Məhkəmə qərarları › İş №1(017)-57/2023

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-57/2023

04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-57/2023 04.04.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmənin iclas katibi Muradov Malik Maarif oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Ağayev Seyid - Əzim Nağı oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1990-cı il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkun olunmamış, Ağcabədi şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət qədər narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunda göstərilən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,854 qram çəkidə narkotik vasitə olan heroini qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib 1 ədəd siqaretin qara əngli kağızında qablaşdırıb üzərində daşıyaraq saxlamış, 23 dekabr 2022-ci il tarixdə saat 18:50 radələrində polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Ağcabədi şəhəri Muğam Mərkəzinin yaxınlığında saxlanılaraq Ağcabədi şəhəri Ü.Hacıbəyli prospekti 39 ünvanında yeləşən Ağcabədi rayon polis şöbəsinin inzibati binasına gətirilib həmin tarixdə saat 19:30dan başlayaraq üzərinə şəxsi axtarış aparılan zaman qəsdən satış məqsədi olmadn qanunsuz olaraq şəxsi istehlak miqdarından arıq miqdarda əldə edib, əynindəki qırmızı rəngli gödəkcənin sağ yan cibində daşıyaraq saxladığı 1 (bir) ədəd siqaretin qara rəngli kağız bükümündə təmiz çəkisi 0,854 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd edilən əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, Ağcabədi şəhəri, ünvan 4 ünvanda yaşayır. Son bir-iki ildir ki, kakos deyə bildiyi narkotik maddədən istifadə edir. Təxminən 20 dekabr 2022-ci il tarixdə Ağcabədi şəhəri S.Vurğun küçəsində günorta saatlarında piyada gəzərkən yol kənarında qara rəngli siqaret qutusu görmüş və ayağı ilə həmin qutuya vurduqda içində nəyinsə olduğunu hiss eləmişdir. Həmin siqaret qutusunu yerdən götürüb içinə baxanda görmüşdür ki, içində 1 ədəd siqaretin iç kağızına bükülü vəziyyətdə olan büküm var. O, əvvəllər də narkotik maddədədn istifadə etdiyi üçün həmin bükümün içində olan maddəni tanımışdır. Həmin narkotik maddə “kokos” olmuşdur. O, həmin siqaret qabını kənara yol tərəfə atmış, içindəki bükümü isə istifadə etmək məqsədilə əynində olan jiletin sağ yan cibinə qoymuşdur. Sonra oradan uzaqlaşmış və evə doğru getmişdir. 23 dekabr 2022-ci il tarixdə saat 16-17 radələrində Ağcabədi şəhəri ərazisində bulvar tərəfdə piyada gəzərkən tanımadığı şəxslər ona yaxınlaşmışdır. Onlar özlərini polis əməkdaşları kimi təqdim edib onun narkotik maddələrdn istifadə etməyinə görə şübhəli olduğunu demişlər. Onlar birlikdə Ağcabədi rayon polis şşöbəsinə gəlmişdir. Polis şöbəsində təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah olunmuş və ona vəkil təyin olunmuşdur. Vəkil Əbülhəsən Əmirovun və polis əməkdaşlarının iştirakları ilə üzərinə şəxsi axtarış aparılacağı deyilmişdir. Ona şəxsi axtarış aparılmazadn əvvəl üzərində olan narkotik maddəni təqdim etməyi təklif etmişlər. O, əynində olan qırmızı rəngli gödəkcənin sağ yan cibindən təxminən 3-5 gün qabaq yerdən tapdığı bükümü çıxarıb təqdim etmişdir. Polis əməkdaşları həmin bükümün içərisinə baxmış və içərisində narkotik maddə heroinə bənzər kütlələin olmasını demişlər. Həmin büküm polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisinin 1,11 qram olmasını bilmişdir. Həmin narkotik vasitə iştirakçılar tərəfindən sənədləşdirilib imzalanaraq qablaşdırılmış və möhürlənmişdir. O, içərisində kokos deyə bildiyi narkotik vasitə olan bükümü daha sonra istifadə etmək üçün yerdən götürüb üzərində daşıyaraq saxlamışdır. O, narkotik vasitədən heçkimə satmamış və pay verməmişdir. Hazırda törətdiyi əmələ görə çox peşman olduğunu bildırib, ona həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadə verərək göstərdi ki, o, Ağcabədi rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 23 dekabr 2022-ci il tarixdə Ağcabədi şəhəri, Babək küçəsi, ev 46-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində, üzərində gəzdirməsində və saxlaması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Məlumat rəhbərliyə məruzə edildikdən sonra ondan və PPXb-nin polis nəfəri polis serjantı Şahid2 ibarət əməliyyat qrupu yaradıb. Əməliyyat qrupu olaraq Təqsirləndirilən şəxs cinayətkar əməlini ifşa etmək məqsədi ilə ətrafında müvafiq əməliyyat tədbirləri keçirməyə başlanıb. Həmin gün Novruzov X10 şəhəri ərazisində saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Məlumat üzrə araşdırmanın aparılması Ağcabədi rayon polis şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı X6 həvalə edilmiş, onun tərəfindən müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra təhqiqatçı Fərəc Mehtiyev tərəfindən Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və ona axtarış keçirilməzdən əvvəl hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra onun, Ağcabədi RPŞ-nin əməkdaşı Şahid2 və Ağcabədi RPŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı X5 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmasına heç bir etirazının olmadığını bildirmiş və onun üzərində şəxsi axtarış aparılmasında hüquqlarını müdafiə edən Ağcabədi rayon vəkil bürosunun vəkili X2 da iştirak etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində cinayət xarakterli əşya, o cümlədən narkotik vasitələr və psixotrop maddələr olub-olmaması soruşulmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qırmızı rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd siqaretin qara rəngli kağız bükümünü çıxarb stolun üzərinə qoymuşdur. Həmin bükümün içərisinə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlənin olduğu aşkar olunmuşdur. Həmin kütlə aşkar olunduğu qaydada elektron tərəzidə çəkilmiş və çəkisi 1,11 qram olmşdur. Bundan sonra həmin 01 ədəd büküm kağız zərfdə qablaşdrılmış və DİN-in 143 saylı möhürü ilə möhürlənərək ekspertizaya təqdim edilməsi məqsədi ilə götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən polis əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstəridiyi xüsusatları təsdiq etdi. İş materiallarında olan 23 dekabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılmasına dair protokoldan görünür ki, həmin gün saat 19:30-dan başlayaraq saat 19:47-dək olan müddət ərzində video çəkilişlə Ağcabədi rayon polis şöbəsində Təqsirləndirilən şəxs müdafiəçisi X1 iştirakı ilə hüquq və vəzifələri izah edilib, üzərində şəxsi axtarış aparılmış, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qırmızı rəngli gödəkcəsinin sağ yan cibindən 01 ədəd siqaretin qara rəngli kağız bükümünü çıxarıb masanın üzəəinə qoymuş, həmin bükümün içərisinə baxdıqda içərisində qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütlə olması aşkar olumuşdur. Həmin kütlə aşkar olunduğu qaydada elektron tərəzidən istifadə etməklə çəkilmiş, çəkisi 1,11 qram təşkil etmişdir. Həmin 01 ədəd büküm kağız zərfdə qablaşdırılmış və üzərinə 143 saylı möhür vurularaq götürülmüşdür. Cinayət işinə əlavə olunmuş 23 dekabr 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, bir ədəd diskdə olan video fayla baxış keçirilərkən görüntülərdə Təqsirləndirilən şəxs müdafiəçisi X1 iştirakı ilə hüquq və vəzifələri izah edilməsi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qırmızı rəngli gödəkcənin sağ yan cibindən bir siqaretin qara rəngli kağız bükümübdə olan narkotik vasitə heroinə bənzər kütlə aşkar olunması, bükümün bir ədəd ağ kağız zərfdə qablaşdırılıb, üzərinə 143 saylı möhür vurularaq götürülməsi müşahidə olunur. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 23 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 23 dekabr 2022-ci il tarixdən 25 dekabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 25 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 25 dekabr 2022-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, evə buraxılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X11 Bölməsinin 24 dekabr 2022-ci il tarixli, 18/1336 nömrəli məhkəməkimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “..Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdəki 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,854 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Aşkar edilmiş heroinin ümumi çəkisi 0,854 qram, cəmi tədqiqata istifadə olundu – 0,05 qram, qalıq 0,804 qramdır. İş materiallarında olan Ağcabədi rayon polis şöbəsinin əməliyyat tapşırığına cavab məktubundan görünür ki, tapşırıq üzrə keçirilən əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə olan heroini öz istifadəsi üçün saxlaması müəyyən olunmuşdur. Onun üzərindən aşkar olunan narkotik vasitə heroini əldə etdiyi mənbəni və ya narkotik vasitələr satmasını müəyyən etmək mümkün olmamışdır. İş materiallarnda olan X9 16 fevral 2023-cü il tarixli, 272 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkotmaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. İş materiallarında olan Ağcabədi rayon X12 Hüquqi şəxsin verdiyi tibbi arayışdan görünür ki, Novruzov X10 RMX-nın poliklinika şöbəsinin nevroloji kabinetdə dispanser qeydiyyata alınmamışdır. Narkoloji kabinetdə qeydiyyata alınmışdır. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Ağcabədi RİHB-nin Ağcabədi şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 24 yanvar 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, 1990-cı il təvəllüdlü X13 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə toplanmış və araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,854 qram çəkidə narkotik vasitə olan heroini əldə edib saxlaması, özünün etiraf etməsi, şahid ifadələri, məhkəmə-narkoloji ekspertizasının rəyi ilə, habelə işdə olan rəsmi sənədlərlə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 5ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə. Gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə edilməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.) təqsirkarın şəxsiyyətinə (resedivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onların müalicə və digər müəssisələr üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. İnsan Hüquqları və X4 haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə olaraq az ağır cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs X7 şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla onun islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuna müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək (narkomaniyadan məcburi mualicə olunması ilə bağlı hal nəzərə alınmaqla), narkomaniyadan müalicə kursu keçmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını qanuna müvafiq hesab edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Cəzanın icrası məhkumun yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 23 dekabr 2022-ci il tarixdən 25 dekabr 2022-ci il tarixədək olan iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəzasının 4 günü, təyin edilmiş cəzasından çıxılmalıdır. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alıb hesab edir ki, ona Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Novruzov X10 rayon poliklinikasının narkoloji kabinetində qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan Ağcabədi rayon polis şöbəsində saxlanılan tədqiqatdan sonra qalıq qalan 0,804 qram narkotik vasitə olan heroin məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 49 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına -AZ.MEM.VÖEN **********, AZ34CTRE ********************, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22 keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-356, 358 və 383-385-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona üç il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 dekabr 2022-ci il tarixdən 25 dekabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla azadlığın məhdudlaşdırılması cəzasının 4 günü, təyin edilmiş cəzasından çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq iki il on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək (narkomaniyadan məcburi mualicə olunması ilə bağlı hal nəzərə alınmaqla), narkomaniyadan müalicə kursu keçmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli Ağcabədi rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası məhkumun yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Novruzov X10 rayon poliklinikasının narkoloji kabinetində qeydiyyatda olması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə Ağcabədi rayon polis şöbəsində saxlanılan maddi sübut olan – tədqiqatdan sonra qalıq qalan 0,804 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 49 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına -AZ.MEM.VÖEN **********, AZ34CTRE ********************, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22 keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətinə Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar