Məhkəmə qərarları › İş №1(017)-41/2024

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-41/2024

09.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-41/2024 09.04.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Ağayev Seyid - Əzim Nağı oğlunun, Təqsirləndirilən şəxs və müdafiəçisi Ağcabədi rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs – xx xxxx 1979-cu il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununda göstərilən xeyli miqdarda, yəni təmiz çəkisi 0,310 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini istintaqa məlum olmayan vaxtda və mənbədən qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib bir ədəd kağız bükümdə əynindəki qara rəngli gödəkcənin sağ yan cibində daşıyaraq saxlamış, 16 yanvar 2024-cü il tarixdə Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamasında və istifadə etməsində şübhəli bilinərək yaşadığı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq saat 15:10 radələrində Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti 39 ünvanında yerləşən Ağcabədi RPŞ-nin inzibati binasına gətirilib həmin gün saat 15:50-dən başlayaraq üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkcənin sağ yan cibində qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əldə edib daşıyaraq saxladığı bir ədəd kazğı bükümdə təmiz çəkisi 0,310 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd edilən əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadə verərək göstərdi ki, hazırda heç bir yerdə işləmir, təxminən 20 ildir müxtəlif narkotik vasitələrdən istifadə etmişdir. 13 yanvar 2024-cü il tarixdə günorta saatlarında yaşadığı evdən çıxıb Ağcabədi şəhəri, M.Aranlı küçəsində gedən zaman yerdə əzilməmiş halda siqaret qutusu görmüş, həmin qutu onun diqqətini cəlb etmiş, ona görə siqaret qutusunu yerdən götürüb baxanda içərisində bir neçə siqaret və kağız bükülü olduğunu görmüşdür. O həmin kağız bükülünü açanda içərisində heroin olduğunu görmüş və əvvəllər heroindən istifadə etdiyi üçün tanımış, həmin heroini istifadə üçün özündə saxlamışdır. 16 yanvar 2024-cü il tarixdə saat 15:10 radələrində Ağcabədi şəhəri, M.Aranlı küçəsi ilə gedərkən yaşadığı evin yanında olan zaman tanımadığı şəxslər ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduğunu bildirmişlər və üzərində narkotik vasitə olmağına şübhələr olduğunu deyib ona rayon polis şöbəsinə getməyi bildirmişlər. Oda etiraz etməmiş və onlar birlikdə rayon polis şöbəsinə gəlmişlər. Həmin tapdığı bir ədəd kağız bükümdə olan heroində əynində olan qara rəngli gödəkcənin sağ yan cibində olmuşdur. Onlar polis şöbəsində olarkən ona müdafiəçidən istifadə etmək hüquqları və qanunla müəyyən edilmiş qaydada digər hüquqları izah olunmuşdur. Bundan sonra polis əməkdaşları ona üzərində cinayət xarakterli əşya, o cümlədən narkotik vasitə olub olmadığını soruşmuşlar, o da əynində olan qara rəngli gödəkcənin sağ yan cibində saxladığı içərisində heroin olan kağız bükülünü çıxarıb təqdim etmişdir. Sonra polis əməkdaşları onun üzərinə video çəkilişlə axtarış keçirmişlər və üzərindən heç nə aşkar edilməmişdir. Sonra üzərindən aşkar olunaraq götürülmüş heroin aşkar olunduğu vəziyyətdə, yəni kağız bükümlə ilə birlikdə əczaçılıq tərəzisində çəkilmiş və 0,41 qram çəkidə olmuşdur. Bundan sonra üzərindən aşkar edilib götürülmüş bir ədəd kağız bükülü hamının iştirakı ilə qablaşdırıb möhürlənmiş, protokol tərtib olunmuş və orada iştirak edənlərin hamısı və o özüdə həmin protokola imza etmişlər. Sonradan üzərindən aşkar edilmiş heroinlə bağlı təyin edilmiş ekspert rəyi ilə tanış olmuş və həmin heroinin təmiz çəkisinin 0,310 qram olduğunu bilmiş və rəylə razı olduğunu demiş və həmin heroini yerdən tapmışdır. O əvvəllər narkotik tərkibli bitkilər əkib-becərməmiş, narkotik maddələr qəbul etsə də heç kəsə narkotik maddə satmamış və ya pay verməmiş, heroini tapan vaxt tək olmuş, üzərində saxlamaqda məqsədi ancaq özü qəbul etmək olmuşdur. Hazırda törətdiyi cinayət əməlindən peşman olduğunu və ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadə verərək göstərdi ki, o, Ağcabədi rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Ağcabədi rayon X7 şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs 16 yanvar 2024-cü il tarixdə saat 15:10 radələrində Ağcabədi şəhəri, M.Aranlı küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd kağız bükümü çıxarıb təqdim etmişdir. Həmin kağız büküm iştirakçıların və müdafiəçinin iştirakı ilə açılıb baxıldıqda içərisində spesifik qoxuya malik narkotik vasitə olan heroinə bənzər kütlə olduğu müəyyən edilmişdir, narkotik vasitəyə oxşar kütlə tərəzinin üzərinə tökülərək çəkiləcəyi təqdirdə itkiyə gedəcəyindən ehtiyat edərək aşkar edilmiş vəziyyətdə, yəni kağız bükümlə birlikdə elektron tərəzisində çəkilmiş və çəkisi 0,41 qram olmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və müayinə aparılmış və üzərindən cinayət xarakterli əşya aşkar edilməmişdir. Həmin aşkar edilərək götürülmüş kütlə çəkildikdən sonra iştirakçıların və müdafiəçinin iştirakları ilə qablaşdırılaraq möhürlənmiş, sonra protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu, yoldan tapdığı bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən polis əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. İş materiallarında olan 16 yanvar 2024-cü il tarixli qərardan görünür ki, xx.xx.1979-cu il təvəllüdlü, Ağcabədi şəhəri, M.Aranlı küçəsi, ev 65-də yaşayan Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirlərinin aparılması, onun üzərinə şəxsi axtarış aparılması, müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1 ibarət əməlliyyat qrupu yaradılmışdır. İş materiallarında olan 16 yanvar 2024-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1 və TB-nin təhqiqatçısı, polis kapitanı X5 və Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi edilməsi məqsədilə müdafiçi təyin edilmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili X3 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan qara gödəkcənin sağ yan cibindən bir ədəd kağız bükümdə çəkisi 0,41 qram narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 16 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 yanvar 2024-cü il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş və o, MSY-dən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 17 yanvar 2024-cü il tarixli, 18/67 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzaları olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,310 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Aşkar edilmiş heroinin təmiz çəkisi 0,310 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq 0,260 qramdır. Heroin- 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadan edilən narkotik vasitələr siyahsı”na daxildir. İş materiallarında olan Məhkəmə-narkoloji ekspertizasının 13 fevral 2024-cü il tarixli, 226 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək barəsində 02 il 11 ay 27 gün azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü hissəsinə əsasən təyin edilmiş cəzası 06 ay azaldılaraq qəti olaraq 01 il 03 ay 23 gün müddətində saxlanmış, Xəzər rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 ay 12 gün hissəsi vaxıtndan əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə isə cəzası başa çatmışdır. İş materiallarında olan “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin verdiyi xx.xx.2024-cü il tarixli, 18-1-23/2-78/2024 nömrəli arayışından görünür ki, xx.xx.1979-cu il təvəllüdlü Qarayev X6 “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Poliklinika şöbəsində ruhi-əsəb kabinetdə dispanser qeydiyyatda dayanmır. Lakin narkoloji kabinetdə dispanser qeydiyyatdadır. İş materiallarında olan Ağcabədi RİHB-nın Ağcabədi şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, 1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Ağcabədi rayon polis şöbəsinə verilmiş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitə olan heroindən istifadə etmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroin onun özünə məxsus olmuş, həmin narkotik vasitəni haradan və ya kimdən əldə etməsini müəyyən olunmamış, istifadəsi üçün narkotik vastələri əldə etdiyi mənbəni, onun narkotik vasitələrin satışı ilə məşğul olmasını müəyyən etmək mümkün olmamışdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, şahid ifadələri, məhkəmə-bioloji, məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, habelə işdə olan digər rəsmi sənədlərlə tam sübuta yetirilir. Odur ki, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə. Gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası AliMəhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə edilməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.) təqsirkarın şəxsiyyətinə (resedivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onların müalicə və digər müəssisələr üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. İnsan Hüquqları və X2 haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək barəsində 02 il 11 ay 27 gün azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü hissəsinə əsasən təyin edilmiş cəzası 06 ay azaldılaraq qəti olaraq 01 il 03 ay 23 gün müddətində saxlanmış, Xəzər rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 ay 12 gün hissəsi vaxıtndan əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə isə cəzası başa çatmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsində nəzərdə tutulmuş 2 il məhkumluq müddəti ödənilmədən yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini və onun cəmiyyətdən təcrid olunmaqla islah olunmasının mümkünlüyünü nəzərə alaraq Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuna müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən əməlində cinayətlərin residivi olması cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 16 yanvar 2024-cü il tarixdən 18 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından iki gün çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə zalından həbs edilməlidir. Cəza çəkmə müddətinin əvvəli həbs edildiyi gündən, yəni 09 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alıb, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən onun barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməsini zəruri hesab edir. Təqsirləndirilən şəxs «Ağcabədi rayon Mərkəzi xəstəxanası» Publik hüquqi şəxsin poliklinikasının narkoloji kabinetində qeydiyyata götürülməlidir. İş üzrə Ağcabədi rayon polis şöbəsində saxlanılan maddi sübut – tədqiqatdan sonra qalıq qalan 0,260 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 31 manat 95 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin - AZ.MEM.VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22 hesabına keçirilməlidir. Yuxarıda göstəriənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona iki il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 yanvar 2024-cü il tarixdən 18 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət bir günə bir gün hesablanmaqla ona təyin edilmiş iki il müddətə azadlıqdan məhrum etmə cəzasından iki gün çıxılmaqla onun üzərində qəti cəza olaraq bir il on bir ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli həbs edildiyi gündən, yəni 09 aprel 2024-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalında həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2- ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs «Ağcabədi rayon Mərkəzi Xəsətəxnası» Publik hüquqi şəxsin poliklinikasının narkoloji kabinetində dispanser qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan Ağcabədi rayon Polis şöbəsində saxlanılan, tədqiqatdan sonra qalıq qalan 0,260 qram narkotik maddə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 31 manat 95 qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına - Az.MEM.VÖİN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ 013601**********3944, hesab Az 34 CTRE******************** keçirilsin. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 20 iş saatı üçün 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) gündən 20 gün müddətə Ağcabədi rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar