Məhkəmə qərarları › İş №1(017)-56/2024

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-56/2024

22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-56/2024 22.05.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X11, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X5 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X5 Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs - (xx.xx.1990-cı il tarixdə Ağcabədi rayonunun Hacıbədəlli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində 4 azyaşlı uşağı olan, orta təhsilli, məhkum olunmuş, məhkumluğu qanunla nəzərdə tutulan qaydada ödənilməmiş və götürülməmiş, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, atası X4 Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı şəhid olmuş, Ağcabədi rayonunun Hacıbədəlli kəndində qeydiyyatda olan və Ağcabədi şəhəri K.Nəsibov küçəsində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respubublikasının 21 noyabr 2023-cü il tarixli qanununda göstərilən narkotik vasitə olan heroini qəsdən, tamah niyyəti ilə, həm satış, həm də satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda əldə etdiyi, xeyli miqdarda, yəni hər biri 0,294 qram, 0,167 qram, 0,158 qram, 0,104 qram olmaqla ümumilikdə 0,723 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib dörd bükümdə üzərində saxlayaraq daşımış, 20 dekabr 2023-cü il tarixdə saat 15 radələrində yaşadığı Ağcabədi şəhəri, Ü. Hacıbəyli prospektində olan “Əlillər binası” adlanan yaşayış binasındakı 4 saylı mənzilinin qarşısında tanışı Şahid1 həmin narkotik vasitə olan heroinin 0,167 qram olan hissəsini bir ədəd ağ rəngli kağız bükümdə 20 manata satmış, qalan bükümlərdə olan xeyli miqdarda narkotik vasitə hesab olunan heroini qanunsuz olaraq satış məqsədi olmadan saxlamağa və daşımağa davam etmiş, həmin gün daxil olmuş əməliyyat məlumatı əsasında Ağcabədi rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamasında, istifadə etməsində və satışı ilə məşğul olmasında şübhəli bilinərək yaşadığı Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində olan “Əlillər binası” adlanan yaşayış binasının yaxınlığında saxlanılaraq saat 17:20-də Ağcabədi şəhəri Ü.Hacıbəyli prospekti 39 ünvanında yerləşən Ağcabədi RPŞ-nin inzibati binasına gətirilib həmin gün saat 17:40-dan başlayaraq üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunun içərisinə yerləşdirilmiş üç ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,294 qram, 0,158 qram və 0,104 qram olmaqla cəmi 0,556 qram çəkiyə malik kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Ağcabədi rayonunun Hacıbədəlli kəndində yaşayır. Təxminən 3-4 ildir ki, narkotik vasitə olan qurudulmuş marixuana, metomfetamin və heroindən istifadə etmişdir. 20 dekabr 2023-cü il tarixdə saat 11 radələrində Tural ona “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə xatırlamadığı telefon nömrəsi ilə onun ********** möbil nömrəsinə zəng edərək, heroin əldə etmək istədiyini bildirmiş, onlar razılaşmış və bunun üçün, həmin gün, saat 15:00 radələrində Tural onun ünvan 3 ünvanına gəlib qapısını döymüş və onlar orada , qapının qarşısında görüşmüşlər. Tural ona heroin istədiyini demiş və bunun üçün ona 20 manat pul verərək həmin məbləğə uyğun heroin verməsini demişdir. Turaldan 20 manat pulu almış və demişdir ki, burada gözlə, gətirib verəcəm. Evinə keçdikdən sonra qara rəngli şalvarının sağ cibindən kibrit qutusunda saxladığı 4 ədəd kağıza bükülmüş narkotik vasitə olan heroini çıxartmış, onun 1 ədədini aparıb Turala vermiş, qalan hissəsini isə kibrit qutusuna yerləşdirərək şalvarının sağ cibinə qoymuşdur. Bundan təxminən 1-2 saat sonra, saat 17 radələrində Ağcabədi şəhəri, Ü. Hacıbəyli prospekti ərazisində, yaşadığı evinin yaxınlığında piyada hərəkətdə olduğu zaman tanımadığı şəxslər ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduğunu bildirmiş və üzərində narkotik vasitə olmağına və narkotik vasitənin satışında şübhələr olduğunu demiş ona rayon polis şöbəsinə gəlməyini bildirmişdilər. Etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Ağcabədi rayon polis şöbəsinə gəlmişdir. Müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Bundan sonra polis əməkdaşları ona üzərində cinayət xarakterli əşya, o cümlədən narkotik vasitə olub olmadığını soruşmuş, qara rəngli şalvarının sağ cibində saxladığı kibrit qutusunu çıxarıb təqdim etmişdir. Sonra polis əməkdaşları onun üzərinə axtarış keçirmiş və üzərindən heç nə aşkar edilməmişdir. Sonra aşkar edilmiş heroin elektron tərəzidə çəkilib qablaşdırılaraq möhürlənib götürülmüşdür. Bu barədə tərtib edilmiş protokolu imzası ilə təsdiq etmişdir. Hazırda törətdiyi əmələ görə peşmandır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və işin digər halları ilə kifayət qədər sübuta yetmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, təxminən 1 ildir ki narkotik vasitə olan heroindən istifadə edir. Ağcabədi şəhər Ü.Hacıbəyli prospekti, əlillər binasında yaşayan “Maqa” ləqəbli Təqsirləndirilən şəxs narkotik maddə istifadə etdiyi və satdığını bilmişdir. Onun ürəyi narkotik maddə istədiyi üçün fikirləşmişdir ki, Məhəmmədən narkotik maddə ala bilər. Bu məqsədlə 20 dekabr 2023-cü il tarixdə saat 15 radələrində Məhəmmədin yaşadığı evinə getmiş və qapısını döyərək Məhəmmədin evinin qarşısında görüşmüşlər. Məhəmmədə heroin istədiyini demişdir, Məhəmməd də ona narkotik maddə satacağına razılaşmışdır. Məhəmmədə 20 manat pul vermiş, həmin məbləğə uyğun heroin verməsini demişdir. Məhəmməd də ondan 20 manat pulu almış və demiş ki, burada gözlə, gətirib verəcəm. Aradan bir-neçə dəqiqə keçdikdən sonra Məhəmməd onun yanına gəlmişdir. Məhəmməd əlində olan bir ədəd kağız bükülünü ona vermişdir. Həmin bükülünü “Vest” markalı siqaretin polietilen ilə arasında olan hissəyə yerləşdirərək qara gödəkçəsinin sağ cibinə qoymuşdur. Məhəmmədin yaşadığı evindən çıxıb Ü.Hacıbəyli prospekti ərazisində, Məhəmməd yaşadığı əlillər binasının yaxınlığında piyada hərəkətdə olduğu zaman, tanımadığı şəxslər ona yaxınlaşıb özlərini təqdim etmiş polis əməkdaşları olduqlarını bildirmiş və üzərində narkotik vasitə olmağına şübhələr olduğunu deyib ona rayon polis şöbəsinə getməyi bildirmişlər. Etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Ağcabədi rayon polis şöbəsinə gəlmişdir. Müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Əynində olan qara rəngli gödəkçənin sağ cibində saxladığı, içərisində heroin olan Vest siqaret qutusunu çıxarıb təqdim etmişdir. Sonra polis əməkdaşları onun üzərinə axtarış keçirmiş və üzərindən heç nə aşkar edilməmişdir. Sonra üzərindən aşkar olunaraq götürülmüş, “Vest” markalı siqaretin içərisində bükülüdə olan heroin aşkar olunduğu vəziyyətdə, yəni bükülü ilə birlikdə əczaçılıq tərəzisində çəkilmiş və qablaşdırılıb möhürlənərək götürülmüşdür. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərdi ki, Ağcabədi RPŞ-nin İTB-nin polis nəfəri vəzifəsində işləyir. Şahid1 narkotik vasitələrdən istifadə etməsi, üzərində gəzdirməsi və saxlaması barədə şöbəyə əməliyyat məlumatlı daxil olmuşdur. Məlumat rəhbərliyə məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmış və Şahid1 cinayətkar əməlini ifşa etmək məqsədi ilə ətrafında müvafiq əməliyyat tədbirləri keçirməyə başlamışlar. Bundan sonra Şahid1 həmin gün, yəni xx.xx.2023-cü il tarixdə saat 15:30 radələrində Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində, piyada hərəkətdə olduğu zaman saxlanılaraq Ağcabədi rayon polis şöbəsinə gətirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Şahid1 vəkilin iştirakı ilə hüquq və vəzifələri izah edilmiş və üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. Şahid1 üzərində şəxsi axtarış aparılmasına və şəxsi axtarışın video vasitəsi ilə aparılmasına heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Şahid1 üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması soruşulmuş, Şahid1 əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd “Vest” markalı siqaret qutusunu təqdim etmiş və stolun üzərinə qoymuşdur. Siqaret qutusu ilə qutunu əhatə edən polietilenin arasına yerləşdirrilmiş vəziyyətdə olan 01 ədəd ağ rəngli büküm aşkar edilmiş və həmin bükümün içərisinə baxış keçirilən zaman, kəskin, spesifik qoxuya malik narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Bundan sonra, Şahid1 narkotik vasitə olan heroinə bənzər kütləni nə üçün və haradan əldə etdiyini soruşulmuş, Şahid1 isə cavab olaraq, həmin narkotik vasitə olan heroinə bənzər kütləni öz istifadəsi üçün “Maqa” ləqəbli şəxsdən əldə etdiyini bildirmişdir. Bundan sonra, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq, Şahid1 verdiyi məlumat rəhbərliyə məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmış və “Maqa” ləqəbli Təqsirləndirilən şəxs cinayətkar əməlini ifşa etmək məqsədi ilə ətrafında müvafiq əməliyyat tədbirləri keçirməyə başlamışlar. Bundan sonra Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17:20 radələrində Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində, piyada hərəkətdə olduğu zaman saxlanılaraq Ağcabədi rayon polis şöbəsinə gətirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs vəkili X1 da iştirakı ilə hüquq və vəzifələri izah edilmiş və üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına və şəxsi axtarışın video vasitəsi ilə aparılmasına heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd kibrit qutusunu təqdim etmiş və stolun üzərinə qoymuşdur. Kibrit qutusunun içərisinə baxış keçirilən zaman 02 ədəd ağ rəngli kağız bükümündə, 01 ədəd isə şəffaf rəngli polietilen bükümlərin içərisində narkotik vasitə olan heroinə bənzər kütlələrin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələri internetdə tanış olduğu və tanımadığı şəxsdən onlayn qaydada əldə etdiyini və Şahid1 01 ədəd bükümü 20 manat müqabilində verdiyini bildirmişdir. Bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaqda verdiyi və məhkəmə iclasında elan olunmuş Şahid2 ifadəsi ilə də təsdiq olunur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin xx.xx.2023-cü il tarixli, 18/1134 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,158 qram, 0,104 qram, 0,294 qram, ümumi çəkisi 0,556 qram olan maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan heroindir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 03 ədəd bükümdə narkotik vasitə heroin ilə Şahid1 üzərindən aşkar edilmiş 01 ədəd bükümdə narkotik vasitə heroin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Heroinin ümumi təmiz çəkisi 0,556 qram, tədqiqatda sərf edildi 0,15 qram, qalıq 0,406 qramdır. İş materiallarına əlavə olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 18/1134 nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın dəyəri 31 manat 95 qəpik təşkil edir. İş materiallarına əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 35 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə etmə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X12 Ağcabədi rayon X9 Hüquqi Şəxsin xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağcabədi rayon X9 X10 şöbəsinin narkoloji kabinetdə qeydiyyatda durur. İş materiallarına əlavə edilmiş sübutların qiymətləndirilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan və arayışdan görünür ki, hazırkı iş üzrə qalıq çəkisi 0,406 qram heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Ağcabədi rayon Polis şöbəsinə təhvil verilmişdir. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Hacıbədəlli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Hacıbədəlli kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyin verdiyi arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 4 azyaşlı uşağı (xx.xx.2014-cü, xx.xx.2016-cı, xx.xx.2018 və 2020-ci il təvəllüdlü) vardır. İş materiallarına əlavə edilmiş ********* nömrəli cinayət işindən ********* nömrəli cinayət işinin ayrılması barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 10 fevral 2024cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işindən Şahid1 barəsində araşdırmanın davam etdirilməsi üçün Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış, həmin işə aid olan istintaq sənədlərinin əsli, digər zəruri istintaq sənədlərinin isə kserosurəti ********* nömrəli cinayət işinə əlavə edilmişdir. Bundan əlavə, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı “Marixuna (kannabis)” olan maddələr narkotik vasitədir, onun qurudulmuş 5 qramı “xeyli miqdar”, 500 qramı isə “külli miqdar” hesab olunur ((təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri)). “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı “Heroin” olan maddələr narkotik vasitədir, onun 0,15 qramı “xeyli miqdar”, 2 qramı isə “külli miqdar” hesab olunur ((təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri). Bundan əlavə, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı “Metamfetamin” olan maddələr narkotik vasitədir, onun 0,15 qramı “xeyli miqdar”, 2 qramı isə “külli miqdar” hesab olunur ((təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri). Məhkəmə, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 25 iyun 2005-ci il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələblərinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10); həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8); miqdarından asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin satılması (1.0.11) hesab edilir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59 və 61-ci maddələrinin tələblərini, o cümlədən törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2023cü il tarixli tələbnaməsindən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 04 ay 18 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Ağcabədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsi 05 ay 07 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti sona çatması ilə azad edilmişdir. Həmin məhkumluq isə ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl üzrə məhkumluğu vardır. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi isə cinayətin residivini yaradır (CM, mad. 18.1) Baxmayaraq ki, həmin məhkumluq ödənilməyib, lakin cinayətin resedivini yaratmır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlini etiraf edib səmimi peşman olmasını, himayəsində 4 azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, atası X2 Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı şəhid olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri cinayətlərin məcmusunu təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.2 maddəsinin tələbləri nəzərə alınmaqla qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Beləliklə, məhkəmə sübutlar toplusuna qiymət verməklə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinib ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlər görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olduğuna görə Təqsirləndirilən şəxs təyin olunacaq cəza da ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsini tətbiq etməklə Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmasını qanuni və əsaslı hesab edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, maddi sübut kimi tanınaraq Ağcabədi rayon Polis şöbəsində saxlanılan və qalıq qalan 0,406 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Qeyd edilənlərlə yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Ağcabədi rayon poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınması nəzərə alınmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs 31 manat 95 qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 iş saatı üçün 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin; Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin; cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Ağcabədi rayon Polis şöbəsində saxlanılan və qalıq qalan 0,406 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ümumilikdə 31 manat 95 qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 20 iş saatı üçün 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar