Məhkəmə qərarları › İş №1(017)-5/2024

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-5/2024

14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-5/2024 14.02.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X1 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X1 Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və Zərərçəkmiş şəxs iştirakları ilə Təqsirləndirilən şəxs – (xx.xx.1990-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 7/25, mənzil 10-da qeydiyyatda olan, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, CM-nin 66.5-ci maddəsinə əsasən qəti olaraq 4 (dörd) il 9 (doqquz) ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən, tamah niyyətilə, özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə 2022-ci ilin may ayının ortalarında Şahid1 Ağcabədi rayon polis şöbəsinin İstintaq bölməsində Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd edərək sonuncunun atası Zərərçəkmiş şəxs 19 may 2022-ci il tarixdə saat 21:28-də ünvan ünvanda yerləşən “Neptun” marketdəki Milliön terminalı vasitəsilə onun adına olan Unibanka məxsus **********021376 nömrəli karta 5000 manat məbləğində pul köçürülməsinə nail olmaqla həmin pul vəsaitini ələ keçirmiş, bundan sonra o, vahid niyyətlə cinayət əməlini davam etdirərək qəsdən, tamah niyyətilə, özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə 20 may 2022-ci il tarixdə saat 20:05də Ağcabədi rayonu, Hacıbədəlli kəndi ərazisində yerləşən “Laçın” marketdəki Emanat terminalı vasitəsilə onun adına olan Unibanka məxsus **********021376 nömrəli karta 1000 manat məbləğində pul köçürülməsinə nail olmaqla həmin pul vəsaitini ələ keçirmiş, bundan sonra o, vahid niyyətlə cinayət əməlini davam etdirərək qəsdən, tamah niyyətilə, özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs yaşadığı Ağcabədi rayonu, Təzəkənd kəndi ərazisində yerləşən fərdi yaşayış evində sonuncunun 4000 manat məbləğində pul vəsaitini alaraq ələ keçirmiş, verdiyi vədi yerinə yetirməyərək həmin pul vəsaitini şəxsi ehtiyacları üçün xərcləyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 10000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 7/25, mənzil 10-da qeydiyyatda olmaqla X3 qəsəbəsində yaşamışdır. Ağcabədi rayonu, Təzəkənd kənd sakini Zərərçəkmiş şəxs tanıyır, qohumluğu və ədavəti olmamışdır. 2011-ci il tarixdə 2018-ci il tarixədək gizir rütbəsi ilə XDMX-da xidmət etmiş, Ərşadın oğlu Şahid2 da 2016-2017-ci il tarixdə həmin yerdə hərbi xidmətdə olmuşdur. İkrəmlə oradan tanış olmuş, İkrəm hərbi xidməti bitirdikdən sonra da münasibətləri davam etmişdir. Təxminən 2022-ci ilin əvvəllərində İkrəm ilə telefonla danışan zaman ona qardaşı Şahid1 həmkəndlisini bıçaqla vurduğunu, ona görə də cinayət işi açılıb həbs edildiyini, Əfqana köməklik etməyi bildirmişdir. Sonra İkrəmlə və atası Ərşadla istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr ilə əlaqə saxlayıb Əfqanın işini danışdığını, məsuliyyətdən azad etdirəcəyini demişdir. Onlar bu iş barədə danışanda həllinin on iki min manata düzələcəyini bildirib həmin məbləğdə pulu istəmiş, Ərşad isə ona on min manat düzəldə biləcəyini demiş, onlar razılaşmışlar. 19 may 2022-ci il tarixdə unibanka məxsus kartının şəkilini İkrəmə göndərmiş, Ərşad da həmin gün kartına 5000 manat pul göndərmişdir. Səhəri gün, yəni 20 may 2022-ci il tarixdə Ərşad əlavə olaraq həmin karta 1000 manat pul göndərmişdir. Aradan 2-3 gün keçdikdən sonra Ərşadla danışıb qalan pulun verilməsini bildirmiş, Ərşad da razılaşmış və onlar Ağcabədi rayonu ərazisində görüşmüşlər. Ağcabədiyə dostu Turala məxsus Prado markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobillə tək olaraq getmişdir. Ərşadla rayonun mərkəzində görüşmüş və sonra birlikdə Ərşadın evinə getmişlər. Ərşadın evində əlavə olaraq 4000 manat da pul almışdır. Həmin puldan 200 manat Ərşada vermiş və ona quzu alıb göndərməsini demişdir. Sonra isə oradan getmişdir. 25 may 2022-ci il tarixdə isə İkrəmə zəng edib quzunun lazım olmadığını, 200 manatı göndərməsini demiş, İkrəm də 200 manatı ona göndərmişdir. Ərşaddan cəmi bu iş üçün on min manat pul almış, aldığı pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Hazırda tutduğu əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Ağcabədi rayonunun Təzəkənd kəndində yaşayır. Təqsirləndirilən şəxs tanıyır, qohumluğu və ədavəti olmamışdır. Onun oğlu Şahid2 2016-2017-ci il tarixlərdə Milli Qvardiyada hərbi xidmətdə olmuş, həmin vaxt Yaqub da orada MAHHXQ kimi xidmət etmişdir. Buna görə də İkrəm ilə Yaqubun yaxın münasibətləri yaranmış və İkrəm hərbi xidməti bitirdikdən sonra da münasibətləri davam etmişdir. 04 fevral 2022-ci il tarixdə oğlu Şahid1 həmkəndlisi ilə aralarında baş vermiş dava zamanı bıçaqlamış, ona görə də Ağcabədi rayon polis şöbəsi tərəfindən barəsində cinayət işi başlanıb həbs edilmişdir. İkrəm də Yaqubla telefonda danışan zaman bu barədə demişdir. 19 may 2022-ci il tarixdə Yaqub istifadəsində olan ***- ***-**-** və ya ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng etmiş və demiş ki, Əfqanın işini danışmış, cinayət məsuliyyətindən azad etdirəcək. Yaqubdan kiminlə danışdığını soruşmuş, lakin ona bu barədə bir söz deməmişdir. Əfqanı necə qurtaracağını soruşmuş, Yaqub da ona bu iş üçün 12000 manat pul lazım olduğunu demişdir. Yaquba cəmi 10000 manat pul tapa biləcəyini demiş, Yaqub da razılaşmışdır. 19 may 2022-ci il tarixdə saat 21:28-də Ağcabədi şəhərində yerləşən Neptun marketdəki Milliön terminalı vasitəsilə Yaqubun İkrəmə göndərdiyi öz adına olan Unibanka məxsus son 8 rəqəmi 14021376 nömrəli karta 5000 manat pul göndərmiş, Yaqub ilkin olaraq 6000 manat göndərməyi demiş, ona görə də səhəri gün, yəni 20 may 2022-ci il tarixdə saat 20:05-də Ağcabədi rayonu, Dördyol adlanan ərazidə yerləşən Laçın marketdəki Emanat terminalı vasitəsilə həmin karta 1000 manat da göndərmişdir. 23 may 2022-ci il tarixdə Yaqub ona zəng etmiş və demiş ki, atıq işi danışıb həll etmiş, iş bağlanır. Yaqub həmin vaxt qalan 4000 manatı da istəmiş və onlar Rayon İcra Hakimiyyətinin yaxınlığında görüşmüşlər. Tək olaraq oraya gəlmiş və orada Yaqubla görüşüb yaşadığı evə gəlmişlər. Yaqub həmin vaxt Prado markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmişdir. Evdə arvadı Şahid3 yanında Yaquba 4000 manat pul vermişdir. Həmin vaxt Yaqub həmin puldan 200 manat götürüb ona vermiş və demiş ki, bu pula da qoyun alıb göndərərsən. 25 may 2022-ci il tarixdə İkrəm ona zəng edib demiş ki, Yaqub zəng edib qoyun lazım olmadığını, həmin 200 manatı göndərməyi demişdir. 26 may 2022ci il tarixdə 08:21 radələrində İkrəm Yaqubun kartına əvvəl 150, sonra isə 50 manat pul göndərmişdir. Ümumilikdə Yaquba 10000 manat pul vermişdir. 13 iyun 2022-ci il tarixdə Yaqub ona zəng edib işin bağlandığını və ona rayon prokurorluğuna getməyi demiş, prokurorluğun qarşısına getmiş, Yaquba zəng etmiş, lakin Yaqub ona kimin qəbuluna getməyi deməmiş, sonra isə telefona cavab verməmişdir. Aradan bir neçə saat keçdikdən sonra Yaqub demiş ki, prokurorluğa yox, iki gün sonra müstəntiqin yanına gedərsən. İki gün sonra Yaquba zəng etmiş, lakin Yaquba zəng çatmamışdır. Əfqanın işi maraqlanmış, ona məlum olmuş ki, cinayət işi olduğu kimi davam edir. Bundan sonra başa düşmüşdür ki, Yaqub onu aldadır. Sonra Yaqubu axtarsa da tapa bilməmiş, ona görə də şikayət etmişdir. Ona vurulmuş ziyan ödənilməmişdir. Onun barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, qohumluğu və ədavəti olmamışdır. 2016-2017-ci il tarixlərdə Milli Qvardiyada hərbi xidmətdə olmuş, həmin vaxt Yaqub da orada MAHHXQ kimi xidmət etmişdir. Buna görə də Yaqub ilə yaxın münasibətləri yaranmış və hərbi xidməti bitirdikdən sonra da münasibətləri davam etmişdir. 04 fevral 2022-ci il tarixdə qardaşı Şahid1 baş vermiş dava zamanı həmkəndlisini bıçaqlamış, ona görə də Ağcabədi rayon polis şöbəsi tərəfindən barəsində cinayət işi başlanıb həbs edilmişdir. Yaqubla telefonda danışan zaman bu barədə demişdir. 19 may 2022-ci il tarixdə Yaqub istifadəsində olan ***-***-**-** və ya ***-***-**-** saylı mobil nömrədən atası Ərşada zəng etmiş və demiş ki, Əfqanın işini danışmış, cinayət məsuliyyətindən azad etdirəcək, lakin Yaqub kiminlə danışması barədə bir söz deməmişdir. X4 necə qurtaracağını soruşmuş, Yaqub da bu iş üçün 12000 manat pul lazım olduğunu demişdir. Həmin vaxt atası Yaquba cəmi 10000 manat pul tapa biləcəyini demiş, Yaqub da razılaşmışdır. Atası ilə 19 may 2022-ci il tarixdə saat 21:28-də Ağcabədi şəhərində yerləşən Neptun marketdəki Milliön terminalı vasitəsilə Yaqubun göndərdiyi öz adına olan Unibanka məxsus **********021376 nömrəli karta 5000 manat pul göndərmiş, səhəri gün, yəni 20 may 2022-ci il tarixdə saat 20:05-də Ağcabədi rayonu, Dördyol adlanan ərazidə yerləşən Laçın marketdəki Emanat terminalı vasitəsilə həmin karta 1000 manat da göndərmişlər. 23 may 2022-ci il tarixdə Yaqub zəng edərək artıq işi danışıb həll etdiyini bildirmişdir. Yaqub həmin vaxt qalan 4000 manatı da istəmiş və atası ilə Yaqub Ağcabədi rayon İcra Hakimiyyətinin yaxınlığında görüşüb evə gəlmişlər. Onlar evdə yenidən Yaquba qalan 4000 manat pul vermişlər. Həmin vaxt Yaqub həmin puldan 200 manat götürüb atasına vermiş və demiş ki, bu pula da qoyun alıb göndərərsən. 25 may 2022-ci il tarixdə Yaqub ona zəng edib qoyun lazım olmadığını, həmin 200 manatı göndərməyi demişdir. 26 may 2022-ci il tarixdə 08:21 radələrində Ağcabədi rayonu, Dördyol adlanan ərazidə yerləşən Yolüstü marketdəki Emanat terminalı vasitəsilə Yaqubun kartına əvvəl 150 manat pul göndərmiş, aradan bir-iki saat keçdikdən sonra isə həmin mağazadan Yaqubun kartına 50 manat pul göndərmişdir. Yaqub qısa müddətə işin bağlanacağını demiş, lakin sonradan məlum olmuşdur ki, cinayət işi olduğu kimi davam edir. Yaqubu axtarsalar da tapa bilməmişlər, telefonuna zəng çatmamışdır. Ona görə də atası Yaqubdan şikayət etmişdir. Məhkəmə iclasında şahidlər Şahid1 və Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə verdilər. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CMnin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, CM-nin 66.5-ci maddəsinə əsasən ona qəti olaraq 4 (dörd) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti MKT-tı 21 saylı MKS-nin verdiyi xasiyyətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti MKT-tı 21 saylı MKS-nin verdiyi xx.xx.2023-cü il tarixli 911 nömrəli arayışın surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı (2015 və 2016 təvəllüdlü) vardır. Məhkəmə iş üzrə mövcud sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi dələduzluğun, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmənin xeyli miqdarda ziyan vurmaqla törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarında qeyd olunur ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər-hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59 və 61-ci maddəsinin tələbini, o cümlədən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət törətməsini etiraf edib səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini xarakterizə edən halları, ədalət və humanizm prinsiplərini, cəzanın məqsədlərinə nail olunması zərurətini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü çıxarılmazdan əvvəl Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olduğunun müəyyən edildiyini və birinci hökm üzrə təyin edilmiş cəzasını çəkib qurtarmadığını nəzərə alaraq hesab edir ki, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini xarakterizə edən halları, ədalət və humanizm prinsiplərini, cəzanın məqsədlərinə nail olunması zərurətini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən yeni hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü üzrə təyin edilmiş 04 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə onun birinci hökmə əsasən çəkdiyi cəza qəti cəza müddətinə hesablanmalı, cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Barəsində qətimkan tədbirinin seçilməməsi azadlıqdan məhrum etmə cəzası çəkdiyi üçün nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlər görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olduğuna görə Təqsirləndirilən şəxs təyin olunacaq cəza da ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Dəymiş ziyanın ödənilməsi ilə bağlı zərərçəkmiş şəxsə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddəsini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən yeni hökmlə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, CM-nin 66.5-ci maddəsinə əsasən qəti olaraq təyin edilmiş 4 (dörd) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla qəti olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin; cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun birinci hökmə əsasən çəkdiyi cəza qəti cəza müddətinə hesablanmaqla, cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Barəsində qətimkan tədbirinin seçilməməsi azadlıqdan məhrum etmə cəzası çəkdiyi üçün nəzərə alınsın. Zərərçəkmiş şəxs vurulmuş maddi ziyanla əlaqədar mülki mühakimə icraatı qaydasında aidiyyəti üzrə məhkəməyə mülki iddia vermək hüququ izah edilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar