Məhkəmə qərarları › İş №1(017)-196/2023

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-196/2023

20.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-196/2023 20.11.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X2 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X2 Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs - (xx.xx.1969-cu il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Ağdam şəhəri, Göyüşov küçəsi ev 70də qeydiyyatda olan və Ağcabədi şəhəri, Xan Şuşinski küçəsində məskunlaşıb yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayında, günü istintaqa məlum olmayan tarixdə faktiki olaraq yaşadığı Ağcabədi şəhəri, X.Şuşinski küçəsi, təzə məhlələrdə yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi, Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanununun müvafiq miqdarları əks etdirən İİİ siyahısının 1.2-ci bəndinə əsasən əkib-becərilməsi qanunla qadağan edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarından qəsdən yaşadığı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin sol tərəfindən qanunsuz olaraq xeyli miqdar hesab edilən 3 (üç) ədəd çətənə (kannabis) bitkilərini əkib mütəmadi olaraq aqrotexniki qaydada qulluq göstərməklə yetişdirərək kultivasiya etmiş, 19 iyul 2023-cü il tarixdə saat 17 radələrində Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri istifadə və kultivasiya etməkdə şübhəli bilinərək yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən həyətyanı sahəsindən qəsdən, qanunsuz olaraq əkilmiş, xeyli miqdar hesab edilən ümumilikdə 3 (üç) ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 4600,0 qram olan əkilib-becərilməsi qanunla qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Ağcabədi şəhərində məskunlaşıb yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Narkotik vasitə olan “nəşə” kimi tanıdığı qurudulmuş marixuana qəbul edir. Təxminən 3-4 ay əvvəl piyada gəzərkən yerdən siqaret qutusu tapmış, həmin qutunu açdıqda içərisində kiçik bükümdə yaşıl rəngli “nəşə” deyə tanıdığı narkotik vasitə olduğunu görmüş, həmin narkotik vasitənin içərisində 3-4 ədəd toxum olduğunu görüb götürmüş və narkotik vasitəni də istifadə etmiş, toxumları özündə saxlamışdır. 2023-cü ilin aprel ayının əvvəllərində özü istifadə etmək üçün həmin toxumları yaşadığı evin həyətyanı sahəsində əkmişdir. Onun həyətdə “nəşə” əkməyindən heç kəsin xəbəri olmamışdır. Özü gizlin həmin kollara qulluq etmişdir. 19 iyul 2023-cü il tarixdə saat 17 radələrində yaşadığı evdə olan zaman polis əməkdaşları gələrək həyətyanı sahəyə və evə baxış keçirtmək istədiklərini bildirmişlər. Etiraz etməmiş, onlarla razılaşmışdır. Ondan yaşadığı evdə və ya həyətyanı sahədə narkotik vasitə və psixotrop maddə olub-olmamağı soruşulmuş, həyətyanı sahədə üç kol “nəşə” əkdiyini bildirmişdir. Bundan sonra həmin nəşə əkdiyi yeri göstərmişdir. Həmin yerə baxış zamanı 3 ədəd kol aşkar olunmuşdur. Həmin nəşə kolları kökündən çıxarılmış, sonra sintetik torbada qablaşdırılmış və elektron tərəzidə çəkilərək götürülmüşdür. Daha sonra həyətyanı sahəyə və evə baxış keçirilmişdir. Heç bir narkotik tərkibli əşya və ya predmet aşkar edilməmişdir. Bu barədə protokol tərtib olunmuş, həmin protokola imza etmişdir. Daha sonra onu Ağcabədi rayon polis şöbəsinə gətirmişlər və orada inzibati otaqların birində müdafiəçi X1 iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ondan üzərində hər hansı cinayət xarakterli əşya və ya predmet olub-olmadığı soruşulmuşdur. Üzərində şəxsi axtarış aparılmış və bundan başqa üzərində başqa hər hansı cinayət xarakterli əşya və ya predmet aşkar edilməmişdir. Həmin narkotik tərkibli çətənə bitkilərini özü əkib qulluq etmiş, əkməkdə məqsədi gələcəkdə özünün istifadə etməyi olmuş, başqa heç bir məqsədi olmamışdır. Onun yaşadığı evin həyətyanı torpaq sahəsində narkotik tərkibli çətənə bitkilərini əkib becərməyi barədə heç kimin məlumatı olmamışdır. Hazırda törətdiyi əmələ görə peşmandır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və işin digər halları ilə kifayət qədər sübuta yetmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Ağcabədi rayon Polis Şöbəsində CAB-ın əməliyyat müvəkkili vəzifəsində xidmət edir. ünvan 1 ünvanında qeydiyyatda olmaqla Ağcabədi şəhəri, X.Şuşinski küçəsi, təzə məhlələrdə yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onun Təqsirləndirilən şəxslə heç bir münasibəti, ədavət və düşmənçiliyi olmamışdır. Ona Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik xassəli bitkiləri becərməsi, kultivasiyası ilə məşğul olması, narkotik vasitələrin istifadəsi və saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də tərəfindən “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 10-cu maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin və 4-cü hissəsinin 2-ci bəndinin və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 445.2-ci maddəsinin tələblərini rəhbər tutaraq “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul edilərək əməliyyataxtarış qrupu yaradılmışdır. Həmin qərar şöbə rəhbərliyinə məruzə edilərək, şöbə rəhbərliyi tərəfindən təsdiq edildikdən sonra Təqsirləndirilən şəxs yaşadığı Ağcabədi şəhər, X.Şuşinski küçəsində fərdi yaşayış evinə və həyətyanı sahəsinə baxış keçirilməsi üçün tədbirlər görülmüş və bunun üçün Ağcabədi DAİM-nin Bitkiçilik sektorunun müdiri Şahid4 mütəxəssis qismində dəvət edilmişdir. 19 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Ağcabədi şəhəri, X.Şuşinski küçəsinə yola düşmüşlər. Təqsirləndirilən şəxs yaşadığı evə çatıb qapını döymüş, qapını Təqsirləndirilən şəxs özü açmışdır. Xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını və yaşadığı evə və həyətyanı sahəyə baxış keçirəcəklərini bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və bu barədə ərizə yazmışdır. Bundan sonra həmin günü saat 17 radələrində video çəkilişlə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin arxa tərəfindən həyətyanı sahəyə daxil olmuşlar. Həyətyanı sahədə meyvə ağacları olmuşdur. Təqsirləndirilən şəxs həyətyanı sahənin sol tərəfdən qurtaracağını göstərərək orada narkotik tərkibli çətənə kolları əkdiyini bildirmişdir. Həmin yerə baxış keçirilən zaman ağacların arasında 3 (üç) ədəd böyük ölçüdə çətənə koluna bənzər bitki kolu aşkar edilmişdir. Həmin kollara aqronom Şahid4 baxış keçirdiyi zaman həmin 03 ədəd çətənəyə bənzər bitki kollarına aqrotexniki qaydada qulluq edildiyini dibi boşaldılaraq becərildiyini bildirmişdir. Bundan sonra həmin 03 ədəd bitki kolları torpaqdan çıxarılmış və aşkar olunduğu qaydada 1 ədəd sintetik torbada qablaşdırılaraq elektron tərəzidə çəkilmiş və üzəri DİN-in 143 nömrəli möhürü ilə möhürlənib Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza X3 Bölməsinə göndərilmək üçün götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirilmiş və həyətyanı sahəsində narkotik tərkibli çətənə kolu aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs həyətyanı sahəsində olan yardımçı tikililərə və yaşadığı evə baxış keçirilmiş və heç bir narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Bu barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Əliyev X5 rayon Polis Şöbəsinə dəvət edilmiş və şöbənin inzibati otaqlarının birində ona hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmişdir. X1 müdafiəçi qismində iştirakı təmin olunmuşdur. Şəxsi axtarış aparmazdan əvvəl şübhəli şəxsin hüquq və vəzifələri izah edilmişdir. Video çəkilişlə şəxsi axtarış aparmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı cinayət xarakterli əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində hər hansı cinayət xarakterli əşya və ya predment olmadığını bildirmişdir. Onun üzərinə video çəkilişlə keçirilmiş şəxsi axtarış zamanı üzərindən heç bir narkotik vasitə və ya psixotrop maddə, həmçinin dövriyyəsi qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş, doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərdi ki, Ağcabədi rayon X10 Mərkəzinin bitkiçilik sektorunun müdiri vəzifəsində işləyir. 19 iyul 2023-cü il tarixdə Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları onu dəvət edərək bir nəfər Ağcabədi şəhər sakininin yaşadığı evə baxış keçirilən zaman mütəxəssis qismində iştirak etməyini xahiş etmişlər. Heç bir etiraz etməmiş və onlarla birlikdə 19 iyul 2023-cü il tarixdə sonradan adını bildiyi Təqsirləndirilən şəxs yaşadığı Ağacabədi şəhəri, X.Şuşinski küçəsinə yola düşmüşlər. Təqsirləndirilən şəxs yaşadığı evə çatmış və qapını döymüşlər. Qapını Təqsirləndirilən şəxs özü açmışdır. Polis əməkdaşları xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını və yaşadığı evə və həyətyanı sahəyə baxış keçirəcəklərini bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və bu barədə ərizə yazmışdır. Bundan sonra həmin günü saat 17 radələrində video çəkilişlə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin arxa tərəfindən həyətyanı sahəyə daxil olub, həyətyanı sahədə meyvə ağacları olmuş, Təqsirləndirilən şəxs həyətyanı sahənin sol tərəfdən qurtaracağını göstərərək orada narkotik tərkibli çətənə kolları əkdiyini bildirmişdir. Həmin yerə baxış keçirilən zaman ağacların arasında 3 (üç) ədəd böyük ölçüdə çətənə koluna bənzər bitki kolu aşkar edilmişdir. Həmin kollara baxış keçirilən zaman həmin 03 ədəd çətənəyə bənzər bitki kollarına aqrotexniki qaydada qulluq edildiyi, dibi boşaldılaraq becərildiyini görmüşdür. Bundan sonra həmin 03 ədəd bitki kolları torpaqdan çıxarılmış və aşkar olunduğu qaydada 1 ədəd sintetik torbada qablaşdırılaraq elektron tərəzidə çəkilərək götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş, həmin protokolu imzalamışdır. Bundan sonra baxış davam etdirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən, həyətyanı sahədən və həyətyanı sahədə olan yardımçı tikililərdən başqa bir narkotik vasitə və ya psixotrop maddə, eləcə də hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilmiş ümumilikdə 03 ədəd narkotik tərkibli çətənə bitkiləri olmuşdur. Həmin 03 ədəd narkotik tərkibli çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmiş, həmin bitkilər suvarılmış, qida maddələri ilə təmin olunmuş, kök kənarları yumşaldılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 18/738 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən ..” sözləri və imzalar olan sintetik torbada ümumi sayı 03 ədəd, yaş vəziyyətdə ümumi çəkisi 4600,0 qram, yaş vəziyyətdə olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun rəyinə əsasən təqdim olunmuş 03 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Çətənə (kannabis) bitkilərinin ümumi çəkisi 4600,0 qram, tədqiqatda sərf edildi 0,3 qram (hər ob 0,1 qr), qalıq - 4599,70 qramdır. İş materiallarına əlavə edilmiş sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar və arayışdan görünür ki, iş üzrə maddi sübut olan çətənə bitkiləri hazırkı iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Ağcabədi rayon Polis şöbəsinə təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1693 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Ağdam rayon İHB-nın Ağdam şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 31 manat 95 qəpik təşkil edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X11 Ağcabədi rayon X4 Hüquqi Şəxsin xx.xx.2023-cü il tarixli 928 nömrəli məktubdan görünür ki, Əliyev X5 rayon X4 X7 şöbəsinin narkoloji kabinetdə dispanser qeydiyyatında durmur. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə, azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bundan əlavə, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilər - Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilər: tiryək xaşxaşı, yağlı xaşxaşın digər növləri 2 ədəddən 10 ədədə kimi, çətənə növlü bitkilər isə 3 ədəddən 15 ədədə kimi xeyli miqdar hesab olunur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət törətməsini etiraf edib əməlindən səmimi peşman olmasını, məcburi köçkün olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və dərhal saxlandığı Ağcabədi rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən buraxılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinə kimi olan müddət nəzərə alınaraq ona təyin olunan azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalıdır. Məhkəmə, cinayət törətməsini etiraf edib əməlindən səmimi peşman olması, məcburi köçkün olmasını, yaşayış yeri və üzrə müsbət xarakterizə olunması kimi şəxsiyyətini xarakterizə edən halları, cəza təyin edilməsində ədalət və humanizm prinsiplərini, habelə onun cəmiyyətdən təcrid olunmadan cəzanın məqsədlərinə nail olunması zərurətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, maddi sübut kimi tanınaraq Ağcabədi rayon Polis şöbəsində saxlanılan narkotik tərkibli, qalıq çəkisi 4599,70 qram olan 03 ədəd çətənə bitkiləri məhv edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə məhkəmə xərci olan 31 manat 95 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 iş saatı üçün 60 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırması cəzası təyin edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlama müddətini nəzərə alaraq, bir günə iki gün hesabı ilə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın; barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəza çəkmə müddətinin əvvəli - Təqsirləndirilən şəxs Ağcabədi rayon İcra və Probasiya şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ağcabədi rayon poliklinikasının narkoloji kabinetində qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan Ağcabədi rayon Polis şöbəsində saxlanılan, qalıq çəkisi 4599,70 qram olan 03 ədəd narkotik tərkibli çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 31 manat 95 qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmün icrası - Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 10 iş saatı üçün 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar