Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 1(017)-29/2025 23.04.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X7 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X7 Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş şəxsin hüquqi varisi X3 iştirakı ilə Təqsirləndirilən şəxs - (xx.xx.1960-cı il tarixdə Bərdə rayonunun Əmirli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bərdə rayonunun Əmirli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 10 sentyabr 2023-cü il tarixdə saat 12:00 radələrində sürücülük hüququ ilə idarə etdiyi özünə məxsus “Mercedes Benz E-270” minik markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilini Ağcabədi rayonu Hindarx qəsəbəsi ərazisində “adsız” aptekin qarşısında avtomobillərin saxlanması üçün nəzərdə tutulmuş hissədən geriyə hərəkət etdirən zaman «Yol hərəkəti haqqında» 03 iyul 1998-ci il tarixli, 517-İQ nömrəli Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərini pozub, geriyə manevr qaydalarına əməl etməyərək avtomobilin arxa hissəsində hərəkətdə olan piyada X5 ehtiyyatsızlıqdan vurmuş, nəticədə sonuncuya sol bud sümüyünün boynunun sınığı xəsarəti ilə müşayiət olunan və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarəti yetirməklə yol-hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Bərdə rayonunun Əmirli kəndində yaşayır. 2023-cü ilin sentyabr ayının əvvəllərində özünə məxsus Mersedes markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobillə qardaşı Şahid1la birlikdə Ağcabədi rayon Hindarx qəsəbəsində getmiş, Ağcabədi rayon Hindarx qəsəbəsində traktor ehtiyat hissələri mağazasından traktor texnikasına ehtiyat hissəsi almış, həmin ehtiyat hissəsini gətirib avtomobilimin yük yerinə qoymuş, sonra avtomobilə əyləşib avtomobili işə salıb arxaya verən zaman ətrafdakı insanların qışqırmasını eşitmiş, qardaşı Zaməddinlə avtomobildən aşağı düşən zaman avtomobil təxminən 2-3 metr arxada bir nəfər şəxsin yerə yıxılmasını görmüşdür. Həmin şəxsə yaxınlaşmış və əlindən tutaraq paltarını təmizləmiş və avtomobilinə əyləşdirmişdir. Avtomobilə əyləşdirən zaman sonradan adının Məhərrəm Mamedov olduğunu öyrənmiş, sonuncu onu evinə aparmasını xahiş etmiş, lakin onu Bərdə rayonunda sınıqçıya aparmışdır. Həmin vaxt sınıqçı xəstəxanaya aparmasını məsləhət bilmişdir. X13 xəstəxanaya getmək istəmədiyini, yaxşı olduğu üçün onu öz evinə aparmasını istəmişdir. Məhərrəmi Hindarx qəsəbəsində yaşadığı evə gətirən zaman yolda ərzaqda almış, Məhərrəmi evinə gətirib düşürdən zaman evdə tək yaşamasını görmüşdür. Ertəsi gün Məhərrəm ona zəng etmiş və onu evinə söhbət etməyə dəvət etmişdir. Qardaşı Zaməddinlə birlikdə yenidən ərzaq almış və Məhərrəmin evinə getmişdir. Məhərrəm evdə ona yaxşı olmasını demiş, daha sonra yenidən Məhərrəmi Sarcalı hospitalına aparmış və rentgenə saldırmış¸ orada Məhərrəmdə qırıq olmasını demişlər. Dəfələrlə Məhərrəmə maddi yardım göstərmişdir. Daha sonra Məhərrəm yaxşı olduğu üçün onun yanına getməmişdir. Hazırda zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmış, ona vurduğu maddi ziyanı ödəmiş, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbi yoxdur. Əməlindən peşmandır. Ona görə də işin icraatına xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibb ekspertizasının və məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində göstərdi ki, Ağcabədi rayonunun Hindarx qəsəbəsində yaşayır. X1 onun atasıdır. X8 əvvəllər xərçəng xəstəliyindən əziyyət çəkmişdir. 10 sentyabr 2023-cü il tarixdə atasını avtomobil vurduğunu öyrənmiş və atasına məxsus evə gedən zaman atasını sonradan tanıdığı Abuzər və Zaməddinin gətirdiyini görmüşdür. Atasını yerinə uzandırmış və nə baş verməsini soruşan zaman atası onu avtomobil vurduğunu demişdir. Sonradan Təqsirləndirilən şəxs və Şahid1 bir neçə dəfə atası Məhərrəmin yaşadığı evə gəlib dərmanlar almış və onlara maddi yardımlar göstərmişlər. X2 12 may 2024-cü il tarixdə yaşadığı evdə dünyasını dəyişmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş zərər tam olaraq ödənilmişdir. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona görə də işin icraatına xitam verilməsini xahiş etdi. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 123 nömrəli rəyindən görünür ki, X4 bədənində olan xəsarət - sol bud sümüyünün boynunun sınığı – bərk küt əşyanın təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, şəxsin özü-özünə yetirməsi üçün xarakterik deyildir, yetirilmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 43 nömrəli rəyindən görünür ki, X4 ölümünə səbəb - “qırtlağın dəqiqləşdirilməmiş bədxassəli yenitörəməsi” xəstəliyi olmuşdur. X4 adına tərtib edilmiş 123 saylı məhkəmə tibbi ekspertiza rəyindən görünür ki, X4 yol nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətin dərəcəsi az ağır olmuşdur. Həmin xəsarətin onun ölümü ilə heç bir səbəbli əlaqəsi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 8/598 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mercedes Benz” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşdə olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 85 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 8/3074 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, istintaq tərəfindən müəyyən edildiyi kimi sürücü Təqsirləndirilən şəxs hadisədən sonra hadisə haqqında müvafiq icra hakimiyyəti orqanına xəbər vermədən hadisə yerindən getməsi şəraitində Mercedes Benz E270 markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İşdə olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 85 manat təşkil edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Bərdə RMX X16 29 iyul 2024-cü il tarixli, 18-1-28/2-1432/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon MX-da ruhi-əsəb və narkoloji dispanser qeydiyyatda durmur. İş materiallarında olan Bərdə RİHB-nın Əmirli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan BDYPİ-nin Yevlax RQİ və TBŞ-dən daxil olmuş xx.xx.2024-ci il tarixli 3-13- 16-11/2-4346/2024 nömrəli məktubdan görünür ki Təqsirləndirilən şəxs AC 925704 saylı “BCD” kateqoriyalı sürücülük vəsiqəsi (etibarlılıq müddəti xx.xx.2030-cu il tarixədək) verilmişdir. Təqsirləndirilən şəxs DİN-nin informasiya sistemində olan məlumata əsasən sürücülük hüququ məhdudlaşdırılmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs tərəfindən təqdim edilərək iş materiallarına əlavə edilən xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, özünü təqsirli bilir, törətdiyi əməlindən peşmandır, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəmiş və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır. İşin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X6 tərəfindən təqdim edilərək iş materiallarına əlavə edilən xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslə barışmış, vurulmuş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsini dinləyib, onun ərizəsini və zərərçəkmiş şəxsin hüquqi varisinin ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, törətdiyi əməlin böyük ictimai təhlükə törətməyən cinayət əməli olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73-cü maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi məqsədə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmişlə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə görə Cinayət Məcəlləsinin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.3-cü maddəsinə görə başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin ”qeyd” hissəsindən görünür ki, Cinayət Məcəlləsinin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4-cü maddəsinin tələblərinə görə həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqeyi baxımından da Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, ekspertiza xərcini təşkil edən 170 manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. Hazırkı işin materiallarından görünür ki, iş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs əməllərinin inzibati məsuliyyətə səbəb olması məsələsinin araşdırılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 iş saatı üçün 90 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2, 43.3, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə ekspertiza xərcini təşkil edən 170 manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilsin. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 15 iş saatı üçün 90 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs əməllərinin inzibati məsuliyyətə səbəb olması məsələsinin araşdırılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Qərardan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №1(017)-29/2025
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №1(017)-29/2025
23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver