Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-200/2023 28.11.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Ağayev Seyid - Əzim Nağı oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Ağcabədi rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 12 avqust 1988-ci il tarixdə Ağcabədi rauyonunun Hindarx qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonunun Hindarx qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunda göstərilən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 5,47 qram narkotik vasitə olan qurudulmuş marixuananı qəsdən satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib 1 ədəd kibrit qutusunda qablaşdırıb üzərində daşımaqla saxlamış, 27 sentyabr 2023-cü il tarixdə saat 11:45 radələrində Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Ağcabədi rayonu, Hindarx qəsəbəsində yerləşən məscidin qarşısında saxlanılaraq ünvan ünvanda yerləşən Ağcabədi rayon polis şöbəsinin inzibati binasına gətirilib həmin tarixdə saat 13:30-dan başlayaraq üzərində şəxsi axtarış aparılan zaman, əynində olan şalvarın sağ yan cibindən qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda istintaqa məlum olmayan vaxt və mənbədən əldə edib daşıyaraq saxladığı 1 ədəd kibrit qutusunda təmiz çəkisi 5,47 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd edilən əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, Ağcabədi rayonunun Hindarx qəsəbəsində yaşayır. Təxminən 1 ildir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. Adətən narkotik vasitələri tanımadığı şəxslərdən əldə edirmiş, narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamışdır. 26 sentyabr 2023-cü il tarixdə günorta radələrində Ağcabədi rayonu, Hindarx qəsəbəsində yaşadığı evin yaxınlığında yolun kənarı ilə gedən zaman yerdə bir ədəd kibrit qutusunun olduğunu görmüşdür.Həmin kibrit qutusu onun diqqətini cəlb etdiyi üçün əyilib kibrit qutusunu yerdən götürmüşdür. Həmin kibrit qutusunu açıb içərisini baxan zaman içərisində qurudulmuş “marixuana” deyə tanıdığı narkotik vasitə olduğunu görüb həmin kibrit qutusunu cibinə qoymuş və yaşadığı evə getmişdir. Növbəti gün, yəni 27 sentyabr 2023-cü il tarixdə saat 9 radələrində tapdığı narkotik vasitə olan marixuananı kibrit qutusu ilə birlikdə şalvarının sağ yan cibinə qoyub evdən çıxıb Hindarx qəsəbəsində yas yerinə getmişdir. Təxminən saat 11 radələrində yas yerindən çıxıb yaşadığı evə doğru Hindarx qəsəbəsində yerləşən məscidin qarşısından keçən zaman bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşıb, xidməti vəsiqələrini təqdim edib, polis əməkdaşları olduqlarını bildirmişlər. Ona hüquq və vəzifələrini, saxlanma səbəbini izah edib onu rayon polis şöbəsinə gətirmişlər. Burada dəvət edilmiş vəkilin iştirakı ilə xidməti otaqların birində onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində cinayət xarakterli əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. O, əynində olan şalvarın sağ yan cibindən içərisindən qurudulmuş “marixuana” olan 01 ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Polis əməkdaşları tərəfindən həmin kibrit qutusunun içərisinə baxıldıqda içərisində yaşıl rəngli, “nəşə” deyə adlanan narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Üzərindən aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş və kibrit qutusu ilə birlikdə çəkisi 8,54 qram olması müəyyən olunmuşdur. Daha sonra üzərindən aşkar edilmiş kütlə kibrit qutusu ilə birlikdə ağ rəngli kağız zərfdə qablaşdırılmış, üzəri yazılmış və onlar imza etmişlər. Sonra onun üzərinə əlavə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən heç bir cinayət xarakterli əşya, narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Marixuananı üzərində saxlamaqda məqsədi istifadə etmək olmuşdur. O, narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamışdır. O, başqa yerlərdə narkotik vasitə və ya psixotrop maddə gizlətməmiş, narkotik vasitə qəbul etməyini kiminsə bilməyi haqqında heç bir məlumatı yoxdur. Ona polislər tərəfindən hər hansı bir formada fiziki güc tətbiq ediləməmişdir. Hazırda törətdiyi əmələ görə çox peşman olduğunu bildırib, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadə verərək göstərdi ki, o, Ağcabədi rayon Polis Şöbəsində Cinayət Axtarışı Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 27 sentyabr 2023-cü il tarixdə Ağcabədi rayonu, Hindarx qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, üzərində gəzdirməsi və saxlamasında şübhəli olması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Məlumat rəhbərliyə məruzə edildikdən sonra ondan, PPXB-nün polis nəfəri, polis serjantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs cinayətkar əməlini ifşa etmək məqsədi ilə ətrafında müvafiq əməliyyat tədbirləri keçirməyə başlanılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs həmin gün, saat 11:45 radələrində Ağcabədi rayonu, Hindarx qəsəbəsində saxlanılaraq RPŞ-nə gətirilmişdir. RPŞ-nin inzibati binasında otaqların birində, RPŞ-nin TB-nin təhqiqatçısı polis mayoru X8 tərəfindən Təqsirləndirilən şəxs hüquqları izah edilməklə, onun özünün dövlət hesabına müdafiəçi ilə təmin edilməsi xahişinə əsasən Ağcabədi rayon Vəkil Bürosunun vəkili X2 onun hüquqlarını müdafiə etməsi məqsədilə vəkil təyin edilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs vəkili X1 da iştirakı ilə hüquq və vəzifələri izah edilmiş və üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına və şəxsi axtarışın video vasitəsi ilə aparılmasına heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunu çıxarıb stolun üzərinə qoymuşdur. Həmin kibrit qutusunun içərisinə baxış keçirilən zaman qutunun içərisində qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Həmin qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunduğu qaydada elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 8,54 qram olması müəyən edilmişdir. Həmin kütlə ekspertizaya təqdim edilməsi üçün Azərbaycan Respublikası DİN-in 143 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxsun üzərinə şəxsi axtarış keçirilərkən əlavə olaraq başqa bir narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Ona Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə və ya psixotrop maddə satması barədə əməliyyat məlumatı daxil olmamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs ətrafinda əməliyyat tədbirləri həyata keçirərkən onun kiməsə narkotik vasitə və ya psixotrop maddə satması müşahidə olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən polis əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. İş materiallarında olan 27 sentyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılmasına dair protokoldan görünür ki, həmin gün saat 13:30-dan başlayaraq saat 13:40-dək olan müddət ərzində video çəkilişlə Ağcabədi rayon polis şöbəsində Təqsirləndirilən şəxs müdafiəçisi X1 iştirakı ilə hüquq və vəzifələri izah edilib, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunu çıxarıb stolun üzərinə qoymuş, həmin kibrit qutusunun içərisində baxış keçirilən zaman içərisində 8,54 qram çəkidə yaşın rəngli, spesifik iyə malik narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Həmin içərisində narkotik vasitə marixuanaya bənzər kütlə olan 1 ədəd kibrit qutusu bir ədəd ağ kağız zərfdə qablaşdırılıb, üzərinə 143 saylı möhür vurularaq götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X7 Bölməsinin 28 sentyabr 2023-cü il tarixli, 18/956 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən...” sözləri və imzalar olan kağız paketdə 1 ədəd kibrit qutusunda təmiz çəkisi – 5,47 qram olan bitki mənşəli kütlə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Aşkar edilmiş marixuananın təmiz çəkisi 5,47 qram, cəmi tədqiqata sərf edildi– 0,02 qram, qalıq 5,45 qramdır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 27 sentyabr 2023-cüi il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 27 sentyabr 2023-cü il tarixdən 29 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 27 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 27 sentyabr 2023-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, MSY-dən azad edilmişdir. İş materiallarında olan Ağcabədi rayon polis şöbəsinə verilmiş əməliyyat tapşırığına xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik istifadəçisi kimi tanınır, bundan əvvəl də onun narkotiklə məşğul olması barədə RPŞ-nin əməliyyat aparatına məlumatlar daxil olmuş, üzərində aşkar olunmuş narkotik vasitə özünün istəfadəsi üçün özünə məxsus olmuşdur, narkotik vasitə satıb-satmaması, əlaqələrinin və narkotik maddələri haradan, kimdən əldə etməsi istiqamətində tədbirlər davam etdirilir və həmin ərazidə, ətraf kəndlərdə kəşfiyyat xarakterli profilaktiki söhbətlər aparılmış, analoji cinayətlərə görə təqsirləndirilən və bu cür cinayətlərə meyilli olan şübhəli şəxslərin, narkotikaya və spirtli içkilərə meyilli olan şəxslərin ətrafında müvafiq tədbirlər aparılmasına baxmayaraq hadisənin şahidi ola biləcək şəxsləri müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin 18 oktyabr 2023-cü il tarixli, 18-1-23/2400/2023 saylı məktubundan görünür ki, 12 avqust 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası» Publik Hüquqi şəxsin poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetlərində dispanser qeydiyyatda durmur. İş materiallarında olan X6 18 oktyabr 2023-cü il tarixli, 1708 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Ağcabədi rayon Hindarx qəsəbə İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 02 oktyabr 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, 12 avqust 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə toplanmış və araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 5,47 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində daşıyaraq saxlaması, özünün etiraf etməsi, şahid ifadələri, məhkəmə-narkoloji ekspertizasının rəyi ilə, habelə işdə olan rəsmi sənədlərlə tam sübuta yetirilir. Ona görə təqsirə görə məsuliyyət prinsipi baxımından həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 5ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə. Gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə edilməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.) təqsirkarın şəxsiyyətinə (resedivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onların müalicə və digər müəssisələr üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. İnsan Hüquqları və X4 haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla onun islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuna müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını qanuna müvafiq hesab edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Cəzanın icrası məhkumun yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 27 sentyabr 2023-cü il tarixdən 29 sentyabr 2023-cü il tarixədək olan iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəzasının 4 günü, təyin edilmiş cəzasından çıxılmalıdır. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası» Publik hüquqi şəxsin poliklinikasının narkoloji kabinetində proflaktiki qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut olan Ağcabədi rayon polis şöbəsində saxlanılan tədqiqatdan sonra qalıq qalan 5,45 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 31 manat 95 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına -AZ.MEM.VÖEN **********, AZ34CTRE ********************, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22 keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-356, 358 və 383-385-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona bir il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 sentyabr 2023-cü il tarixdən 29 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla azadlığın məhdudlaşdırılması cəzasının 4 günü təyin edilmiş cəzasından çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli Ağcabədi rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası məhkumun yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası» Publik hüquqi şəxsin poliklinikasının narkoloji kabinetində proflaktiki qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə Ağcabədi rayon polis şöbəsində saxlanılan maddi sübut olan – tədqiqatdan sonra qalıq qalan 5,45 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 31 manat 95 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına -AZ.MEM.VÖEN **********, AZ34CTRE ********************, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22 keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətinə Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №1(017)-200/2023
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-200/2023
28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver