Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-55/2023 15.03.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X1 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X1 Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və Zərərçəkmiş şəxs iştirakları ilə Təqsirləndirilən şəxs - (xx.xx.1986-cı il tarixdə Ağcabədi rayonunun Kürdlər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ağcabədi rayonunun Kürdlər kəndində qeydiyyatda olan və yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 13 oktyabr 2022-ci il tarixdən 14 oktyabr 2022-ci il tarixə keçən gecə saat 03 radələrində Zərərçəkmiş şəxs məxsus Ağcabədi rayonunun Kürdlər kəndində yerləşən fərdi yaşayış evinin həyət sahəsinə hasardan tullanaraq yaşayış sahəsinə qanunsuz daxil olmaqla həmin həyət sahəsində quraşdırılmış saxlanc yeri kimi istifadə olunan çəpərlənmiş sahədən 25 kq diri çəkidə bir baş dişi cinsli quzunu çıxarmaqla öz xeyrinə keçirib Zərərçəkmiş şəxs 250 (iki yüz əlli) manat dəyərində maddi ziyan vuraraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Ağcabədi rayonunun Kürdlər kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. 2022-ci ilin oktyabr ayının ortalarında ona pul ehtiyac olmuş, bu səbəbdən oğurluq edib pul əldə etmək qərarına gəlmişdir. Bu niyyətlə 2022-ci ilin oktyabr ayının 13-dən 14-nə keçən gecə saat 3 radələrində yaşadığı evdən çıxıb Zərərçəkmiş şəxs yaşadığı evin qarşısına gəlmiş, hasardan keçib həyətə daxil olmuş, həyətdə daş hasarla qarşısında dəmir setqaya alınmış yerdə təxminən 15-20 baş xırda buynuzlu heyvanlar olmuşdur. Setqanın üzərindən keçib oradan 1 baş dişi cinsli ağ rəngli quzunu qucağına alıb həyət darvazasını açıb çıxmış, quzunu qucağında yaşadığı evin həyətinə gətirmişdir. Quzunu həyətlərində yardımçı tikiliyə salmış, səhəri gün Ağcabədi rayon Hindarx qəsəbəsinə getmiş, qəsəbənin mərkəzində taksilər dayanan yerə yaxınlaşmışdır. Taksi fəaliyyəti ilə məşğul olan Ağcabədi rayon Hindarx qəsəbə sakini Bəhruza yaxınlaşmış, Bəhruza yaşadığı evin həyətində özünə məxsus 1 baş quzu olduğunu və onu gətirmək lazım olduğunu demişdir. Bəhruza məxsus avtomobilə yaşadığı evin qarşısına gəlmiş, avtomobildən düşüb həyətlərindən quzunu götürüb Bəhruza məxsus avtomobilin arxa yük yerini qoymuş, birlikdə Hindarx qəsəbəsinə qayıdıb gəlmişlər. Bəhruza gözləməsini deyib qəssab mağazasına yaxınlaşmış, qəssabla razılaşıb quzunu 140 manata satmışdır. Əldə etdiyi puldan 10 manat taksi pulu Bəhruza vermiş, digər qalan hissəsini isə öz ehtiyacları üçün xərcləmişdir. Bəhruza və quzunu satdığı şəxsə quzunun özünə məxsus olduğunu demişdir. Zərərçəkmiş şəxs vurduğu ziyanı tam ödəmişdir. Hazırda törətdiyi əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Ağcabədi rayon Kürdlər kəndində yaşayır, N saylı hərbi hissədə texnik vəzifəsində işləyir. Yaşadığı evin həyətində özünə məxsus olan beş baş xırda buynuzlu heyvanları olmuşdur. Həmin heyvanları yaşadığı evin həyətyani sahəsində setqada saxlayır. 13 oktyabr 2022-ci il tarixdə axşam saatlarında heyvanları sayıb setqa torun içərisinə salmış, 14 oktyabr 2022ci il tarixdə səhər saatlarında qardaşı Elgiz heyvanları örüş sahəsinə aparmaq istəyən zaman 1 baş 25 kq çəkisi olan bir yaşlı dişi toğlunun olmadığını görmüşdür. Elgiz həyətyani sahəni axtarmış, tapa billmədiyindən başa düşmüşdür ki, həmin toğlu oğurlanıb. Oğurluq olması barədə Elgiz ona məlumat vermişdir. Oğurluq hadisəsi barədə Ağcabədi rayon polis şöbəsinə ərizə vermiş, aparılmış əməliyyat axtarış tədbirləri nəticəsində oğurluq hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi müəyyən olunmuşdur. Baş vermiş oğurluq hadisəsi nəticəsində təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam olaraq ödənilmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Ağcabədi rayonunun Kürdlər kəndində yaşayır. Həyətlərində xırda buynuzlu heyvan saxlayırlar. Qardaşı Yəhya hərbi qulluqçudur, hər gün hərbi hissəyə gedib-gəlir. Təxminən 2022-ci ilin avqust ayında Yəhya 3 baş qoyun alıb gətirmiş, həmin qoyunları həyətlərində saxlayır. Həyətlərinin arxa və yan tərəfi daş hasar, qarşı tərəfi dəmir setqadan olan xırda buynuzlu heyvanları saxlamaq üçün yer vardır. Gündüzlər heyvanlar otlaq sahəsində otarıb axşam saatlarında həyətlərində olan yerə salır. 13 oktyabr 2022-ci il tarixdə axşam saatlarında qardaşı Yəhya heyvanları sayıb yerinə salmışdır. 14 oktyabr 2022-ci il tarixdə səhər saatlarında heyvanları otarmağa aparmaq istəyən zaman Yəhyaya məxsus 1 baş, dişi cinsli quzunun olmadığını görmüşdür. Axtarmış, tapa bilməyəndə başa düşmüş ki, gecə quzunu oğurlayıblar. Bu barədə qardaşı Yəhyaya telefonla bildirmiş, həmin gün Ağcabədi rayon polis əməkdaşları gəlib həyətlərinə baxış keçirtmişlər. Oğurluq hadisəsi barədə Yəhya Ağcabədi rayon polis şöbəsinə ərizə vermiş, aparılmış əməliyyat axtarış tədbirləri nəticəsində oğurluq hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi müəyyən olunmuşdur. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid2 göstərmişdir ki, Ağcabədi rayonu, Hindarx qəsəbəsində yaşayır. Hazırda rəsmi olaraq heç bir yerdə işləmir, özünə məxsus avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs tanımır, Təqsirləndirilən şəxs isə tanıyır. Yusif bir neçə dəfə ona məxsus avtomobildən taksi kimi istifadə etmişdir. 2022-ci ilin oktyabr ayının ortalarında Ağcabədi rayon Hindarx qəsəbəsində özünə məxsus avtomobillə dayanıb sifariş gözləmiş, həmin vaxt Yusif ona yaxınlaşıb yaşadığı kəndə onu aparmağını, oradan quzu gətirəcəyini bildirmişdir. 10 manata razılaşmış və birlikdə Ağcabədi rayon Kürdlər kəndində yerləşən onun yaşadığı evin qarşısına gəlmişlər. Yusif düşüb həyətə girmiş, bir az sonra qucağında 1 baş quzu qayıdıb gəlmiş, Yusif quzunu avtomobilin arxa yük yerinə qoyub avtomobilə əyləşmişdir. Onlar qayıdıb Hindarx qəsəbəsinə gəlmiş, Yusif ona 10 manat məbləğində taksi pulu vermişdir. İş materiallarında olan Ağcabədi rayon mal-qara alqı-satqı bazarının verdiyi xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, bir baş, bir yaşlı, diri çəkisi 25 kq olan dişi cinsli qoyunun 2022-ci ilin oktyabr ayı üçün parakəndə satış qiyməti 250 manat təşkil edir. İş materiallarında olan Ağcabədi RİHB-nın Kürdlər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, iş üzrə şahid ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58 və 59-cu maddəsinin tələblərini, o cümlədən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini, yaşadığı ərazidə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını, vurduğu ziyanı tam ödəməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və saxlandığı Ağcabədi rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini, yaşadığı ərazidə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını, vurduğu ziyanı tam ödəməsi kimi şəxsiyyətini xarakterizə edən halları, humanizm və ədalət prinsiplərini, habelə onun cəmiyyətdən təcrid olunmadan cəzanın məqsədlərinə nail olunması zərurətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib həmin maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlama müddəti bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq qəti olaraq üzərində azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356 və 384-cü maddəsini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib ona 1 (bir) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırması cəzası təyin edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 gün (xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək) həbsdə saxlama müddətini nəzərə alaraq, bir günə iki gün hesabı ilə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla qəti olaraq üzərində 1 (bir) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın; barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəza çəkmə müddətinin əvvəli - Təqsirləndirilən şəxs Ağcabədi rayon İcra və Probasiya şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası - Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №1(017)-55/2023
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-55/2023
15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver