Məhkəmə qərarları › İş №1(017)-51/2024

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-51/2024

16.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-51/2024 16.07.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Ağayev Seyid - Əzim Nağı oğlunun, müdafiəçi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1991-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra AR CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan 26 noyabr 2023-cü il tarixdə tanışı Ağcabədi şəhər sakini Şahid5 ilə telefonda danışaraq qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuana alaraq çəkmələri üçün razılığa gəlib, özü 25 manat, Şahid5 25 manat pulu cəmləşdirməklə, Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanuna dəyişikliklər edilməsi barədə 21 noyabr 2023-cü il tarixli Azərbaycan Respublikasının qanununda göstərilən xeyli miqdarda, yəni təmiz çəkisi 6,98 qram narkotik vasitə olan qurudulmuş marixuananı qəsdən satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxda və mənbədən cəmi 50 manata əldə edərək daşımaqla üzərində saxlamış, 26 noyabr 2023-cü il tarixdə axşam saatlarında həmin narkotik vasitədən 1,29 qramını əvvəlcədən gəldikləri razılığa əsasən birlikdə istifadə etmək üçün Ağcabədi şəhəri, H.Əliyev prospektində yerləşən Pedoqoji Kollecin qarşısında Şahid5 vermiş, bundan bir qədər sonra 0,53 qramını birlikdə istifadə edəcəkləri üçün tanışı Ağcabədi şəhər sakini Şahid4 Ağcabədi şəhəri, S.Vurğun küçəsində yerləşən «Fazil oğlu» kafenin qarşısında vermiş, təmiz çəkisi 5,16 qram narkotik vasitə olan qurudulmuş marixuananı isə 1 ədəd kibrit qutusunda istifadə etmək üçün əynində olan şalvarın sol yan cibində daşımaqla saxlamış, 26 noyabr 2023-cü il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs Ağcabədi şəhəri, Ağcabədi şəhəri, H.Əliyev prospektində yerləşən Pedoqoji Kollecin qarşısında saxlanılaraq ünvan 2 ünvanda yerləşən Ağcabədi rayon polis şöbəsinin inzibati binasına gətirilib həmin tarixdə saat 20:40-dan başlayaraq üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarın sol yan cibindən qəsdən satış məqsədi olmadan qanunsuz olaraq saxladığı 1 ədəd kibrit qutusunda xeyli miqdarda, təmiz çəkisi 5,16 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd edilən əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. O, təxminən 2 il olar ki, narkotik tərkibli vasitələrdən istifadə edir. Belə ki, qurudulmuş marixuananı siqaretin tütününə qarışdırıb siqaretə doldurub çəkir. Ağcabədi şəhər sakini onunla qonşuluqda yaşayan X6 tanıyır, aralarında heç bir ədavət və ya düşmənçilikləri olmamışdır. Ağcabədi şəhər sakinləri Xəyyam və Xəqani ilə aralarında yaxşı münasibətləri var, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Onlar arada hansının əlinə narkotik vasitə düşəndə birlikdə istifadə etmişlər. 26 noyabr 2023-cü il tarixdə Xəyyam ona demiş ki, narkotik vasitə olsa çəkərdik, o, cavab vermiş ki, yoxdur, ancaq pul qoyub ala bilərik. Xəyyamla razılaşmışlar ki, adama 20-30 manat pul qoyub 1 ədəd kibrit qutusunda narkotik vasitə alıb bölüb birlikdə istifadə etsinlər. Həmin gün təxminən saat 18 radələrində o Vüqarın istifadəsində olan 051 319 66 66 saylı mobil telefonuna zəng etmiş və «bir yeşik mal gətir» sözlərini demiş, Vüqarla yaşadığı Ağcbədi şəhəri S.Vurğun küçəsində görüşmüşlər. O, özünə məxsus Vaz-2106 markalı ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobillə dayanmış, həmin vaxt Vüqar idarə etdiyi KİA markalı avtomobillə gəlib yanında saxlamışdır. Vüqar pəncərədən 1 ədəd kibrit qutusunu ona vermiş, o qutunu alıb əvəzində 50 manat pul vermişdir. Bundan sonra Xəyyama demiş ki, 25 manat hazırla gəlirəm. O, Vüqardan aldığı narkotik vasitədən bir miqdarda ayırıb başqa kibrit qutusuna qablaşdırmış, bir qismini kağız parçasına bükmüş və cibinə qoymuşdur. O, idarə etdiyi avtomobilə əyləşmiş və Xəyyamın yanına getmək üçün yola çıxmışdır. Bundan sonra o qayıdıb S.Vurğun küçəsinə gəlmiş, orda «Faziloğlu» adlanan kafenin qarşısında dayanmışdır. Həmin vaxt tanışı Ağcabədi şəhər sakini Şahid4 yaxınlaşıb onunla salamlaşmış və avtomobilə əyləşmişdir. O, balıqdan danışmış və qərara gəlmişlər ki, səhəri gün birlikdə balıq tutmağa getsinlər. O, cibində kağız parçasına ayırdığı narkotik vasitəni Xəqaniyə vermiş və tapşırmış ki, saxla sabah balıq tutmağa gedəndə birlikdə çəkərik. Bundan sonra Xəyyam dediyi yerə avtomobili sürmüşdür. Ağcabədi şəhəri, H.Əliyev prospektində Xəyyamı görüb saxlamış, Xəyyam avtomobilə yaxınlaşmış 25 manat ona vermiş, o, Xəyyama 1 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananı vermişdir. Ağcabədi şəhəri, H.Əliyev prospektində Kollecin qarşısından keçən zaman polis əməkdaşları onları saxlatmış, özlərini Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları kimi təqdim etmiş, onu və Xəqanini Ağcabədi rayon Polis şöbəsinə gətirmişlər. Rayon polis şöbəsində əvvəl idarə etdiyi avtomobilə baxış keçirilmiş, heç nə aşkar olunmamışdır. Bundan sonra Ağcabədi rayon Polis şöbəsində ona hüquqlarını izah edib müdafiəçi tutmaq hüququnu bildirmişlər. O, təqdim olunmuş siyahıdan Ağcabədi rayonunda fəaliyyət göstərən vəkil X1 hüquqlarını müdafiə etməsini xahiş etmiş, həmin vəkillə onu təmin etmişlər. Vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməyə başlamışlar. Ona üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə vardırsa da təqdim etməsi təklif olunmuş, o da əynində olan şalvarın sol yan cibində sağladığı 1 ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Onun işitirakı ilə həmin kibrit qutusuna baxış keçirilmiş, narkotik vasitə qutu ilə birlikdə aptek tərəzsində çəkilmiş, çəkisi 8,09 qram olmuşdur. Üzərindən aşkar edilmiş narkotik vasitə onun, vəkilinin iştirakı ilə zərfə qoyulub qablaşdırılmış, şəxsi axtarış protokoluna və həmin zərfin üzərinə imza etmişlər. Ona narkotik vasitə lazım olanda Vüqara zəng etdiyini, küçədə görüşüb aldığını bildirmişdir. Onları polis əməkdaşları rayon polis şöbəsinə gətirən zaman o həyacanlı olduğundan məsuliyyətdən yaxa qutarmaq üçün mənimdir, tapmışam kimi sözlər işlətdiyini göstərmişdir. Hazırda törətdiyi əmələ görə çox peşman olmasını və himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alınaraq ona həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərdi ki, 26 noyabr 2023-cü il tarixdə Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi, üzərində, idarə etdiyi avtomobilində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat rəhbərliyə məruzə edildikdən sonra ondan, CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 və İTB-nin sahənin polis nəfəri Şahid3 ibarət əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs cinayətkar əməlini ifşa etmək məqsədi ilə ətrafında müvafiq əməliyyat tədbirləri keçirməyə başlamışlar. Bundan sonra Təqsirləndirilən şəxs həmin gün, Ağcabədi şəhəri, H.Əliyev prospektində yerləşən kollecin qarşısında idarə etdiyi VAZ-2106 markalı, ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobildə tərəflərindən saxlanılaraq avtomobildə sərnişin qismində olan rayon sakini Şahid4 ilə birlikdə RPŞ-nə gətirilmişdir. İlkin olaraq rayon polis şöbəsinin duracağında Təqsirləndirilən şəxs məxsus VAZ-2106 markalı, ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobilə tərəflərindən baxış keçirilmiş, baxış zamanı avtomobildən qanuna zidd heç bir əşya aşkar olunmamışdır. Bundan sonra Ağcabədi RPŞ-nin inzibati binasında otaqların birində, Təqsirləndirilən şəxs hüquqları izah edilməklə onun özünün dövlət hesabına müdafiəçi ilə təmin edilməsi xahişinə əsasən Ağcabədi rayon Vəkil Bürosunun vəkili X2 onun hüquqlarını müdafiə etməsi məqsədilə vəkil təyin edilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs vəkili X1 iştirakı ilə hüquq və vəzifələri izah edilmiş və üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına və şəxsi axtarışın video çəkiliş vasitəsi ilə aparılmasına heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən 01 ədəd kibrit qutusu çıxarıb təqdim etmişdir. Həmin kibrit qutusuna açıb baxış keçirərkən içərisində yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuanaya bənzər kütlə qutu ilə birlikdə 8,09 qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlə kağız konvertdə qablaşdırılmış və həmin kütlə ekspertizaya təqdim edilməsi üçün Azərbaycan Respublikası DİN-in 143 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərinə tərəflərindən şəxsi axtarış keçirilərkən əlavə olaraq başqa bir narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Ağcabədi RPŞ-nin əməkdaşı Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verib, göstərilən xüsusatları təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadə verərək göstərdi ki, ünvan 4 ünvanda yaşayır. Əvvəllər narkotik vasitəni qanunsuz saxladığı üçün məhkum olunmuşdur. Ağcabədi şəhər skini Təqsirləndirilən şəxs tanıyır, aralarında heç bir ədavət və ya düşmənçilikləri olmamışdır. O, bir neçə ildir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Rüfətlə arada balıq tutmağa gedirlər. 26 noyabr 2023-cü il tarixdə Rüfət onu küçələrindən götürmüş və Rüfətə məxsus Vaz-2106 markalı, ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobillə rayon ərazisində gəzməyə başlamışlar. Onlar söhbət zamanı qərara gəlmişlər ki, sabah balıq tutmağa getsinlər. Həmin vaxt Rüfət ona 1 ədəd kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuana vermiş və sabah balıq tutmağa gedən zaman birlikdə çəkərik sözlərini demişdir. O, götürüb cibinə qoyub saxlamışdır. Ağcabədi şəhəri, H.Əliyev prospektində Rüfət avtomobili saxlamış, bir nəfər tanımadığı şəxs Rüfətə yaxınlaşmış və Rüfət 1 ədəd kibrit qutusunu həmin şəxsə vermişdir. Həmin şəxs səhf etmirsə əlində hansı miqdardasa Rüfətə pul vermişdir. Onlar rayon ərazisində hərəkətdə olan zaman polis əməkdaşları saxlatmış və rayon polis şöbəsinə gətirmişlər. Rayon polis şöbəsinin duracağında Təqsirləndirilən şəxs məxsus VAZ-2106 markalı, ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobilə polis əməkdaşları baxış keçirtmiş, baxış zamanı avtomobildən qanuna zidd heç bir əşya aşkar olunmamışdır. Bundan sonra Rüfəti aparıb otaqların birində üzərinə baxış keçirtməyə başlamışlar. Bir qədər sonra Ağcabədi rayon Polis şöbəsində otaqların birində ona hüquqlarını izah edib müdafiəçi tutmaq hüququnu da bildirmişlər. O da təqdim olunmuş siyahıdan Bərdə rayonunda fəaliyyət göstərən vəkil X7 hüquqlarını müdafiə etməsini xahiş etmiş, həmin vəkillə onu təmin etmişlər. Vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməyə başlamışlar. Ona üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə vardırsa da təqdim etməsi təklif olunmuş, o da əynində olan gödəkçənin sağ yan cibində sağladığı 1 ədəd kağız büküm çıxarıb təqdim etmişdir. Onun işitirakı ilə həmin bükümə baxış keçirilmiş, narkotik vasitə kağızla birlikdə aptek tərəzsində çəkilmiş çəkisi 0,88 qram olmuşdur. Üzərindən aşkar edilmiş narkotik vasitə onun, vəkilinin iştirakı ilə zərfə qoyulub qablaşdırılmış, şəxsi axtarış protokoluna və həmin zərfin üzərinə imza etmişlər. O, başqa yerlərdə narkotik vasitə və ya psixotrop maddə gizlətməmiş, narkotik vasitə qəbul etməyini heç kim bilməmişdir. Ona polislər tərəfindən hər hansı bir formada fiziki güc tətbiq ediləməmişdir, onun üzərinə şəxsi axtarış keçirilərkən onu gətirən polis əməkdaşlarından və vəkili Rəhim Ağamalıyevdən başqa həmin halı kimsə də görməmiş, onun yanında Rüfət olmuşdur. Üzərindən aşkar olunmuş narkotik vasitəni ona Rüfət vermiş ki, balıq tutmağa gedən zaman birlikdə istifadə etsinlər. Təxmini çəkisini bilmiş, rəylə tanış olduqda məlum olmuş ki, üzərindən aşkar olunmuş narkotik vasitətin çəkisi 0,53 qramdır. Məhkəmə iclasında şahid qismində dindirilən X13 ifadə verərək göstərdi ki, o, əvvəllər narkotik vasitələri qanunsuz saxladığı üçün məhkum olunmuşdur. Ağcabədi şəhər skini Təqsirləndirilən şəxs tanıyır, aralarında heç bir ədavət və ya düşmənçilikləri olmamışdır. O, bir neçə ildir ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Rüfətlə arada əllərinə düşəndə birlikdə narkotik vasitə istifadə etmişlər. 26 noyabr 2023-cü il tarixdə o Rüfətə zəng edib narkotik vasitə olsa çəkirdik sözlərini demiş, Rüfət ona «məndə yoxdur, birlikdə pul qoyub ala bilərik» cavabını vermişdir. Daha sonra Rüfət ona demiş ki, 50 manata var, alıb bölə bilərik. O, razılaşmış həmin gün prospektə görüşmüşlər. O, Rüfətə 25 manat vermiş, Rüfət ona 1 ədəd kibrit qutusunda narkotiki vermişdir. Onlar sonra birlikdə istifadə edəcəklərini göstərmişdir. 26 noyabr 2023-cü il tarixdə Ağcabədi şəhəri, H.Əliyev prospektində piyada keçən zaman polis əməkdaşları ona yaxınlaşmış, özlərini Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları kimi təqdim etmişlər. Onu Ağcabədi rayon Polis şöbəsinə gətirmişlər. Rayon polis şöbəsində ona hüquqlarını izah edib müdafiəçi tutmaq hüququnu da bildirmişlər. O, təqdim olunmuş siyahıdan Ağcabədi rayonunda fəaliyyət göstərən vəkil X8 hüquqlarımı müdafiə etməsini xahiş etmiş, həmin vəkillə onu təmin etmişlər. Vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməyə başlamışlar. Ona bildirmişlər ki, üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə vardırsa da təqdim etsin, o da əynində olan qısa qol gödəkçənin sol yan cibində sağladığı 1 ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Onun işitirakı ilə həmin kibrit qutusuna baxış keçirilmiş, narkotik vasitə qutu ilə birlikdə aptek tərəzsində çəkilmiş, çəkisi 4,45 qram olmuşdur. Üzərindən aşkar edilmiş narkotik vasitə onun, vəkilinin iştirakı ilə zərfə qoyulub qablaşdırılmış, şəxsi axtarış protokoluna və həmin zərfin üzərinə imza etmişlər. O, başqa yerlərdə narkotik vasitə və ya psixotrop maddə gizlətməmiş, narkotik vasitə qəbul etməyini heç kim bilməmişdir. Ona polislər tərəfindən hər hansı bir formada fiziki güc tətbiq ediləməmişdir, üzərinə şəxsi axtarış keçirilərkən onu gətirən polis əməkdaşlarından və vəkili Rahul Quluzadədən başqa həmin halı kimsə də görməmiş, yanında da heç kəs olmamışdır. O, ümumi narkotikə verdikləri pulu demiş, həmin pulu onlar yarı qoyub almışlar ki sonra birlikdə istifadə etsinlər. Rüfətin narkotik vasitə satmasını eşitmədiyini bildirmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus Vaz-2106 markalı, ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı heç bir qanuna zidd əşya aşkar olunmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 26 noyabr 2023-cü il tarixli şəxsi axtarış aparılması haqqında tərtib edilmiş protokoldan görünür ki, video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş, axtarış zamanı əynində olan şalvarın sol yan cibindən 01 (bir) ədəd kibrit qutusunda kəskin spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin olması müəyyən edilmiş, həmin kütlə aşkar olunduğu vəziyyətdə elektron tərəzidə çəkilmiş, çəkisi 8,09 qram müəyyən edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, 26 noyabr 2023-cü il tarixdə saat 20:35 dəqiqədə Mamedov X4 RPŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı X14 tərəfindən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə qərardan görünür ki, 28 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə ittiham elan olunmuş və həmin tarixdə Ağcabədi rayon məhkəməsinin hakimi Etibar Quliyevin qərarı ilə barəsində həbs 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş işin Cinayət Məcəlləsinin digər maddəsinə tövsüf edilməsi haqqında qərardan görünür ki, 09 yanvar 2024-cü il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə olan ********* saylı cinayət işi üzrə əməl həmin məcəllənin 234.1-ci maddəsinə tövsif edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 09 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, 13 fevral 2024-cü il tarixdə Ağcabədi rayon məhkəməsinin hakimi Rəşad Nuriyevin qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin uzadılmasından imtina edilərək barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, 16 fevral 2024-cü il tarixdə Ağcabədi rayon məhkəməsinin hakimi Etibar Quliyevin qərarı ilə Təqsirləndirilən şəxs ev dustaqlığı qətimkan tədbirinin müddətinin uzadılmasından imtina edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş xx.xx.2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X12 Bölməsinin 27 noyabr 2023-cü il tarixli, 18/1079 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən aydın olur ki, Tədqiqata təqdim edilmiş üzərində “.... Təqsirləndirilən şəxs üzərindən..” sözləri və imzalar olan kağız paketi açdıqda 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5,16 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulumuş marixuanadır. Marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir.(İ siyahı) Həmin rəydə göstərilmişdir ki, marixuananın təmiz çəkisi 5,16 qram tədqiqata istifadə olundu 0,02 qram, qalıq 5,14 qramdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 19 fevral 2024-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş, ümumi təmiz çəkisi 5,16 qram, Şahid4 üzərindən aşkar olunaraq götürülmüş 0,53 qram və Şahid5 üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 1,29 qram olan narkotik vasitə olan qurudulmuş marixana cinayət prosesi üçün mötəbər dəlil olduğundan ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,14 qram, 0,51 qram və 1,27 qram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanması üçün Ağcabədi rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına verilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 19 fevral 2024-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Şahid5 və Şahid4 barəsində əməldə cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmiş, onların Azərbaycan Respublikası İXM-nin 206-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol verdiklərinə görə barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Ağcabədi RPŞ-nin İTB-nə göndərilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş X11 19 fevral 2024-cü il tarixli 317 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş “Ağcabədi Rayon Mərkəzi X16 şəxs”in 15 dekabr 2023-cü il tarixli, 18-1-23/2-584/2023 nömrəli verdiyi tibbi arayışdan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Mamedov X4 RMX-nın Poliklinika Şöbəsinin ruhiəsəb və narkoloji kabinetində dispanser qeydiyyatda deyil. İşdə olan və məhkəmə istintaqında elan edilmiş DİN-nin BƏSİİ tərəfindən alınan xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı elan edilmiş AzerFon MMC-nin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə edilmiş CD diskə baxış keçirilmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hallar müəyyən edilməmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi RİHB Ağcabədi şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, 1991-ci il təvəllüdlü Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi RİHB Ağcabədi şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 20 dekabr 2023-cü il tarixli arayışdan görünür ki, Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı X17 (xx.xx.2014-cü il təvəllüdlü) və X15 (xx.xx.2016-cı il təvəllüdlü) adlı uşaqları var. Məhkəmə toplanmış və araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 5,16 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində daşıyaraq saxlaması, özünün etiraf etməsi, şahid ifadələri, məhkəmə-narkoloji ekspertizasının rəyi ilə, habelə işdə olan rəsmi sənədlərlə tam sübuta yetirilir. Odur ki, təqsirə görə məsuliyyət prinsipi baxımından o, həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 5ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, Gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə edilməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.) təqsirkarın şəxsiyyətinə (resedivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onların müalicə və digər müəssisələr üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. İnsan Hüquqları və X5 haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə olaraq az ağır cinayət törətməsinin, törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşman olmasını və himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla onun islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək (narkomaniyadan məcburi mualicə olunması ilə bağlı hal nəzərə alınmaqla), cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə kursu keçmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını qanuna müvafiq hesab edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Cəzanın icrası məhkumun yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 26 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Ağcabədi Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli qərarı ilə barəsində həbsetmənin əvvəli 26 noyabr 2023-cü il tarixdən hesablanmaqla 26 fevral 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, Ağcabədi Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilmiş, Ağcabədi Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli qərarı ilə ev dustaqlığının uzadılmasından imtina edilmiş və xx.xx.2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158-ci maddəsinin məzmunundan görünür ki, təqsirləndirilən şəxsin tutulduğu və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 26 noyabr 2023-cü il tarixdən 16 fevral 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı iki ay iyirmi gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla azadlığın məhdudlaşdırılması cəzasının beş ay on günü, təyin edilmiş cəzasından çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti cəza saxlanılmalıdır. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X26 poliklinikasının narkoloji kabinetində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməlidir. İş üzrə maddi sübut olan Ağcabədi rayon polis şöbəsində saxlanılan tədqiqatdan sonra qalıq qalan 5,14 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 31 manat 95 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM.VÖEN **********, AZ34CTRE ********************, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22) keçirilməlidir. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 40 iş saatı üçün 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddianını və xüsusi müsadirənin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-356, 358 və 383-385-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona bir il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 noyabr 2023-cü il tarixdən 16 fevral 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı iki ay iyirmi gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla azadlığın məhdudlaşdırılması cəzasının beş ay on günü, təyin edilmiş cəzasından çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq bir il iyirmi gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək (narkomaniyadan məcburi mualicə olunması ilə bağlı hal nəzərə alınmaqla), müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası məhkumun yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli Ağcabədi rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X26 poliklinikasının narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə Ağcabədi rayon polis şöbəsində saxlanılan maddi sübut olan – tədqiqatdan sonra qalıq qalan 5,14 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 31 manat 95 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – (AZ.MEM.VÖEN **********, AZ34CTRE ********************, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22) keçirilsin. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 40 iş saatı üçün 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətinə Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar