Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-193/2023 06.12.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X3 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X3 Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı iştirakları ilə Təqsirləndirilən şəxs - (xx.xx.1996-cı il tarixdə Ağcabədi rayonunun Şotlanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Ağcabədi rayonunun Şotlanlı kəndində qeydiyyatda olan və Ağcabədi şəhəri, H.Hacıyev küçəsi ev 28-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunda göstərilən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 435,0 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qəsdən istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib bir ədəd üzərində “Original Levis” yazısı olan sellofan torbada daşıyaraq saxlamış, 24 iyul 2023-cü il tarixdə Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti ilə H.Hacıyev küçəsinin kəsişməsində, yaşadığı evin yaxınlığında saxlanılaraq saat 16:50 radələrində Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti, 39 ünvanında yerləşən Ağcabədi rayon Polis şöbəsinin inzibati binasına gətirilib həmin tarixdə saat 17:15-dən başlayaraq üzərinə şəxsi axtarış aparılan zaman, onun əlində olan üzərində “Original Levis” yazısı olan sellofan torbada qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda istintaqa məlum olmayan vaxt və mənbədən əldə edib daşıyaraq saxladığı təmiz çəkisi 435,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Ağcabədi şəhərində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Təxminən bir neçə ay əvvəldən başlayaraq narkotik vasitə olan marixuanadan istifadə etmiş, narkotik vasitələri tanımadığı şəxslərdən almışdır. 24 iyul 2023cü il tarixdə təxminən saat 16 radələrində Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti ilə piyada gedən zaman yerdə sellofan torba görmüş, həmin torbanı götürüb baxdıqda içərisində narkotik vasitə olan qurudulmuş marixuana olmasını görmüşdür. Həmin sellofan bükümdə olan narkotik vasitəni istifadə etmək məqsədi ilə götürmüşdür. Bundan sonra Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti ilə piyada olaraq yaşadığı H.Hacıyev küçəsinə tərəf hərəkətdə olan zaman ona mülki geyimli şəxslər yaxınlaşmışdır. Həmin şəxslər ona xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Ona saxlanma səbəbini, hüquq və vəzifələrini şifahi olaraq izah edib Ağcabədi rayon Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində ona üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, öz istəyi ilə dövlət hesabına dəvət edilmiş müdafiəçi X1 iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində hər hansı qanunsuz əşya və ya predmet, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Əlində olan sellofan torbanı təqdim etmiş, polis əməkdaşları həmin sellofan torbaya baxış keçirmiş, sellofan torbanın içərisində yaşıl rəngli, spesifik qoxuya malik narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, başqa bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş digər bir əşya aşkar edilməmişdir. Aşkar olunmuş narkotik vasitə elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq möhürlənib götürülmüşdür. Bu barədə tərtib olunmuş protokola imza etmişdir. Hazırda törətdiyi əmələ görə peşmandır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və işin digər halları ilə kifayət qədər sübuta yetmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, Ağcabədi RPŞ-nin polis nəfəri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi, üzərində gəzdirməsi və saxlaması barədə şöbəyə əməliyyat məlumatları daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayətkar əməllərini ifşa etmək məqsədi ilə onun ətrafında müvafiq əməliyyat tədbirləri keçirməyə başlamışlar. Daxil olmuş əməliyyat məlumatlarına əsasən 24 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxsla bağlı əməliyyat tədbiri keçirilmiş və həmin gün saat 16:50 radələrində Təqsirləndirilən şəxs Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində saxlanılıb Ağcabədi rayon polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs üzərində narkotik vasitəni saxlamasına şübhələr olduğu üçün şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs istəyi ilə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Əbülhəsən Əmirov ona müdafiəçi təyin edilmişdir. Polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilməzdən əvvəl hüquq və vəzifələri izah edilməklə, ona üzərində cinayət xarakterli əşya, o cümlədən narkotik vasitə və psixotrop maddələr varsa təqdim etməsi təklif olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan üzərinə “Original Levis” sözləri yazılan bir ədəd polietilen torbanı stolun üzərinə qoymuş, polietilen torbaya baxış keçirilmiş, torbanın içərisində bir ədəd bağlamada spesifik iyli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Aşkar olunmuş narkotik vasitə elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq möhürlənib götürülmüşdür. Bu barədə tərtib olunmuş protokolu iştirakçılar imzalamışlar. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaqda verdiyi və məhkəmə iclasında elan olunmuş Şahid1 ifadəsi ilə də təsdiq olunur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 18/752 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən ...” sözləri və imzalar olan 01 ədəd polietilen torbada təmiz çəkisi 435 qram olan kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi təmiz çəkisi 435 qram tədqiqata istifadə olundu 0,10 qram, qalıq 434,90 qramdır. İş materiallarına əlavə edilmiş sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ekspertizadan sonra qalıq çəkisi 434,90 qram narkotik vasitə olan qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Ağcabədi rayon Polis şöbəsinə təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1564 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Ağcabədi şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 31 manat 95 qəpik təşkil edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X9 Ağcabədi rayon X6 Hüquqi Şəxsin xx.xx.2023-cü il tarixli 901 nömrəli məktubdan görünür ki, Bəyişov X2 rayon X6 X7 şöbəsinin narkoloji kabinetdə dispanser qeydiyyatında durmur. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bundan əlavə, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı “Marixuna-Kannabis” olan maddələr narkotik vasitədir, onun qurudulmuş 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramı və ya ondan artıq hissəsi isə “külli miqdar” hesab olunur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və dərhal saxlandığı Ağcabədi rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinə kimi olan müddət nəzərə alınaraq ona təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalıdır. Məhkəmə, cəza təyin edərkən törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olması kimi şəxsiyyətini xarakterizə edən halları, cəza təyin edilməsində ədalət və humanizm prinsiplərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlama müddətini, yəni iki gün müddəti nəzərə alaraq, bir günə bir gün hesabı ilə hesablanaraq təyin olunan azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalından dərhal həbs edilməli, cəza çəkməsinin əvvəli 06 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olduğuna görə Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə cəzası da ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, maddi sübut kimi tanınaraq Ağcabədi rayon Polis şöbəsində saxlanılan narkotik tərkibli, qalıq çəkisi 434,90 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə məhkəmə xərci olan 31 manat 95 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin; Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlama müddətini, yəni iki gün müddəti nəzərə alaraq, bir günə bir gün hesabı ilə hesablanaraq təyin olunan azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın; cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalından dərhal həbs edilsin; cəza çəkməsinin əvvəli 06 dekabr 2023-cü il tarixdən hesablansın; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Bəyişov X2 rayon poliklinikasının narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Ağcabədi rayon Polis şöbəsində saxlanılan ekspertizadan sonra qalıq qalan çəkisi 434,90 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 31 manat 95 qəpik məhkəmə (ekspertiza) xərci tutularaq dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №1(017)-193/2023
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-193/2023
06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver