Məhkəmə qərarları › İş №1(017)-33/2024

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-33/2024

29.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-33/2024 29.04.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Ağayev Seyid - Əzim Nağı oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Ağcabədi rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxx 1981-ci ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Ağcabədi şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən tamah niyyətilə özgənin əmlakını vahid niyyətlə talamaq məqsədi ilə 2023-ci ilin noyabr ayının əvvəllərində günü istintqa dəqiq məlum olmayan tarixdə saat 03 radələrində ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs MMCnin saxlanc yeri hesab edilən həyətinə qanunsuz olaraq daxil olmaqla oradan uzunluğu 7 metr, diametri 102mm, hər birinin dəyəri 135 manat olan 10 ədəd 1350 manat dəyərində metal dirəkləri oğurlamış, bununla kifayətlənməyib cinayət əməlini davam etdirərək qəsdən tamah niyyətilə özgənin əmlakını vahid niyyətlə talamaq məqsədi ilə 2023-cü ilin noyabr ayının sonlarında günü istintqa dəqiq məlum olmayan tarixdə saat 03 radələrində yenə ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs MMC-nin saxlanc yeri hesab edilən həyətinə qanunsuz olaraq daxil olmaqla oradan uzunluğu 7 metr, diametri 102mm, hər birinin dəyəri 135 manat olan 20 ədəd 2700 manat dəyərində metal dirəkləri oğurlayıb zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə 4050 manat maddi ziyan vuraraq özgə əmlakını vahid niyyətlə gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs qeyd edilən əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadə verərək göstərdi ki, özünə məxsus QAZ 24 markalı, ** ER *** dövlət qeydiyyat nişanlı avtomobili var. 2023-cü ilin may ayında tanışlardan eşitmiş ki, Ağcabədi şəhərində şirkət internet çəkilişi ilə məşqul olur, həmin şirkətə avtomobili olan sürücü tələb olunur. O, şirkətin yerləşdiyi yeri öyrənmiş və ünvan 2 ünvana getmişdir. Orda Namiq adlı şəxslə görüşmüş, özünün avtomobili olduğunu və sürücü kimi işə qubul olmaq istədiyini bildirmiş, Namiqlə danışmış və razılaşmışlar ki, hər bastırılan dəmir boru üçün 4 manat mənə pul veriləcəkdir. 2023-cü ilin may ayından o işə başlamışdır. O, şirkətə məxsus dəmir boruları özünə məxsus avtomobilə yükləyib, rayon ərazisində internet çəkilməsi üçün əvvəlcədən deyilən yerlərə aparıb quyu qazıb betonlamışlar. Onunla birlikdə hazırda adlarının xatırlamadığı şəxslər işləmişlər. O, 2023-cü ilin təxminən sentyabr ayına kimi işləmiş, işlər zəyiflədiyindən ona sərf etməmiş, bu barədə Namiqə demiş və işdən çıxmışdır. O, işlədiyi vaxtlar görmüşdür ki, dəmir boruları şirkətin həyətində saxlayırlar. Maddi vəziyyəti çətin olduğundan o həmin yerdən oğurluq etmək qərarına gəlmişdir. O, tanışlardan kimə dəmir boru lazım olmasını soruşmağa başlamış, tanışı Ağcabədi şəhər sakini Rüstəmlə rastlaşmış və Rüstəmə demiş ki, şirkətdə işləmişəm əmək haqqının əvəzinə mənə 7 metr uzunluğunda 100 diametrli dəmir borular veriblər. Rüstəm bir neçə dəfə ondan soruşmuş ki, problemli deyil .O, Rüstəmə narahat olma şirkət mənə pulun əvəzində verib cavabını vermişdir. Bundan sonra Rüstəm qiymətini soruşmuş, o hər birini 40 manata satdığını bildirmiş, Rüstəmlə danışıb razılaşmış və Rüstəm ona 10 ədədini ala biləcəyini bildirmişdir. 2023-cü ilin noyabr ayının ortalırında o tanışı Şahid3 demiş ki, şirkətdən ona 10 ədəd dəmir boru veriblər, köməklik et avtomobilə yığım. Rasimlə danışıb razılaşıb zəng edəcəyini demişdir. 2023-cü ilin noyabr ayının ortlarında saat 03 radələrində o idarə etdiyi avtomobillə Rasimi yaşadığı evin qarşısından götürmüş və birlikdə ünvan 2 ünvana getmişlər. Dəmir qapılar açıq olduğundan o avtomobillə həyətə daxıl olub, dəmir borular yığıldığı yerə sürmüşdür. O, avtomobili saxlamış, Rasimlə düşüb dəmir borulardan bir-bir olmaqla ümumilikdə 10 ədədini avtomobilin üzərinə yığmışlar. Bundan sonra Rüstəmə zəng edib dəmir boruları gətirəcəyini bildirmiş, Rüstəm gecə vaxtı gəlməyinin səbəbini soruşmuş, o bu vaxtlar vaxtım olur cavabını vermişdir. O, Rasimlə birlikdə Ağcabədi şəhəri, N.Nərimanov küçəsinə Rüstəmin yaşadığı evin qarşısına getmiş, avtomobili evin qarşısında saxlamış, Rüstəm qapını açmış və Rasimlə dəmir boruları Rüstəmin həyətinə boşaltmışlar. Rüstəm ona 400 manat pul vermişdir. O, əldə etdiyi puldan 30 manat Rasimə fəhlə pulu vermiş, qalan pulu öz ehtiyaclarına xərcləmişdir. Bir neçə gündən sonra Rüstəm zəng edib Tanrıverdi adlı tanışı həmin borudan almaq istədiyini demişdir. O, Tanrıverdi ilə görüşmüş və demiş ki, əmək haqqının əvəzinə ona yenədə 20 ədəd boru veriblər, hər birini 40 manata satır. Tanrıverdi onunla razılaşmışdır. 2023-cü ilin noyabr ayının sonlarında saat 03 radələrində əvvəlcədən danışıb razılaşdığı kimi Rasimi evinin qarşısından götürüb şirkətin həyətinə getmişlər. Birinci dəfə olduğu kimi avtomobili saxlamış, Rasimlə birlikdə 20 ədəd dəmir borunu avtomobilin yük yerinə yığmış və Ağcabədi şəhəri, Ş.Qurbanov küçəsində Tanrıverdinin yaşadığı evin qarşısına getmişlər. Tanrıverdi həyətdən çıxmış və Rasimlə dəmir boruları onun həyətinə boşaltmışlar. Tanrıverdi ona 800 manat pul vermişdir. O, əldə etdiyi puldan 30 manat Rasimə fəhlə pulu vermiş, qalan pulu öz ehtiyaclarına xərcləmişdir. Oğurluq edən zaman Rasimə oğurluq etdiyini demədiyini bildirmişdir. Bundan əlavə Rüstəm və Tanrıverdiyə də dəmir boruların özünə məxsus olmasını, əmək haqqı əvəzinə verilməsini dediyini göstərmişdir. Hazırda törətdiyi əməldən çox peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin qanuni nümayəndəsi qismində dindirilən Nümayəndə ifadə verərək göstərdi ki, 2023-cü ilin yanvar ayından Zərərçəkmiş şəxs MMC-də lahiyyə rəhbəri vəzifəsində işləyir. Onların şirkəti «QFON» rabitə tikintisi ilə məşquldur. 2023-cü ilin aprel ayından Ağcabədi rayonu ərazisində fiber optik xətlərin çəkilişi ilə məşqul olurlar. Onlar rayon ərazisində işçilər işə qəbul etmiş, şirkətlərinin ünvan 3 ünvanda yerləşir. Həmin ünvanda keçmiş maşın qayırma zavodu yerləşmiş, onlar həmin zavodun həyətini anbar kimi istifadə edirlər. Həmin həyətə tikinti materiallarını toplayıb, oradan lazım olan yerlərə göndərirlər. 07 dekabr 2023-cü il tarixdə şirkətin həyətinə gəlmiş, orada olan dəmir dirəkləri saymış və məlum olmuş ki, uzunluğu 7 metr, diametri 102 mm olan hər birinin dəyəri 135 manat olan dəmir dirəklərdən 30 ədədi əskikdir. Bundan sonra şirkətə məlumat vermiş və rayon polis şöbəsinə şikayət ərizəsi verilmişdir. Bir gün sonra polis əməkdaşlarından öyrənmiş ki, dəmir dirəkləri oğurlayan şəxs keçmiş işçiləri Təqsirləndirilən şəxsdur.O, dəqiq nə vaxt oğurluq olmasını bilmədiyni, xx.xx.2023cü il tarixdə oğurluq olmasını aşkar etdiyini göstərmişdir. Bildidi ki, cəmi 30 ədəd dirək oğurlanmış, 1 ədəd dəmir dirəyin qiyməti 135 manatdır. Oğurluq nəticəsində şirkətə təxminən 4050 manat maddi ziyan dəydiyini bildirmişdir. Hazırda ona dəymiş zərəri Vüsal tam olaraq ödəmişdir. Təqsirləndirilən şəxsla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində qanuni qərar verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadə verərək göstərdi ki, Ağcabədi şəhəri, Ş.Qurbanov küçəsi ev 75-də yaşayır. Bildirir ki, o Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs tanıyır, aralarında heç bir ədavət və ya düşmənçilikləri olmamışdır. Vüsalın internet çəkilişində işlədiyini və Vüsal rayon ərazisində küçələrə dəmir dirəklər basdırdığını görmüşdür. Təxminən 1 ay əvvəl Vüsal ona demiş ki, şirkət tərəfindən əmək haqqı yeirnə ona dəmir dirəklər verilib, həmin dirəkləri satmaq istəyir. Sonuncu dəfə 2023cü ilin noyabr ayının sonlarında Vüsal ona demiş ki, internetin çəkilişində istifadə olunan dəmir dirəklərdən birini 40 manata satır. O, 20 ədəd alaram cavabını vermiş, razılaşdıqdan sonra Vüsal çıxıb getmişdir. Dəqiq gününü xatırlamır, Vüsal təxminən saat 03 radələrində ona zəng vurmuş, o yuxudan oyanıb cavab vermişdir. Vüsal demiş ki, özünə məxsus avtomobillə dirəkləri gətirir. O, küçəyə çıxmış, bir az keçmiş Vüsal idarə etdiyi Qaz-24 markalı avtomobillə gəlmişdir. Vüsalın yanında tanımadığı bir nəfər şəxsdə olmuşdur. O, həyətini göstərmiş və həmin həyətə boşaltmalarını xahiş etmişdir. Vüsal və yanında olan şəxs 20 ədəd dəmir dirəkləri həyətinə boşaltmışlar. O, Vüsala ümumilikdə 800 manat pul vermişdir. Vüsal ona demişdi ki, şirkətin ona borcu var, dirəkləri ona veriblər satıb pulunu çıxarır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadə verərək göstərdi ki, o, Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs tanıyır, aralarında heç bir ədavət və düşmənçilikləri olmamışdır. Vüsalın internet çəkilişində işlədiyini və Vüsalın rayon ərazisində küçələrə dəmir dirəklər basdırdığını görmüşdür. Bildirir ki, təxminən bir müddət əvvəl Vüsal ona demiş ki, şirkətdə işləyir, aylıq pulunu verə bilmirlər, əvəzində ona dəmir dirəklər veriblər ki, satıb pulunu götürsün. O, bir neçə dəfə soruşmuş ki, birdən başqa problemlər çıxar. Vüsal narahat olma şirkətin rəhbəri özü verib, istəyirsənsə şirkətin rəhbəri ilə səni danışdırım demişdir. Bundan sonra o Vüsala inanmış və 10 ədəd dəmir dirəkdən gətirməsini demişdir. Onlar hər birini 40 manatdan razılaşmışlar. 2023-cü ilin noyabr ayında gecə Vüsal ona zəng edib dəmir boruları gətirdiyini bildirmiş, o, gec olduğunu soruşduqda, Vüsal başqa vaxtım olmur cavabını vermişdir. O, evdən çıxmış və Vüsalın idarə etdiyi Qaz-24 markalı avtomobillə həyətinin qarşısında dayandığını görmüşdür. Vüsal və tanımadığı bir nəfər şəxs avtomobildən düşmüş və köməklik edərək 10 ədəd dirəyi həyətinə düşürüb getmişlər. Vüsal ona demiş ki, işlədiyi pulun əvəzində şirkət verib satıb pulunu götürsün. Onun oğurluq olmasından məlumatı olmamışdır. O, Vüsaldan cəmi 10 ədəd dəmir dirək almış, hər birini 40 manatdan olmaqla, ümumilikdə 400 manat pul vermişdir. İş materiallarında olan baxış keçirilməsi protokolundan görünür ki, 07 dekabr 2023cü il tarixdə Caspian ROAD» MMC-yə məxsus ünvan 2 ünvanda yerləşən həyətə baxış keçirilmiş, baxış zamanı oğurluq olması faktı təsdiq olunmuşdur. İş materiallarında olan Ağcabədi rayon poliklinikasının tibbi arayışından görünür ki, Təqsirləndirilən şəxs poliklinikada narkolji kabinetdə və ruhi əsəb xəstəsi kimi dispanser qeydiyyatda durmur. İş materiallarında olan zərərçəkmiş hüquqi şəxsin qanuni nümayəndəsi Nümayəndə məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, vurulmuş maddi ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 29 yanvar 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsi ilə təqsirli bilinib 9 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2015-ci il tarixli qərarı ilə azadlıqdan məhrumetmə cəzası 06 il 09 aya endirilmiş, xx.xx.2020 ci il tarixdə cəzasının sonu ilə azad edilib. Azərbaycan Respublikası CM-nin 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. İş materiallarında olan Ağcabədi rayon «Əli» firmasının məktubundan görünür ki, 1 ədəd 7 metr uzunluğunda, 102 mm olan dəmir dirəklərin 2023-cü ilin noyabr ayına pərakəndə satış qiyməti 135 manat təşkil edir. İş materiallarında olan əşyanın götürülməsi və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid1 istintaqa təqdim etdiyi 20 ədəd dəmir dirəklər iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İş materiallarında olan əşyanın götürülməsi və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid2 istintaqa təqdim etdiyi 10 ədəd dəmir dirəklər iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İş materiallarında olan 08 dekabr 2023-cü il tarixli əşyanın tanınmaya təqdim edilməsi protokolundan görünür ki, Şahid1 və Şahid2 istintaqa təqdim etdiyi dirəklər Nümayəndə tanınması üçün təqdim edilmiş, sonuncu təqdim olnmuş əşyaları tanıyaraq şirkətdən oğurlanan dirəklər olduğunu göstərmişdir. İş materiallarında olan 15 yanvar 2024-cü il tarixli qərarla Şahid1 və Şahid2 istintaqa təqdim etdiyi dəmir dirəklər iş üzrə maddi sübut hesab edilmişdir. İş materiallarında olan 08 dekabr 2023-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 08 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 10 dekabr 2023-cü il tarixli təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə 10 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs haqqında polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Ağcabədi RİHB-nın Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 10 yanvar 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, xx xxxxx 1981-ci il təvəllüdlü Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrdən görünür ki, Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs bir azyaşlı xx.xx.2012-ci il təvəllüdlü X3 və bir yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X2 adlı övladı var. Məhkəmə iş üzrə mövcud sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59 və 61-ci maddələrinin tələbini, o cümlədən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağının olmasını, vurulmuş ziyanın tam olaraq ödənilməsini, zərərçəkmiş şəxslə barışmasını, ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs əvvəllər məhkum olunduğu halda yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaratmaqla cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Məhkəmə törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halları, ədalət və humanizm prinsiplərini, cəzanın məqsədlərinə nail olunması zərurətini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli; Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddəti nəzərə alaraq, bir günə bir gün hesabı ilə təyin olunan azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalından dərhal həbsə alınmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli həbs edildiyi gündən, yəni 29 aprel 2024-cü il tarixdən hesab edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirənin olmaması nəzərə alınmalıdır. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 25 iş saatı üçün 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 dekabr 2023-cü il tarixdən 10 dekabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət bir günə bir gün hesablanmaqla ona təyin edilmiş iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasından iki gün çıxılmaqla onun üzərində qəti cəza olaraq iki il beş ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalından dərhal həbsə alınsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli həbs edildiyi gündən, yəni 29 aprel 2024-cü il tarixdən hesab edilsin. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 25 iş saatı üçün 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) gündən 20 gün müddətə Ağcabədi rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar