Məhkəmə qərarları › İş №1(017)-23/2024

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-23/2024

24.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-23/2024 24.01.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X2 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X2 Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi - Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs - (xx.xx.1962-ci ildə Ağcabədi rayonunun Kürdlər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, birinci qrup əlil, fərdi əməklə məşğul olmuş, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsinə əsasən ona təyin edilmiş cəza şərti hesab edilərək 02 il sınaq müddəti təyin edilmiş, Ağcabədi rayonunun Bilağan kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası CM-nin 234.1-ci (köhnə redaksiyada) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət qədər narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunda göstərilən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 5,69 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qəsdən istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib bir ədəd kibrit qutusunda əynində olan açıq qəhvəyi rəngli pencəyin sağ yan cibində daşıyaraq saxlamış, 11 noyabr 2023-cü il tarixdə Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Ağcabədi rayonu, Bilağan kəndində, yaşadığı evin yaxınlığında, saxlanılaraq saat 18:30 radələrində Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti, 39 ünvanında yerləşən Ağcabədi rayon Polis şöbəsinin inzibati binasına gətirilib həmin tarixdə saat 19:20-dən başlayaraq üzərinə şəxsi axtarış aparılan zaman əynində olan açıq qəhvəyi rəngli pencəyin sağ yan cibindən bir ədəd kibrit qutusunda, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda istintaqa məlum olmayan vaxt və mənbədən əldə edib daşıyaraq saxladığı təmiz çəkisi 5,69 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Ağcabədi rayonunun Bilağan kəndində ailəsi ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, sol ayağı kəsilmişdir, İ qrup əlildir. Təxminən 2-3 ildir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olduğuna görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, lakin cəzası şərti hesab olunmuşdur. 11 noyabr 2023-cü il tarixdə günortadan sonra yaşadığı evin qarşısından keçən küçədə piyada olaraq keçən zaman yerdə bir ədəd kibrit qutusu görmüş və diqqətini çəkdiyi üçün götürüb içinə baxmışdır. Kibrit qutusuna baxdıqda görmüşdür ki, içərisində narkotik vasitə olan qurudulmuş marixuana vardır. Bundan sonra həmin kibrit qutusunu götürüb cibinə qoymuşdur ki, lazım olanda istifadə edər. Həmin günü axşam saatlarında, təxminən saat 18 radələrində yaşadığı evin qarşısındakı küçədə dayanan zaman bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Ona saxlanma səbəbini, hüquq və vəzifələrini izah edib Ağcabədi rayon polis şöbəsinə gətirmişlər. Burada onun üçün dəvət edilmiş müdafiəçinin iştirakı ilə, xidməti otaqların birində onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona sual olunmuşdur ki, üzərində hər hansı qanunsuz əşya və ya predmet, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etsin. Əynində olan açıq qəhvəyi rəngli pencəyin sağ yan cibindən narkotik vasitə olan qurudulmuş marixuananın olduğu 01 ədəd kibrit qutusunu təqdim etmişdir. Polis əməkdaşları həmin kibrit qutusuna baxış keçirmişlər. Kibrit qutusunun içərisində yaşıl rəngli, spesifik qoxuya malik narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Onun üzərinə əlavə şəxsi axtarış keçirilmiş, üzərindən heç bir qanunsuz əşya və ya predmet, narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Daha sonra həmin kibrit qutusu aşkar olunduğu qaydada elektron tərəzidə çəkilmiş, qablaşdırılaraq möhürlənib götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokolu imzalamışdır. Hazırda törətdiyi əməlindən peşmandır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və işin digər halları ilə kifayət qədər sübuta yetmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, Ağcabədi rayon Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 11 noyabr 2023cü il tarixdə icraatına Ağcabədi rayonu, Bilağan kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və üzərində gəzdirməsi ilə məşğul olması barədə Ağcabədi rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatı rəhbərliyə məruzə olunmuş, məlumatın icra edilməsi üçün bununla bağlı qərar qəbul edib əməliyyat qrupu yaratmışdır. Bundan sonra həmin gün saat 18 radələrində Təqsirləndirilən şəxs Ağcabədi rayonu, Bilağan kəndi ərazisində müəyyən edilmişdir. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Ona saxlanma səbəbini, hüquq və vəzifələrini izah edib Ağcabədi rayon Polis Şöbəsinə gətirmişlər. Burada xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış Təqsirləndirilən şəxs üçün dəvət edilmiş müdafiəçinin iştirakı ilə keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı qanunsuz əşya və ya predmet, eləcə də narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan açıq qəhvəyi rəngli pencəyin sağ yan cibindən bir ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Həmin kibrit qutusuna baxış keçirilərkən içərisində yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olmasını, üzərində saxlamaqda məqsədinin istifadə etmək olduğunu bildirmişdir. Onun üzərinə əlavə şəxsi axtarış keçirilmiş, üzərindən heç bir qanunsuz əşya və ya predmet, narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Daha sonra həmin kibrit qutusu aşkar olunduğu qaydada elektron tərəzidə çəkilmiş, qablaşdırılaraq möhürlənib götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaqda verdiyi və məhkəmə iclasında elan olunmuş Şahid1 ifadəsi ilə də təsdiq olunur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 12 noyabr 2023-cü il tarixli, 18/1052 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki bir ədəd kibrit qutusunda təmiz çəkisi 5,69 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Aşkar edilmiş qurudulmuş marixuananın təmiz çəkisi -5,69 qram, tədqiqata sərf edildi -0,02 qram, qalıq -5,67 qramdır. İş materiallarına əlavə edilmiş sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, hazırkı iş üzrə qalıq çəkisi 5,67 qram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Ağcabədi rayon Polis şöbəsinə təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X7 Ağcabədi rayon X4 Hüquqi Şəxsin 23 noyabr 2023-cü il tarixli məktubdan görünür ki, Şirinli X1 rayon X4 X5 şöbəsinin ruhi-əsəb kabinetində qeydiyyatda deyil, lakin narkoloji kabinetində dispanser qeydiyyatındadır. İş materiallarına əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2003 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabionidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Bilağan kənd İƏD-si üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Bundan əlavə, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı “Marixuna-Kannabis” olan maddələr narkotik vasitədir, onun qurudulmuş 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramı və ya ondan artıq hissəsi isə “külli miqdar” hesab olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı “Heroin” olan maddələr narkotik vasitədir, onun 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə “külli miqdar” hesab olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı “Metamfetamin” olan maddələr narkotik vasitədir, onun 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə “külli miqdar” hesab olunur. Məhkəmə, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 25 iyun 2005-ci il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələblərinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10); həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8); miqdarından asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin satılması (1.0.11) hesab edilir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59 və 61-ci maddələrinin tələblərini, o cümlədən törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2023cü il tarixli tələbnaməsindən və hökmün surətindən görünür ki, Şirinli X1 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsinə əsasən ona təyin edilmiş cəza şərti hesab edilərək 02 il sınaq müddəti təyin edilmiş, sınaq müddəti başa çatmamış yeni cinayət törətmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl üzrə məhkumluğu ödənilməmişdir. Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinə görə şərti məhkum edilmiş şəxslər barəsində - sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi isə cinayətin residivini yaradır (CM, mad. 18.1) Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən, residivə görə cəzanın təyin edilməsinə dair CM-nin 65.2-ci maddəsinin də tələblərini nəzərə alır. Belə ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs cəmiyyətdə hökm sürən sosialmənəvi normalara qarşı zidd davranış forması seçərək dəfələrlə cinayət qanununu pozmuş, qəsdən cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb edilərək məhkum edilmişdir. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsinə əsasən ona təyin edilmiş cəza şərti hesab edilərək təyin edilmiş 02 il sınaq müddəti başa çatmamış, yəni 11 noyabr 2023-cü il tarixdə az ağır cinayət törətmişdir. Bu da onun kriminogen xüsusiyyətlərdən azad olmadığını, davamlı şəkildə anti-cəmiyyət davranış formasına meylli olduğunu göstərir. Bunlar da Təqsirləndirilən şəxs şəxsiyyətini mənfi cəhətdən səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 67.1ci maddəsinin tələbləri əsas götürülməklə hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Belə ki, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini, birinci qrup əlil olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar sayır. Məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinin tələblərinə əsasən cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və dərhal saxlandığı Ağcabədi rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Məhkəmə, cəza təyin edərkən törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, birinci qrup əlil olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olması kimi şəxsiyyətini xarakterizə edən halları, cəza təyin edilməsində ədalət və humanizm prinsiplərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 71.5-ci maddəsinə əsasən Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş şərti məhkum etmə ləğv edilərək Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş cəzaya Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş və çəkilməmiş qalan 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlama müddətini, yəni iki gün müddəti nəzərə alaraq, bir günə bir gün hesabı ilə hesablanaraq təyin olunan azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalından dərhal həbs edilməli, cəza çəkməsinin əvvəli 24 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azadlıqdan məhrum etmə növündə cəzanın Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edildiyindən Təqsirləndirilən şəxs təyin olunacaq cəza da ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 49 manat 74 qəpik təşkil edir. İş üzrə ekspertiza xərci olan 49 manat 74 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, maddi sübut kimi tanınaraq Ağcabədi rayon Polis şöbəsində saxlanılan və qalıq çəkisi 5,67 qram olan narkotik vasitə-qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ağcabədi rayon poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata götürülməsi nəzər alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 iş saatı üçün 60 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin; CM-nin 71.5-ci maddəsinə əsasən Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş şərti məhkum etmə ləğv edilsin; Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş cəzaya Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən təyin edilmiş və çəkilməmiş qalan 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin; Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlama müddətini, yəni iki gün müddəti nəzərə alaraq, bir günə bir gün hesabı ilə hesablanaraq təyin olunan azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın; cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalından dərhal həbs edilsin; cəza çəkməsinin əvvəli 24 yanvar 2024-cü il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Ağcabədi rayon Polis şöbəsində saxlanılan, ekspertizadan sonra qalıq çəkisi 5,67 qram olan narkotik vasitə- qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 49 manat 74 qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 10 iş saatı üçün 60 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar