Məhkəmə qərarları › İş №1(017)-53/2025

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-53/2025

29.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-53/2025 29.05.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1993-cü il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində bir nəfər azyaşlı uşağı olan, işləməyən, Ağcabədi Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 1(017)-108/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib bir il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı müddət çıxılaraq üzərində qəti olaraq bir il beş ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, 06 yanvar 2025-ci il tarixdə cəza müddəti başa çatmış və qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni təmiz çəkisi 5,05 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib bir ədəd kibrit qutusunda əynindəki boz rəngli şalvarın sağ yan cibində saxlamış, 04 fevral 2025-ci il tarixdə saat 21 radələrində Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti, “Neptun” supermarketin yaxınlığında saxlanılaraq üzərində şəxsi axtarış aparılarkən həmin narkotik vasitə olan qurudulmuş marixuana əynində olan boz rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, əvvəllər narkotik vasitələrdən istifadə etmiş, lakin xeyli vaxtdır ki, istifadə etmir. Hazırda da Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsin ixtisaslaşdırılmış şöbəsində məcburi müalicə alır. 04 fevral 2025-ci il tarixdə axşam saatlarında evdə olarkən qohumu Şəfa onunla telefon əlaqəsi saxlamış və onlar görüşmüşlər. Həmin vaxt avtomobilində Şəfadan başqa 2 nəfər də olmuş və işləmək üçün Ağdam rayonuna getmək barədə danışmışlar. Həmin vaxt Şəfa Elşənlə də əlaqə saxlamış və onlar birlikdə Dəmir yolunun yanında Elşəni gözləmişlər. Elşəni gözləyərkən polis əməkdaşları onlara yaxınlaşaraq onları polis şöbəsinə aparmışlar və Polis şöbəsində onu döymüşlər. Bundan sonra ona bir ədəd kibrit qutusunda olan qurudulmuş marixuana vermişlər və Ağcabədi şəhər ərazisinə apararaq çəkiliş aparmışlar. Çəkiliş zamanı həmin bir ədəd kibrit qutusunda olan marixuananı polis əməkdaşlarına təqdim edərək tapdığını bildirmişdir. Bundan sonra, protokol tərtib olunmuş və protokol imzalarla təsdiq edilmişdir. Lakin, göstərdiyi kimi həmin narkotik vasitə ona məxsus olmamışdır. Narkotik vasitənin ona məxsus olmaması və döyülməsi barədə heç bir orqana məlumat verməmişdir. Onun heç bir təqsiri yoxdur və ona köməklik olunmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə özünü təqsirli bilməsə də, onun törətdiyi cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində Ağcabədi rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri Şahid2 ifadəsində göstərdi ki, Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs 04 fevral 2025-ci il tarixdə saat 21 radələrində Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti, “Neptun” supermarketin yaxınlığında saxlanılaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində və istifadəsində şübhəli olduğunu və üzəri videoçəkiliş vasitəsi ilə yoxlanılacağı bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması soruşulmuş və Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusu təqdim etmiş və içərisində narkotik maddə olan qurudulmuş marixuana olmasını bildirmişdir. Bundan sonra, həmin kibrit qutusuna baxış keçirilən zaman içərisində kəskin spesifik iyə malik narkotik vasitə olan marixuanaya oxşar kütlənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu və tapıb özü istifadə etmək üçün saxladığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Ağcabədi RPŞ-nin əməkdaşı Şahid3 Şahid2 ilə eyni məzmunda ifadə verdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmədə iştirak etməsə də, şahid X1 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də təsdiq olunduğundan məhkəmə onun ifadəsini iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 04 fevral 2025-ci il tarixli əməliyyat axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd kibrit qutusu aşkar edilmiş və həmin kibrit qutusuna baxış keçirilərkən içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 05 fevral 2025-ci il tarixli, 3-16-16/2-18/92 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdəki 01 ədəd kibrit qutusunda təmiz çəkisi- 5,05 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurusulmuş marixuanadır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Pespublika Narkoloji Mərkəzinin 15 mart 2025-ci il tarixli, 1604 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 03 mart 2025-ci il tarixli məktubundan görünür ki, Hacıyev X3 Rayon Mərkəzi Xəstəxanasının narkoloji kabinetdə qeydiyyatda durur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Hacıyev X3 Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli hökmü ilə Azərbycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 01 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və 06 yanvar 2025-ci il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 1(017)-108/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib bir il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı müddət çıxılaraq üzərində qəti olaraq bir il beş ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi Rayon İcra və Probasiya şöbəsinin 12 mart 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ağcabədi Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli hökmü ilə Azərbycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını 06 yanvar 2025-ci il tarixdə cəkib qurtarmış və qeydiyyatdan çıxarılmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsin 04 mart 2025-ci il tarixli məktubundan görünür ki, Hacıyev X3 Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli hökmünə əsasən 03 mart 2025-ci il tarixdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsin ixtisaslaşdırılmış şöbəsinə məcburi müalicəyə yerləşdirilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 15 mart 2023-cü il təvəllüdlü X6 adlı bir nəfər azyaşlı uşağı vardır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 12 mart 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməli üzrə özünü təqsirli bilməsə də, ona istinad edilən cinayəti törətməsi iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla yanaşı, 04 fevral 2025-ci il tarixli əməliyyat axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokolla, 04 fevral 2025-ci il tarixdə tərtib edilmiş təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürmə haqqında protokolla və cinayət işinə əlavə edilmiş “CD” diskə baxış keçirilərkən də öz təsdiqini tapmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs həmin əməl üzrə törətdiyi cinayət əməli onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi ilə də öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, təxminən bir neçə ildir ki, hərdənbir narkotik vasitə olan “nəşə” kimi tanıdığı qurudulmuş marixuana qəbul etmişdir. Əvvəllər də narkotik vasitə istifadə etdiyi üçün Ağcabədi Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 04 fevral 2025-ci il tarixdə saat 18 radələrində Ağcabədi şəhərində “Bayraq Meydanı” tərəfdə olan zaman yolun kənarından bir ədəd kibrit qutusu diqqətini çəkmişdir. Həmin kibrit qutusunu götürüb içinə baxanda içərisində qurudulmuş marixuana olduğunu görmüşdür. Həmin kibrit qutusunu öz şəxsi istifadəsi üçün cibinə qoyub üzərində saxlamış və cibində gəzdirmişdir. Həmin günü saat 21 radələrində Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli prospekti ilə gedən zaman “Neptun” supermarketin yaxınlığında mülki formada olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirərək narkotik vasitə gəzdirməkdə və saxlanılmasında şübhəli olduğunu bildirib üzərinə baxış keçiriləcəyini demişlər. O, heç bir etiraz etməmişdir. Video çəkilişlə üzərinə baxış keçirilmiş və ondan üzərində hər hansı cinayət xarakterli əşya və ya predmet olub-olmadığı soruşulmuşdur. O, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunu könüllü olaraq təqdim etmiş və içərisində olan kütlənin “nəşə” adlandırdığı qurudulmuş marixuana olduğunu bildirmişdir. Üzərinə baxış keçirilmiş və bundan başqa üzərində başqa hər hansı cinayət xarakterli əşya və ya predmet aşkar edilməmişdir. Boz rəngli cins şalvarın sağ yan cibindən təqdim etdiyi kibrit qutusuna baxış keçirilən zaman içərisində yaşılımtıl rəngli, spesifik iyə malik kütlə aşkar edilmişdir. Həmin içərisində narkotik vasitə qurudulmuş marixuana olan kibrit qutusu onun və iştirakçıların iştirakı ilə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 7,93 qram olmuşdur. Sorğu zamanı həmin kütlənin ona məxsus olduğunu, öz istifadəsi üçün üzərində saxladığını, ona qarşı heç bir fiziki və psixoloji təsir edilmədiyini, heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılaraq protokol tərtib edilmiş və doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmə yuxarıda qeyd olunan sübutlarla yanaşı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsini də iş üzrə sübut növü kimi qəbul edir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni təmiz çəkisi 5,05 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib bir ədəd kibrit qutusunda əynindəki boz rəngli şalvarın sağ yan cibində saxlaması və 04 fevral 2025-ci il tarixdə saat 21 radələrində Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti, “Neptun” supermarketin yaxınlığında saxlanılaraq üzərində şəxsi axtarış aparılarkən həmin narkotik vasitə olan qurudulmuş marixuana əynində olan boz rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülməsi məhkəmə istintaqında tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 27-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 04 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 06 fevral 2025-ci il tarixədə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs 04 fevral 2025-ci il tarixdən 06 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı iki gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli bu gündən, yəni 29 may 2025ci il tarixdən hesab edilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalından dərhal həbsə alınmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Ağcabədi rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 5,03 qram (ilkin xalis çəkisi 5,05 qram) narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İşdə olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 31 manat 95 qəpik təşkil edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 iş saatı üçün hər iş saatına görə 11 manat hesab edilməklə 132 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 fevral 2025-ci il tarixdən 06 fevral 2025-ci il tarixə kimi tutularaq iki gün saxlanılması ona təyin olunmuş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalından dərhal həbsə alınsın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli bu gündən, yəni 29 may 2025-ci il tarixdən hesab edilsin. İş üzrə maddi sübut olan və Ağcabədi rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 5,03 qram (ilkin xalis çəkisi 5,05 qram) narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə istintaqı zamanı göstərilmiş 12 (on iki) saat iş saatı müddətində hüquqi yardım üçün hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 132 (bir yüz otuz iki) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi verilməsi üçün Ağcabədi rayon Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi vaxtdan 20 (iyirmi) gün müddətində (təqsirləndirilən şəxsə hökmün surəti təqdim edildiyi gündən) Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar