Məhkəmə qərarları › İş №1(017)-42/2023

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-42/2023

18.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-42/2023 18.04.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmənin iclas katibi Muradov Malik Maarif oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Ağayev Seyid - Əzim Nağı oğlunun, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1998-ci il tarixdə Ağcabədi rayonunun İmamqulubəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olmayan, Ağcabədi rayonunun İmamqulubəyli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununda göstərilən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 1,013 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini istintaqa məlum olmayan vaxtda və mənbədən qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib kent markalı siqaret qutusunda 4 ədəd siqaretin gümüşü kağızına bükülmüş vəziyyətdə əynindəki qara rəngli cins şalvarının sağ yan cibində daşıyaraq saxlamış, 06 noyabr 2022-ci il tarixdə saat 21 radələrində Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamasında və istifadə etməsində şübhəli bilinərək Ağcabədi rayonu, İmamqulubəyli kəndi ərazisində saxlanılaraq Ağcabədi şəhəri Ü.Hacıbəyli prospekti 39 ünvanında yerləşən Ağcabədi RPŞ-nin inzibati binasına gətirilib həmin gün saat 22:15-dən başlayaraq üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli cins şalvarının sağ yan cibində qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq saxladığı dörd ədəd siqaretin gümüşü kağızında təmiz çəkiləri 0,270 qram, 0,221 qram, 0,304 qram, 0,218 qram olmaqla ümumi təmiz çəkisi 1,013 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd edilən əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, avtomobil mühərriki təmir etməklə məşğul olur. O, 7 ay olar ki, narkotik vastiə olan heroindən istifadə etmişdir. 06 noyabr 2022-ci il tarixdə səhər saatlarında yaşadığı evdən çıxıb kəndin aralıq yolunda işə gedən zaman bütöv halda olan kent siqaretinin qutusu və kağıza bükülmüş halda olan bükülü görmüş, həmin qutu əzilməmiş halda olduğu üçün onun diqqətini cəlb etmiş və içərisində siqaret olduğunu düşünmüşdür. Ona görə də siqaret qutusunu və kağız bükülünü yerdən götürmüş, açıb baxanda içərisində siqaret qutusunda bir neçə ədəd siqaret və 4 ədəd kağız bükülü olduğunu görmüşdür. O həmin kağız bükülünü də açıb baxdıqda kakos adlandırılan narkotik vasitə olan heroin olduğunu görüb. Sonra o, tapdığı digər kağız bükülünü də açıb baxdıqda bükülüdə bir ədəd elektron tərəzi olduğunu görmüşdür. O həmin bükülüləri gələcəkdə ürəyi istəsə qəbul etmək üçün əynində olan qara rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. 06 noyabr 2022-ci il tarixdə saat 21 radələrində işdən çıxıb İmamqulubəyli kəndi ərazisində yolun kənarında tək evləri istiqamətində piyada getmiş, həmin tapdığı 4 ədəd heroin bükümü və tərəzi də əynində olan qara rəngli cins şalvarın sağ yan cibində olmuşdur. Bu vaxt tanımadığı şəxslər ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduğunu bildirmişlər və üzərində narkotik vasitə olmağına şübhələr olduğunu deyib ona rayon polis şöbəsinə getməyi bildirmişlər. O da etiraz etməmiş və onlar birlikdə rayon polis şöbəsinə gəlmişlər. Onlar polis şöbəsində olarkən ona müdafiəçidən istifadə etmək hüquqları və qanunla müəyyən edilmiş qaydada digər hüquqları izah olunmuşdur. Sonra polis əməkdaşları ona üzərində cinayət xarakterli əşya, o cümlədən narkotik vasitə olub olmadığını soruşmuşlar. O da əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxladığı içərisində heroin olan siqaret qutusundakı 4 ədəd bükümü və bir ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Sonra polis əməkdaşları onun üzərinə videoçəkilişlə axtarış keçirmişlər və üzərindən heç nə aşkar edilməmişdir. Sonra üzərindən aşkar olunaraq götürülmüş içərisində heroin olan bükümlər aşkar olunduğu vəziyyətdə, yəni siqaretin gümüşü kağızı ilə birlikdə əczaçılıq tərəzisində çəkilmiş və 0,36 qram, 0,33 qram, 0,28 qram və 0,29 qram çəkilərdə olmuşdur. Bundan sonra üzərindən aşkar edilib götürülmüş 4 ədəd bükülü və bir ədəd eletron tərəzi hamının iştirakı ilə qablaşdırıb möhürlənmişdir. Bütün bunlardan sonra protokol tərtib olunmuş və orada iştirak edənlərin hamısı və o cümlədən də özü həmin protokola imza etmişlər. Sonradan üzərindən aşkar edilmiş heroinlə ilə bağlı təyin edilmiş ekspert rəyi ilə tanış olmuş və həmin heroinin təmiz çəkisinin 0,270 qram, 0,221 qram, 0,304 qram, 0,218 qram olmaqla ümumi təmiz çəkisi 1,013 qram olduğunu bilmiş və rəylə razı olduğunu demişdir. O əvvəllər narkotik tərkibli bitkilər əkib-becərməmiş, narkotik maddələr qəbul etsə də heç kəsə narkotik maddələr satmamış və ya pay verməmiş, heroini tapan vaxt tək olmuş, yerdən götürdüyünü heç kəs görməmiş, heroini üzərində saxlamaqda məqsədi ürəyi istəyəndə ancaq özü qəbul etmək olmuşdur. Hazırda törətdiyi əmələ görə çox peşman olduğunu bildırib, ona həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadə verərək göstərdi ki, Ağcabədi rayon X9 rayonunun İmamqulubəyli kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs 06 noyabr 2022ci il tarixdə saat 21:00 radələrində Ağcabədi rayonu, İmamqulubəyli kəndi ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə video çəkiliş vasitəsi ilə onun üzərində şəxsi axtarış və götürmə aparılarkən əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaret qutusunu və bir ədəd elektron tərəzi çıxarıb təqdim etmişdir. Həmin siqaret qutusu iştirakçıların və müdafiəçinin iştirakı ilə açılıb baxıldıqda içərisində 04 ədəd siqaret kağızına bükülmüş halda olan bükülülər aşkar edilmiş, həmin bükülülər də açılıb içərisinə baxıldıqda spesifik qoxuya malik narkotik vasitə olan heroinə bənzər kütlə olduğu müəyyən edilmişdir. Aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə tərəzinin üzərinə tökülərək çəkiləcəyi təqdirdə itkiyə gedəcəyindən ehtiyyat edərək, iştirakçıların və müdafiəçinin iştirakları ilə aşkar edilmiş vəziyyətdə, yəni kağız bükümlərlə birlikdə elektron tərəzisində çəkilmiş və çəkiləri 0,36 qram, 0,33 qram, 0,28 qram və 0,29 qram olmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və üzərindən cinayət xarakterli əşya, o cümlədən digər narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Həmin aşkar edilərək götürülmüş kütlə çəkildikdən sonra iştirakçıların və müdafiəçinin iştirakları ilə qablaşdırılaraq möhürlənmiş, protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən polis əməkdaşları Şahid2, Şahid3 və Şahid4 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdilər. İş materiallarında olan 06 noyabr 2022-ci il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, PPXB-nin polis nəfəri, polis serjantı Şahid2, KTQ-nun baş inspektorkriminalisti, polis mayoru Şahid3 və TB-nin təhqiqatçısı, polis baş leytenantı Şahid4 və Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi edilməsi məqsədilə müdafiçi təyin edilmiş Ağcabədi rayon Vəkil Bürosunun müdiri X1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən kağız bükümlərdə çəkisi 0,36 qram, 0,33 qram, 0,28 qram və 0,29 qram narkotik vasitə olan heroinə bənzər kütlələr və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 06 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 06 noyabr 2022-ci il tarixdən 08 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 08 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 08 noyabr 2022-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, evə buraxılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X7 Bölməsinin 07 noyabr 2022-ci il tarixli, 18/1204 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzaları olan kağız paketdəki 04 ədəd gümüşü rəngli kağız kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,270 qram, 0,221 qram, 0,304 qram, 0,218 qram, ümumi çəkisi 1,013 qram olan maddələr kustar üsulla hazırlanmış, xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli narkotik vasitə olan heroindir. Aşkar edilmiş heroinin ümumi çəkisi 1,013 qram, cəmi tədqiqata istifadə olundu – 0,05 qram, qalıq 0,813 qramdır. İş materiallarında olan Ağcabədi rayon polis şöbəsinin əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitə olan heroindən mütəmadi olaraq istifadə etmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroin onun özünə məxsus olmuş, həmin narkotik vasitəni haradan və ya kimdən əldə etməsini müəyyən olunmamış, istifadəsi üçün narkotik vastələri əldə etdiyi mənbəni, onun narkotik vasitələrin satışı ilə məşğul olmasını müəyyən etmək mümkün olmamışdır. İş materiallarnda olan X6 14 yanvar 2023-cü il tarixli, 88 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Ağcabədi rayon X8 Hüquqi şəxsin» verdiyi tibbi arayışdan görünür ki, Soltanov X4 RMX-nın poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda durmur. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Ağcabədi RİHB-nin İmamqulubəyli kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, xx xxxx 1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərcell Telekom MMC-nin 14 mart 2023-cü iltarixli məktubunda göstərilir ki, Azercell Telekom MMC-də qısa nömrələrdən, xidmət nömrələrindən (İnternet üzərindən) göndərilən SMS mətnlərinin qeydiyyatı aparılmır. Məhkəmə toplanmış və araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 1,013 qram çəkidə narkotik vasitə olan heroini əldə edib saxlaması, özünün etiraf etməsi, şahid ifadələri, məhkəmə-narkoloji ekspertizasının rəyi ilə, habelə işdə olan rəsmi sənədlərlə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 5ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə. Gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə edilməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.) təqsirkarın şəxsiyyətinə (resedivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onların müalicə və digər müəssisələr üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. İnsan Hüquqları və X3 haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə olaraq az ağır cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla onun islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuna müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək (narkomaniyadan məcburi mualicə olunması ilə bağlı hal nəzərə alınmaqla), narkomaniyadan müalicə kursu keçmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını qanuna müvafiq hesab edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Cəzanın icrası məhkumun yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 06 noyabr 2022-ci il tarixdən 08 noyabr 2022-ci il tarixədək olan iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəzasının 4 günü, təyin edilmiş cəzasından çıxılmalıdır. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alıb hesab edir ki, ona Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Soltanov X4 rayon Mərkəzi xəstəxanasının poliklinikasının narkoloji kabinetində qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut olan Ağcabədi rayon polis şöbəsində saxlanılan tədqiqatdan sonra qalıq qalan 0,813 qram narkotik vasitə olan heroin məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 49 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına -AZ.MEM.VÖEN **********, AZ34CTRE ********************, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22 keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-356, 358 və 383-385-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona iki il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 noyabr 2022-ci il tarixdən 08 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla azadlığın məhdudlaşdırılması cəzasının 4 günü, təyin edilmiş cəzasından çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq bir il on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək (narkomaniyadan məcburi mualicə olunması ilə bağlı hal nəzərə alınmaqla), narkomaniyadan müalicə kursu keçmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli Ağcabədi rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası məhkumun yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Soltanov X4 rayon Mərkəzi xəstəxanasının poliklinikasının narkoloji kabinetində qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə Ağcabədi rayon polis şöbəsində saxlanılan maddi sübut olan – tədqiqatdan sonra qalıq qalan 0,813 qram narkotik vasitə olan heroin və bir ədəd tərəzi məhv edilsin. İş üzrə ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 49 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına -AZ.MEM.VÖEN **********, AZ34CTRE ********************, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22 keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətinə Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar