Məhkəmə qərarları › İş №1(017)-25/2024

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-25/2024

28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-25/2024 28.02.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X2 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X2 Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi - Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə Təqsirləndirilən şəxs – (xx.xx.1955-ci il tarixdə Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, pensiyaçı, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonunun Aran kəndində qeydiyyatda və Ağcabədi şəhəri, K.Nəsibov küçəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında, məhkəmənin binasında baxaraq, müəyyən etdi: Abbasov X5 rayonu, Aşağı Avşar kəndində yerləşən özünün xüsusi mülkiyyətində olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsində “Yaşıllıqların mühafizəsi haqqında” 02 may 2014-cü il tarixli 957-İVQ nömrəli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə və həmin Qanunun icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 17 mart 2016-cı il tarixli 841 nömrəli Fərmanının 1ci bəndinə uyğun olaraq yaşıllıqların götürülməsinə yol verilən qanuni əsaslar, yəni yaşıllıqların götürülməsi üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi və yerli icra hakimiyyəti orqanının qərarı olmadan, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli 321 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nın tələblərini qəsdən yerinə yetirmədən qanunsuz olaraq 03 iyun 2023-cü il tarixdə vahid niyyətlə həmin torpaq sahəsində meşə fonduna daxil olmayan 300 manat dəyərində 14 sm diametrli 01 ədəd, 700 manat dəyərində 34 sm diametrli 01 ədəd akasiya, 1200 manat dəyərində 44 sm diametrli 01 ədəd melyan ağaclarını qanunsuz olaraq kəsməklə təbiətə ümumilikdə 2200 (iki min iki yüz) manat, yəni xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Ağcabədi şəhərində yaşayır. Təxminən 10 il bundan əvvəl Ağcabədi şəhəri, Aşağı Avşar kəndi ərazisində ümumilikdə 0,003 hektar yəni, 3 sot torpaq sahəsi almışdır. Həmin torpaq sahəsinin təyinatı sənaye təyinatlı olmuşdur. Həmin torpaq sahəsində təsərrüfat işləri görməkdən ötrü qaynaq sexi qurmuşdur. Həmin torpaq sahəsini aldığı zaman orada 2 ədəd akasiya və 1 ədəd melyan cinsinə mənsub ağac olmuşdur. Həmin ağacları 03 iyun 2023-cü il tarixdə kəsmək qərarına gəlmişdir. Sexin çardağının alçaq olmasına görə çardağı söküb yenidən daha hündür formada tikmək istəmiş, bu işi gördürməyə isə sexin arxa tərəfində olan 2 ədəd akasiya ağacı və 1 ədəd melyan ağacı mane olmuşdur. Onların yerləşmə yerləri sexin düz yaxınlığında olmuşdur. 03 iyun 2023-cü il tarixində səhər saat 11 radələrində özünə məxsus olan sexə gəlmiş, 2 ədəd akasiya və 1 ədəd melyan ağacını özü kəsə bilməyəcəyini görüb bu işi başqasına tapşırmaq qərarına gəlmişdir. Həmin vaxt yoldan keçən motosiklet sürücüsü Rəşadı görmüş, əl edib saxlatdırmış və 3 ədəd ağacı kəsməyini istəmişdir. Rəşadın motosikletində mişar aparatı olmuşdur. Ona həmin ağacların yerləşdiyi torpaq sahəsinin özünə aid olmasını bildirmişdir. Bundan sonra Rəşada ümumilikdə 20 manat pul vermişdir. Rəşad ağacları kökündən kəsdikdən sonra çıxıb getmişdir. Həmin ağaclar yaş vəziyyətdə olmuşdur. Ağacları kəsməklə bağlı heç bir dövlət orqanına müraciət etməmişdir. Təbiətə vurduğu ziyandan 300 manat 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bank hesabına ödəmişdir. Hazırda tutduğu əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X4 ifadəsində göstərdi ki, Ağcabədi şəhəri, 9 saylı RETSİ-nin hüquq üzrə baş məsləhətçisi işləyir. 03 iyun 2023-cü il tarixdə Ağcabədi şəhər 9 saylı RESTİ-nin əməkdaşları Şahid2 və Əlzamin Şahbazov rayon polis şöbəsinin xx.xx.2023-cü il tarixli 15-129/1759 nömrəli məktub əsasında xidməti vəzifələrinə uyğun olaraq Ağcabədi rayonu, Aşağı Avşar kəndində yerləşən X3 məxsus sexin həyətyanı sahəsinə sonuncunun iştirakı ilə birgə baxış keçirmişlər. Baxış zamanı sexin həyətyanı sahəsində 3 ədəd ağacın yaş halda kök boğazından qanunsuz kəsilməsi aşkar olunmuşdur. Onlar ağaclarının kəsildiyi əraziyə baxış keçirmiş və qeyd edilən ərazidə diametrləri 14 və 30 sm olan 2 ədəd akasiya, diametri 40 sm olan 1 ədəd melyan ağacının kəsildiyi müəyyən edilmişdir. Şahid2 Əlzamin Şahbazovun iştirakı ilə həmin 03 ədəd ağacın qanunsuz kəsilməsi ilə bağlı akt tərtib etmişdir. xx.xx.2023cü il tarixli akta və ona əlavə edilmiş hesabata əsasən 2200 manat məbləğdə ziyan dəymişdir. Həmin ziyanın 300 manatı təasirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bank hesabına ödənilmiş, 1900 manatı ödənilməmiş qalmışdır. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, hazırda Azərbaycan Respublikası ETSN-nin Ağcabədi şəhəri 9 saylı RETSİ-nin aparıcı müfəttişi vəzifəsində çalışır. 03 iyun 2023-ci il tarixdə və Ağcabədi şəhər 9 saylı RESTİ-nin baş mütəxəssisi kimi çalışan Əlzamin Şahbazovla birlikdə rayon polis şöbəsinin xx.xx.2023-cü il tarixli 15-129/1759 nömrəli məktub əsasında xidməti vəzifələrinə uyğun olaraq Ağcabədi rayonu, Aşağı Avşar kəndində yerləşən Təqsirləndirilən şəxs məxsus sexin həyətyanı sahəsinə sonuncunun iştirakı ilə birgə baxış keçirilmişdir. Baxış zamanı sexin həyətyanı sahəsində 3 ədəd ağacın yaş halda kök boğazından qanunsuz kəsilməsi aşkar olunmuşdur. Onlar birlikdə həmin ağaclarının kəsildiyi əraziyə baxış keçirmişlər və qeyd edilən ərazidə diametrləri 14 və 30 sm olan 2 ədəd akasiya, diametri 40 sm olan 1 ədəd melyan ağacının kəsildiyi müəyyən edilmişdir. Həmin qanunsuz olaraq kəsilmiş ağacların heç biri qurumamışdır. Həmin tarixə qədər Ağcabəbi rayonu 9 saylı RETSİ-yə Təqsirləndirilən şəxs tərəfindən ona məxsus olan torpaq sahəsində yaşıllıqların götürlüməsi ilə bağlı yazılı və ya şifahi qaydada hər hansı bir müraciət daxil olmamışdır. Məhkəmə iclasında şahidlər Şahid1 və Şahid4 Şahid2 ifadəsinə uyğun ifadə verdilər. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 06 iyun 2023-cü il tarixli 3-14-48/2-246/2023 nömrəli məktubundan, aktdan və hesabatdan görünür ki, idarənin əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı Ağcabədi rayonu, Aşağı Avşar kəndi ərazisində Təqsirləndirilən şəxs məxsus sexin həyətində diametrləri 14 və 34 sm 2 ədəd akasiya və diametri 44 sm 1 ədəd melyan cinsinə mənsub bioloji inkişafda olan ağacların kök boğazından kəsilərək məhv edilməsi nəticəsində ümumilikdə təbiətə 1700 manat məbləğində maddi ziyanın dəyməsi hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 13 iyul 2023-cü il tarixli 3-14-48/2-288/2023 nömrəli məktubundan, aktdan və hesabatdan görünür ki, idarənin əməkdaşları tərəfindən keçirilmiş təkrar baxış zamanı Ağcabədi rayonu, Aşağı Avşar kəndi ərazisində Təqsirləndirilən şəxs məxsus sexin həyətində diametrləri 14 sm, 34 sm 2 ədəd akasiya və diametri 44 sm 1 ədəd melyan cinsinə mənsub bioloji inkişafda olan ağacların kök boğazından kəsilərək məhv edilməsi nəticəsində ümumilikdə təbiətə 2200 manat məbləğində maddi ziyanın dəyməsi hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji və məhkəmə-əmtəəşünaslıq ekspertizanın 11 avqust 2023-cü il tarixli 3-16-16/2-7/958-9/5059 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş aktlar üzrə müxtəlif diametrli akasiya və melyan ağaclarının qanunsuz kəsilməsi nəticəsində (tikinti və abadlaşdırma məqsədilə) təbiətə dəymiş ziyanın ümumi məbləği aşağıdakı kimi müəyyən edilmişdir: -Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli aktına əsasən 02 ədəd 14 və 30 sm diametrli akasiya ağacının və 01 ədəd 40 sm diametrli melyan ağacının qanunsuz kəsilməsi nəticəsində (tikinti və abadlaşdırma məqsədilə) təbiətə dəymiş ziyanın ümumi məbləği 1700,0 manat; -Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli akta əsasən 02 ədəd 14 və 34 sm diametrli akasiya ağacının və 01 ədəd 44 sm diametrli melyan ağacının qanunsuz kəsilməsi nəticəsində (tikinti və abadlaşdırma məqsədilə) təbiətə dəymiş ziyanın ümumi məbləği 2200,0 manat müəyyən edilmişdir. İş materiallarında olan məhkəmə ekspertiza mərkəzinin xx.xx.2023-cü il tarixli bildirişindən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Ağcabədi rayon poliklinikasının tibbi arayışlarından görünür ki, Təqsirləndirilən şəxs poliklinikada narkoloji kabinetdə və ruhi əsəb xəstəsi kimi dispanser qeydiyyatda durmur. İş materiallarında olan Ağcabədi İHB-nın Aran kənd İƏD-si üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə 02 ədəd akasiya və 01 ədəd melyan ağacı cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təhvil verilmişdir. İş materiallarında olan və zərərçəkmiş hüquqi şəxsin məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs təbiətə vurmuş olduğu 2200 manat ziyanın 300 manatını ödəmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar və cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda cinayət məsuliyyəti nəzərdə tutur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59 və 61-ci maddələrinin tələblərini, o cümlədən törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini, pensiyaçı olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı qismən ödəməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar sayır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini, pensiyaçı olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı qismən ödəməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunması kimi cəzasını yüngülləşdirən halları, eləcə də humanizm və ədalət prinsiplərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha məqsədə uyğundur. Təqsirləndirilən şəxs cəzasını iş yerində çəkməli, cəzasının əvvəli aylıq qazancından dövlət nəfinə ilk məbləğ tutulan vaxtdan hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə ekspertiza xərci olan 50 manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cinayət işi üzrə cinayət işi üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində saxlanılan 02 ədəd akasya və 01 ədəd melyan ağacı hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin istifadəsinə verilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanla əlaqədar mülki mühakimə icraatı qaydasında məhkəməyə mülki iddia vermək hüquqları izah edilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 iş saatı üçün 90 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, ona qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzası təyin edilsin; cəzasını iş yerində çəksin; cəzasının əvvəli onun qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulduğu vaxtdan hesablansın; barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 50 (əlli) manat məhkəmə (ekspertiza) xərci tutularaq dövlət büdcəsinə köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində saxlanılan 02 ədəd akasya və 01 ədəd melyan ağacı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin istifadəsinə verilsin. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 15 iş saatı üçün 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanla əlaqədar mülki mühakimə icraatı qaydasında aidiyyəti üzrə məhkəməyə mülki iddia vermək hüquqları izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar