arada əlinə düşəndə siqaretə doldurub çəkir. 26 avqust 2023-cü il tarixdə səhər saatlarında Ağcabədi şəhəri, “Sumu” adlanan yerdən piyada gələn zaman yerdə kağız bükümü görmüş, bükümün dolu olduğunugörmüşdür. Bükümü götürüb baxanda içərisində psixotrop maddə olduğunu görmüş, həmin bükümü götürüb nə vaxtsa istifadə etmək üçün cibinə qoymuşdur. Həmin gün, yəni 26 avqust 2023-cü il tarixdə saat 19 radələrində küçədə dayanan zaman ona bir neçə mülki geyimdə olan şəxslər yaxınlaşaraq özlərini Ağcabədi irayon Polis Şöbəsinin əməkdaşları kimi təqdim etmiş və onu Ağcabədi rayon Polis şöbəsinə gətirmişlər. Ağcabədi rayon PŞ-də ona hüquqlarını izah edib müdafiəçi tutmaq hüququ bildirilmiş, təqdim olunmuş siyahıdan Ağcabədhii rayonunda fəaliyyət göstərən vəkil X7 tərəfindən hüquqlarının müdafiə olunmasını xahiş etmişdir. Həmin vəkil ona təqdim edilmiş, vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməyə başlamışlar. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə vardırsa təqdim etməsi təklif olunmuşdur. O, əynində olan şalvarın sağ yan cibində saxladığı 1 ədəd bükümü təqdim etmiş, onun iştirakı ilə həmin bükümə baxış keçirilmiş, psixotrop maddə bükümlə aptek tərəzisində çəkilmiş, ümumi çəkisi 0,48 qram olmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, başqa bir narkotik vsitə, psixotrop maddə və ya qanunla qadağan olunmuş digər bir əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş psixotrop maddə onun və vəkilinin iştirakı ilə zərfə qoyulub qablaşdhırılmışdır. Şəxsi axtarış protokoluna və həmin zərfin üzərinə imza etmişlər. Üzərinə şəxsi axtarış keçirilərkən psixotrop maddəni tapdığını, özünün şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Başqa yerlərdə narkotik vasitə və ya psixotrop maddə gizlətməmiş, psixotrop maddə qəbul etməyini heç kim bilməmişdir. Heç kimə üzərində saxladığı psixotrop maddədən və ya hər hansı bir nakotik vasitədən satmamış, nədə heç bir kəsə verməmişdir. Ona polislər tərəfindən hər hansı bir formada fiziki güc tətrbiq edilməmiş, üzərinə şəxsi axtarış keçirilərkən onu gətirən polis əməkdaşlarından və vəkili Rahul Quluzadədən başqa həmin halı heç kim görməmiş, onun yanındada heç kim olmamışdır. Heç vaxt narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Psixotrop maddəni tapıb üzərində istifadə etmək məqsədi ilə saxlamış, lakin çəkisini bilməmişdir. Rəylə tanış olduqdan sonra üzərindən aşkar olunmuş psixotrop maddənin çəkisinin 0,381 qram olmasını bilmişdir. Hazırda törətdiyi əmələ görə çox peşman olduğunu bildırib, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadə verərək göstərdi ki, Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Ağcabədi şəhəri Üz.Hacıbəyli prospekti, 359 saylı evin 13 nömrəli mənzilində qeydiyyatda olmaqla, Ağcabədi şəhəri İ.Qayıbov küçəsində yaşayan Təqsirləndirilən şəxs şəhər sakini kimi tanımış, onunla heç vaxt ədavət və düşmənçiliyi, həmçinin qohumluq münasiblətləri olmamışdır. Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən istifadə etməsi, üzərində psixotrop maddə metamfetamin saxlaması və gəzdirməsi barədə şöbəyə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə onlar, yəni CAB-nin əməkdaşları Kənan Məhərəmovun cinayətkar əməllərini ifşa etmək məqsədi ilə onun ətrafında müvafiq əməliyyat tədbirləri keçirməyə başlamışlar. Daxil olmuş əməliyyat məlumatlarına əsasən 26 avqust 2023-cü il tarixdə saat 19 radələrində tərəflərindən Kənan Məhərəmovla bağlı əməliyyat tədbiri keçirilmiş və Təqsirləndirilən şəxs yaşadığı prospektdə saxlayıb polis şöbəsinə gətirmişlər. Ağcabədi RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı Elyar Bağıyev tərəfindən Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamini saxlamasına şübhələr olduğu üçün şübhəli şəxs qismində tutulmuşdur. Kənan Məhərəmovun istəyi ilə Ağcabədi rayon Vəkil bürosunun vəkili Rahul Quluzadə ona müdafiəçi təyin edilmişdir. Polis şöbəsinin inzibati binasında X10 tərəfindən Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarı keçirilmiş, şəxsi axtarış keçirilməsində o, Kənan Məhərəmovu vəkili Rahul Quluzadə və Ağcabədi RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X8 iştirak etmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilməzdən əvvəl hüquq və vəzifələri izah edilmiş, ona üzərində cinayət xarakterli əşya, o cümlədən narkotik vasitə və psixotrop maddələr varsa təqdim etməsi təklif olunmuşdur. Şəxsi axtarış zamaı Kənan Məhərəmov əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş kütləni çıxarıb stolun üzərinə qoymuşdur. Kənan Məhərəmovun, onun vəkili Rahul Quluzadənin və digər iştiakçıların gözləri öündə aşkar edilən bir ədəd siqaretin gümüşü kağızında olan büküm açılmış, bükümün içərisində ağ rəngli, spesfik iyi olan psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd siqaretin gümüşü kağızında olan psixotrop maddə metamfetaminə oxşar kütlə X10 tərəfindən aşkar edildiyi qaydada, yəni bükümdə iştirakçıların gözləri önündə kiçik elektron tərəzidə çəkilmişdir. Siqaretin gümüşü kağızı ilə birlikdə bükümün çəkisi 0,48 qram olmuşdur. X10 tərəfindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edildiyi qaydada bir ədəd kağız zərfə qablaşdırılıb götürülmüşdür. Zərfin üzəri DİN 143 saylı möhürü ilə möhürlənmiş, həmçinin zərfin üzərində müvafiq qeydiyyat aparıldıqdan sonra iştirakçılar imzalamışdır. X10 bu barədə protokol tərtib etmiş və tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuşdur. Proqtokolun doğruluğu iştirakçıların, həmçinin Təqsirləndirilən şəxs və onun vəkili Rahul Quluzadənin imalazarı ilə təsdiq edilmişdir. Kənan Məhərəmovun dediyinə görə üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini hardansa tapmışdır. Lakin onun psixotrop maddə metamfetamini dəqiq olaraq tapıb-tapmaması və yaxud haradansa əldə etməsi barədə onda heç bir məlumat olmamışdır. Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olub-olmaması barədə onlara hər hansı məlumat daxil olmamış, ancaq onlara Kənan Məhərəmovun qanunsuz olaraq psixotrop maddə metamfetamindən istifadə etməsi və saxlaması barədə məlumatlar verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən polis əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. İş materiallarında olan 26 avqust 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılmasına dair protokoldan görünür ki, həmin gün saat 19:30-dan başlayaraq saat 19- 58-dək olan müddət ərzində video çəkilişlə Ağcabədi rayon polis şöbəsində X9 müdafiəçisi X3 iştirakı ilə hüquq və vəzifələri izah edilib, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş kütləni çıxarıb təqdim etmiş, həmin bükümün içərisinə baxış keçirilən zaman içərisində 0,48 qram çəkidə ağ rəngli, spesfik iyə malik, metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə büküm bir ədəd ağ kağız zərfdə qablaşdırılıb, üzərinə 143 saylı möhür vurularaq götürülmüşdür. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 26 avqust 2023-cü il tarixli qərardan görünür ki, X11 26 avqust 2023-cü il tarixdən 28 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 28 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 28 avqust 2023-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, MSY-dən buraxılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X6 Bölməsinin 27 avqust 2023-cü il tarixli, 18/848 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən aydın olur ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd bükümdə təmiz çəkisi – 0,381 qram olan maddə kustar kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Aşkar edilmiş metamfetaminin təmiz çəkisi 0,381 qram, cəmi tədqiqata sərf edildi– 0,05 qram, qalıq 0,331 qramdır. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbayacan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir. İş materiallarında olan “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin verdiyi 18 sentyabr 2023-cü il tarixli, 1085 saylı arayışdan görünür ki, xx xxxxxxxx 2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Ağcabədi RMX-nin Publik Hüquqi şəxsin poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyata alınmamışdır. İş materiallarında olan Ağcabədi rayon polis şöbəsinin 15 sentyabr 2023-cü il tarixli əməliyyat tapşırığına verilmiş cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər müxtəlif növ narkotik vasitə və psixotrop maddələrdən müamadi olaraq istifadə etmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfeamin onun özünə məxsus olmuş, həmin psixotrop maddə metamfetamini haradan və ya kimdən əldə etməsi müəyyən olunmamış, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satış və ya digər formalarda kimlərəsə verməsi və tapşırıqda göstərilən digər xüsusatar üzrə keçirilmiş əməliyyat tədbirləri nəticəsində hələlik müsbət nəticə əldə etmək mümkü olmamışdır. İş materiallarında olan X5 18 sentyabr 2023-cü il tarixli, 1567 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan DİN-nin BƏSİİ-dən verilmiş 15 sentyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin əlillik haqqında 03 noyabr 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs ikinci dərəcəli əlildir. İş materiallarında olan Ağcabədi RİHB Ağcabədi şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 18 sentyabr 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, xx xxxxxxxx 2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə toplanmış və araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0.381 qram psixotrop maddə olan metamfetamini əldə edib üzərində daşıyaraq saxlaması, özünün etiraf etməsi, şahid ifadələri, məhkəmə-narkoloji ekspertizasının rəyi ilə, habelə işdə olan rəsmi sənədlərlə tam sübuta yetirilir. Ona görə təqsirə görə məsuliyyət prinsipi baxımından o, həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 5ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, Gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə edilməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.) təqsirkarın şəxsiyyətinə (resedivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onların müalicə və digər müəssisələr üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. İnsan Hüquqları və X2 haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və ikinci qrup əlil olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla onun islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuna müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən X4 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını qanuna müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 26 avqust 2023-cü il tarixdən 28 avqust 2023-cü il tarixədək olan iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəzasının 4 günü təyin edilmiş cəzasından çıxılmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Cəzanın icrası məhkumun yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin poliklinikasının narkoloji kabinetində proflaktiki qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut olan Ağcabədi rayon polis şöbəsində saxlanılan tədqiqatdan sonra qalıq qalan 0.331 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 49 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına -AZ.MEM.VÖEN **********, AZ34CTRE ********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22 keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-356, 358 və 383-385-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona bir il səkkiz ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 avqust 2023-cü il tarixdən 28 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla azadlığın məhdudlaşdırılması cəzasının 4 günü, təyin edilmiş cəzasından çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti cəza olaraq bir il yeddi ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli Ağcabədi rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası məhkumun yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin poliklinikasının narkoloji kabinetində proflaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə Ağcabədi rayon polis şöbəsində saxlanılan maddi sübut olan – tədqiqatdan sonra qalıq qalan 0,331 qram çəkidə psixotrop maddə metamafitamin məhv edilsin. İş üzrə ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 49 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına -AZ.MEM.VÖEN **********, AZ34CTRE ********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22 keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətinə Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar