Məhkəmə qərarları › İş №1(017)-30/2024

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-30/2024

13.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-30/2024 13.03.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakı ilə Təqsirləndirilən şəxs (xx.xx.1975-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, müharibə veteranı, himayəsində 2 azyaşlı və 1 yetkinlik yaşına çatmayan uşağı olan, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ağdam rayonunun Əfətli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs əvvəllər verilmiş sürücülük vəsiqəsinin etibarlıq müddəti 9 noyabr 2015-ci il tarixdə bitdiyindən və dəyişdirilmədiyindən “Yol hərəkəti haqqında” 3 iyul 1998-ci il tarixli 517-İQ nömrəli Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin V hissəsinin 1-ci bəndinə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququnun sürücülük vəsiqəsi dəyişdirilənədək müvəqqəti məhdudlaşdırılması ilə əlaqədar nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığı halda 30 oktyabr 2023-cü il tarixdə saat 19:30 radələrində X2 mülkiyyətində olan “VAZ 11113” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini etibarnaməsiz idarə edərək, həmin avtomobil ilə Ağcabədi-Ağdam rayonlararası avtomobil yolunda Ağdam rayonu istiqamətində hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozması nəticəsində, yəni həmin yolun Ağcabədi rayonunun Boyat kəndinin ərazisindən keçən hissəsində idarəetməni itirərək qeyd edilən Qanunun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinin tələblərinə uyğun olaraq yol hərəkətinin iştirakçısı kimi yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı olduğu, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu, həmin tələblərə riayət edəcəyi təqdirdə hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda onlara riayət etmədiyindən onun hərəkətdə olduğu zolağın sağ tərəfi ilə piyada hərəkət edən Zərərçəkmiş şəxs vuraraq ehtiyatsızlıqdan sonuncunun ümumilikdə həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurmaya aid qapalı kəlləbeyin travması, döş qəfəsinin qapalı travması, sağ 2-3-4-5-6-7-8-9 qabırğaların sınığı, 12 döş fəqərəsinin sınığı, bədən səthində sıyrıq və qançırlar kimi xəsarətlər alması nəticəsində sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol hərəkəti qaydalarını pozma cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263- 1.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Ağdam rayonunun Əfətli kəndində yaşayır. Rəsmi olaraq hər hansı bir işdə işləmir, fərdi əməklə məşğul olur. X3 iştirakçısıdır. Uzun müddət avtomobil idarə etmiş, B,C kateqoriyalı sürücülük vəsiqəsi olmuş, lakin xx.xx.2015-ci il tarixdə sürücülük vəsiqəsinin vaxtı bitmiş, onu yenisi ilə əvəz etməmişdir. **-BD-*** dövlət qeydiyyat nişanlı, “VAZ-11113 OKA” markalı avtomobil Ağstafa rayon sakini, X2 adına olsa da həmin avtomobili etibarnaməsiz idarə etmişdir. 30 oktyabr 2023-cü il tarixdə saat 19:30 radələrində, hazırda təmir olunan Ağcabədi-Ağdam yolunun Boyat kəndi ərazisində Ağdam rayon istiqamətində idarə etdiyi **-BD-*** dövlət qeydiyyat nişanlı, “VAZ11113 OKA” markalı avtomobil ilə təxminən 40 km/saat sürəti ilə hərəkətdə olan zaman, anidən Zərərçəkmiş şəxs qarşısına çıxmış, avtomobilin ön tərəfi ilə onu vurmuşdu. Hava qaranlıq olduğu üçün və eyni zamanda müharibə vaxtlarından siniri zədələndiyi üçün, güclü baş və bədən ağrıları olduğundan, avtomobili idarə edərkən fikri yoldan yayınmışdır. Bir də görmüşdür ki, Zərərçəkmiş şəxs düz avtomobilinin qarşısındadır. Onu görən kimi ayağını əyləcə atıb sıxsa da, artıq gec olduğundan, idarə etdiyi avtomobilin ön tərəfi ilə Zərərçəkmiş şəxs vurmuşdur. Hadisə baş verdikdən sonra, avtomobilini saxlayıb, maşından düşüb, onlara köməklik təklif etmişdir. Suraya ilə birlikdə onlar Niyarı avtomobilin arxa oturacağına uzandırmış və Ağcabədi rayon mərkəzi xəstəxanasına çatdırmışdır. Sonradan Zərərçəkmiş şəxs maddi yardım göstərmişdir. Hazırda zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Törətdiyi əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Ağcabədi rayonunun Boyat kəndində yaşayır. Ağcabədi rayonu, Boyat kəndi tam orta məktəbində xadimə vəzifəsində işləyir. 30 oktyabr 2023-cü il tarixdə, saat 19:30 radələrində bacısı Şahid1 ilə birlikdə Ağcabədi rayonu Boyat kəndi ərazisində, təmir işləri gedən Ağcabədi-Ağdam avtomobil yolunun Ağdam rayonu istiqamətində, yolun sağ tərəfi ilə, bacısı qızlarını hazırlıqdan gətirmək üçün piyada hərəkətdə olmuşdur. Yolun kənarı ilə hərəkətdə olduğu zaman Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili ilə onu arxadan vurmuş, yerə yıxılaraq, baş nahiyyəsi yolun səthinə dəydiyi üçün, huşunu itirmişdir. Hadisədən sonra baş verənləri, huşunu itirdiyi üçün xatırlamır. Özünə 3 gündən sonra gəlmiş və görmüşdür ki, Ağcabədi rayon mərkəzi xəstəxanasındadır. Qəza nəticəsində ağır xəsarət almışdır. Aldığı xəsarətə görə təqsirləndirilən şəxs ona 1800 manat maddi yardım göstərmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, bacısı Zərərçəkmiş şəxs ilə birlikdə yaşayır. 30 oktyabr 2023-cü il tarixdə, saat 19:30 radələrində bacısı Niyar ilə birlikdə Ağcabədi rayonu Boyat kəndi ərazisində, təmir işləri gedən Ağcabədi-Ağdam avtomobil yolunun Ağdam rayonu istiqamətində, yolun sağ tərəfi ilə, bacısı qızlarını hazırlıqdan gətirmək üçün piyada hərəkətdə olmuşlar. Piyada hərəkətdə olduqları zaman, bacısı Niyardan təxminən 5 metr irəlidə getmiş, Niyar isə ləng hərəkət etdiyi üçün, ondan arxada qalmışdır. Yolun kənarı ilə hərəkətdə olduqları zaman Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili ilə bacısı Zərərçəkmiş şəxs arxadan vurmuş və bacısı yerə yıxılaraq huşunu itirmişdir. Rüstəm avtomobili saxlamış, onları Ağcabədi rayon mərkəzi xəstəxanasına aparmışdır. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verdi. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 publik hüquqi şəxsin Ağcabədi rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 674 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər – qapalı kəllə beyin travması, döş qəfəsinin qapalı travması, sağ 2-3-4-5-6-7-8-9-cu qabırğaların sınığı, 12-ci döş fəqərəsinin sınığı, bədən səthində sıyrıq və qançırlar küt əşyanın (əşyalarının) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin piyadanı vurması nəticəsində əmələ gələ bilərdi, yetirilmə müddəti 30 oktyabr 2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 8/3411 nömrəli ekspert rəyindən görünür ki: -təhqiqat tərəfindən təqdim olunan məlumatlara əsasən VAZ-11113 markalı 05BD209 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 8/3411 nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 85 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Ağdam rayon İHB-nın Əfətli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 055668 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli qərarının surətindən görünür ki, 1993-cü ildə hərbi xidmətə çağırılmış Təqsirləndirilən şəxs döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü ildə aldığı xəsarətlər “Hərbi travmadır”, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. İş materiallarında olan Ağdam rayon İHB-nın Əfətli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xx.xx.2024-cü il tarixli arayışdan və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı və 1 yetkinlik yaşına çatmayan (xx.xx.2008-ci, xx.xx.2010-ci və xx.xx.2018-ci il təvəllüdlü) uşaqları vardır. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona 1800 manat maddi yardım etmişdir. Barışmışlar, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Ağcabədi RQİ və TBŞ-nin xx.xx.2024-cü il tarixli 3-13-16-1/2-39/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına xx.xx.2005-ci il tarixdən xx.xx.2015-ci il tarixə kimi BC kateqoriyalı AA832998 nömrəli sürücülük vəsiqəsi qeydə alınmışdır. Məhkəmə, iş üzrə şahid ifadələrini, məhkəmə-tibbi və məhkəmə yol nəqliyyat hadisələri ekspertizalarının rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə iş üzrə mövcud sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin (avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması) alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58 və 59-cu maddələrinin tələblərini, o cümlədən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını, müharibə veteranı olmasını, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralanmasını, himayəsində 2 azyaşlı və 1 yetkinlik yaşına çatmayan uşağının olmasını, vurulmuş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını, müharibə veteranı olmasını, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralanmasını, himayəsində 2 azyaşlı və 1 yetkinlik yaşına çatmayan uşağının olmasını, vurulmuş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmaması kimi şəxsiyyətini xarakterizə edən halları, ədalət və humanizm prinsiplərini, cəzanın məqsədlərinə nail olunması zərurətini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəza çəkməsinin əvvəli məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsində ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə ekspertiza xərcini təşkil edən 85 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 iş saatı üçün 60 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinib ona 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin; cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin; cəza çəkməsinin əvvəli məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın; barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 85 manat ekspertiza xərci alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 10 iş saatı üçün 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar