Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-37/2023 15.02.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X2 və müdafiəçi – Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs - (xx.xx.1980-cı il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ağcabədi şəhəri, Nəsimi küçəsi, ev 61-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununda göstərilən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 6,11 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qəsdən istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib 1 kağız parçasında əynindəki qara rəngli şalvarın sol yan cibinə qoyub daşıyaraq saxlamış, 02 noyabr 2022-ci il tarixdə saat 21:45 radələrində Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yerləşən yaşadığı evin qarşısında saxlanılaraq Ağcabədi şəhəri Ü.Hacıbəyli prospekti 39 ünvanında yerləşən Ağcabədi rayon Polis şöbəsinin inzibati binasına gətirilib həmin tarixdə saat 22:20-dən başlayaraq üzərində şəxsi axtarış aparılan zaman, onun əynində olan qara rəngli şalvarın sol yan cibindən qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq saxladığı 1 (bir) ədəd kağız parçasında təmiz çəkisi 6,11 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Ağcabədi şəhərində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir, əsasən narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 02 noyabr 2022-ci il tarixdə təxminən saat 21:45 radələrində yaşadığı Nəsimi küçəsində piyada olaraq hərəkətdə olan zaman bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Ona saxlanma səbəbini, hüquq və vəzifələrini izah edib onu Ağcabədi rayon Polis Şöbəsinə gətirmişlər. Burada dəvət edilmiş müdafiəçinin iştirakı ilə video çəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində narkotik vasitə və ya psixotrop maddə, eləcə də qanunsuz hər hansı əşya və ya predmet varsa könüllü olaraq təqdim etməyi təklif edilmiş, əynində olan qara rəngli şalvarın sol yan cibində istifadə etmək üçün saxladığı içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd kağız parçasını çıxarıb stolun üzərinə qoymuşdur. Polis əməkdaşları həmin kağız parçasına baxış keçirmiş, içərisində yaşıl rəngli spesifik iyə malik olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Aşkar edilərək götürülmüş narkotik vasitəyə bənzər kütlə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılaraq möhürlənib götürülmüşdür. Bütün bunlardan sonra protokol tərtib edilmiş, tərtib edilmiş protokolu imzalamışdır. Hazırda törətdiyi əmələ görə peşmandır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və işin digər halları ilə kifayət qədər sübuta yetmişdir. Məhkəmə iclasında şahid Hacı-zadə X9 ifadəsində göstərdi ki, Ağcabədi rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 02 noyabr 2022-ci il tarixdə Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat rəhbərliyə məruzə edildikdən sonra polis şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs cinayətkar əməlini ifşa etmək məqsədi ilə ətrafında müvafiq əməliyyat tədbirləri keçirməyə başlamışlar. Bundan sonra Təqsirləndirilən şəxs həmin gün, Ağcabədi şəhəri, Nəsimi küçəsində yaşadığı evin qarşısında tərəflərindən saxlanılaraq Ağcabədi RPŞnə gətirilmişdir. Ağcabədi RPŞ-nin inzibati binasında otaqların birində, Təqsirləndirilən şəxs hüquqları izah edilməklə onun özünün dövlət hesabına müdafiəçi ilə təmin edilməsi xahişinə əsasən Ağcabədi rayon Vəkil Bürosunun vəkili X1 onun hüquqlarını müdafiə etməsi məqsədilə vəkil təyin edilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməsinə etirazının olubolmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına və şəxsi axtarışın video çəkiliş vasitəsi ilə aparılmasına heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd kağıza bükülmüş büküm çıxarıb təqdim etmiş, həmin büküm açıb baxış keçirərkən içərisində kəskin spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin olması müəyyən edilmişdir. Aşkar edilmiş 1 (bir) ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütləyə baxış keçirilərək elektron tərəzidə çəkildikdən sonra qablaşdırılaraq möhürlənib götürülmüşdür. Şəxsi axtarış keçirmə zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütləni haradan əldə etməsi, nə məqsədlə üzərində daşıyıb saxlaması barədə sorğu-sual edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin narkotik vasitəni tutulan gün yaşadığı küçədən tapdığını və öz istifadəsi üçün üzərində daşıyaraq saxlamasını bildirmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin məhkəmə-bioloji ekspertizasının 02 noyabr 2022-ci il tarixli, 1193 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən..” sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd kağız bükümdə təmiz çəkisi 6,11 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 6,11 qram, tədqiqatda sərf edildi 0,02 qram, qalıq – 6,09 qramdır. İş materiallarına əlavə edilmiş əşyanın maddi sübut hesab edilməsi barədə 07 noyabr 2022-ci il tarixli qərar və arayışdan görünür ki, qalıq çəkisi 6,09 qram narkotik vasitə olan qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Ağcabədi rayon Polis şöbəsinə təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının 09 yanvar 2023-cü il tarixli 55 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, 2-ci qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Ağcabədi şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Ağcabədi şəhər İnzibati Ərazi dairəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı (xx.xx.2009-cu il təvəllüdlü Fidan, xx.xx.2010-cu il təvəllüdlü Nazim) uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 49 manat 74 qəpik təşkil edir. İş materiallarına əlavə olunmuş Ağcabədi rayon X5 X6 şöbəsinin xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs poliklinikada narkoloji kabinetdə qeydiyyatda durur. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə, azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bundan əlavə, "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən dərman preparatı kimi beynəlxalq adı "Heroin" olan maddələr narkotik vasitədir, onun 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə "külli miqdar" hesab olunur. Bundan əlavə, "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı "Marixuna-Kannabis" olan maddələr narkotik vasitədir, onun qurudulmuş 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramı və ya ondan artıq hissəsi isə "külli miqdar" hesab olunur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməli törətməsini etiraf edib səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, ikinci qrup əlil olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, dərhal saxlandığı Ağcabədi rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən buraxılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə kimi olan müddət nəzərə alınaraq ona təyin olunan azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalıdır. Məhkəmə, cinayət əməli törətməsini etiraf edib səmimi peşman olması, himayəsində iki azyaşlı uşağının olması, ikinci qrup əlil olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması kimi şəxsiyyətini xarakterizə edən halları, cəza təyin edilməsində ədalət və humanizm prinsiplərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs kimi tutulduğu müddət, yəni 02 (iki) gün (xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə kimi olan müddət) bir günə iki gün hesabı ilə ona təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, maddi sübut kimi tanınaraq Ağcabədi rayon Polis şöbəsində saxlanılan narkotik tərkibli, qalıq çəkisi 6,09 qram olan qurudulmuş marixuana məhv edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərci olan 49 manat 74 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli, 39 nömrəli Qərarı ilə təsdiq edilən "Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi" Qaydasının 3.2-ci bəndinə əsasən əlil olan və narkomanlıq xəstəliyinə düçar olunmuş şəxslərə məcburi müalicə tətbiq oluna bilməz. Qanunvericilik aktının bu normasına əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən narkomaniya xəstəliyindən əzab çəkməsinə baxmayaraq, Təqsirləndirilən şəxs ikinci qrup əlil olduğuna görə barəsində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq oluna bilməz. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırması cəzası təyin edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu müddəti nəzərə alaraq, bir günə iki gün hesabı ilə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın; barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəza çəkmə müddətinin əvvəli - Təqsirləndirilən şəxs Ağcabədi rayon İcra və Probasiya şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. İş üzrə maddi sübut olan Ağcabədi rayon Polis şöbəsində saxlanılan, narkotik tərkibli, qalıq çəkisi 6,09 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 49 manat 74 qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmün icrası - Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №1(017)-37/2023
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-37/2023
15.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver