Məhkəmə qərarları › İş №1(017)-205/2023

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-205/2023

20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-205/2023 20.12.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs – xx xxxx 1994-cü il tarixdə Ağcabədi rayonu, Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, 12 yanvar 2022-ci il tarixdə Bərdə rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Xəzər rayon məhkəməsinin qərarına əsasən 03 ay 9 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmış və məhkumluğu qanunla müəyyən edilən qaydada ödənilməmiş və götürülməmiş, Ağcabədi rayonu, Muğanlı kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Gəncə şəhəri 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsiinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən “Xidməti və mülki silah haqqında” 30 dekabr 1997-ci il tarixli 422-İQ saylı Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələrində xidməti və mülki silahın əldə edilməsi üçün nəzərdə tutulmuş qanuni əsaslar olmadan, yəni qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən keçmiş SSRİ-də zavod üsulu ilə istehsal edilmiş, nömrəsi silinmiş, 5,45 mm kalibirli “kalaşnikov” konstruksiyalı AK- 74 modelli odlu yivli silah hesab edilən texniki cəhətdən saz və atəş üçün yararlı olan bir ədəd avtomatı, “kalaşnikov” konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 7,62x39 mm kalibirli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış və istifadəyə yararlı olan bir ədəd darağı və 05 ədəd zavod üsulu ilə istehsal olunmuş, 7,62x39 mm kalibrli “Kalaşnikov” avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərində atəş açmaq üçün nəzərdə tutulmuş və atəş üçün yararlı olan döyüş sursatı (patronları) vahid niyyətlə qəsdən qanunsuz olaraq əldə edərək, daşıyaraq gəzdirmiş və 11 sentyabr 2023-cü il tarixədək idarə etdiyi “Priora” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində saxlamış, 11 sentyabr 2023-cü il tarixdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “Priora” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə birlikdə Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yolun kənarında saxlanılaraq ünvan ünvanda yerləşən Ağcabədi rayon polis şöbəsinin duracağına gətirilib həmin tarixdə saat 20:15-dən başlayaraq nəqliyyat vasitəsinə baxış aparılan zaman həmin odlu silah, onun komplekt hissəsi və döyüş sursatları onun idarə etdiyi “Priora” markalı **- KL-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən bir ədəd sintetik torbaya bükülmüş vəziyyətdə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd edilən əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 228.1-ci maddəsinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə ifadə verərək göstərdi ki, o, subaydır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. 09 sentyabr 2023-cü il tarixdə Ağcabədi rayonu, Muğanlı kəndi ərazisində Qarqar çayının kənarında tək piyada gəzən zaman yerdə bir ədəd sintetik torbanın olduğunu görmüşdür. Həmin torba diqqətini cəlb etmişdir. O, sintetik torbanı yerdən götürüb içərisinə baxmış və bir ədəd “Kalaşnikov” markalı avtomat silahını olduğunu görmüşdür. Avtomatın üzərində 1 ədəd sandıqçası olmuşdur. O, silahı torbadan çıxarmış, üzrərində olan sandıqçanı silahdan ayırıb içərisinə baxmış və sandıqçada 05 ədəd patronun olduğunu görmüşdür. Bundan sonra o, həmin sandıqçanı və silahı tapdığı kisənin içərisinə qoyub yaşadığı ünvana gətirmişdir. Evə gəldikdən sonra tapdığı silahı, daraq və partonları ilə birlikdə idarə etdiyi “Priora” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin yük yerində gizlətmişdir. İdarə etdiyi avtomobil faktiki olaraq ona məxsusdur, lakin o, avtomobili həmkəndlisi X1 adına almışdır. 11 sentyabr 2023-cü il tarixdə saat 20:00 radələrində o, idarə etdiyi **-KL-*** dövlət qeydiyyat nişanlı “Priora” markalı avtomobil ilə Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində hərəkətdə olan zaman DYPB-nin yol patrul xidmətinin əməkdaşları onun avtomobilini saxlatmışlar və onu avtomobili ilə birlikdə rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsinin həyətində ona idarə etdiyi avtomobildə odlu silah saxlamağı barədə məlumatlarının olduğunu demişlər. Polis məkdaşları avtomobilinə baxış keçirəcəklərini və onun hər hansı bir etirazının olubolmamağını soruşmuşlar. O, ərizə yazaraq heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra ondan idarə etdiyi avtomobildə silah saxlayıb-saxlamadığı soruşulmuş, o, da avtomobilinin yük yerində silah saxladığını demişdir. Bundan sonra polis əməkdaşları avtomobilin yük yerini açmışlar, yük yerində olan parça döşəmənin altında, ehtiyat təkərin üzərində bir ədəd sintetik torbanı götürmüşlər. Həmin sintetik torbanın içərisində polis əməkdaşları aşkar edilmiş bir ədəd kalaşnikov markalı avtomata, həmin avtomata məxsus sandıqçaya və sandıqçanın içərisində olan 5 ədəd patronlara baxış keçirmişlər, həmin silahı sandıqçası və 5 ədəd patronlarla birlikdə həmin sintetik torbaya qablaşdırıb ekspertizaya təqdim edilməsi üçün götürmüşlər. Həmin vaxt polis əməkdaşları ondan avtomobilindən aşkar edilmiş silahı haradan əldə etdiyini soruşmuşlar, o, isə həmin silahı, sandıqçanı 05 ədəd patronlarla birlikdə yaşadığı kəndə yaxın yerləşən “Ergi” ərazisindən tapdığını bildirmişdir. Bundan sonra ona idarə etdiyi avtomobildə hər hansı qanunla dövriyyəsi qadağan olmuş əşyaların olub-olmaması sual edilmişdir. O, isə avtomobildə başqa hər hansı dövriyyəsi qadağan edilmiş əşyaların olmadığını bildirmişdir. Sonra polis əməkdaşları avtomobilə baxış keçirmişlər, lakin heç bir qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları onu Ağcabədi rayon polis şöbəsinin inzibati binasına gətirmişlər. Burada onun üçün dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən heç bir qanunla dövriyyəsi qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Bir ədəd avtomat, 01 ədəd sandıqça və 05 ədəd patronlar ona məxsusdur. Həmin silahdan ümumiyyətlə istifadə etməmişdir. Onun həmin silahı hüquq-mühafizə orqanlarına təhvil vermək ağlına gəlməmişdir. O, bir ədəd kalaşnikov markalı avtomatı, 01 ədəd sandıqçanı və 05 ədəd patronları tapan zaman tək olmuş, yanında başqa heç kim olmamışdır. Odur ki, törətdiyi əmələ görə ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən polis əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, o, 11 sentyabr 2023-cü il tarixdə icraatına Ağcabədi rayonu, Muğanlı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs idarə etdiyi “Lada Priora” markalı **- KL-*** dövlət qeydiyyat nişanlı avtomobilində qanunsuz olaraq avtomat markalı odlu silah gəzdirməsi barədə məlumat daxil olmuşdur. Məlumat rəhbərliyə məruzə edildikdən sonra ondan, Ağcabədi RPŞ-nin YPX-nin inspektoru polis baş serjantı Şahid3 Əhliyyat oğlundan, RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 və TB-nin təhqiqatçısı polis kapitanı X2 ibarət əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs cinayətkar əməlini ifşa etmək məqsədi ilə ətrafında müvafiq əməliyyat tədbirləri keçirməyə başlanılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs həmin gün saat 20:00 radələrində Ağcabədi şəhəri, Ü.Hacıbəyli küçəsində saxlanılmış, Təqsirləndirilən şəxs onun və digər polis əməkdaşlarının iştirakı ilə özü “Lada Priora” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib yolda hər hansı bir yerdə dayanmadan bir başa Ağcabədi RPŞ-nin həyətinə gətirilmişdir. Ağcabədi RPŞ-nin həyətinə gələn kimi, avtomobildən aralaşmadan Təqsirləndirilən şəxs idarə etdiyi “Lada Priora” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi nəzərinə çatdırılmışdır, Təqsirləndirilən şəxs buna heç bir etirazının olmadığını bildirilmişdir. Bundan sonra onun, RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı Şahid2, həmin şöbənin DYPB-nin YPX inspektoru, polis baş serjantı Şahid3 Əhliyyat oğlunun, TBnin təhqiqatçısı, polis kapitanı X4 iştirakları ilə video çəkiliş vasitəsilə avtomobilə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə odlu silah, eləcə də qanunsuz əşya və ya predmet olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin arxa yük yerində avtomat olmasını bildirmiş və avtomobilin açarını cibindən çıxarıb avtomobilin arxa yük yerini açmışdır. Bundan sonra iştirakçılarla birlikdə qeyd edilən avtomobilin yük hissəsinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “Lada Priora” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsindən bir ədəd ağ rəngli sintetik torba aşkar edilmişdir. Həmin sintetik torbanın içərisinə baxış keçirilən zaman içərisində bir ədəd qundaqlı, üzərində darağı olmayan, nömrəsi silinmiş Kalaşnikov markalı avtomat silah və bir ədəd sandıqça aşkar edilmişdir. Aşkar olunan sandıqçada olan patronlar çıxarılaraq sayılmış və sandıqçaya 05 ədəd patron yığılması müəyyən olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs avtomobildən aşkar olunan silahı, darağı və patronları hardan əldə etməsi soruşulmuşdur. Təqsirləndirilən şəxs avtomobildə aşkar olunan silahı, darağı və patronları 3 gün əvvəl Ağcabədi rayonu “Ergi” ərazisində tapmasını bildirmişdir. Aşkar olunan Kalaşnikov markalı avtomat silah, bir ədəd sandıqça və 05 ədəd patronlar qablaşdırılıb ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Avtomobilə baxış keçirilən zaman əlavə olaraq qanunsuz saxlanılan əşya aşkar edilməmiş və bununla da avtomobilə baxış başa çatdırılmışdır. Təqsirləndirilən şəxs rayon polis şöbəsinə gətirilib şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərinə dövlət hesabına təyin edilmiş vəkil Rahul Quluzadənin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla saxlanması qadağan edilən hər hansı bir əşya aşkar edilməmişdir. Polis şöbəsinə Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunan silahı, bir ədəd sandıqçanı və beş ədəd patronu tək və ya digər şəxslərlə birlikdə satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olmamışdır. Təqsirləndirilən şəxs razılığı əsasında avtomobilə baxış keçirilmişdir, onun göstərdiyi yerdən bir ədəd avtomat silah, bir ədəd sandıqça və sandıqçada olan beş ədəd patron aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs silahın, sandıqça və 05 ədəd patronun özünə məxsus olmasını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən polis əməkdaşları Şahid2 və Şahid3 Əhliyyat oğlu da oxşar məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid4 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Bakı şəhərində yaşayır. Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Rafiq ilə həmkədli olmaqla, həm də bir məktəbdə oxumuşdur. Təxminən 5-6 ay bundan əvvəl Rafiq Bakı şəhərinə gəlib onunla görüşüb demişdir ki, “Lada Priora” markalı avtomobil bəyənibdir, həmin avtomobili alıb onun adına etibarnamə əsasında keçirmək istəyir. O, isə Rafiqə heç bir problem olmadığını demişdir. Buna görə də, onlar hazırda xatırlamadığı notariusda “Lada Priora” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında onun adına keçirmişlər. Rafiq demişdir ki, kəndə gələn zaman həmin avtomobili öz adına keçirəcəkdir. Bundan sonra o, kəndə gələ bilmədiyi üçün avtomobili Rafiqin adına keçirə bilməmişdir. Bu yaxınlarda isə Rafiqin idarə etdiyi avtomobilində isə avtomat markalı silahın aşkar edildiyini eşitmişdir. Rafiqin idarə etdiyi avtomobil etibarnamə əsasında onun adına olsada, həmin avtomobil ilə bağlı hər hansı əlaqəsi yoxdur. Avtomobil faktiki olaraq Rafiqin istifadəsində və sərəncamında olmuşdur. Rafiqin avtomobildə odlu silah gəzdirməsi haqqında heç bir məlumatı olmamışdır. Ağcabədi rayon polis şöbəsinin əməliyyat tapşırığına cavab raportundan görünür ki, keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar olunan, ona məxsus “Kalaşnikov” konstruksiyalı avtomat silahı, həmin silahın hissəsi olan darağı və döyüş sursatı olan 05 ədəd patronları əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilən “Kalaşnikov” konstruksiyalı avtomat silahı, həmin silahın hissəsi olan darağı və döyüş sursatı olan 05 ədəd patronları tək və ya digər şəxs (şəxslərlə) qrup yaradıb satmaq istəməsini, buna görə kiminləsə əlaqə yaratmasını, saxlamasını hələki müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 12 sentyabr 2023-cü il tarixli, 23/703R №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd №-si silinmiş silah, zavod üsuli ilə keçmiş SSRİ-də istehsal olunmuş, Kalaşnikov konstruksiyalı 5,45 mm kalibrli AK-74 modelli avtomatdır, yivli odlu silahlar növünə aiddir, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Təqdim edilmiş 05 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş 7,62x39 mm kalibrli Kalaşnikov avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərində atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd predmet, “Kalaşnikov” konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 7,62x39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış darağdır və istifadəyə yararlıdır. Qeyd:Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında əlavə məlumat veriləcəkdir. Qeyd: Tədqiqata təqdim edilmiş 05 ədəd 7,62x39 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olundu. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 14 sentyabr 2023-cü il tarixli, 3-13-11/2-11107/2023 saylı məktübündan görünür ki, 5,45 mm kalibrli, №-si silinmiş AK-74 modelli Kalaşnikov konstruksiyalı avtomatdan eksperimental qaydada atılmış güllə və giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Cinayət işinə əlavə edilən 11 sentyabr 2023-cü il tarixli baxış keçirilməsinə dair protokoldan görünür ki, həmin gün saat 20:15-dən başlayaraq saat 20:55-dək olan müddət ərzində videoçəkilişlə Təqsirləndirilən şəxs idarə etdiyi “Lada Priora” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilə Ağcabədi rayon polis şöbəsinin əməkdaşları tərəfindən video çəkiliş aparılmaqla baxış keçirilmiş, baxış zamanı avtomobilin yük hissəsindən bir ədəd ağ rəngli sintetik torba aşkar edilmişdir. Həmin sintetik torbanın içərisinə baxış keçirilən zaman içərisində bir ədəd qundaqlı, üzərində darağı olmayan, nömrəsi silinmiş Kalaşnikov markalı avtomat silah və bir ədəd sandıqça aşkar edilmişdir. Aşkar olunan sandıqçada olan patronlar çıxarılaraq sayılmış və sandıqçaya 05 ədəd patron yığılması müəyyən olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin yük yerindən aşkar edilən silahı, bir ədəd darağı (sandıqça) və 05 ədəd patronları yaşadığı kənddə Qarqar çayının kənarında tapdığımı bildirmişdir. İşdə olan şəxsi axtarış və götürmə aparılmasına dair 11 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin gün saat 21:15-dən başlayaraq saat 21:35-dək olan müddət ərzində Təqsirləndirilən şəxs müdafiəçisi X3 iştirakı ilə hüquq və vəzifələri izah edilib, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi qadağan olunmuş hər hansi bir əşya aşkar edilməmişdir. 11 sentyabr 2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan aydın olur ki, diskdə olan görüntülərdə Təqsirləndirilən şəxs idarə etdiyi “Lada Priora” markalı **- KL-*** dövlət qeydiyyat nişanlı avtomobilə Ağcabədi rayon polis şöbəsinin əməkdaşları tərəfindən video çəkiliş aparılmaqla baxış keçirilmiş, baxış zamanı avtomobilin yük hissəsindən bir ədəd ağ rəngli sintetik torba aşkar edilmişdir. Həmin sintetik torbanın içərisinə baxış keçirilən zaman içərisində bir ədəd qundaqlı, üzərində darağı olmayan, nömrəsi silinmiş Kalaşnikov markalı avtomat silah və bir ədəd sandıqça aşkar edilmişdir. Aşkar olunan sandıqçada olan patronlar çıxarılaraq sayılmış və sandıqçaya 05 ədəd patron yığılması müşahidə olunur. İşdə olan 12 sentyabr 2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan aydın olur ki, diskdə olan görüntülərdə Təqsirləndirilən şəxs müdafiəçisi X3 iştirakı ilə hüquq və vəzifələri izah edilməsi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparlması və sonuncunun üzərindən dövriyyəsi qadağan olunan hər hansı əşyanın aşkar edilmədiyi müşahidə olunur. Cinayət işinə əlavə olunmuş DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Cinayət işinə əlavə olunmuş DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Cəlilabad Hərbi Məhkəməsinin hökmün qanuna uyğunlaşdırılması haqqında xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxsun barəsində olan Cəlilabad Hərbi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 1-1(096)43/2014 saylı hökmü xx.xx.2020-ci il tarixdə qanuni qüvvəyə minmiş “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılaraq Təqsirləndirilən şəxs barəsində olan Cəlilabad Hərbi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 1-1(096)43/2014 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.1, 332.2.2, 332.2,3 182.2.2, və 182.2.3-cü maddələri ilə məhkumluğu olmayan şəxs hesab edilmişdir. Belə ki, o, 15 iyun 2021-ci il tarixdə həbs olunmuş, 12 yanvar 2022-ci il tarixdə Bərdə rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixdə Xəzər rayon məhkəməsinin qərarına əsasən 03 ay 9 gün vaxtından əvvəl şərti azad olunmuşdur. xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-ci il tarixdə Ağcabədi rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətində həbs növündə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs qəsdən cinayət törətdiyinə görə əvvəllər məhkumluğu olduğu halda yenidən qasdən cinayət törətməsi cinayətin residivini yaradır. Bundan başqa cinayət işinin materiallarından görünür ki, hazırda Təqsirləndirilən şəxs məhkumluğu vardır. İşdə olan Ağcabədi rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin 18 sentyabr 2023-cü il tarixli, 1084 nömrəli arayışından görünür ki, xx.xx.1994-cü il təvəllüdlü Vəliyev X5 RMX-nın Poliklinika Şöbəsində ruhi-əsəb və narkoloji kabinetində dispanser qeydiyyata alınmamışdır. Beləliklə, məhkəmə toplanmış və araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Odur ki, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 27 may 2005-ci il tarixli, 02 saylı qərarının 9-cu bəndində göstərilir ki, CM-nin 228.1-ci maddəsində odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə qeyd olunan predmetlər tapıldıqda, onların mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi, AR-nın CM-nin 61.1-ci maddəsinə əsasən əməlində cinayətlərin residivi olmasını isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsirini və onun cəmiyyətdən tam təcrid olunmaqla islah olunması mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi AR CM-nin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuna müvafiq hesab edir. Təqsirləndirilən şəxs AR CM-nın 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəza çəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu gündən, yəni 11 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus, onun idarə etdiyi “Lada priora” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən götürülən 01 ədəd texniki cəhətdən saz və atəş üçün yararlı Kalaşnikov konstruksiyalı, AK-74 modelli odlu yivli silah avtomatı, 01 ədəd texniki cəhətdən saz və istifadə üçün yararlı darağı, 02 ədəd atəş açmaq üçün yararlı zavod üsulu ilə istehsal olunmuş, 7,62x39 mm kalibrli döyüş sursatı olan patronlar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin silah anbarına təhvil verilməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 2 (iki) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu gündən, 11 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi “Lada Priora” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən götrülmüş 01 ədəd texniki cəhətdən saz və atəş üçün yararlı Kalaşnikov konstruksiyalı, AK-74 modelli yivli odlu silah (avtomat), 01 ədəd texniki cəhətdən saz və istifadə üçün yararlı darağı, 02 ədəd atəş açmaq üçün yararlı zavod üsulu ilə istehsal olunmuş, 7,62x39 mm kalibrli döyüş sursatı olan patronlar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin silah anbarına təhvil verilsin. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətə Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar