Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-4/2023 01.03.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X4 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X4 Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı iştirakları ilə Təqsirləndirilən şəxs - (xx.xx.2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ağcabədi şəhəri Təbriz küçəsi ev 74-də qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununda göstərilən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni bir ədəd şəffaf sellofan kəsiyinə bükülmüş halda 0,273 qram narkotik vasitə olan heroini istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qəsdən qanunsuz olaraq əldə edib üstündə saxlamış, Ağcabədi rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 14 aprel 2022-ci il tarixdə saat 19:15- də Ağcabədi şəhəri, Təbriz küçəsində şübhəli bilinərək saxlanılıb Ağcabədi RPŞ-nin inzibati binasına gətirilərək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcəsinin qabaq sol cibindən 1 ədəd kağız bükümdə şəxsi istehlak miqdarından artıq 0,273 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Ağcabədi şəhərində yaşayır. Təxminən dörd ilə yaxındır ki, narkotik vasitə olan heroini hərdən qəbul edir. 12 aprel 2022-ci il tarixdə yaşadığı Ağcabədi şəhəri Təbriz küçəsi ilə piyada evə gedərkən yol kənarında yerə atılmış bir ədəd kağız büküm görmüş, həmin büküm onun diqqətini cəlb etdiyinə görə götürüb baxanda arasında narkotik vasitə olan heroin olduğunu görmüşdür. Heroini qəbul etdiyinə görə həmin bükümü cibinə qoyub saxlamış, sonradan öz ehtiyacı üçün istifadə edər. Bundan sonra xx.xx.2022-ci il tarixdə təxminən saat 19 radələrində yaşadığı Təbriz küçəsi ilə mağazaya gedərkən bir neçə mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş, onun narkotik vasitəsini üstündə daşıması barədə şübhəli olduğunu bildirərək onlarla birlikdə Ağcabədi rayon polis şöbəsinə getməyi bildirmişlər. Onlara etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə rayon polis şöbəsinə getmişdir. Polis şöbəsində xidməti otaqların birində dəvət olunmuş vəkilin iştirakı ilə onun üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilən zaman ona təklif olunmuşdur ki, üzərində narkotik vasitə varsa özü polis əməkdaşlarına təqdim etsin. Əynində olan qara rəngli gödəkcənin qabaq sol cibində saxladığı bir büküm narkotik vasitə olan heroini cibindən çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa onun üzərindən heç bir narkotik vasitə aşkar olunmamışdır. Bundan sonra bu barədə protokol tərtib olunmuş, axtarışda iştirak etmiş şəxslər və onun tərəfindən həmin protokol imzalanmışdır. Polislərə təqdim etdiyi həmin bükümü 12 aprel 2022-ci il tarixdə yaşadığı Ağcabədi şəhəri Təbriz küçəsi ilə piyada hərəkətdə olan zaman yerdən tapıb özü istifadə etmək üçün üzərində saxlamışdır. Hazırda törətdiyi əməlindən peşmandır. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərdi ki, hazırda Ağcabədi rayon polis şöbəsində KTO-nun baş inspektoru vəzifəsində çalışır. 14 aprel 2022-ci il tarixdə Ağcabədi şəhəri, Təbriz küçəsi ev 74-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamaqda və onlardan istifadə etməkdə şübhəli olması barədə Ağcabədi rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat rəhbərliyə məruzə edildikdən sonra polis əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs cinayətkar əməlini ifşa etmək məqsədi ilə ətrafında müvafiq əməliyyat tədbirləri keçirməyə başlanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs həmin gün, Ağcabədi şəhəri Təbriz küçəsində saxlanılaraq Ağcabədi RPŞ-nə gətirilmiş, inzibati binada otaqların birində, Təqsirləndirilən şəxs hüquqları izah edilməklə onun özünün dövlət hesabına müdafiəçi ilə təmin edilməsi xahişinə əsasən Ağcabədi rayon Vəkil Bürosunun vəkili X2 onun hüquqlarını müdafiə etməsi məqsədilə vəkil təyin edilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs vəkili X1 da iştirakı ilə hüquq və vəzifələri izah edilmiş, üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına və şəxsi axtarışın video çəkiliş vasitəsi ilə aparılmasına heç bir etirazının olmadığını bildirdi. Bundan sonra onun üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması soruşuldu. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin qabaq sol cibindən bir ədəd kağız büküm çıxarıb stolun üzərinə qoydu. Həmin bükümün içərisinə baxış keçirilən zaman kağız bükümün içərisində qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlənin olduğu aşkar olundu. Bundan sonra bu barədə protokol tərtib olunmuş və axtarışda iştirak etmiş şəxslər tərəfindən həmin protokol imzalanmışdır. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş həmin narkotik vasitə olan heroini tutulmamışdan əvvəl yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını etiraf etmişdir. Məhkəmə iclasında Şahid3 Şahid4 ifadəsinə uyğun ifadə verdi. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 18/431 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 0,273 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroinin təmiz çəkisi 0,273 qram, tədqiqata sərf edilib 0,05 qram, qalıq 0,223 qramdır. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 31 manat 95 qəpik təşkil edir. İş materiallarına əlavə edilmiş sübutların qiymətləndirilməsinə dair xx.xx.2022-ci il tarixli qərardan və arayışdan görünür ki, hazırkı iş üzrə ekspertiza tədqiqatından sonra qalıq qalan 0,223 qram çəkidə olan heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Ağcabədi rayon Polis şöbəsinə təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 757 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2022-ci tarixli tələbnaməsindən və hökmün surətindən görünür ki, Rzayev X3 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” Qərarının 2.5 və 7-ci bəndinə əsasən cəzasının çəkilməmiş qalan hissəsindən azad edilmiş və məhkumluq üzərindən götürülmüşdür. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Ağcabədi şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş Ağcabədi rayon MRX Publik hüquqi şəxsin verdiyi xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs poliklinikada narkoloji kabinetdə qeydiyyatda durur. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə, azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlini etiraf edib səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş və dərhal saxlandığı Ağcabədi RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmiş, onun barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin icraatı Təqsirləndirilən şəxs tapılanadək dayandırılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhər ərazisində tutularaq aidiyyəti üzrə Ağcabədi rayon polis şöbəsinin X8 təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə şübhəli şəxs kimi tutulduğu müddət və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi həbsdə olduğu müddət nəzərə alınaraq ona təyin olunan azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalıdır. Məhkəmə, əməlini etiraf edib səmimi peşman olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması kimi şəxsiyyətini xarakterizə edən halları, cəza təyin edilməsində ədalət və humanizm prinsiplərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs kimi tutulduğu müddət, yəni 2 (iki) gün (xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə kimi olan müddət) və həbsdə saxlandığı müddət, yəni 01 ay 03 gün (xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi olan müddət) ümumilikdə 01 ay 05 gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası - Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Ağcabədi rayon İcra və Probasiya şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, maddi sübut kimi tanınaraq Ağcabədi rayon Polis şöbəsində saxlanılan, qalıq çəkisi 0,223 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınması nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə məhkəmə xərci olan 31 manat 95 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, ona 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırması cəzası təyin edilsin; CMnin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs kimi tutulduğu müddət, yəni 2 (iki) gün (xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə kimi olan müddət) və həbsdə saxlandığı müddət, yəni 01 ay 03 gün (xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi olan müddət) ümumilikdə 01 ay 05 gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 3 (üç) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın; barəsində seçilmiş "həbs" qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin; barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəza çəkmə müddətinin əvvəli - Təqsirləndirilən şəxs Ağcabədi rayon İcra və Probasiya şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut olan Ağcabədi rayon Polis şöbəsində saxlanılan, qalıq çəkisi 0,223 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 31 manat 95 qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmün icrası - Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №1(017)-4/2023
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-4/2023
01.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver