Məhkəmə qərarları › İş №1(017)-20/2024

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №1(017)-20/2024

13.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 1(017)-20/2024 13.02.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Ağayev Seyid - Əzim Nağı oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1962-ci il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, CM-nin 178.2.2-ci maddəsi ilə məhkum olunmuş, məhkumluğu ödənilməmiş, hazırda Ağcabədi rayonu, Hindarx qəsəbəsində qeydiyyatda olmaqla hazırda həmin qəsəbədə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə Ağcabədi rayon Hindarx qəsəbə sakini Zərərçəkmiş şəxs ilə aralarında olan söhbət zamanı sonuncunun X1nun dayandırılmış təqadünü bərpa etdirəcəyi adı ilə yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq 2022-ci ilin istintaqa dəqiq məlum olmayan ayı və günündə axşam vaxtı yaşadığı Ağcabədi rayonu Hindarx qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyət qapısının qarşısında 1500 manat nəğd pul vəsaitini qəsdən etibardan sui-istifadə etmə və aldatma yolu ilə pulu ələ keçirirərək Zərərçəkmiş şəxs 1500 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci madəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadə verərək göstərdi ki, Ağcabədi rayon Hindarx qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. Ağcabədi rayon Hindarx qəsəbə sakini Zərərçəkmiş şəxs tanıyır, aralarında heç bir ədavət və ya düşmənçilikləri olmamışdır. Eltac onun uzaq qohumudur, 2016-cı il tarixdən 3-cü qrup əlil kimi təqaüd almış, 2021-ci ilin may ayında təqaüdünün qarşısı bağlanmış və məlum olmuşdur ki, o, yenidən komisiyadan keçməlidir. Bununla əlaqədar o Bakı şəhərində yerləşən əlillərin bərpası mərkəzinə gedib-gəlmişdir. 2022-ci ilin təxminən oktyabr ayında o, Bakı şəhərində əlillərin bərpası mərkəzində olan zaman küçədə Eltac və atası Allahverəni görmüş və salamlaşmışlar. Bir neçə gün sonra həmkəndlisi Şahid onunla görüşüb söhbət edən zaman demiş ki, Allahverənin təqaüdünü kəsiblər, ona köməklik elə. Ona, sənədləri gətirər baxarıq cavabını vermişdir. Həmin gün Eltac onunla telefonla əlaqə saxlayıb demişdir ki, atamın təqaüdünün qarşısını bağlayıblar, ona köməklik et təqaüdü bərpa olunsun. O, Eltaca sənədləri gətirərsən baxarıq cavabını vermişdir. Eltac hansı məbləğə əmələ gələ bilər sualını vermiş, o, təqaüdü bərpa elətdirmək 1500 manata başa gəlir cavabını vermişdir. Həmin gün axşam saatlarında Eltac ona zəng edib onun həyət qapısına tək gəlmişdir. Eltac atasının adına olan bir neçə sənəd və 1500 manat pulu ona vermiş, o, sənədləri və pulu alıb yoxlatdırıb sənə cavab verərəm cavabını vermişdir. O, həmin sənədləri növbəti dəfə Bakı şəhərinə bərpa mərkəzinə aparıb təqdim etmiş, bir müddət sonra cavabı yox gəlmişdir. O, pulu öz ehtiyaclarına xərclədiyindən Eltacın pulunu qaytarıb verə bilməmişdir. Təxminən 6-7 ay sonra Eltacın atası rəhmətə getmiş, yas mərasimində Eltac pulu istəmiş, onun pulu olmadığından demiş ki, istəyirsənsə atanın təqaüdünü sənin uşağının adına keçirdim. Bir müddətdə belə yola vermiş, arada o, 100 manat bir və 50 manat olmaqla ümumlikdə 150 manat Eltaca qaytarıb vermiş, qalan 1350 manat pulu maddi vəziyyəti çətin olduğundan qaytarıb verə bilməmişdir. O, Eltaca demiş ki, atasının təqaüdünü bərpa elətdirəcək. O, öz təqaüdünü bərpa elətdirmək üçün tez-tez Bakı şəhəri Əlillərin bərpası mərkəzinə gedib-gəlmiş, bu səbəbdən sənədləri hara təqdim etməli olduğunu bilmişdir. O, düşünmüş ki, sənədləri aparıb təqdim edər, yaxşı cavab gələrsə pulu xərcləyər. Ancaq iş düzəlməmiş, pulu xərclədiyindən vaxtında qaytara bilməmişdir. O, konkret olaraq kimisə tanımadığını, bərpa mərkəzində sənədlərin qəbulu yerinə aparıb verdiyini göstərmişdir. Hazırda o, özünü təqsirli bilirək, törətdiyi əmələ görə çox peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş zərəri tam olaraq ödəməsini və onunla barışmasını nəzərə alaraq barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, o, Ağcabədi rayon Hindarx qəsəbəsində qeydiyyatda olmaqla ünvan 3 ünvanında yaşayır. Ağcabədi rayon Hindarx qəsəbə sakini Təqsirləndirilən şəxs qəsəbə sakini kimi tanıyır, aralarında heç bir ədavət və ya düşmənçilikləri olmamışdır. Xaqanini o Ədalət kimi tanımışdır. Belə ki, adı Xaqani olsada qəsəbədə hamı onu Ədalət kimi çağırdığını bildirmişdir. X1 1-ci Qarabağ müharibəsi iştirakçısı, 3-cü qrup əlil olmuşdur. Uzun müddət atası 3-cü qrup əlil kimi təqaüd almışdır. Təxminən 2-3 il bundan əvvəl atasının təqaüdünü kəsmişlər. O, atasının təqaüdünü bərpa etdirmək üçün atası ilə birlikdə 2022-ci ilin oktyabr ayında Bakı şəhərində yerləşən Əlillərin bərpa mərkəzinə getmişlər. Onlar orada olan zaman Xaqanini görüb salamlaşıb keçib getmişlər. Bir neçə gün sonra dayısı Ağcabədi rayon Hindarx qəsəbə sakini Şahid ona zəng edib demiş ki, Xaqani təqaüd işlərini düzəldə bilir, bu barədə onun özü deyib, istəyirsinizsə Xaqani ilə danışın. O, dayısından Xaqaninin 050 584 03 87 saylı mobil nömrəsini alıb zəng etmişdir. O, Xaqaniyə kim olduğunu bildirmiş, soruşmuş ki, sən dayım Əbülfətə demisən təqaüdü bərpa elətdirə bilərsən, Xaqani hə demiş, təqaüdü bərpa elətdirə bilərəm cavabını vermişdir. O, maraqlanmış ki, «hansı müddə başa gələr və nə qədər pul edər», Xaqani 1500 manat pul verəcəksən 2 ay müddətinə atanın təqaüdünü bərpa elətdirəcəm cavabını vermişdir. O, Xaqani ilə razılaşmış, aradan bir neçə gün keçmiş, Xaqani ona zəng vurub təcili sənədləri və pulu gətirib verməyini demişdir. O, dayısı Əbülfətə zəng etmiş, Xaqaninin ondan 1500 manat pul istədiyini demiş və birdən aldadıb pulu ələ keçirər sualını vermiş, dayısı inanmıram, Xaqani bizim qohumdur etməz cavabını vermişdir. Bundan sonra o Xaqaniyə tam olaraq inanmışdır. 2022-ci ilin oktyabr ayının ya sonları, ya da noyabr ayının əvvəllərində o Bakı şəhərindən Ağcabədi rayon Hindarx qəsəbəsinə Xaqaninin yaşadığı evin qarşısına gəlmiş, Xaqani ilə həyət qapının qarşısında görüşmüş, atasına aid sənədləri və 1500 manat pulu Xaqaniyə vermişdir. O, atasının adına anket, şəxsiyyət vəsiqəsinin sürəti və xəstəxanada müalicə olması barədə sənədləri Xaqaniyə vermiş, Xaqani sənədləri və 1500 manat pulu alıb 2 ay müddətinə atasının təqaüdünü bərpa etdirəcəyini söz vermişdir. O, qayıdıb Bakı şəhərinə getmiş, təxminən 2 ay sonra Xaqaniyə zəng vurmuş, Xaqani ona narahat olma sənədləri vermişəm, tezliklə düzələcək cavabını vermişdir. Beləliklə vaxt getmiş, Xaqani işi düzəltməmişdir. Hər dəfə zəng edəndə bəhanələr gətirirmiş, 01 iyun 2023-cü il tarixdə atası vəfat etmişdir. Bundan sonra o Xaqani ilə görüşmüş, xahiş etmiş ki, atası ölüb, pulu qaytarıb versin. Xaqani ona demiş ki, «istəyirsənsə atanın təqaüdünü bərpa elətdirim və sənin az yaşlı uşağının adına keçirdim». O, razılaşmış, bundan sonra yenə günlər aylar keçmiş, Xaqani yenə hər dəfə ona bəhanələr gətirməyə başlamışdır. O, dayısı Əbülfətə zəng edib Xəqaninin onu aldatmasını, işini düzəltmədiyini, pulunu qaytarıb vermədiyini demiş, dayısı dəfələrlə özü Xaqani ilə danışmış və yenə Xaqani onları aldadıb pulunu qaytarmamışdır. 2023-cü ilin avqust ayında o qəsəbəyə gəlmiş və Xaqanidən xahiş etmiş ki, pulunu qaytarıb versin. Həttda vəziyyətin çətin olduğunu, uşağının yeməyini almağa pulunun olmadığını demiş, Xaqani ayrı-ayrı günlərdə bir dəfə 100 manat, digər dəfə 50 manat olmaqla ümumilikdə 150 manat qaytarıb vermişdir. Bundan sonra o dəfələrlə pulunu tələb etsədə Xaqani onu aldadıb pulunu verməmişdir. Hazırda o, Təqsirləndirilən şəxs ilə barışdığını, vurulmuş ziyanın tam ödənilməsini, heç bir şikayət və tələbinin olmamsını bildirərək Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadə verərək göstərdi ki, o, Ağcabədi rayon Hindarx qəsəbəsində yaşayır. Zərərçəkmiş şəxs onun bacısı oğludur, aralarında heç bir ədavət və ya düşmənçilikləri olmamışdır. Ağcabədi rayon Hindarx qəsəbə sakini Təqsirləndirilən şəxs onun həmkəndlisi, bundan əlavə qohumudur, aralarında heç bir ədavət və ya düşmənçilikləri olmamışdır. 2022-ci ilin təxminən oktyabr aylarında bacısı oğlu Eltac ona zəng edib Xaqanini soruşmuş, o, tanıdığını demişdir. Eltac demiş ki, Xaqani deyir atasının təqaüdünü bərpa elətdirə bilər, o, Xaqanidən soruşub cavab verəcəyini demişdir. O, Xaqani ilə görüşmüş, Xaqani ona demiş ki, bacın oğlu ilə telefonda danışmışam, onun atasının təqaüdünün qarşısını bağlayıblar, bərpa elətdirə bilərəm. Bundanq sonra o bacısı oğlu Eltaca zəng edib bu barədə demiş, sonradan Eltac və Xaqanidən eşitmiş ki, Eltac atası Allahverənin təqaüdünü bərpa elətdirməsi üçün Xaqaniyə 1500 manat pul vermişdir. Bundan təxminən 6-7 ay sonra kürəkəni, Eltacın atası vəfat etmişdir. Eltac həmin vaxt ona demişdir ki, Xaqanidən pulumu istəyəcəm. Eltac pulunu istəmiş, Xaqani demiş ki, atan rəhmətə getdiyindən onun adına olan təqaüdü sənin az yaşlı uşağının adına keçirdə bilərəm. Eltac onunla razılaşmışdır. Bir müddət sonra Eltac ona demiş ki, Xaqani onun işini düzəltmir, pulunu istəyir, qaytarıb vermir. O, Xaqani ilə görüşüb demiş ki, əgər iş düzəlmirsə Eltacın pulunu qaytar ver özünə, Xaqani pulu düzəldib verəcyini bildirmişdir. Bundan sonra Xaqaninin Eltaca 150 manat pul qaytarmasını bilmiş, Eltac zəng edib qalan məbləği Xaqaninin qaytarmadığını demişdir. Cinayət işinə əlavə olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Quliyev X5 rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1, 178.2.2-ci maddələri ilə təqsirli bilinib 4500 manat cərimə cəzasına məhkum olunmuşdur. İş materiallarına əlavə olunmuş Ağcabədi rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Ağcabədi rayon məhkəməsinin 1(017)-89/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 4500 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, hökm və hökmün icrasına göstəriş icra olunması üçün xx.xx.2018-ci il tarixdə Ağcabədi rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş, məhkum Təqsirləndirilən şəxs təyin edilmiş 4500 manat miqdarında cərimə cəzasından 1400 manat ödəniş etmiş, ödənilməmiş 3100 manat miqdarında cərimə cəzası qalmışdır. Onun üzərində çəkilməmiş cəzası qalmış, məhkumluğu ödənilməmişdir. İş materiallarında olan Ağcabədi rayon poliklinikasının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs poliklinikada ruhi-əsəb və narkoloji kabinetdə qeydiyyatda durmur. Məhkəmə prosesinin gedişində Zərərçəkmiş şəxs tərəfindən təqdim edilərək iş materiallarına əlavə edilən ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, vurulmuş ziyanın tam ödənilməsini, heç bir şikayət və tələbinin olmamsını bildirərək Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs tərəfindən təqdim edilərək iş materiallarına əlavə edilən ərizədən görünür ki, o, özünü təqsirli bilirək, törətdiyi əmələ görə çox peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş zərəri tam olaraq ödəməsini və onunla barışmasını nəzərə alaraq barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələrini dinləyib, onların ərizələrini nəzərdən keçirib, iş materiallarını araşdırıb, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam ödənilməsini və təqsirləndirilən şəxslə barışmasını, törətdiyi əməlin böyük ictimai təhlükə törətməyən cinayət əməli olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamaqla barışmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi qanuna uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmişlə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə görə bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4-cü maddəsinin tələblərinə görə həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimaixüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqeyi baxımından da Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Hazırkı işin materiallarından həmçinin görünür ki, iş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73, 73-1.1 və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2, 40.3, 43.3, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar