Məhkəmə qərarları › İş №1(017)-36/2025

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-36/2025

09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-36/2025 09.04.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X1 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X1 Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi – Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakı ilə Təqsirləndirilən şəxs - (xx.xx.1994-cü il tarixdə Ağcabədi rayonunun Kəhrizli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkumluğu olmayan, orta təhsilli, Ağcabədi rayonunun Kəhrizli kəndində qeydiyyatda olan və yaşayan, "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası CM-nin 29, 177.2.3 və 29, 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən, tamah niyyətilə, qanunsuz olaraq özgə əmlakını xeyli miqdarda gizli talamaq məqsədilə 25 yanvar 2025-ci il tarixdə, saat 02 radələrində Şahid1 məxsus Ağcabədi rayonu, Kəhrizli kəndində yerləşən fərdi yaşayış evində, sonuncunun gəlini Zərərçəkmiş şəxs məxsus 30302 manat nağd pul vəsaitinin olduğunu ehtimal edərək həmin pul vəsaitini oğurlamaq niyyətilə fərdi yaşayış evinin həyətinə hasardan keçərək evin giriş qapısından içəri qanunsuz daxil olmuş, lakin iradəsindən asılı olmayan səbəbə görə, yəni Şahid1 və həmin evdə yaşayan Şahid2 yuxudan oyanıb onu evdə saxlamaları səbəbindən cinayət əməlini öz iradəsindən asılı olmayaraq başa çatdıra bilməyib evdən qaçıb gedərək Zərərçəkmiş şəxs məxsus 30302 manat məbləğində, yəni xeyli miqdarda pul vəsaitini gizli olaraq talamağa cəhd etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29, 177.2.3 və 29, 177.2.4-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Ağcabədi rayonunun Kəhrizli kəndində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. 24 yanvar 2025-ci il tarixdə, saat 17 radələrində, həmkəndlisi Rəşidin oğlu Namiqin evinin qapısında işlədikdən sonra, sonuncudan əl-muzdu kimi 32 manat pul alaraq, Ağcabədi şəhəri, “Noxud” kafedə tək olaraq oturub yeyib-içmiş, orada 3-4 bakal pivə, 5-6 banka spirtli içki sayılan “GO” içmişdir. Bunda sonra, gecə saatlarında həmin kafedən durub, yaxınlıqda olan marketdən “GO” alaraq Kəhrizli kəndinə gedən taksilərin birinə 2 manat verib, Ağcabədi rayonu, Kəhrizli kəndinə gəlmişdir. Yolda qonşuluqda yaşayan Şahid1 evinə daxil olub oğurluq etmək qərarına gəlmişdir. İntizar uzun illər Ağcabədi rayonu ərazisində yerləşən Pambıq zavodunda işləmişdir. Həmçinin həmin gün, İntizarın qapısına çoxlu sayda insanların gəldiyini, çoxlu sayda avtomobillərin İntizarın qapısının qarşısında görüb düşünmüş ki, İntizar yenə işlədiyi pambıq zavodundan ayrılan pulları pambıq satıcılarına paylayır. İntizarın pambıq satıcılarına pul verdiyi gün, sonuncunun qapısına həmişə çoxlu sayda gələn-gedən olur. Həmin gün qazandığı pulları kafedə xərclədiyi üçün, bu səbəbdən də pula ehtiyacı olduğu üçün, eyni zamanda İntizarın evində pambıq zavodundan ayrılan pulların olduğunu düşünüb qərara gəlmiş ki, İntizarın evinə daxil olsun. Bu məqsədlə İntizarın yaşadığı evin hasarına yaxınlaşıb, həmin hasardan tullanıb, onun yaşadığı fərdi yaşayış evinin həyətinə daxil olmuş, bundan sonra İntizarın evinə daxil olmaq üçün, evinin işığının sönülü olduğunu görüb, evin qapısına yaxınlaşmışdır. Əlini qapının dəstəyinə atanda, qapının açıq olduğunu görüb, sakitcə qapını aralayıb içəri daxil olmaq istəmişdir. Evə tam daxil olmamış görmüş ki, İntizar elə həmin otaqda yerləşən çarpayıda uzanıb yatır, lakin onun evə daxil olmağını eşidib oyanmışdır. İntizar onu görən kimi əlini üzünə atmış və onu evdən qovub çıxartmağa çalışmışdır. Həmçinin İntizardan başqa həmin otaqda Şahid2 da olmuş, sonuncu səsə oyanaraq həmin otağın işığını yandırmışdır. Yaxalandığını bilib İntizara ondan şikayət etməməyi xahiş etmişdir. İntizar ona qulaq asmaq istəmədiyini bildirmiş və evindən çıxmağını tələb etmişdir. Bundan sonra həmin evdən uzaqlaşmışdır. Zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Hazırda törətdiyi əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. 2024-cü ilin aprel ayında qayınanası Şahid1 uzun illər işlədiyi Ağcabədi rayonu, Hacıbədəlli kəndində yerləşən Azərpambıq MMC ilə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən pambıq əkini üçün nəzərdə tutulmuş torpaq sahəsini şirkətə icarəyə vermişdir. Həmin müqavilənin müddəti 2024-cü ilin dekabr ayında başa çatmış, həmin torpaqlardan əldə olunmuş pambıqlar isə şirkət tərəfindən satılmışdır. Müqaviləyə uyğun olaraq pambıq şirkəti ona 30302 manat pul vəsaiti ayırmış və həmin pulları Ağcabədi şəhərində yerləşən Beynəlxalq Bank ASC-də bank hesabında yerləşdirmişdir. Həmin pulun bank hesabından çıxarılmasını rəsmi qaydada, yəni etibarnamə əsasında uzun illər pambıq sahəsində çalışan qayınanası İntizara həvalə etmişdir. İntizar da 24 yanvar 2025ci il tarixdə Ağcabədi şəhərində yerləşən Beynəlxalq Bank ASC-yə getmişdir ki, Azərpambıq şirkəti tərəfindən ayrılmış məbləği çıxarıb ona və onunla birlikdə işləyən fermerlərə ödəsin. Yuxarıda qeyd etdiyi kimi, İntizar uzun illər pambıq sahəsində işlədiyi üçün və əvvəllər də şirkət tərəfindən fermerlər üçün ayrılmış pulları şirkətdən götürüb fermerlərə ödədiyi üçün, pambıq şirkətindən ayrılmış pulların bank hesabından çıxarılmasını İntizara etibar etmişdir ki, İntizar həmin pulları lazım olduğu qaydada ona və onunla şərik olan fermerlərə ödəsin. İntizar elə həmin gün, yəni 24 yanvar 2025-ci il tarixdə pambıq şirkətindən ayrılmış pulların hamısını fermerlərə paylamışdır. 25 yanvar 2025-ci il tarixdə bilmiş ki, həmkəndlisi Təqsirləndirilən şəxs pambıq pullarını oğurlamaq üçün elə həmin gün saat 02 radələrində İntizarın yaşadığı evə qanunsuz daxil olmuş, lakin İntizar və onunla birlikdə yaşayan Zeynəb yuxudan oyandıqlarından Tural yaxalanmışdır. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, həmkəndlisi Şahid2 ilə birlikdə yaşayır. Ağcabədi rayonu, Hacıbədəlli kəndində yerləşən Azərpambıq MMC şirkətində aqronom vəzifəsində çalışır. 2024-cü ilin aprel aylarında gəlini Zərərçəkmiş şəxs onun işlədiyi pambıq şirkəti ilə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən gəlini pambıq əkini üçün nəzərdə tutulmuş torpaq sahəsini şirkətə icarəyə vermişdir. Bağlanmış müqavilənin müddəti 2024-cü ilin dekabr ayında başa çatmış, həmin torpaqlardan əldə olunmuş pambıqlar isə şirkət tərəfindən satılmışdır. Müqaviləyə uyğun olaraq işlədiyi pambıq şirkəti gəlini Vüsalə üçün 30302 manat pul vəsaiti ayırmış və həmin pulları Ağcabədi şəhərində yerləşən Beynəlxalq Bank ASC-də bank hesabında yerləşdirmişdir. Vüsalə həmin pulların bankdan götürülməsini rəsmi qaydada, yəni etibarnamə əsasında ona həvalə etmişdir. 24 yanvar 2025-ci il tarixdə Ağcabədi şəhərində yerləşən Beynəlxalq Bank ASC-yə getmiş ki, Azərpambıq şirkəti tərəfindən ayrılmış məbləği çıxarıb gəlini və gəlinilə birlikdə işləyən fermerlərə ödəsin. Bankdan 30302 manat pul götürmüşdür. Pulu götürən kimi isə gəlini və fermerlərə zəng edib demiş ki, gəlib yaşadığı evdən həmin pulları götürsünlər. 24 yanvar 2025-ci il tarixdə pambıq şirkətindən ayrılmış pulların hamısını fermerlərə vermişdir. Bununla da, bankdan götürdüyü 30302 manatdan onda heç nə qalmamışdır. Həmin gün saat 21 radələrində Zeynəb ilə yuxuya keçmiş, qış olduğundan soba olan zal otağında yatmış, həmin yatdığı otaqda isə evə giriş qapısı, yəni əsas qapı yerləşir. 25 yanvar 2025-ci il tarixdə saat 02 radələrində otaqda Zeynəb ilə yatdıqları zaman, təsadüfən gözlərini açıb görmüş ki, evin qapısı aralanmış vəziyyətdə, qapının pərdəsindən isə naməlum bir şəxs başını çıxardaraq evə boylanıb baxdığını görmüşdür. Ona bir anlıq qorxu gəlmiş, həmin şəxsi görən kimi yatdığı çarpayı qapıya yaxın olduğundan, dərhal yerindən qalxıb, əlini onun üz nahiyəsinə atmışdır. Zeynəb də səsə oyanmış və evin işığını yandırmışdır. Əlini Turalın üzünə atdıqdan sonra və Zeynəb işığı yandırdıqdan sonra bilmiş ki, evə girən şəxs həmkəndliləri və qonşusu Təqsirləndirilən şəxsdur. Tural yaxalandıqdan sonra, evlərinə oğurluq üçün yox, polis əməkdaşlarından gizləndiyini üçün daxil olduğunu bildirmişdir. Lakin hansı səbəbdən gizləndiyini isə bildirməmişdir. Turalı evdən qovmuş və bu barədə Ağcabədi rayon polis şöbəsinə məlumat vermişdir. Tural onun evinə pambıq üçün şirkətdən ayrılmış pulların onda olmasını bilib evinə daxil olmuşdur. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verdi. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlandığı Ağcabədi rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad olunmuşdur. İş materiallarında olan Ağcabədi RİHB-nın Kəhrizli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Azərbaycan Beynəlxalq Bank ASC-yə məxsus qəbzin surətindən görünür ki, pambıq zavodu tərəfindən Zərərçəkmiş şəxs üçün ayrılmış 30302 manat pul vəsaiti etibarnamə əsasında 24 yanvar 2025-ci il tarixdə Şahid1 tərəfindən həmin bankdan çıxarılmışdır. İş materiallarında olan "xxxx" MMC-nin X2 və Emalı zavodunun verdiyi xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, həmin zavod Zərərçəkmiş şəxs ilə müqavilə bağlamış və müqaviləyə əsasən Zərərçəkmiş şəxs 30302 manat pul vəsaiti köçürülmüşdür. İş materiallarına əlavə olunmuş “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” X4 verdiyi məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Konsultativ Poliklinika şöbəsində ruhi-əsəb və narkoloji kabinetində dispanser qeydiyyatda durmur. Məhkəmə, iş üzrə şahid ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 177.2.3 və 29, 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 29, 177.2.3 və 29, 177.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 27.1. Şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. 27.2. Cinayətə hazırlıq və cinayət etməyə cəhd başa çatmayan cinayət hesab olunur. 27.3. Başa çatmayan cinayətlərə görə cinayət məsuliyyəti bu Məcəllənin 28 və 29-cu maddələrinə istinad olunmaqla bu Məcəllənin başa çatmış cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələrinə uyğun olaraq müəyyən edilir.

29. Bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. 63.3. Cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58 və 59-cu maddəsinin tələblərini, o cümlədən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini, yaşadığı ərazidə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini, yaşadığı ərazidə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmaması kimi şəxsiyyətini xarakterizə edən halları, humanizm və ədalət prinsiplərini, habelə onun cəmiyyətdən təcrid olunmadan cəzanın məqsədlərinə nail olunması zərurətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3 və 29, 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlama müddəti bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 iş saatı üçün 90 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3 və 29, 177.2.4-cü maddəsi ilə təqsirli bilinib ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırması cəzası təyin edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlama müddətini, yəni 2 (iki) günü nəzərə alaraq, bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq ona 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin; barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəza çəkmə müddətinin əvvəli - Təqsirləndirilən şəxs Ağcabədi rayon İcra və Probasiya şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası - Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 15 iş saatı üçün 90 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar