Məhkəmə qərarları › İş №1(017)-40/2024

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-40/2024

28.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-40/2024 28.03.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1965-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni təmiz çəkisi 0,340 qram çəkidə narkotik vasitə olan heroini əldə edib bir ədəd sellofan kəsiyi bükümündə əynindəki qara rəngli şalvarın sağ yan cibində saxlamış, 09 yanvar 2024-cü il tarixdə saat 16 radələrində Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Ağcabədi şəhəri, Ə.Talıbov küçəsində saxlanılaraq Ağcabədi rayon Polis şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış aparılarkən həmin narkotik vasitə olan heroin əynində olan qara rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, xeyli vaxtdır ki, narkotik vasitələrdən istifadə edir. Belə ki, ayağında yaralar vardır və ağrıkəsicilər ona kömək etmədiyi üçün narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Lakin, heç vaxt narkotik vasitənin alışı-satışı ilə məşğul olmamışdır. Narkotik vasitədən onunla qonşu yaşayan narkotik istifadəçiləri istifadə edərkən o, da istifadə etmişdir. 09 yanvar 2024-cü il tarixdə saat 16 radələrində Ağcabədi şəhərində olarkən polis əməkdaşları ona yaxınlaşaraq onu Ağcabədi rayon polis şöbəsinə aparmışlar. Polis şöbəsində ona bir büküm heroin verilmiş və onlarla razılaşması bildirilmişdir. O, polis əməkdaşları ilə razılaşmış və video çəkiliş zamanı həmin heroini polis əməkdaşlarına təqdim etmişdir. Ona görə də, özünü təqsirli bilmir və ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə özünü təqsirli bilməsə də, onun törətdiyi cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində Ağcabədi rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərdi ki, Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs 09 yanvar 2024-cü il tarixdə saat 16 radələrində Ağcabədi şəhər ərazisində saxlanılaraq RPŞ-yə gətirilmişdir. Ağcabədi RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs hüquqları izah edilmiş, müdafiəçi ilə təmin edilmiş və üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması soruşulmuş və Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükülü təqdim etmiş və içərisində narkotik maddə olan heroin olmasını bildirmişdir. Bundan sonra sellofan bükülüyə baxış keçirilən zaman içərisində kəskin spesifik iyə malik narkotik vasitə olan heroinə oxşar kütlənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, üzərində əlavə olaraq cinayət xarakterli əşya, o cümlədən digər narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu və tapıb özü istifadə etmək üçün saxladığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Ağcabədi RPŞ-nin əməkdaşı Şahid2 Şahid1 ilə eyni məzmunda ifadə verdi. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 09 yanvar 2024-cü il tarixli şəxsi axtarış və götürmə barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd sellofan kəsiyinə bükülmüş, 0,40 qram çəkidə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 09 yanvar 2024-cü il tarixdə tərtib edilmiş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilərək, üzərində cinayət xarakterli əşya, o cümlədən narkotik və ya psixotrop maddələrin olub-olmaması soruşulmuş, əgər vardırsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 01 ədəd sellofan kəsiyinə bükülmüş bükülü təqdim edərək içərisində narkotik vasitə olan heroin olmasını bildirmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsinin 10 yanvar 2024-cü il tarixli, 18/28 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi-0,340 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin 08 fevral 2024-cü il tarixli, 187 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Üçüncü qrup əlil olduğuna görə məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 09 fevral 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməli üzrə özünü təqsirli bilməsə də, ona istinad edilən cinayəti törətməsi iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla yanaşı, 09 yanvar 2024-cü il tarixli şəxsi axtarış və götürmə barədə protokolla, 09 yanvar 2024-cü il tarixdə tərtib edilmiş diskə baxış keçirilməsi haqqında protokolla və cinayət işinə əlavə edilmiş “CD” diskə baxış keçirilərkən də öz təsdiqini tapmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs həmin əməl üzrə törətdiyi cinayət əməli onun ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, narkotik vasitələrdən istifadə edir. 08 yanvar 2024-cü il tarixdə saat 17 radələrində Ağcabədi şəhəri, Ə.Talıbov küçəsindən bir ədəd ağ rəngli sellofan bükülü tapmış və sellofan bükülünü açıb içərisinə baxarkən heroin olmasını görmüşdür. Həmin bükülünü özü istifadə etmək üçün üzərində saxlamışdır. 09 yanvar 2024-cü il tarixdə saat 16 radələrində Ağcabədi şəhəri, Ə.Talıbov küçəsində olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib onu Ağcabədi rayon polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində müdafiəçinin iştirakı ilə üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona təklif edilmişdir ki, üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etsin. O, da əynində olan şalvarın sağ yan cibindən içərisində heroin olan bükülünü təqdim etmişdir. Məhkəmə yuxarıda qeyd olunan sübutlarla yanaşı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsini də iş üzrə sübut növü kimi qəbul edir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni təmiz çəkisi 0,340 qram çəkidə narkotik vasitə olan heroini əldə edib bir ədəd sellofan kəsiyi bükümündə əynindəki qara rəngli şalvarın sağ yan cibində saxlaması və 09 yanvar 2024-cü il tarixdə saat 16 radələrində Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Ağcabədi şəhəri, Ə.Talıbov küçəsində saxlanılaraq Ağcabədi rayon Polis şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış aparılarkən həmin narkotik vasitə olan heroin əynində olan qara rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülməsi məhkəmə istintaqında tam sübuta yetirilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs İİİ qrup əlil olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 09 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 11 yanvar 2024-cü il tarixədə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs 09 yanvar 2024-cü il tarixdən 11 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı iki gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli bu gündən, yəni 28 mart 2024cü il tarixdən hesab edilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalından dərhal həbsə alınmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji dispanserinin 08 fevral 2024-cü il tarixli, 187 saylı rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Ağcabədi rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 0,290 qram (ilkin xalis çəkisi 0,340 qram) narkotik vasitə olan heroin məhv edilməlidir. İşdə olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 31 manat 95 qəpik təşkil edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 iş saatı üçün hər iş saatına görə 6 manat hesab edilməklə 60 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona altı ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 yanvar 2024-cü il tarixdən 11 yanvar 2024-cü il tarixə kimi tutularaq iki gün saxlanılması ona təyin olunmuş altı ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq beş ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli bu gündən, yəni 28 mart 2024-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalından dərhal həbsə alınsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Ağcabədi rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 0,290 qram (ilkin xalis çəkisi 0,340 qram) narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə istintaqı zamanı göstərilmiş 10 (on) saat iş saatı müddətində hüquqi yardım üçün hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 60 (altımış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi verilməsi üçün Ağcabədi rayon Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən 20 gün müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar