Məhkəmə qərarları › İş №1(017)-35/2024

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №1(017)-35/2024

29.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 1(017)-35/2024 29.02.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Xüsusi ittihamçı X1, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 iştirakı ilə X9 və X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələri barədə X1 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyənetdi: X6 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X9 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuluyyətinə cəlb edilərək barələrində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Xüsusi ittihamçı qismində məhkəmədə ifadə verən X6 şikayətini müdafiə edərək göstərdi ki, X9 və X8 “Tik-Tok” sosial şəbəkəsindəki “Kanal 21”.az adı ilə yayımlanan sosial platformada onun barəsində müxtəlif vaxtlarda heç bir əsası olmayan, yalan, böhtan, təhqirdən ibarət məlumatlar yaymışlar. Belə ki, həmin şəxslər rüşvət alması, həkimlərin əmək haqqısını 4 ay əvvəlcədən həkimlərdən alması və sair bu kimi halları yayımlamışlar. Bununla da X9 və X8 ona böhtan atmış, onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla təhqir etmişdir. Ona görə də göstərdiklərini nəzərə alaraq X9 və X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barələrində ittiham hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X8 məhkəmədə ifadə verərək göstərdi ki, X6 barəsində müxtəlif orqanlara müraciətlər etmiş, Təranə Məmmədovanın barəsində etmiş olduğu müraciətlər barədə onda sübutlar vardır. Hazırda da Təranə Məmmədovanın barəsində araşdırma parılır. O, X3 ağır və xüsusilə ağır cinayət hesab edilən cinayət əməllərini törətməkdə ittiham etməmişdir. Məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmış barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 məhkəmə hazırlıq iclasında iştirak etmir və məhkəmə X1 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə hazırlıq iclasını X7 iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, təqdim olunmuş sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, X9 və X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələri barədə X1 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 293.3.1, 293.3.2, 293.3.4 və 293.3.6-cı maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməlidir. Həmin Məcəllənin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Məhkəməyə təqdim edilmiş şikayətdə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin harada, nə vaxt və necə törədilməsi, cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı, yaşayış yeri), hansı sübutlarla təsdiq edildiyi və şikayətin verildiyi tarix göstərilməmişdir. Bundan başqa, X6 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etsə də, özünü iddiaçı kimi, X9 və X5 isə cavabdeh kimi qeyd etmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 300.1.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, X9 və X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələri barədə xüsusi ittihamçı X1 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300, 302, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: X9 və X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələri barədə xüsusi ittihamçı X1 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar