Məhkəmə qərarları › İş №1(017)-47/2025

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-47/2025

30.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-47/2025 30.04.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X2 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X2 Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi - Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs - (xx.xx.1977-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində 2 yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Ağcabədi şəhəri, Ə.Bünyadov küçəsi ev 18-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanuna dəyişikliklər edilməsi barədə 21 noyabr 2023-cü il tarixli Azərbaycan Respublikasının qanununda göstərilən xeyli miqdarda, yəni təmiz çəkisi 5,23 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qəsdən istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib bir ədəd kibrit qutusunda əynindəki göy rəngli cins şalvarın sağ yan cibinə qoyub daşıyaraq saxlamış, 05 fevral 2025-cü il tarixdə saat 18 radələrində Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti ərazisində mərkəzi bazarın yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılaraq üzəri yoxlanılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əldə edib daşıyaraq saxladığı1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,23 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Ağcabədi şəhərində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Bir neçə ildir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. xx.xx.2025-cü il tarixdə səhər saatlarında yaşadığı evin yaxınlığındakı torpaqlığın kənarında yerdə 1 ədəd kibrit qutusu görmüş, həmin qutunu yerdən götürüb içinə baxdıqda içərisində “nəşə”, yəni qurudulmuş marixuana olduğunu görmüşdür. Əvvəllərdə istifadə etdiyi üçün həmin kütləni gələcəkdə istifadə etmək məqsədilə olduğu kibrit qutusunda üzərində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoymuş, daha sonra bir az da piyada gəzib evə getmiş və həmin gün üzərində olan narkotik vasitədən istifadə etməmişdir. xx.xx.2025-ci il tarixdə saat 18 radələrində Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində, mərkəzi bazarın yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib narkotik vasitələrin istifadəsində və saxlanmasında şübhəli olduğunu bildirildikdən sonra üzərinə video çəkilişlə axtarış keçirilmiş, həmin zaman üzərində qanunla qadağan olunmuş əşya və ya prdemetin olub-olmadığı soruşulduqda üzərində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd kibrit qutusunu polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, başqa bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş digər bir əşya aşkar edilməmişdir. Aşkar olunmuş narkotik vasitə elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq möhürlənib götürülmüşdür. Bu barədə tərtib olunmuş protokola imza etmişdir. Hazırda törətdiyi əmələ görə peşmandır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və işin digər halları ilə kifayət qədər sübuta yetmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 05 fevral 2025-ci il tarixdə ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və üzərində saxlamasında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat rəhbərliyə məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs cinayətkar əməlini ifşa etmək məqsədi ilə ətrafında müvafiq əməliyyat tədbirləri keçirilməyə başlanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində, mərkəzi bazarın yaxınlığında piyada hərəkətdə olduğunu görüb sonuncuya yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsində və istifadəsində şübhəli olduğunu bildirib üzəri video çəkiliş vasitəsi ilə yoxlanılacağı bildirdikdə Təqsirləndirilən şəxs buna etirazının olmadığını bildirmiş, daha sonra həmin ərazidə avtomobillərin sıx intensivliyini nəzərə alıb yoxlanış aparmağa oradan təxminən 200-300 metr məsafədə yerləşən kənar bir yerə getmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmadığı soruşulduqda sonuncu üzərində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunu təqdim etmişdir. Həmin kibrit qutusunun içərisinə baxış keçirilən zaman, kəskin, spesifik qoxuya malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunduğu qaydada elektron tərəzidə çəkilmiş, qablaşdırılaraq ekspertizaya təqdim edilməsi üçün möhürlənib götürülmüşdür. Onun üzərinə baxış keçirilərkən əlavə olaraq başqa bir narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Bu barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə verdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaqda verdiyi və məhkəmə iclasında elan olunmuş Şahid1 ifadəsi ilə də təsdiq olunur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli 18/97 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən ...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5,23 qram olan bitki mənşəli kütlə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi təmiz çəkisi 5,23 qram tədqiqata istifadə olundu 0,02 qram, qalıq 5,21 qramdır. İş materiallarına əlavə edilmiş sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan və arayışdan görünür ki, ekspertizadan sonra qalıq çəkisi 5,21 qram narkotik vasitə olan qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Ağcabədi rayon Polis şöbəsinə təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 404 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2025ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Ağcabədi şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Onun barəsində Ağcabədi şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinə ərizə və şikayət xarakterli müraciət daxil olmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 yetkinlik yaşına çatmayan uşağı (xx.xx.2008-ci və xx.xx.2009-cu il təvəllüdlü) vardır. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 31 manat 95 qəpik təşkil edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X7 Ağcabədi rayon X4 Hüquqi Şəxsin xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Bayramov X1 rayon X4 X5 şöbəsinin ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda durmur. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə, azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bundan əlavə, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı “Marixuna (kannabis)” olan maddələr narkotik vasitədir, onun qurudulmuş 5 qramı “xeyli miqdar”, 500 qramı isə “külli miqdar” hesab olunur ((təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri)). “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı “Heroin” olan maddələr narkotik vasitədir, onun 0,15 qramı “xeyli miqdar”, 2 qramı isə “külli miqdar” hesab olunur ((təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri). Bundan əlavə, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı “Metamfetamin” olan maddələr narkotik vasitədir, onun 0,15 qramı “xeyli miqdar”, 2 qramı isə “külli miqdar” hesab olunur ((təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri). Məhkəmə, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 25 iyun 2005-ci il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələblərinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10); həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8); miqdarından asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin satılması (1.0.11) hesab edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və himayəsində 2 yetkinlik yaşına çatmayan uşağı olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və dərhal saxlandığı Ağcabədi rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət, yəni xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinə kimi olan müddət nəzərə alınaraq ona təyin olunan azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalıdır. Məhkəmə, cəza təyin edərkən törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və himayəsində 2 yetkinlik yaşına çatmayan uşağı olması kimi şəxsiyyətini xarakterizə edən halları, cəza təyin edilməsində ədalət və humanizm prinsiplərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlama müddətini, yəni iki gün müddəti nəzərə alaraq, bir günə iki gün hesabı ilə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla qəti olaraq üzərində azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Cəza çəkmə müddətinin əvvəli - Təqsirləndirilən şəxs Ağcabədi rayon İcra və Probasiya şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası onun yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, maddi sübut kimi tanınaraq Ağcabədi rayon Polis şöbəsində saxlanılan narkotik tərkibli, qalıq çəkisi 5,21 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsini tətbiq etməklə Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə məhkəmə xərci olan 31 manat 95 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçilərə (vəkillərə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 iş saatı üçün 110 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona 1 (bir) il 8 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2025-ci il tarixdən xx.xx.2025ci il tarixədək həbsdə saxlama müddətini, yəni iki gün müddəti nəzərə alaraq, bir günə iki gün hesabı ilə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 7 (yeddi) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın; barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəza çəkmə müddətinin əvvəli - Təqsirləndirilən şəxs Ağcabədi rayon İcra və Probasiya şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Bayramov X1 rayon poliklinikasının narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Ağcabədi rayon Polis şöbəsində saxlanılan ekspertizadan sonra qalıq qalan çəkisi 5,21 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 31 manat 95 qəpik məhkəmə (ekspertiza) xərci tutularaq dövlət büdcəsinə köçürülsün. Hökmün icrası - Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 10 iş saatı üçün 110 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar