Məhkəmə qərarları › İş №1(017)-38/2024

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-38/2024

08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-38/2024 08.05.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X1 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X1 Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi - Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs – (xx.xx.1971-ci il tarixdə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, məhkumluğu olmayan, Mingəçevir şəhəri, Naxçıvan küçəsi, ev 31-də qeydiyyatda olan, Ağcabədi şəhəri, İ.Qayıbov küçəsində nömrəsiz evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PXnin 2 saylı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən “Xidməti və mülki silah haqqında” 30 dekabr 1997-ci il tarixli 422-İQ saylı Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələrində xidməti və mülki silahın əldə edilməsi üçün nəzərdə tutulmuş qanuni əsaslar olmadan, yəni qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən, keçmiş SSRİ-də zavod üsulu ilə istehsal edilmiş, nömrəsi silinmiş, 9 mm kalibrli, yivli döyüş silahı hesab edilən texniki cəhətdən saz və atəş üçün yararlı olan bir ədəd “Makarov” konstruksiyalı PM modelli tapançanı, həmin odlu silahın komplekt hissəsi olmaqla 08 ədəd 9x18 mm kalibrli patron tutumuna malik zavod üsulu ilə hazırlanmış texniki cəhətdən saz və istifadə üçün yararlı olan bir ədəd darağı və döyüş sursatı hesab edilən 5 ədəd zavod üsulu ilə Azərbaycan Respublikasında istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, “Makarov” PM və Steçkin (APS) konstruksiyalı tapançaların atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı olan ştat patronları vahid niyyətlə qəsdən qanunsuz olaraq əldə edərək, 11 yanvar 2024-cü il tarixədək üzərində qəsdən və qanunsuz olaraq vahid niyyətlə daşıyaraq, gəzdirmiş və saxlamış, 11 yanvar 2024-cü il tarixdə saat 20:20 radələrində Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Ağcabədi şəhəri, H.Əliyev prospektində yerləşən “Lider” yanacaq doldurma məntəqəsinin qarşısında saxlanılaraq ünvan ünvanda yerləşən Ağcabədi rayon polis şöbəsinin inzibati binasına gətirilib həmin tarixdə saat 21:00-dən başlayaraq üzərinə şəxsi axtarış keçirilən zaman qəsdən qanunsuz olaraq vahid niyyətlə əldə edib əynindəki qara rəngli gödəkcənin sol iç cibində daşıyıb gəzdirərək saxladığı həmin odlu silah, komplekt hissəsi və döyüş sursatları aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Ağcabədi şəhəri, İ.Qayıbov küçəsində yaşayır. Amilə məxsus Kamaz markalı avtomobili idarə edir. Həmin yük avtomobili ilə Qaradağ rayonundan mişar daşı gətirib rayon ərazisində satır. Bundan əlavə Qaradağ rayonunda Kamaz yüklənənə kimi orada zibilxanalardan “hell” digər energetik içkilərin boş bankalarını yığıb təhvil verir. 09 yanvar 2024-cü il tarixdə idarə etdiyi avtomobillə Qaradağ rayonuna mişar daşı gətirməyə getmiş, avtomobil yüklənənə kimi orada boş bankalar axtarmağa başlamışdır. Həmin vaxt zibilxanada diqqətini bükülü cəlb etmiş, əski parçasına bükümə baxdıqda içində tapança olduğunu görmüşdür. Tapançanı torbadan çıxartmış və özü ilə götürmüş, gətirib avtomobildə gizlətmiş ki, rayona gələndə aparıb polis şöbəsinə təhvil versin. 11 yanvar 2024-cü il tarixdə daş yüklənmiş və rayon istiqamətinə gəlməyə başlamışdır. Təxminən axşam saatlarında Ağcabədi şəhəri, H.Əliyev prospektində yerləşən “daş bazarında” avtomobili saxlamış, tapançanı götürüb əynində olan gödəkcənin sol iç cibinə qoymuş, oradan çıxıb “Lider” yanacaq doldurma məntəqəsinin qarşısına gəlmişdir. Həmin vaxt bir neçə mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, özlərini Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları kimi təqdim etmiş, onu Ağcabədi rayon Polis şöbəsinə gətirmişlər. Ağcabədi rayon Polis şöbəsində ona hüquqlarını izah edib müdafiəçi tutmaq hüququnu da bildirmişlər. Təqdim olunmuş siyahıdan vəkil Müdafiəçi hüquqlarını müdafiə etməsini xahiş etmiş, həmin vəkillə onu təmin etmişlər. Vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməyə başlamışlar. Ona üzərində hər hansı bir qanuna zidd əşya vardırsa da təqdim etməsi təklif olunmuş, əynində olan gödəkcənin sol iç cibində saxladığı 1 ədəd tapançanı təqdim etmişdir. Onun iştirakı ilə tapançaya və 1 ədəd darağına baxış keçirilmiş, məlum olmuş ki, darağın üzərində 5 ədəd patronda varmış. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, başqa bir qanunla qadağan olunmuş digər bir əşya aşkar edilməmişdir. Hazırda törətdiyi əməlindən peşmandır. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Ağcabədi rayon Polis Şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 11 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq odlu silah və sursat saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat rəhbərliyə məruzə edildikdən sonra polis əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs cinayətkar əməlini ifşa etmək məqsədi ilə ətrafında müvafiq əməliyyat tədbirləri keçirməyə başlamışlar. Bundan sonra Təqsirləndirilən şəxs həmin gün, Ağcabədi şəhəri, H.Əliyev prospektində yerləşən «Lider» yanacaq doldurma məntəqəsinin qarşısında saxlanılaraq Ağcabədi RPŞ-nə gətirilmişdir. Həmin gün RPŞ-nin inzibati binasında otaqların birində, Təqsirləndirilən şəxs hüquqları izah edilməklə onun özünün dövlət hesabına müdafiəçi ilə təmin edilməsi xahişinə əsasən Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi onun hüquqlarını müdafiə etməsi məqsədilə vəkil təyin edilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs vəkili Müdafiəçi da iştirakı ilə hüquq və vəzifələri izah edilmiş və üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına və şəxsi axtarışın video çəkiliş vasitəsi ilə aparılmasına heç bir etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı bir silah-sursat və ya dövriyyəsi qanunla qadağan olunmuş əşyanın olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs əynində olan gödəkcənin sol iç cibindən 1 ədəd əski parçasına bükülmüş büküm təqdim etmişdir. Büküm açılıb baxılarkən içərisində 1 ədəd makarov tipli tapança, bir ədəd daraq və 5 ədəd patron aşkar olunmuşdur. Həmin silah-sursat təhlükəsizlik tədbirlərinə riayət etməklə yoxlanılmış, tapança təhlükəsiz vəziyyətə gətirilmişdir. Həmin silahın buraxılış ili, seriya nömrəsi silinmişdir. Aşkar olunmuş silah sursat qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı heç bir qanuna zidd əşya aşkar olunmamışdır. Baxış video çəkiliş vasitəsi ilə keçirilmişdir. Məhkəmə iclasında Şahid2 şahid X2 ifadəsinə uyğun ifadə verdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaqda verdiyi və məhkəmə iclasında elan olunmuş Şahid3 ifadəsi ilə də təsdiq olunur. İş materiallarında olan 11 yanvar 2024-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən bir ədəd üzərində sandıqçası və 5 ədəd patronu olan nömrəsi silinmiş SSSR-i istehsalı olan Makarov markalı odlu silah aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən digər başqa heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası daxili İşlər Nazirliyi kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli, 24/86 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, 01 ədəd nömrəsi silinmiş silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatı dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 05 ədəd patron zavod üsulu ilə Azərbaycan Respublikasında istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronlarıdır və döyüş sursatıdır, təyinatı üzrə istifadə və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidir-darağdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır, döyüş sursatı hesab edilmir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan və arayışdan görünür ki, 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ-də istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapança silahı, 1 ədəd Makarov konstruksiyalı silahın komplekt hissəsi olmaqla 8 ədəd 9x18 mm kalibrli patron tutumuna malik zavod üsulu ilə hazırlanmış daraq və 5 ədəd ekspertizadan sonra qalıq qalan 02 ədəd 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı (patronular) 02 fevral 2024-cü il tarixli qərarla maddi sübut hesab edilmiş və Ağcabədi rayon polis şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Ağcabədi şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyin Təqsirləndirilən şəxs barəsində verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir. Məhkəmə həmçinin hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona həmin maddələrin sanksiyası həddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar və cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59 və 61-ci maddələrinin tələblərini, o cümlədən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar sayır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Məhkəmə törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini və yaşadığı yer üzrə müsbət xarakterizə olunması kimi şəxsiyyətini xarakterizə edən halları, humanizm və ədalət prinsiplərini, habelə onun cəmiyyətdən təcrid olunmaqla cəzanın məqsədlərinə nail olunması zərurətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablanaraq barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Ağcabədi rayon polis şöbəsinin maddi sübutların saxlama kamerasında saxlanılan 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ-də istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapança silahı, 1 ədəd Makarov konstruksiyalı silahın komplekt hissəsi olmaqla 8 ədəd 9x18 mm kalibrli patron tutumuna malik zavod üsulu ilə hazırlanmış daraq və ekspertizadan sonra qalıq qalan 02 ədəd 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı (patronlar) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməlidir. İş üzrə mülki iddia və ekspertiza xərcləri yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 iş saatı üçün 60 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356.358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin; cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Ağcabədi rayon polis şöbəsinin maddi sübutların saxlama kamerasında saxlanılan 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ-də istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapança silahı, 1 ədəd Makarov konstruksiyalı silahın komplekt hissəsi olmaqla 8 ədəd 9x18 mm kalibrli patron tutumuna malik zavod üsulu ilə hazırlanmış daraq və ekspertizadan sonra qalıq qalan 02 ədəd 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı (patronlar) hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 10 iş saatı üçün 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar