Məhkəmə qərarları › İş №1(017)-40/2023

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-40/2023

16.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-40/2023 16.02.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X1 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X1 Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı iştirakı ilə Təqsirləndirilən şəxs - (xx.xx.1988-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində 2 azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 67.1-ci maddəsinə əsasən 01 il 04 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə “8 noyabr- Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 4-cü bəndi tətbiq edilərək onun azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Ağcabədi şəhəri, Nizami küçəsi, ev 21-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunda göstərilən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,650 qram çəkidə narkotik vasitə olan heroini qəsdən istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib 1 ədəd şəffaf rəngli bükümdə əynindəki göy rəngli cins şalvarın sağ yan cibinə qoyub daşıyaraq saxlamış, 11 oktyabr 2022-ci il tarixdə saat 20:45 radələrində Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Ağcabədi şəhəri, Nizami küçəsində saxlanılaraq Ağcabədi şəhəri Ü.Hacıbəyli prospekti 39 ünvanında yerləşən Ağcabədi rayon Polis şöbəsinin inzibati binasına gətirilib saat 21:35-dən etibarən üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq saxladığı 1 (bir) ədəd şəffaf bükümdə təmiz çəkisi 0,650 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Ağcabədi şəhərində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Əsasən narkotik vasitə olan heroindən istifadə edir. Əvvəllər də narkotik vasitələrdən istifadə etməyi ilə bağlı tutulmuşdur və sonuncu dəfə barəsində Ağcabədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 01 il 04 ay müddətində azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. 2022-ci il yanvar ayının 6-da cəzasının sonu ilə azad olunmuşdur. Azadlığa çıxdıqdan bir müddət sonra yenidən narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Narkotik vasitə istifadə etməyəndə bədənində ağrılar olur, bununla bağlı müalicə alsa da sonda yenidən narkotik vasitələrdən istifadə etmişdir. Hazırda da narkotik vasitələrdən istifadə edir. 11 oktyabr 2022-ci il tarixdə Ağcabədi şəhəri ərazisində olan zaman yerdə şəffaf rəngli büküm görmüş, yerdən götürüb baxdıqda içərisində narkotik vasitə olan heroin olduğunu görmüş və götürüb üzərində saxlamışdır ki, bədənində ağrılar olanda istifadə edər. Həmin narkotik vasitənin az bir hissəsini istifadə etmişdir, qalanını isə üzərində saxlamışdır. Həmin gün, təxminən saat 20:45 radələrində Ağcabədi şəhəri, Nizami küçəsində olan zaman bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər, ona saxlanma səbəbini, hüquq və vəzifələrini izah edib Ağcabədi rayon polis şöbəsinə gətirmişlər. Burada onun üçün dəvət edilmiş müdafiəçinin iştirakı ilə video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona təklif olunmuşdur ki, üzərində hər hansı qanunsuz əşya və ya predmet, eləcə də narkotik vasitə və ya psixotrop maddə varsa könüllü təqdim etsin. Əynində olan göy rəngli cins şalvarın sağ yan cibində şəffaf rəngli bükümdə şəxsi istifadəsi üçün saxladığı narkotik vasitə olan heroini çıxarıb təqdim etmişdir. Polis əməkdaşları həmin bükümə baxış keçirmişlər, içərisində narkotik vasitə olan heroinə oxşar kütlə olması müəyyən edilmişdir. Bundan sonra onun üzərinə əlavə şəxsi axtarış keçirilmiş, lakin heç bir narkotik vasitə və ya psixotrop maddə, eləcə də qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş kütlə aşkar olunduğu qaydada elektron tərəzidə çəkilmiş, sonra qablaşdırılaraq möhürlənib götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş, həmin protokolu imzası ilə təsdiq etmişdir. Hazırda törətdiyi əmələ görə peşmandır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və işin digər halları ilə kifayət qədər sübuta yetmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Ağcabədi rayon polis şöbəsində cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 11 oktyabr 2022-ci il tarixdə icraatına Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və üzərində saxlamasında şübhəli olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat tərəfindən şöbə rəhbərliyinə məruzə edildikdən sonra icrası ona həvalə edilmişdir. Tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildikdən sonra Təqsirləndirilən şəxs qanunsuz əməllərini ifşa etmək məqsədilə həmin gün təxminən saat 20:30 radələrində Ağcabədi şəhəri, Nizami küçəsində Təqsirləndirilən şəxs piyada hərəkətdə olmasını görüb ona yaxınlaşmışlar. Həmin vaxt onun yanında əməliyyat qrupunun tərkibində PPXB-nin polis nəfəri polis serjantı Şahid2 da olmuşdur. Təqsirləndirilən şəxs xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmişlər. Ona hüquq və vəzifələrini, saxlanma səbəbini izah edib Ağcabədi rayon Polis Şöbəsinə gətirmişlər. Burada onun üçün dəvət edilmiş müdafiəçini iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı qanunsuz əşya və ya predmet, narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümə baxış keçirilmiş, içərisində qəhvəyi rəngli toz halında narkotik vasitə olan heroinə oxşar kütlə olması müəyyən edilmişdir. Həmin şəffaf sellofanda olan büküm elektron tərəzidə çəkilmiş, qabşaldırılmış və möhürlənib götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş, həmin protokolu iştirakçılar imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verdi. İş materiallarına əlavə olunmuş X3 xx.xx.2022-ci il tarixli 18/1117 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “..Təqsirləndirilən şəxs üzərindən......” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 0,650 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Aşkar edilmiş heroinin təmiz çəkisi-0,650 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,600 qramdır. İş materiallarına əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1869 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş sübutların qiymətləndirilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ekspertizadan sonra qalıq çəkisi 0,600 qram narkotik vasitə olan heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Ağcabədi rayon Polis şöbəsinə təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixdə 666 nömrə ilə qeydə alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağcabədi rayon X4 X5 şöbəsində narkoloji kabinetində dispanser qeydiyyata alınmışdır. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Ağcabədi şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Ağcabədi şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyin verdiyi xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağı (xx.xx.2012-ci il təvəllüdlü Esmira, xx.xx.2015-ci il təvəllüdlü Həzran) vardır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən, hökmün və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 67.1-ci maddəsinə əsasən 01 il 04 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə “8 noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 4-cü bəndi tətbiq edilərək onun azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl üzrə məhkumluğu vardır. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi isə cinayətin residivini yaradır (CM, mad. 18.1) Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən, residivə görə cəzanın təyin edilməsinə dair CM-nin 65.2-ci maddəsinin də tələblərini nəzərə alır. Belə ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan əlavə, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı “Marixuna-Kannabis” olan maddələr narkotik vasitədir, onun qurudulmuş 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramı və ya ondan artıq hissəsi isə “külli miqdar” hesab olunur. Bundan əlavə, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddələr narkotik vasitədir, onun 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə “külli miqdar” hesab olunur. Məhkəmə, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 25 iyun 2005-ci il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və himayəsində 2 azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar sayır. Məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinin tələblərinə əsasən cinayətin residivini isə onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və dərhal saxlandığı Ağcabədi rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən buraxılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət, yəni 2 (iki) gün (xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə kimi olan müddət) müddət nəzərə alınaraq ona təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalıdır. Məhkəmə, törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, himayəsində 2 azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olması kimi şəxsiyyətini xarakterizə edən halları, cəza təyin edilməsində ədalət və humanizm prinsiplərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs kimi tutulduğu müddət, yəni 2 (iki) gün (xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə kimi olan müddət) bir günə bir gün hesabı ilə hesablanaraq ona təyin olunan azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla qəti olaraq üzərində azadlıqdan məhrum etmə cəzası saxlanmalıdır. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalından dərhal həbs edilməli, cəza çəkməsinin əvvəli 16 fevral 2023-ci il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün – ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməli olduğuna görə Təqsirləndirilən şəxs təyin olunacaq cəza da ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 18/1117 nömrəli bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 49 manat 74 qəpik təşkil edir. İş üzrə ekspertiza xərci olan 49 manat 74 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, maddi sübut kimi tanınaraq Ağcabədi rayon Polis şöbəsində saxlanılan narkotik tərkibli, qalıq çəkisi 0,600 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata götürülməsini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 2 (iki) gün (xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə kimi olan müddət) həbsdə saxlama müddətini nəzərə alaraq, bir günə bir gün hesabı ilə hesablanaraq təyin olunan azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın; cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalından dərhal həbs edilsin; cəza çəkməsinin əvvəli 16 fevral 2023-cü il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Ağcabədi rayon Polis şöbəsində saxlanılan, narkotik tərkibli, qalıq çəkisi 0,600 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 49 manat 74 qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar