Məhkəmə qərarları › İş №1(017)-208/2023

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №1(017)-208/2023

20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 1(017)-208/2023 20.12.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X1 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X1 Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və Zərərçəkmiş şəxs iştirakı ilə Təqsirləndirilən şəxs - (xx.xx.2005-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağcabədi şəhəri, Xətai küçəsi ev 10-da qeydiyyatda olan və Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli pr-ti ev 27, mənzil 1-də yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 21 avqust 2023-cü il tarixdə, saat 22:00 radələrində Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən yaşadığı evin yaxınlığında qonşusu Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı kəlləsi ilə qəsdən sonuncunun sifət nahiyəsinə bir dəfə və yumruqla bədənin müxtəlif nahiyələrinə bir neçə dəfə zərbələr vuraraq sağ üst və alt göz qapaqlarında dərialtı hematoma (dəri altına qan yığılması), boynunda qançır, sol əlin 4-cü barmağında qançır ilə müşayiət edilən xəsarətlər yetirməklə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməkdə özünü təqsirli bilib ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Ağcabədi şəhərində yaşayır. Zərərçəkmiş şəxs onunla qonşuluqda yaşayır. Əvvəllər Elvin ilə aralarında heç bir ədavət və düşmənçilikləri olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 21:40 radələrində Elvini həyətdə görüb ona yaxınlaşaraq alışqanı olmadığı üçün ondan siqaret yandırmaq üçün alışqan istəmişdir. Elvin də həmin vaxt ona alışqan verməyərək, əli ilə ona qarşı nalayiq hərəkətlər etmişdir Bundan sonra Elvindən nə üçün ona qarşı elə hərəkət etdiyini soruşmuşdur. Elvin ona yaxşı etdiyini bildirmiş, bu səbəbdən də həmin vaxt aralarında mübahisə olmuşdur. Mübahisə zamanı Elvin onun üzərinə gələrək onu vurmaq istəyən zaman, Elvindən daha cəld davranaraq əlləri ilə Elvinin köynəyindən tutub özünə tərəf çəkərək kəllə ilə bir dəfə onun sifət nahiyəsinə vurmuşdur. Zərbənin təsirindən həmin vaxt Elvin yerə yıxılmışdır. Elvin yerə yıxıldıqdan sonra yumruqla ona bir neçə dəfə zərbələr endirmişdir. Daha sonra isə onlar aralaşıb çıxıb getmişlər. Sonradan Zərərçəkmiş şəxs üzr istəyərək onunla barışmışdır. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona görə də işin icraatına xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibb ekspertizasının rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Ağcabədi şəhərində yaşayır. xx.xx.2023-cü il tarixdə saat 21:45 radələrində Namiq onu həyətdə görüb yaxınlaşaraq alışqanı olmadığı üçün ondan siqaret yandırmağa alışqan istəmiş, Namiqlə əvvəllərdə zarafatları olduğu üçün zarafatlaşaraq alışqanını ona verməmişdir. Bundan sonra Namiq mağazaya gedib siqaretini yanırmış və daha sonra yenidən onun yanına gələrək nə üçün alışqanını ona vermədiyini sual verib, eyni zamanda niyə ona əl qol hərəkəti ilə nalayiq işarə etdiyini soruşmuşdur. Namiqə cavab verərək əl qol hərəkəti ilə nalayiq işarə etmədiyini, alışqanı verməməkdə isə "yaxşı edirəm" demişdir. Bu vaxt Namiq kəllə ilə onun sifət nahiyəsindən bir dəfə vurmuşdur. Zərbənin təsirindan yerə yıxılmışdır. Namiq onun yerə yıxılmağından istifadə edərək, yerdə olan vəziyyətdə bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə də yumruqla zərbələri endirmişdir. Daha sonra özünə gəlib yaşadığı evə getmişdir. Bundan sonra Ağcabədi rayon polis şöbəsinə gedib ərizə ilə müraciət etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona vurulmuş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona görə də işin icraatına xitam verilməsini xahiş edir. İşdə olan məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 506 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər - sağ üst və alt göz qapaqlarında dərialtı hematoma (dəri altına qan yığılması), boynunda qançır, sol əlin 4-cü barmağında qançır küt əşyanın (əşyaların) təsirindən törənmişdir, kənar şəxs tərəfindən başla (kəllə ilə) və əllə vurulma nəticəsində əmələ gələ bilərdi, yetirilmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə prosesinin gedişində Zərərçəkmiş şəxs tərəfindən təqdim edilərək iş materiallarına əlavə edilən xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona vurulmuş zərər ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Ona görə də cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs tərəfindən təqdim edilərək iş materiallarına əlavə edilən xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, özünü təqsirli bilir, törətdiyi əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmış, vurulmuş ziyanı ödəmiş və işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələrini dinləyib, onların ərizələrini nəzərdən keçirib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, zərərçəkmiş şəxslə barışmasını, törətdiyi əməlin böyük ictimai təhlükə törətməyən cinayət əməli olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73-cü maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi məqsədə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmişlə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə görə Cinayət Məcəlləsinin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4-cü maddəsinin tələblərinə görə həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqeyi baxımından da Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Hazırkı işin materiallarından həmçinin görünür ki, iş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2, 43.3, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar