Məhkəmə qərarları › İş №1(017)-30/2023

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-30/2023

18.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-30/2023 18.04.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və Təqsirləndirilən şəxs və onun müdafiəçisi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1998-ci ildə Ağcabədi rayonu, Avşar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Ağcabədi rayonu, Avşar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsiinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qəsdən qanunsuz olaraq 1973-cü ildə keçmiş SSRİ-də isthesal olunmuş, PŞ-0897 №-li, 9 mm kalibrli texniki cəhətdən saz və atəşə yararlı “Makarov” konstruksiyalı tapançanı və həmin tapançanın komplekt hissəsi hesab edilən texniki cəhətdən saz, bir cərgəli və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulan 01 ədəd darağı əldə edib gəzdirib daşıyaraq üzərində, idarə etdiyi “Mercedes Benz CLS” minik markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilində və atası Raci İslamova məxsus olan fermada saxlamış, 07 sentyabr 2022-ci il tarixdə qeyd edilən fermaya baxış keçirilən zaman qəsdən qanunsuz olaraq əldə edib gəzdirib daşıyaraq saxladığı 01 ədəd PŞ-0897 №-li, zavod üsulu ilə keçmiş SSRİ-də 1973-cü ildə isthesal olunmuş, 9 mm kalibrli yivli odlu döyüş silah hesab edilən texniki cəhətdən saz və atəşə yararlı “Makarov” konstruksiyalı tapança, həmin tapançanın komplekt hissəsi hesab edilən texniki cəhətdən saz, bir cərgəli və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulan 01 ədəd daraq aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd edilən əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadə verərək göstərdi ki, onun, rəsmi iş yeri yoxdur, fərdi əməklə məşğul olur. 2021-ci ilin oktyabr ayında X3 ilə ailə həyatı qurmuş və onların birgə nigahlarından bir azyaşlı oğlu var. O, tutulmamışdan təxminən 5- 10 gün əvvəl “Haramı” deyilən ərazidə yerləşən fermada olarkən kolluğun arasında balaca qara torba görmüş, içinə baxanda tapança və bir ədəd gülləsi olduğunu görüb və götürərək özünə məxsus olan Mersedes markalı avtomobilin içərisində gizlətmişdir. Bu barədə ailə üzvlərinə və heç kimə məlumat verməmişdir. xx.xx.2022-ci il tarixdə saat 23:00 radələrində onun körpə övladının yeməyi qurtardığına və uşaq yeməyi yaşadığı kənddə olmadığı üçün Ağcabədi şəhərinə uşaq yeməyi almaq üçün gəlmişdir. Həmin vaxt onunla birlikdə həmkəndlisi Şahid2 da gəlmişdir. Ağcabədi şəhərində uşağa yemək aldıqdan sonra Elçin ilə birlikdə Ağcabədi şəhərində yerləşən çayxanada oturub çay içmişlər. 06 sentyabr 2022-ci il tarixdə təxminən saat 00:30 radələrində onlar çayxanadan durub getməyə hazırlaşan zaman qohumu, Şahid1 ona zəng edərək harada olduğunu soruşmuş, Ağcabədi şəhərində olduğunu nə üçün soruşduğunu demişdir. Hacı ona demişdir ki, Ağcabədi şəhərində olan “Green” kafedə qohumu Allahverdi və Osmanla birlikdə oturub pivə içiblər, sərxoş olduqları üçün avtomobil idarə etmək istəmir, ondan xahiş etmişdir ki, onları kafedən götürüb kəndə aparsın. O da buna görə Elçinlə birlikdə kafenin qarşısına getmişdir, onların kafedən çıxıb kafe ilə üzbəüz dönərxananın arxasında dayandıqlarını görüb onlara yaxınlaşmışdır. Avtomobildən düşmüş və onlarla görüşmüşdür. Həmin vaxt Hacı, Osman və Allahverdi orada olmuşdur. Onlara avtomobilə əyləşməyini bildirmişdir. Həmin vaxt Allahverdi ona demişdir ki, “gedək oturub çay içək, ya da yemək yeyək”. O isə uşaq üçün yemək aldığını, evə çatdırmalı olduğunu bildirmişdir. Lakin Allahverdi yenə də israrla kafeyə getməklərini təklif etmişdir. O, bir daha evə getməli olduğunu, uşağa yemək çatdırmalı olduğunu bildirmiş və ona avtomobilə əyləşməyi demişdir. Allahverdi ona kişi olmadığını demiş, onu nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Allahverdi sərxoş vəziyyətdə olduğundan ona fikir verməmiş, ona yenə də avtomobilə əyləşməsini demiş, lakin Alahverdi yenə də onu təhqir edib nalayiq ifadələr işlətmişdir. Bu zaman onun səbri tükənmiş və onlar mübahisə etmişlər. Həmin vaxt onun avtomobildə “makarov” tipli tapança saxladığı yadına düşmüşdür. Avtomobilə tərəf qaçmış və avtomobildən tapançanı götürüb Allahverdini qorxutmaq məqsədilə ona tərəf gəlmiş, təsadüfən əli tətiyə dəymiş və bir dəfə atəş açılmışdır. Oradan isə qorxduğu üçün kəndə, atasına məxsus olan fermaya getmişdir. Silahı fermada olan su çənin yanında mişar daşının altında gizlətmişdir. Sonradan bilmişdir ki, onu polislər axtarır, o da özü Ağcabədi rayon Polis Şöbəsinə gəlib təslim olmuşdur. Hazırda törətdiyi əmələ görə çox peşman olduğunu və himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, Ağcabədi rayonu, Avşar kəndində yaşayır. Təqsirləndirilən şəxs tanıyır, onun əmisinin nəvəsidir. Onunla aralarında heç bir ədavət və düşmənçilik yoxdur. 05 sentyabr 2022-ci il tarixdə təxminən saat 18:00 radələrində yaşadığı evdən çıxıb kənd ərazisinə çıxmışdır ki, evin işıq və qaz sayğaclarının plastik kartına pul yükləsin, lakin kənddə olan ödəmə terminalının olduğu mağaza bağlı olmuşdur. Həmin vaxt kənddəki avtoyuma məntəqəsində qohumu Şahid1 Çingiz oğlunun özünə məxsus olan “Lexus” markalı **-CM- *** dövlət qeydiyyat nişanlı avtomobilini yuduzdurduğunu görüb ona yaxınlaşmışdır. Başqa bir qohumu Şahid3 da orada olmuşdur. Özünün avtomobilim olmadığı üçün Hacıdan xahiş etmişdir ki, Ağcabədi şəhərinə gedib işıq və qaz sayğaclarının plastik kartına pul yükləyib geri qayıtsınlar. Hacı onunla razılaşmışdır və onlar Hacıya məxsus olan avtomobillə Ağcabədi şəhərinə gəlmişdir. Osman da həmin vaxt onlarla gəlmişdir. Onlar Ağcabədi şəhərinə gəlmişlər, burada mağazalardan birində olan ödəmə terminalından o, kartlara pul yükləmiş və çeklərini zibil qutusuna atıb mağazadan çıxmışdır. Mağazadan çıxdıqdan sonra pivə içmək ürəyindən keçmiş və o, Hacı ilə Osmana demişdir ki, icra hakimiyyətinin arxasında “Green” adlı təzə bir kafe açılıb, orada yaxşı pivə verirlər, gedib orada pivə içələr. Onlar da onunla razılaşmışlar və “Green” kafeyə getmişlər. Onlar kafeyə gəlmiş və hava yaxşı olduğu üçün kafenin otaqlarında deyil, qarşısında olan masalardan birində əyləşmişlər. Pivə və müxtəlif növ çərəzlərdən sifariş vermiş, içdikdən sonra sərxoş olduğunu hiss etmişdir. 06 sentyabr 2022-ci il tarixdə, təxminən saat 00:30 radələrində onlar hesabı ödəyib durmaq istəmişlər. Həmin vaxt Hacı sərxoş olduğunu, bu halda avtomobil idarə edə bilməyəcəyini demişdir. O, taksi ilə getməyi təklif etmişdir, Hacı isə taksiyə ehtiyac olmadığını, qohumu Laiqə zəng edəcəyini demişdir. Hacı həmin vaxt öz mobil telefonu ilə Laiqə zəng etmişdir və harada olduğunu soruşmuşdur, Laiq də təsadüfən həmin vaxt Ağcabədi şəhərinə körpə uşağı üçün yemək almağa gəldiyini bildirmişdir. Hacı ondan xahiş etmişdir ki, gəlib onları kafedən götürsün və kəndə aparsın. Onlar hesabı ödəyib kafedən çıxmışlar. Bir neçə dəqiqədən sonra Laiq özünə məxsus olan “Mercedes” markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə gəlmişdir. Həmin vaxt saat təxminən 00:50 radələri olarmış. Laiqin yanında həmkəndlisi Şahid2 da olmuşdur. Laiq avtomobildən düşüb onlara yaxınlaşmış və avtomobilə əyləşməklərini bildirmişdir. O da həmin vaxt onlara təklif etmişdir ki, kafeyə qayıdıb çay içsinlər, sonra gedərlər. Lakin Laiq gec olduğunu və övladı üçün yemək aldığını, evə çatdırmalı olduğunu bildirmişdir. O, yenə də onlara çay içməyi və ya yeyib-içməyi təklif etmişdir, lakin yenə də Laiq onun təklifini qəbul etməmişdir. O isə Laiqin ondan yaşda balaca olduğu üçün təklifini qəbul etməməsini özünə sığışdırmamış və içkili olduğundan ona kişi olmadığını deyib nalayiq ifadələr işlətmişdir. Laiq ona sərxoş olduğunu deyib, avtomobilə oturmağını və onu kəndə aparmağını bildirdikdə o, yenə də Laiqə nalayiq ifadələr işlətmişdir. Bu zaman onların arasında mübahisə düşmüşdür. Həmin vaxt Laiq avtomobilinə tərəf gedərək avtomobildən nə isə götürüb gəlmişdir. O, əvvəlcə Laiqin əlində nə olduğunu görməmiş, lakin Laiq əlindəkini ona tərəf uzadanda onun əlində tapança olduğunu görmüşdür. Laiq əlindəki tapançanı ona tərəf uzatmış və ona avtomobilə oturmağını, getmələrini bildirmişdir. Bu zaman tapançadan qəflətən bir dəfə atəş açılmış və o, hiss etmişdir ki, sol qol nahiyəsindən nə isə dəymişdir. Bundan sonra Laiq və orada olan qohumları və həmkəndliləri onu Laiqin avtomobilinə əyləşdirib Ağcabədi rayon mərkəzi xəstəxanasına aparmışlar. Onun qolunda güllə qalmamışdır, güllə qolunu siyirib keçmişdir. O, hadisə vaxt sərxoş olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 Çingiz oğlu və Şahid2 eyni məzmunlu ifadə verib, Şahid4 ifadəsində göstərilənləri təsdiq etdilər. İstintaq zamanı Şahid4 aldığı xəsarətin dərəcəsini müəyyən etmək üçün məhkəmətibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Ağcabədi rayon Şöbəsinin 06 sentyabr 2022-ci il tarixli, 701 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyinin nəticə hissəsində göstərilmişdir ki, 1981-ci il təvəllüdlü Şahid4 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilən xəsarətlər --- sağ bazunun yuxarı üçdə birində yumşaq toxumaları dəlib-keçən deşilmiş yaralar---odlu silah təsirindən törənmişdir, kənar şəxs tərəfindən “Makarov” markalı tapança ilə bir atəş nəticəsində əmələ gələ bilərdi, yetirilmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan 30 noyabr 2022-ci il tarixli Subutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində AR CM-nin 128-ci maddəsi üzrə hissəvi xitam verilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 7 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 7 sentyabr 2022-ci il tarixdə saat 19:35-də şübhəli şəxs kimi tutulmuş və 09 sentyabr 2022-ci il tarixdə azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək azad olunmuşdur. İş materiallarında olan istintaq zamanı təyin edilmiş AR DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş məhkəmə-ballistik ekspertizasının xx.xx.2022-ci il tarixli 22/660R nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir ki; -Tədqiqata təqdim olunmuş 01 ədəd PŞ-0897 №-li silah, zavod üsulu ilə keçmiş SSRİ-də 1973-cü ildə istehsal olunmuş, 9 mm kalibrli, Makarov konstruksiyalı tapançadır, yivli odlu döyüş silahıdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Tapançanın hissələri və mexanizmləri üzərində heç bir kustar üsulla əlavə dəyişiklik edilməmişdir. -Tədqiqata təqdim edilmiş 01 ədəd əşya, zavod üsuli ilə istehsal olunmuşdur, Makarov kontruksiyalı silahların komplekt hissəsi olan daraqdır, texniki cəhətdən sazdır, bircərgəlidir və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur. -Tədqiqata təqdim olunmuş 01 ədəd güllə, zavod üsulu ilə istehsal olunmuş 9 mm kalibrli olmaqla, Makarov konstruksiyalı, Steçkin konstruksiyalı tapançalarda və digər həmin kalibrli silahlarda istifadə olunan 9x18 mm kalibrli patronun tərkib hissəsinə aiddiratılmış gülləsidir və hal-hazırda döyüş sursatı hesab edilmir. Həmin güllə tədqiqata təqdim edilmiş 9 mm kalibrli PŞ-0897 №-li Makarov konstruksiyalı tapançadan atılmışdır. -Təqdim edilmiş 9 mm kalibrli PŞ-0897 №-li Makarov konstruksiyalı tapançadan eksperemental qaydada atılmış güllə-gilizlər və tədqiqata təqdim olunmuş hadisə yerindən götürülmüş 01 ədəd güllə, DİN, KTİ-nin “güllə-giliz” kartotekasında olan digər açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə və gilizlərlə “ARSENAL” avtomatlaşdırılmış ballistik identifikasiya sistemi vasitəsilə yoxlanıldı. Müqayisəli tədqiqar nəticəsində eynilik təşkil etmədi. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş odlu silahı haradan əldə etməsini müəyyən etmək məqsədilə verilmiş əməliyyat tapşırığına cavabda göstərilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxladığı odlu silahın kimdən və haradan əldə etməsi müəyyən edilməmişdir. Hazırda tədbirlər davam etdirilir, gələcəkdə əlavə məlumat əldə edilərsə bu barədə bildiriləcəkdir. İş materiallarında olan Ağcabəid rayon İHB-nın Avşar kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olnur. İş materiallarında olan Ağcabəid rayon İHB-nın Avşar kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2022-ci iltəvəllüdlü bir azyaşlı uşağı var. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 idarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Ağcabədi rayon poliklinikasının xx.xx.2022-ci il tarixli, 648 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs nevroloji və narkoloji kabinetlərdə qeydiyyatda dayanmır. Beləliklə məhkəmə toplanmış və araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Odur ki, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 27 may 2005-ci il tarixli, 02 saylı qərarının 9-cu bəndində göstərilir ki, CM-nin 228.1-ci maddəsində odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə qeyd olunan predmetlər tapıldıqda, onların mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İnsan Hüquqları və X2 haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə olaraq az ağır cinayət törətməsini, gənc olmasını, onun törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsində göstərilir ki, cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsirini və onun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla islah olunması mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi AR CM-nin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuna müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını qanuna müvafiq hesab edir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun Ağcabədi rayon İcra və Probasiya şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 sentyabr 2022-ci il tarixdən 9 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla azadlığın məhdudlaşdırılması cəzasının dörd günü, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Ağcabədi rayon polis şöbəsinin maddi subutları saxlama yerində saxlanılan, 01 ədəd PŞ-0897 №-li, zavod üsulu ilə keçmiş SSRİ-də 1973cü ildə isthesal olunmuş, 9 mm kalibrli yivli odlu döyüş silahı hesab edilən texniki cəhətdən saz və atəşə yararlı “Makarov” konstruksiyalı tapança, həmin tapançanın komplekt hissəsi hesab edilən texniki cəhətdən saz, bir cərgəli və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulan bir ədəd daraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Maddi Təchizat İdarəsinin silah anbarına təhvil verilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona üç il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 7 sentyabr 2022-ci il tarixdən 9 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəzasının dörd günü, təyin edilmiş cəzasından çıxılmaqla üzərində qəti olaraq iki il on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli Ağcabədi rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası məhkumun yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Ağcabədi rayon polis şöbəsinin maddi subutları saxlama yerində saxlanılan, , 01 ədəd PŞ-0897 №-li, zavod üsulu ilə keçmiş SSRİ-də 1973-cü ildə isthesal olunmuş, 9 mm kalibrli yivli odlu döyüş silahı hesab edilən texniki cəhətdən saz və atəşə yararlı “Makarov” konstruksiyalı tapança, həmin tapançanın komplekt hissəsi hesab edilən texniki cəhətdən saz, bir cərgəli və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulan 01 ədəd daraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Maddi Təchizat İdarəsinin silah anbarına təhvil verilsin. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətə Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar