Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-24/2024 14.02.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X1 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X1 Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs iştirakları ilə Təqsirləndirilən şəxs - (xx.xx.1958-ci il tarixdə Ağcabədi rayonunun Hüsülü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, pensiyaçı, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonunun Hüsülü kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 02 iyun 2023-cü il tarixdə saat 14:30-da sürücülük hüququ ilə idarə etdiyi özünə məxsus “Mercedes Benz E-350” minik markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilini Ağcabədi rayonu Hindarx qəsəbəsi ərazisində Ağdam rayonu Quzanlı qəsəbəsi istiqamətinə doğru 60 km/saat sürətlə asfalt yolda hərəkət etdirən zaman «Yol hərəkəti haqqında» 03 iyul 1998-ci il tarixli, 517-İQ nömrəli Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozub, əks istiqamətli hərəkət zolaqlarını ayıran üfüqi nişanlanma xəttini kəsib keçərək onunla əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs etibarnamə ilə idarə etdiyi “VAZ-21214” minik markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyyatsızlıqdan qarşısına çıxaraq qabaq tərəfi ilə qarşı hərəkət zolağında toqquşmuş, nəticədə sürücü Zərərçəkmiş şəxs döş sümüyünün cismində yerdəyişməyən sınıq, sol 2- 4-5-6 qabırğaların yerdəyişən, 4-cü qabırğanın qəlpəli yerdəyişən sınıqları, sağ 2-3-4-cü qabırğaların yerdəyişən sınıqları, hər iki plevral boşluqda hemotororaks, hər iki ağciyərin alt paylarında travmaya bağlı kontuzaya sahələri, subseqmentar atelektazlar, hər iki tərəfli hemotoraks xəsarətləri ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə yol-hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Ağcabədi rayonunun Hüsülü kəndində yaşayır. Onun özünə məxsus “Mercedes Benz E-350” minik markalı, **-KT-*** dövlət nömrə nişanlı avtomobili var. Həmin avtomobili idarə etmək üçün AE919278 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsi var. xx.xx.2023-cü il tarixdə saat 14:30 radələrində özünə məxsus avtomobillə yaşadığı Hüsülü kəndindən çıxıb ət almaq üçün Ağcabədi rayonu Hindarx qəsəbəsinə gedirmiş. Hindarx qəsəbəsinin başlanğıc istiqamətindən sonu istiqamətinə doğru hərəkətdə olarkən fikirli olduğundan əks hərəkət zolağına çıxaraq hərəkətini davam etdirmişdir. Bu zaman avtomobili 60 km/saat sürətlə idarə edirmiş. Bu vaxt yolun əks hərəkət zolağında qarşıdan gələn “Niva” markalı avtomobilin qabaq tərəfi ilə toqquşmuş. Onun avtomobilinin hava şarları açılmışdır. Bundan sonra avtomobildən düşmüşdür. Təz ətrafdakı adamlar ora toplaşmışlar. Onların köməkliyi ilə “Niva” markalı avtomobilin sürücüsünü avtomobildən düşürmüşlər. Həmin vaxt Cəbrayıl bədən xəsarətləri almışdır. Bundan sonra hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım avtomobili gəlmişdir. Zərərçəkmiş şəxs təcili yardım avtomobili ilə xəstəxanaya aparmışlar. Onun iştirakı ilə polis əməkdaşları hadisə yerinə baxış keçirdərək foto şəkillər çəkmişlər. Bu barədə protokol tərtib olunmuşdur. Doğruluğu imzalarla təsdiq edilmişdir. Spirtli içki qəbul etməmişdir. Hadisənin baş verməsinə səbəb, onun bir anlıq fikri yayındığından idarə etdiyi “Mercedes Benz E-350” minik markalı, **-KT-*** dövlət nömrə nişanlı avtomobil əks hərəkət zolağına çıxmış və həmin zolaqla əks istiqamətdə hərəkət edən “niva” markalı avtomobilin qabaq tərəfi ilə toqquşmuşdur. Hadisə zamanı hava şarının açılması nəticəsində özü də xəsarət almışdır. Hazırda törətdiyi əmələ görə peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Ağdam rayonunun Ergi qəsəbəsində yaşayır. Oğlu Ərşada məxsus, etibarnamə ilə idarə etdiyi “VAZ-21214” minik markalı, **-FX-*** dövlət nömrə nişanlı avtomobili var. Həmin avtomobili idarə etmək üçün BC 752677 nömrəli B1, B, C1, C kateqoriyalı sürücülük vəsiqəsi var. xx.xx.2023-cü il tarixdə saat 14:30 radələrində həmin avtomobillə Ağdam rayonu, Quzanlı qəsəbəsindən Ağdam rayonu, Yeni Ergi qəsəbəsi istiqamətində gedirmiş. Ağcabədi rayonu Hindarx qəsəbəsi ərazisində olan zaman öz hərəkət zolağı ilə 60 km/saat surətlə hərəkəti davam etdirirmiş. Bu zaman qarşıdan gələn və Təqsirləndirilən şəxs tərəfindən idarə olunan ağ rəngli “Mercedes” markalı avtomobil öz hərəkət zolağından çıxaraq əks istiqamətdə ona qarşı yüksək surətlə hərəkət etmişdir. Həmin avtomobili təxminən 50 metr məsafədən görmüşdür. Lakin həmin avtomobilin surətinin yüksək olması, onun qarşısında avtomobillər olduğundan avtomobili yayındıra bilməmiş və həmin “Mercedes” markalı avtomobil onun yolunda onun avtomobilinin qabaq tərəfi ilə toqquşmuşdur. Toqquşmanın nəticəsində huşunu itirmişdir. Bir qədər sonra özünə gəldikdə adamların yığıldığını görmüşdür. Bu zaman təcili tibbi yardım avtomobili gəlmiş, oraya yığılan tanımadığı şəxslər onu avtomobildən çıxarıb təcili tibbi yardım avtomobilinə mindirmişlər. Təcili yardım avtomobili ilə Ağcabədi rayon Mərkəzi Xəstəxanasına gəlmişdir. Hadisə nəticəsində onun qabırğaları qırılmış, sinəsində çat əmələ gəlmiş, əl və ayaqlarından xəsarət almışdır. Bundan sonra Bərdə rayon Mərkəzi Xəstəxanasına gedərək orada təkrar yoxlanılmışdır. Oradan onu Bakı şəhərinə göndərmişlər və Bakı şəhərində əməliyyat olmuşdur. Bir həftə xəstəxanada qaldıqdan sonra evə buraxılmış və ev şəraitində müalicəsini davam etdirmişdir. Ağcabədi rayon Mərkəzi Xəstəxanasında olan zaman Musavər bir dəfə yanına gəlmiş və ondan sonra onunla maraqlanmamış və müalicəsini qarşılamamışdır. Bir dəfə də yaşadığı evə gələrək ona baş çəkmişdir. Lakin Musavər nə avtomobilə nə də sağlamlığına dəymiş ziyanı qarşılamaq üçün heç bir addım atmamışdır. Hadisə nəticəsində ona məxsus avtomobil yararsız hala düşmüş və özünün tibbi xərclərinə təxminən 14-15 min manat xərci çıxmışdır. Təqsirləndirilən şəxs ona heç bir maddi yardım etməmişdir. Onun barəsində qanuni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun atasıdır. Onun özünə məxsus “VAZ-21214” minik markalı, **-FX-*** dövlət nömrə nişanlı avtomobili idarə etmək üçün atası Zərərçəkmiş şəxs etibarnamə vermişdir. 02 iyun 2023-cü il tarixdə evdə olan zaman ona zəng edərək atası Zərərçəkmiş şəxs Ağcabədi rayonu Hindarx qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi törətdiyini və huşunun özündə olmadığını demişlər. Tez Ağcabədi rayon Mərkəzi Xəstəxanasına gəlmiş və atasının xəsarət aldığını, qabırğalarının qırıldığını görmüşdür. Maraqlandıqda Ağcabədi rayonu Hindarx qəsəbəsi ərazisində atasının idarə etdiyi “Niva” markalı avtomobillə öz yolu ilə hərəkətdə olan zaman qarşıdan hərəkət edən Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes” markalı avtomobilin atasının yoluna çıxdığını və onun avtomobili ilə toqquşaraq atasına xəsarət yetirdiyini eşitmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onlarla heç bir münasibəti, ədavəti və düşmənçiliyi olmamışdır. 02 iyun 2023-cü il tarixdə saat 14:30 radələrində Ağcabədi rayonu Hindarx qəsəbəsindən yaşadığı Ağcabədi şəhərinə qayıdarkən Hindarx qəsəbəsinin içində “Mercedes” markalı avtomobillə “Niva” markalı avtomobilin toqquşduğunu görmüşdür. Avtomobilindən düşüb hadisə yerinə yaxınlaşdıqda “Niva” markalı avtomobilin yolunda qarşıdan gələn “Mercedes” markalı avtomobilin onu vurduğunu görmüşdür. “Niva” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs xəsarət aldığını və huşunun özündə olmadığını görmüşdür. Bir qədər sonra təcili tibbi yardım avtomobili gəlmiş və orada olan adamların köməkliyi ilə Zərərçəkmiş şəxs təcili tibbi yardım avtomobilinə mindirib Ağcabədi rayon Mərkəzi Xəstəxanasına yola salmışlar. İş materiallarında olan Ağcabədi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya şöbəsinin 04 iyul 2023-cü il tarixli, 403 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilən xəsarətlər - döş sümüyünün cismində yerdəyişməyən sınıq; sol 2-4-5-6 qabırğaların yerdəyişən, 4-cü qabırğanın qəlpəli yerdəyişən sınıqları; sağ 2-3-4-cü qabırğaların yerdəyişən sınıqları; hər iki plevral boşluqda hemotororaks, hər iki ağciyərin alt paylarında travmaya bağlı kontuzaya sahələri, subseqmentar atelektrazlar; hər iki tərəfli hemotoraks - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, yetirilmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə qeyd edilən xəsarətlər ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 sentyabr 2023-cü il tarixli, 8/2370 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mercedes Benz E350” markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Rəhimov maksimum hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 60 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum surətinin məhdudlaşdırılması” qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. Təhqiqat tərəfindən göstərilən şəraitdə “VAZ-21214” markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Sürücü Musayev maksimum hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 60 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum surətinin məhdudlaşdırılması” qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 01 sentyabr 2023-cü il tarixli, 8/2370 nömrəli bildirişindən görünür ki, aparılmış tədqiqatın dəyəri 128 manat təşkil edir. İş materiallarına əlavə olunmuş bir ədəd CD diskdə olan Ağcabədi rayonu Hindarx qəsəbəsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsinin baş vermə anının video görüntüsünə məhkəmə iclasında baxış keçirildi. CD diskdəki video görüntüdə qeydə alınan yol iki tərəfli olmaqla düzünə nişanlanma xətti ilə ayrılmışdır. Video görüntüdə sağ tərəf ilə hərəkət edən ağ rəngli “Mercedes” markalı avtomobil düzünə nişanlanma xətti keçərək yolun əks istiqaməti ilə video görüntüdə sol tərəfdə hərəkət edən avtomobillər üçün təhlükə yaradır və daha sonra yolun əks istiqamətində hərəkətdə olan “Niva” markalı avtomobilin qabaq tərəfi ilə toqquşması müşahidə olunur. İş materiallarında olan sərxoşluq müayinəsi aktından görünür ki, Musavər Əsgər oğlu oğlunun sərxoşluğu müəyyən edilməmişdir. İş materiallarında olan AE 919278 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası DİN BDYPİ-nin Ağcabədi RQİTB şöbəsi tərəfindən Təqsirləndirilən şəxs adına “BC” kateqoriyalı AE 919278 nömrəli sürücülük vəsiqəsi verilmişdir. Vəsiqənin müddəti: xx.xx.2018-ci il - xx.xx.2028-ci il. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Hüsülü kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X7 “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” X6 xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Rəhimov X2 rayon X3 X4 şöbəsinin ruhi-əsəb və narkoloji kabinetində qeydiyyatda durmur. Məhkəmə, iş üzrə şahid ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir. Məhkəmə, həmçinin hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması) avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda cinayət məsuliyyəti yaradır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59 və 61-ci maddələrinin tələblərini, o cümlədən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli qərarının 21-ci bəndində göstərilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə olaraq az ağır cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, pensiyaçı olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsinin sanksiyası həddində cəza təyin olunmalıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə olaraq az ağır cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, pensiyaçı olması kimi şəxsiyyətini xarakterizə edən halları, humanizm və ədalət prinsiplərini, habelə onun cəmiyyətdən təcrid olunmadan cəzanın məqsədlərinə nail olunması zərurətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Cəza çəkmə müddətinin əvvəli onun Ağcabədi rayon İcra və Probasiya şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, iş üzrə ekspertiza xərcini təşkil edən 128 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 iş saatı üçün 90 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinib ona 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırması cəzası təyin edilsin; barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəza çəkmə müddətinin əvvəli - Təqsirləndirilən şəxs Ağcabədi rayon İcra və Probasiya şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs iş üzrə ekspertiza xərcini təşkil edən 128 manat məbləğində pul alınaraq dövlət büdcəsinə ödənilsin. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 15 iş saatı üçün 90 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmün icrası - Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №1(017)-24/2024
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-24/2024
14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver